Məhkəmə qərarları › İş №2-1(120)-785/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-785/2020

23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-785/2020 23.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Neftçala rayonu, Dalğa kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinə qarşı «06 noyabr 2016-cı il tarixdən 06 noyabr 2019-cu il tarixədək həmin dövrlərdə qüvvədə olan qanunvericiliyə uyğun məbləğlərdə müharibə veteranı müavinətinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Buna görə də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona 06 noyabr 2019-cu il tarixdə M/V 086797 saylı vəsiqə verilmişdir. İddiaçı cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinə ərizə ilə müraciət edib ona müharibə veteranı vəsiqəsi təqdim edilməzdən əvvəlki üç ilə dair müavinətin hesablanaraq ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh 21.01.2020-ci il tarixli **********2 saylı məktubunda veteranlar üçün nəzərdə tutulmuş güzəştlərin veteran vəsiqəsi təqdim edildikdə həyata keçirildiyini qeyd edərək, ərizəsinin təmin olunmasından imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əvvəlki 3 (üç) il üçün, yəni 06 noyabr 2016-cı il tarixdən 06 noyabr 2019-cu il tarixədək həmin dövrlərdə qüvvədə olan qanunvericiliyə uyğun məbləğlərdə müharibə veteranı müavinətinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin tərkibində Ağdərə, Füzuli, Tərtər və digər bölgələrdə Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona 06 noyabr 2019-cu il tarixli 086797 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Həmin tarixdən Azərbaycan Respublikasının Prezidentinin məlum fərmanı ilə təsis edilmiş 80 manat məbləğində Prezident təqaüdünü alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon şöbəsinə ərizə ilə müraciət edərək, ona müharibə veteranı vəsiqəsi təqdim edilməzdən əvvəlki 3 il üçün ödənilməmiş müavinətin hesablanaraq ödənilməsini xahiş etmişdir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon şöbəsi 21 yanvar 2020ci il tarixli məktubunda onun müavinət almaq hüququnun yalnız müharibə veteranı adının və vəsiqəsinin verildiyi tarixdən, yəni 06.11.2019-cu il tarixdən yarandığını, müharibə veteranlarına ödənilən müavinətin əvvəlki dövr üçün hesablanıb ödənilməsinin «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununa əsasən mümkün olmadığını qeyd edərək, müraciətinin təmin olunmasından imtina etmişdir. Hesab edir ki, onun müharibə veteranı adı və vəsiqəsini 06.11.2019-cu il tarixdə almağı müavinət almaq hüququnun bu tarixdə yaranmasına dəlalət etmir, hansı tarixdə bu statusa sahib olmağından asılı olmayaraq qüvvədə olan «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər hesablanaraq verilməlidir. Bu baxımdan cavabdehin imtinasını əsassız hesab edir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və müharibə veteranı vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətlərini, Neftçala Rayon İHB-nin Sarıqamış kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Neftçala rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Neftçala rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 06 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən müharibə veteranı adı və vəsiqəsi verilmiş və həmin tarixdən də Prezident təqaüdü təyin olunaraq ödənilir. İddiaçı isə 06 noyabr 2016-cı il tarixdən 06 noyabr 2019-cu il tarixədək həmin dövrlərdə qüvvədə olan qanunvericiliyə uyğun məbləğlərdə müharibə veteranı müavinətinin hesablanaraq birdəfəyə ödənilməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 25.02.2019-cu il tarixli 992 nömrəli Sərəncamının 1.11-ci bəndinə əsasən, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi nəzərdə tutulmuşdur. «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar «Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli 641 nömrəli Fərmanının 1-ci bəndinə əsasən «Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü» təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan 15.04.2019-cu il tarixli, 641 nömrəli Fərmanının 2.1 və 2.1.1-ci bəndinə əsasən, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan 15.04.2019-cu il tarixli, 641 nömrəli Fərmanının 5-ci bəndinə əsasən, bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Göründüyü kimi 01.04.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Məhkəmə qeyd edir ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə «Sosial müavinətlər haqqında» Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Odur ki, məhkəmə hesab edir ki, 01.04.2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı 06 noyabr 2016-cı il tarixdən 06 noyabr 2019-cu il tarixədək həmin dövrlərdə qüvvədə olan qanunvericiliyə uyğun məbləğlərdə müharibə veteranı müavinətinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinə qarşı «06 noyabr 2016-cı il tarixdən 06 noyabr 2019-cu il tarixədək həmin dövrlərdə qüvvədə olan qanunvericiliyə uyğun məbləğlərdə müharibə veteranı müavinətinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. İddiaçı cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinə qarşı «06 noyabr 2016-cı il tarixdən 06 noyabr 2019-cu il tarixədək həmin dövrlərdə qüvvədə olan qanunvericiliyə uyğun məbləğlərdə müharibə veteranı müavinətinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi təmin edilməsin.

2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar