Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-778/2025 16.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X15, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair JN-1151F saylı şəhadətnamənin ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair JN-1151F saylı şəhadətnamənin ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “torpağın mülkiyyətə verilməsinə dair JN-1151F saylı şəhadətnamənin ləğv edilməsi” kimi baxılmasına davam etdirilməsi və Biləsuvar rayon İcra Hakimiyyəti, X16, X20, X17, X6 və X18 zəruri cəlbetmə qaydasında 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır. İddiaçı tərəfindən iddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 6 sot həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən bir mərtəbəli 2 otaqlı ev tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Ona həmin evin yerləşdiyi torpaq sahəsi Biləsuvar rayon S.Vurğun adına kolxozun 15 mart 1994-cü il tarixli 1 saylı ümumi yığıncaq qərarı ilə verilmişdir. Bundan sonra o, qanunamüvafiq qaydada həmin evə dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi adına 16 iyul 2003-cü il tarixdə 564 saylı Qeydiyyat Vəsiqəsi almışdır. Bundan başqa həmin həyətlə bağlı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu da verilmişdir. Həmin texniki pasportda həyətinin ölçüsü və evinin ölçüsü göstərilmişdir. Bu yaxınlarda evinə yeni qeydiyyat vəsiqəsi alarkən məlum olmuşdur ki, Aqrar islahat komissiyası onun mülkiyyətində olan torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edərək həmin torpaq sahəsini valideynlərinin və qardaş və bacılarının mülkiyyəti kimi göstərməklə ümumiyyətlə onun adını şəhadətnaməyə qeyd etməmişdir. Hazırda onun mülkiyyət hüququ pozulmaqla mülkiyyətində olan torpaq sahəsi qohumlarının ümumi mülkiyyətinə verilmişdir. Göründüyü kimi qanuni mülukiyyətində olan torpaq sahəsinə verilmiş şəhadətnamə əsassız və qanunsuz tərtib edilmişdir. Bununla bağlı o, Şirvan İnzibati məhkəməsində iddia qaldırmışdı. Şirvan İnzibati məhkəməsinin 23 may 2023-ci il tarixli qərarı ilə onun iddiası üzrə X32 Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 34 saylı qərarı, Şirindil Ağaxanov, Fatma Hənbibova, Cəlal Ağaxanov, Anar Ağaxanov, Camal Ağaxanov, Məhəmmədəli Ağaxanov və X23 şəhəri ərazisində 0,06 hektar torpaq sahəsinin ayrılması hissəsində ləğv edilmişdir. Həmin qərarın icrası Biləsuvar İcra Hakimiyyətinə həvalə edilmişdir. Biləsuvar İcra Hakimiyyətinin 18 sentyabr 2023-cü il tarixli 196 saylı Sərəncamınıda həmin qərar icra edilmiş və adı çəkilən Aqrar İslahat Komissiyasının qərarı ləğv edilmişdir. Lakin X32 Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 34 saylı qərarı Şirindil Ağaxanov, Fatma Həbibova, Cəlal Ağaxanov, Anar Ağaxanov, Camal Ağaxanov, Məhəmmədəli Ağaxanov və X23 şəhəri ərazisində 0,06 hektar torpaq sahəsinin ayrılması ilə bağlı tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1151F saylı şəhadətnamə formal olaraq qüvvədədir. Hazırda o, həmin 0,06 hektar torpaq sahəsinə mülkiyyət hüququ ilə bağlı sənəd almaq istəsə də DƏDRX 8 saylı Cəlilabad ərazi idarəsi “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1151F saylı şəhadətnamə formal olaraq qüvvədə olduğundan bu mümkün olmamışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1151F saylı şəhadətnamə, həmin şəhadətnamənin tərtib olunmasına əsas olmuş X32 Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 34 saylı qərarı Şirindil Ağaxanov, Fatma Həbibova, Cəlal Ağaxanov, Anar Ağaxanov, Camal Ağaxanov, Məhəmmədəli Ağaxanov və X23 şəhəri ərazisində 0,06 hektar torpaq sahəsinin ayrılması ilə bağlı hissədə ləğv olunduğundan, həmin şəhadətnamənin ləğv olunmalıdır. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddiaya qarşı etiraz verərək etirazda qeyd etmişdir ki, ünvan 2 ünvanda olan fərdi yaşayış evinin 16 mart 2003-cü il tarixli 564 nömrəli qeydiyyat vəsiqəsi İddiaçı qıznın adına verilmişdir. Lakin 0.06 ha həyətyanı torpaq sahəsinə X2 və onun ailə üzvlərinin adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar rayon şöbəsi tərəfindən JN-1151F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə iddiaçının adı göstərilməmişdir. İddiaçı qıznın müraciətinə 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 13 oktyabr 2023-ci il tarixdə **********67 saylı məktubla bildirilmişdir ki, təqdim edilmiş JN-1151F nömrəli şəhadətnamə ləğv edilməmişdir. JN-1151F nömrəli şəhadətnamə məhkəmə qərarı ilə ləğv edildikdən sonra müraciətinizə qanunamüvafiq qaydada baxıla bilər. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilən çatışmazlıqlara görə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsini rəhbər tutub həmin fərdi yaşayış evinə reyestrdən çıxarış və texniki pasport verilməsindən imtina edilir. Yuxarıda qeyd edilənləri və İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş edirlər. Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X27 iddianı müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X22 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: İş materialında olan: Şirvan İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2-1(120)-103/2023 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Biləsuvar Rayon İcra Hakimiyyəti qarşı «Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 34 saylı qərarının X4, X8, X9, X14, X10, X1 və X7 Biləsuvar şəhəri ərazisində 0,06 ha torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi» tələbinə dair iddiası təmin edilmiş, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 34 saylı qərarı X4, X8, X9, X14, X10, X1 və X7 Biləsuvar şəhəri ərazisində 0,06 ha torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi öhdəliyi cavabdeh Biləsuvar Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Biləsuvar rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 196 nömrəli sərəncamından görünür ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 34 saylı qərarı X4, X8, X9, X14, X10, X1 və X7 Biləsuvar şəhəri ərazisində 0.06 hektar torpaq sahəsinin ayrılması hissəsində ləğv edilmişdir. Biləsuvar Rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı və ailə üzvlərinin Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsi 26 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-1151F saylı şəhadətnamələri ilə bağlı Biləsuvar rayon Dövlət Arxivində heç bir məlumat yoxdur. Sizin məktubunza müsbət cavab vermək mümkün olmadı. Tətbiq edilən normativ hüquqi aktlar: Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, Konstitusiyanın 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X19 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X19 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X12 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X12 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mülki Məcəllənin: 139.1 -ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1 -ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 154.1 -ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: 2.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1 -ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını hazırkı işin hallarına tətbiq edərək qeyd edir ki, hazırkı iş üzrə mübahisə doğuran məsələ Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 34 nömrəli qərarı əsasında JN-1151F nömrəli şəhadətnamə ilə X3 və onun ailə üzvlərinin adına işlənmiş 0.06 hektar torpaq sahəsi ilə bağlıdır. Belə ki, Biləsuvar rayonunda aqrar islahat aparılmadan əvvəl və Biləsuvar şəhəri, Ş.Qurbanov 26 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı Biləsuvar rayon S.Vurğun adına kolxozun xx.xx.1994-cü il tarixli, 1 saylı ümumi yığıncaq qərarı ilə verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş məktublarda və nümayəndəsinin ilkin olaraq məhkəmə iclaslarında verdiyi izahatlarda bildirilmişdir ki, İddiaçı qıznın müraciətinə 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən baxılaraq bildirilmişdir ki, təqdim edilmiş JN- 1151F nömrəli şəhadətnamə ləğv edilməmişdir. JN-1151F nömrəli şəhadətnamə məhkəmə qərarı ilə ləğv edildikdən sonra müraciətinizə qanunamüvafiq qaydada baxıla bilər. Belə ki, həmin mübahisəli şəhadətnamənin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı məhkəmə qaydasında ləğv edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2-1 (120)-103/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Biləsuvar Rayon İcra Hakimiyyəti qarşı «Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 34 saylı qərarının X4, X8, X9, X14, X10, X1 və X7 Biləsuvar şəhəri ərazisində 0,06 ha torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi» tələbinə dair iddiası təmin edilmiş, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 34 saylı qərarı X4, X8, X9, X14, X10, X1 və X7 Biləsuvar şəhəri ərazisində 0,06 ha torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi öhdəliyi cavabdeh Biləsuvar Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Və həmin qərar qanuni qüvvəsini alaraq cavabdeh inzibati orqan tərəfindən icra olunmuşdur. Buna görə də, hazırkı vəziyyətdə məhkəmə hesab edir ki, şəhadətnamənin verilməsinə əsas olmuş qərar ləğv edildiyindən, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən icra edilməlidir. İnzibati məhkəmə icraatı qaydasında baxılan mübahisələrdə əsas məsələ məhkəmə tərəfindən cavabdehin hərəkət və ya hərəkətsizliyinin qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını yoxlamaqdan ibarətdir. Məhkəmə hazırkı iş üzrə cavabdehin imtinasına hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbindən imtina edilməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq qeyd edir ki, iddia tələbi təmin edilərək torpağın mülkiyyətə verilməsinə dair JN-1151F saylı şəhadətnamə ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-1151F saylı şəhadətnamənin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-778/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-778/2025
16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver