Məhkəmə qərarları › İş №2-1(120)-782/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-782/2021

06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-782/2021 06.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1 Nürəddin oğlunun və İddiaçı2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 Nürəddin oğlunun və İddiaçı2 cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “05.07.2005-ci il tarixli, 46 saylı sərəncamın etibarsız hesab edilməsi” barədə iddia ərizəsi üzrə işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçılar İddiaçı1 Nürəddin oğlu və İddiaçı2 cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “05.07.2005-ci il tarixli, 46 saylı sərəncamın etibarsız hesab edilməsi” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin, tərəflər işin halları və mübahisənin vəziyyəti, həmçinin iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün 06 may 2021-ci il tarixdə, saat 12:00da məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 Nürəddin oğlunun və İddiaçı2 nümayəndəsi Nümayəndə izahatında Füzuli rayon İcra Hakimiyyətinin 05.07.2005-ci il tarixli, 46 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı1 Nürəddin oğlunun və İddiaçı2 nümayəndəsi Nümayəndə məhkəmə hazırlıq iclasına gəlmiş, cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin nümayəndəsinə və üçüncü şəxs X3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər, gəlməmələri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin nümayəndəsinin və üçüncü şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, iddiaçılar İddiaçı1 Nürəddin oğlunun və İddiaçı2 iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən bir də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyətinin 17 mart 1998-ci il tarixli sərəncamından görünür ki, 50.0 hektar torpaq sahəsi “Dəyanət” kəndli fermer təsərrüfatının istifadəsinə verilmişdir. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyətinin 05 noyabr 2001-ci il tarixli sərəncamından görünür ki, 40.0 hektar torpaq sahəsi müvəqqəti istifadə üçün “Ədalət-83” kəndli fermer təsərrüfatına verilmişdir. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyəti başçısının 05 iyul 2005-ci il tarixli 46 nömrəli sərəncamından görünür ki, üzüm plantasiyalarının salınması məqsədilə uzunmüddətə - 99 il müddətinə istifadə etmək üçün 170 hektar torpaq sahəsi X3 icarəyə verilmişdir. İş materiallarında olan Torpaqdan müvəqqəti istifadə hüququna dair JN 8893 KOD 60600001 nömrəli şəhadətnamədən görünür ki, Füzuli rayon İcra Hakimiyyəti başçısının 05.07.2005-ci il tarixli, 46 saylı sərəncamı və 15.12.2005-ci il tarixli, 18 saylı icarə müqaviləsi əsasında 170.0 hektar torpaq sahəsi müvəqqəti istifadə üçün X3 verilmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Fizuli rayon şöbəsinin və Aparatın hüquq şöbəsinin Füzuli rayon İcra Hakimiyyəti başçısına ünvanladığı 25 may 2011-ci tarixli birgə təklif məktubunda qeyd edilir: “Dəyanət və Ədalət kəndli (fermer) təsərrüfatları rayon İcra Hakimiyyətinə müraciət edərək, onların icarəsində olan torpaq sahələrinin bir hissəsinin-yəni “Ədalət-83” kəndli (fermer) təsərrüfatından 40.0 ha, “Dəyanət” kəndli (fermer) təsərrüfatından 20,0 ha torpaq sahəsinin götürülüb X3 icarəyə verildiyini bildirmiş, həmin torpaqların özlərinə qaytarılmasını xahiş etmişlər. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 fevral 2005-ci il tarixli 47S nömrəli sərəncamı ilə Füzuli rayonu ərazisində üzümçülüyü inkişaf etdirmək məqsədilə dövlət qış otlaq fondunun 10 h nömrəli hissəsindən 300.0 ha torpaq sahəsinin kateqoriyası dəyişdirilərək rayon İcra Hakimiyyətinə verilmişdir. Rayon İcra Hakimiyyəti Başçısının 05 iyul 2005-ci il tarixli 46 nömrəli sərəncamı ilə həmin 300.0 ha torpaq sahəsinin 170.0 hektarı üzüm əkini üçün X3 uzunmüddətli icarəyə verilmişdir. Rövşən Quliyevə icarəyə verilmiş 170.0 ha torpaq sahəsinin 20.0 hektarı “Dəyanət” kəndli (fermer) təsərrüfatının icarəsində olan və 40.0 hektarı isə “Ədalət-83” kəndli (fermer) təsərrüfatının icarəsində olan torpaq sahələridir. Rövşən Quliyev icarəsində olan 170.0 ha torpaq sahəsində bu günə qədər üzüm əkməmiş, torpağın əvvəlki istifadəçiləri - yəni “Dəyanət” və “Ədalət-83” kəndli (fermer) təsərrüfatları tərəfindən həmin torpaqlarda müxtəlif kənd təsərrüfatı məhsulları əkiİib-becərilmişdir. “Dəyanət və “Ədalət- 83” kəndli (fermer) təsərrüfatları müvafiq olaraq 40.0 ha və 20.0 ha torpaq sahələrində özləri üzüm əkməsi üçün yerquruluşu sənədlərində müvafiq düzəlişlər aparılmasını xahiş edirlər. Rövşən Quliyev icarəyə götürdüyü 170.0 ha torpaq sahəsinə indiyə kimi heç bir vəsait xərcləməmişdir. Həmin torpaq sahəsinin əvvəlki istifadəçilərinə - yəni 20.0 ha torpaq sahəsinin “Dəyanət” kəndli (fermer) təsərrüfatına, 40.0 ha torpaq sahəsinin isə “Ədalət-83” kəndli (fermer) təsərrüfatına üzüm əkini üçün verilməsini, bunun müqabilində Rövşən Quliyevə icarəsində olan torpaq sahəsinin yaxınlığındakı ərazidən 60.0 ha torpaq sahəsi verilməklə sənədlərində düzəliş aparılmasına sərəncam verməyinizi təklif edirik”. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyəti başçısının 27.05.2011-ci il tarixli 36 nömrəli sərəncamında qeyd edilir: “Dəyanət” və “Ədalət-83” kəndli (fermer) təsərrüfatları 04 may 2011-ci il tarixli ərizələrlə rayon İcra Hakimiyyətinə müraciət edərək onların icarəsində olan torpaq sahələrinin bir hissəsinin-yəni “Ədalət-83” kəndli (fermer) təsərrüfatından 40,0 ha, “Dəyanət” kəndli (fermer) təsərrüfatından 20,0 ha torpaq sahəsinin X3 icarəyə verildiyini bildirmiş, həmin torpaqların özlərinə qaytarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 fevral 2005-ci il tarixli 47S nömrəli sərəncamı ilə Füzuli rayonu ərazisində üzümçülüyü inkişaf etdirmək məqsədilə dövlət qış otlaq fondunun 10 h nömrəli hissəsindən 300,0 ha torpaq sahəsinin qateqoriyası dəyişdirilərək rayon İcra Hakimiyyətinə verilmişdir. Rayon İcra Hakimiyyəti Başçısının 05 iyul 2005-ci il tarixli 46 nömrəli sərəncamı ilə həmin 300,0 ha torpaq sahəsinin 170,0 hektarı üzüm əkini üçün X3 uzunmüddətli icarəyə verilmişdir. Rövşən Quliyevə icarəyə verilmiş 170,0 ha torpaq sahəsinin 20,0 hektarı “Dəyanət” kəndli (fermer) təsərrüfatının icarəsində olan və 40,0 hektarı isə “Ədalət-83” kəndli (femer) təsərrüfatının icarəsində olan torpaq sahələridir. Rövşən Quliyev icarəsində olan 170,0 ha torpaq sahəsində bu günə qədər üzüm əkməmiş, torpağın əvvəlki istifadəçiləri - yəni “Dəyanət” və “Ədalət-83” kəndli (fermer) təsərrüfatları tərəfindən həmin torpaqlarda müxtəlif kənd təsərrüfatı məhsulları əkilib-beçərilmişdir. “Dəyanət” və “Ədalət-83” kəndli (fermer) təsərrüfatları müvafiq olaraq 40.0 ha və 20,0 ha torpaq sahələrində özləri üzüm əkməsi üçün yerquruluşu sənədlərində müvafiq düzəlişlər aparılmasını xahiş edirlər. Rövşən Quliyev icarəyə götürdüyü 170,0 ha torpaq sahəsinə indiyə kimi heç bir vəsait xərcləməmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsi və Aparatın hüquq şöbəsi 25 may 2011-ci il tarixli birgə təklif verərək, həmin 60.0 ha torpaq sahəsinin əvvəlki istifadəçilərində - yəni 20,0 ha torpaq sahəsinin “Dəyanət” kəndli (fermer) təsərrüfatında, 40,0 ha torpaq sahəsinin isə “Ədalət- 83” kəndli (fermer) təsərrüfatında saxlanılmasını təklif etmişlər. Göstərilənləri nəzərə alaraq, təqdim olunmuş materiallara əsaslanaraq qərara alıram: 1 “Dəyanət” və “Ədalət-83" kəndli (fermer) təsərrüfatlarının 04 may 2011-ci il tarixli ərizələri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsi ilə Aparatın hüquq şöbəsinin 25 may 2011-ci il tarixli birgə təklifi nəzərə alınsın. 2 X2 yerquruluşu sənədlərində düzəliş edilərək, “Dəyanət” və “Ədalət-83" kəndli (fermer) təsərrüfatlarının icarəsində olan və indiyə kimi istifadə etdikləri, müvafiq olaraq 20,0 ha və 40,0 ha torpaq sahələri uzunmüddətli (99 il müddətinə) özlərinin istifadəsində saxlanılsın və nəzərə alınsın ki, həmin sahədən təyinatına uyğun üzüm əkini üçün istifadə ediləcəkdir. 3 “Dəyanət” və “Ədalət-83" kəndli (fermer) təsərrüfatlarının istifadəsində saxlanılan, müvafiq olaraq 20,0 ha və 40,0 ha torpaq sahələrinin təyinatına uyğun sənədləşməsini təmin etmək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsinə tapşırılsın”. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Füzuli rayon “Ədalət- 83” kəndli fermer təsərrüfatına ayrılmış 400000.59 kv.m torpaq sahəsinin sxemi tərtib edilmişdir və torpaq sahəsinin əldə edilmə əsası Füzuli rayon İcra Hakimiyyəti başçısının 27.05.2011-ci il tarixli sərəncamı və 12.01.2001-ci il tarixli, 06 saylı icarə müqaviləsidir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən olundu ki, Füzuli rayon İcra Hakimiyyətinin 17 mart 1998-ci il tarixli sərəncamı ilə “Dəyanət” kəndli fermer təsərrüfatının istifadəsinə 50.0 hektar, 05 noyabr 2001-ci il tarixli sərəncamı ilə “Ədalət-83” kəndli fermer təsərrüfatına 40.0 hektar torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. Həmin torpaq sahəsinin müəyyən hissəsi yəni “Dəyanət” kəndli fermer təsərrüfatına məxsus torpaq sahəsindən 20 ha, “Ədalət-83” kəndli fermer təsərrüfatına məxsus torpaq sahəsindən isə 40 ha hissəsi Füzuli rayon İcra Hakimiyyəti başçısının 05 iyul 2005-ci il tarixli 46 nömrəli sərəncamı ilə X2 icarəsinə verilmişdir. Lakin sonradan yəni 27.05.2011-ci il tarixdə Füzuli rayon İcra Hakimiyyəti başçısı 36 nömrəli sərəncam qəbul edərək Füzuli rayon İcra Hakimiyyəti başçısının 05 iyul 2005-ci il tarixli 46 nömrəli sərəncamı ilə X2 icarəsinə verilmiş 170 ha torpaq sahəsinin yerquruluşu sənədlərində düzəliş edilərək, əvvəllər “Dəyanət” və “Ədalət-83" kəndli (fermer) təsərrüfatlarının icarəsində olan və indiyə kimi istifadə etdikləri, müvafiq olaraq 20,0 ha və 40,0 ha torpaq sahələri uzunmüddətli (99 il müddətinə) özlərinin istifadəsində saxlanılmışdır. Yəni, Füzuli rayon İcra Hakimiyyəti başçısının 27.05.2011-ci il tarixli 36 nömrəli sərəncamı ilə əvvəllər “Dəyanət” və “Ədalət-83" kəndli (fermer) təsərrüfatlarının icarəsində olan və sonradan X2 icarəsinə verilmiş ümumi həcmi 60 ha olan (müvafiq olaraq 20,0 ha və 40,0 ha torpaq sahələri) torpaq sahəsi X1 alınaraq əvvəlki istifadəçilərinə geri qaytarmışdır. Hazırda iddiaçılar torpaq sahələrinin onlardan alınmasına əsas olan Füzuli rayon İcra Hakimiyyəti başçısının 05 iyul 2005-ci il tarixli 46 nömrəli sərəncamını mübahisləndirirlər. Hansı ki, məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, Füzuli rayon İcra Hakimiyyəti başçısının 05 iyul 2005ci il tarixli 46 nömrəli sərəncamı əsasında iddiaçılardan alınmış ümumi sahəsi 60 hektar olan torpaq sahəsi Füzuli rayon İcra Hakimiyyəti başçısının 27.05.2011-ci il tarixli 36 nömrəli sərəncamı ilə iddiaçılara geri qaytarılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Füzuli rayon İcra Hakimiyyəti başçısının 05 iyul 2005-ci il tarixli 46 nömrəli sərəncamı ilə iddiaçıların hüquqları pozulmur. Başqa sözlə iddiaçıların Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsindən irəli gələn tələb hüququ yoxdur. Məhkəmənin qənaətinə görə iddiaçılar Füzuli rayon İcra Hakimiyyəti başçısının 05 iyul 2005-ci il tarixli 46 nömrəli sərəncamını deyil, sözügedən torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması, sahibliyin müdafiəsi və yaxud sözügedən 60 hektar torpaq sahəsi üzərində digər şəxsin (X2) adına aparılmış qeydiyyatın ləğv edilməsi ilə bağlı müvafiq səlahiyyətli məhkəmədə iddia qaldırmaq hüquqları vardır. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddiaçılar qismində İddiaçı1 Nürəddin oğlunun və İddiaçı2 olması düzgün deyildir. Belə ki, sözügedən torpaq sahəsi müvafiq inzibati aktla “Dəyanət” və “Ədalət-83" kəndli (fermer) təsərrüfatlarının icarəsinə verildiyi üçün hazırkı tələb üzrə subyektiv hüquq “Dəyanət” və “Ədalət-83" kəndli (fermer) təsərrüfatlarına məxsusdur və iddiaçı qismində həmin təsərrüffatlar çıxış etməlidir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq yuxarıda qeyd edilən məsələrlə bağlı iddiaçılara yazılı şəkildə və məhkəmə iclasında nümayəndəsinə şifahi şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunmuşdur. Buna baxmayaraq iddiaçılar tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi aparılmamışdır və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1 Nürəddin oğlunun və İddiaçı2 cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “05.07.2005-ci il tarixli, 46 saylı sərəncamın etibarsız hesab edilməsi” barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46.3, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 Nürəddin oğlunun və İddiaçı2 cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “05.07.2005-ci il tarixli, 46 saylı sərəncamın etibarsız hesab edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar