Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-782/2020 26.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Masallı rayon filialına qarşı «xx xxxxxx 2009-cu il tarixdən 51 yaşdan üç uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin olunması və birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx xxxxxx 1958-ci ildə anadan olmuşdur, xx.xx.1983-xx.xx.1984, xx.xx.1984-xx.xx.1985-ci illərdə X10 Zavodunda, xx.xx.1985-xx.xx.1985, xx.xx.1989xx.xx.1992-ci illərdə “K.Marks” sovxozunda işləmişdir. O, 3 uşaq doğub onları səkkiz yaşadək tərbiyə etmiş ana kimi hüququnun yarandığı xx xxxxxx 2009-cu il tarixdən əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə müraciət etmişdir. Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə qarşı «xx xxxxxx 2009-cu il tarixdən 51 yaşdan üç uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin olunması və birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi «Əmək pensiyaları haqqında» Qanunun 8.1-ci maddəsinə istinad edərək, tələb olunan 5 il sığorta stajına nisbət arxiv arayışına əsasən 2 il 11 ay 14 gün iş stajı müəyyən olunmasını əsas gətirərək, çox uşaqlı ana kimi ona pensiya təyin edilməsindən imtina etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini, Masallı rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə X8 üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 575 nömrəli arayışını, ölüm haqqında şəhadətnaməni, nikah və doğum haqqında arayışları, arxiv arayışını, cavabdehin imtina məktubunu əlavə etmişdir, cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilmiş Masallı rayon Dövlət arxivinin arxiv arayışına və şəxsi hesab kitablarından çıxarışların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də qismən əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X3 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni qismən əsaslıdır. İddiaçı çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, xx xxxxxx 2009-cu ildə 51 yaşı tamam olduğu vaxt onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının 3 uşağı (xx.xx.1987-ci il təvəllüdlü X2, xx.xx.1989-cu il təvəllüdlü X6, xx.xx.1991-ci il təvəllüdlü X5) olması və onları səkkiz yaşadək tərbiyə etməsi iş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Masallı rayon Qeydiyyat şöbəsinin arayışları və Masallı rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə X8 üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 575 nömrəli arayışı ilə təsdiq olunur. İddiaçının 5 ildən artıq sığorta stajına malik olması, eləcə də xx.xx.1983-xx.xx.1984, xx.xx.1984-xx.xx.1985-ci illərdə X10 Zavodunda, xx.xx.1985-xx.xx.1985, xx.xx.1989-xx.xx.1992-ci illərdə “K.Marks” sovxozunda işləməsi Masallı rayon Dövlət Arxivinin xx xxxxx 2020-ci il tarixli, M-140 nömrəli məktubuna əlavə edilmiş əmrlər kitabından çıxarışlar və xx xxxxxxx 2020-ci il tarixli, M-360 nömrəli məktub ilə təsdiq olunur. Belə ki, iddiaçının xx.xx.1983-xx.xx.1984, xx.xx.1984-xx.xx.1985-ci illərdə X10 Zavodunda sığorta stajı 1 il 3 ay 9 gün, xx.xx.1985-xx.xx.1985, xx.xx.1989-xx.xx.1992-ci illərdə “K.Marks” sovxozundakı sığorta stajı müddəti 4 il 1 ay, 26 gün olmaqla cəmi 5 il 5 ay 5 gün sığorta stajı vardır. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 22-ci maddəsinə görə hər bir şəxs cəmiyyətin üzvü kimi sosial təminat hüququna və milli səylər və beynəlxalq əməkdaşlıq yolu ilə və hər bir dövlətin strukturu və ehtiyatlarına uyğun olaraq onun ləyaqətinin müdafiəsi və şəxsiyyətinin azad inkişafı üçün iqtisadi, sosial və mədəni sahələrdə hüquqlara malikdir. «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktın 9-cu maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququnu tanıyır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsi şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx xxxxxx 2010-cu il tarixədək qüvvədə olmuş 8.1-ci maddəsinə görə, üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların, 3 uşağı olanlar - 51 yaşına çatdıqda əmək pensiyası hüququ vardır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı 51 yaşı olduğu dövrdə 3 uşaq doğub, onları 8 yaşına kimi tərbiyə etdiyindən iddiaçı çox uşaqlı ana kimi ona yaşa görə əmək pensiyasını təyin edilməsini tələb etməkdə haqlıdır. Lakin cavabdeh çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı iddiaçının ilkin müraciətindən imtina edərkən xx.xx.1991-ci ildən xx.xx.1992-ci il tarixədək iddiaçının haqqı qismən ödənilən məzuniyyətə buraxılması və həmin dövrlərin iş stajına daxil edilməməsi ilə əsaslandırmışdır. Belə ki, iş materiallarında olan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubunda qeyd edilmişdir ki, X1 adına Masallı rayon Dövlət Arxivi tərəfindən verilmiş 374 saylı xx.xx.2018-ci il tarixli arxiv arayışına əsasən sabiq “K.Marks” və "Ərkivan” sovxozlarındakı iş stajı Masallı rayon Dövlət Arxivində saxlanılan əmrlər kitabları və əmək haqqı sənədlərinə əsasən araşdırılmışdır. Araşdırma zamanı İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1991-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövr üzrə adına heç bir əmək haqqı olmaması (qazanmaması) müəyyən edilmişdir. Əlavə, olaraq bildiririk ki, xx.xx.1991-ci ildən xx.xx.1992-ci il tarixədək İddiaçı haqqı qismən ödənilən məzuniyyətə buraxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə (Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri) əsasən haqqı qismən ödənilən məzuniyyət sığorta stajı hesablanarkən nəzərə alınmır. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1; 21.2.1-ci və 21.2.2-ci maddələri nəzərə almaqla 3 il 4 ay 05 gün sığorta stajı vardır. Həmçinin bundan əlavə qeyd edirik ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2019-cu il tarixdə rəsmi qaydada müraciət etmişdir. xx.xx.2019-cu il tarixli, **********5 nömrəli məktubla müraciətindən imtina olunmuşdur. Məhkəmə iddiaçıya çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etməsi ilə bağlı cavabdehin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan Masallı rayon Dövlət Arxivinin xx xxxxxxx 2020-ci il tarixli, M-360 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ilə bağlı, xx.xx.2020-ci il tarixdə Masallı Rayon Dövlət Arxivinə (RDA) daxil olmuş, sorğunuza cavab olaraq, bildiririk ki, sabiq K.Marks adına və “Ərkivan” sovxozlarının1990-cı ildən 1995-ci ilə kimi olan mühasibat sənədləri Masallı RDA-nə təhvil verilmədiyindən 1991-ci ilin əvvəllərindəki analıq məzuniyyətləri barədə məlumatlar tapılmadı (həmin dövrlərdə, doğuşa qədər və doğuşdan sonra hər bir anaya təxminən 45 və ya 48 iş günü analıq məzuniyyətləri verilirdi). Azərb. SSR Nazirlər Sovetinin xx.xx.1990-cı il tarixli 266 saylı qərarı, Azərbaycan Aqrar Sənaye Komitəsinin xx.xx.1990-cı il tarixli 567 saylı əmri və Masallı rayon Aqrokombinatının xx.xx.1990-cı il tarixli 282 saylı əmri ilə K. Marks sovxozunun bazasında yeni “Ərkivan” tərəvəzçilik-südçülük sovxozu yaranmışdır. K.Marks adına sovxoz ilə “Ərkivan” sovxozlarından bir-birinə keçidlər, siyahılarda, öz əksini tapmayıb, lakin, xx.xx.1991-ci il tarixli 6/13-18 saylı əmrlə “Ərkivan” sovxozunda, K.Marks adına sovxozda işləyənlərdən olan fəhlələrin kiminsə briqadasına təhkim edilməsi müəyyənləşdirilir. İddiaçı, xx.xx.1991ci il tarixli 320/6 saylı əmrlə, körpə uşağa qulluğa görə, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə kimi, haqqı qismən ödənilən məzuniyyətə buraxılmışdır, ona görə də ehtimal olunur ki, hər biri 45 və ya 48 iş günü olmaqla doğuşa qədərki və doğuşdan sonrakı analıq məzuniyyəti olub ki, məzuniyyətlər bitdikdən sonra haqqı qismən ödənilən məzuniyyətə buraxılıb. Həmin dövrə əmək haqqı sənədləri arxivə tam verilmədiyindən, xx.xx.1992-ci il tarixli 502 saylı əmrlə, ərizəsinə əsasən işdən azad edilənə kimi əmək haqqı alması barədə məlumata rast gəlinmədi. Əsas: Masallı Rayon Dövlət Arxivində mühafizə olunan sabiq K.marks adına və “Ərkivan” sovxozlarının əmr kitabları və əmək haqqı hesablaşma cədvəlləri. Göründüyü kimi iddiaçı cavabdeh tərəfindən mübahisə edilən illərdə körpə uşağa qulluq etdiyinə görə, haqqı qismən ödənilən məzuniyyətə buraxılmışdır. Məhkəmə aşağıda qeyd ediləcək hüquq normalarına əsasən hesab edir ki, cavabdehin göstərdiyi bu hal iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə deyildir, əksinə ananın (iş üzrə iddiaçının) körpə uşağa qulluq etdiyi müddət iş stajına daxil edilir. Hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: “... işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq (“e” bəndi) Məhkəmə araşdrılması zamanı iş materiallarında olan sənədlərdən müəyyən olunmuşdur ki, cavabdehin mübahisələndirdiyi dövrdə iddiaçı sovxozda işləmiş, lakin doğuşla əlaqədar analıq məzuniyyətinə və daha sonra körpə uşağa qulluq etməsinə görə haqqı qismən ödənilən məzuniyyətə buraxılmışdır. Ən azından qeyd edilənlərin əksini sübut edən hər hansı sənəd cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı 51 yaşı olduğu dövrdə 3 uşaq doğub, onları 8 yaşına kimi tərbiyə etdiyindən və körpə uşaqlara qulluq etdiyi müddət iş stajına daxil edildiyindən, iddiaçı çox uşaqlı ana kimi ona yaşa görə əmək pensiyasını təyin edilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, iddiaçıya çox uşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi hüququnun yarandığı tarixdən (2009-cu ildən) deyil, cavabdeh inzibati orqana müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün təyin edilməli və ödənilməlidir. Belə ki, 2006-cı il 01 yanvar tarixdən qüvvəyə minən və hazırda da qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən vahid normativ-hüquqi akt kimi çıxış edir. Həmin Qanunun 31.1-ci maddəsinin ilkin redaksiyasına əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin maddəyə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir) edilmiş dəyişikliyə əsasən maddədən “heç bir müddət məhdudiyyəti olmadan” sözləri çıxarılmışdır. Həmin Qanunun 32.1-ci maddəsinin ilkin redaksiyasına əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən ömürlük təyin edilir. 2007-ci il 6 noyabr tarixli 474-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-ci maddə yeni redaksiyada verilmişdir - yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin maddəyə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir) edilmiş dəyişikliyə əsasən maddədən “əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla” sözləri çıxarılmışdır. 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir) Qanuna yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmiş, 2018-ci il 30 noyabr tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə isə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Qanunun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək, iddiaçıya 51 yaşı tamam olduğu xx xxxxxx 2009-cu il tarixdən yaşa görə pensiya təyin edilməli olmasına baxmayaraq, ona həmin tarixdən deyil, pensiya təyin edilməsi üçün cavabdehə müraciət etdiyi tarixdən son üç il üçün pensiya təyin edilə bilər. Belə ki, iddiaçı ona pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2019-cu il tarixdə qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu səbəbdən də iddiaçıya onun pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2019-cu il tarixdən 3 il əvvəlki tarixdən, yəni xx.xx.2016-cı il tarixdən üç uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin edilərək ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı:
1. İddia qismən təmin olunsun.
2. İddiaçı 3 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş ana kimi xx.xx.2016cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və xx.xx.2016-cı il tarixdən birdəfəyə ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Masallı rayon filialına həvalə edilir.
3. İddia qalan hissədə təmin olunmasın.
4. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
5. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Samir Həsənov