Məhkəmə qərarları › İş №2-1(120)-785/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-785/2022

19.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-785/2022 19.07.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 оğlunun katibliyi ilə, İddiaçı cavabdeh Saatlı rayon Qeydiyyat Şöbəsinə qarşı “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında adının “Gülnar” adından “Gülnarə” adına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Saatlı rayon Qeydiyyat Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında düzəliş edilərək adının “İddiaçı” kimi qeyd olunması və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında adı “Gülnar” olaraq qeyd edilmiş, lakin iddiaçı barəsində tərtib edilmiş bütün digər sənədlərdə adı “Gülnarə” olaraq yazılmışdır. İddiaçı müvafiq sənədlər əsasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı və cаvаbdеh Saatlı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2020-ci il tarixli, 1812İ qeydiyyat nömrəli, C № 065728 seriya nömrəli diplomdan görünür ki, İddiaçı barəsində məlumatlar qeyd edilmişdir. - Saatlı rayon İcra Hakimiyyəti başçısının Dədə Qorquq kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 887 nömrəli arayışından görünür ki, İddiaçı Saatlı rayonu Dədə Qorqud kəndində qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Saatlı rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 178-10187 nömrəli məktubuna əlavə olunmuş şəxsiyyət vəsiqəsi barədə İAMAS-da müəyyən olunmuş məlumat üzrə çıxarışdan görünür ki, iddiaçının soyad qrafasında “Ələkbərova”, ad qrafasında “Gülnarə”, ata adı qrafasında “Azər” qeyd edilmişdir. - xx.xx.1999-cu il tarixli, 07 №li doğum haqqında akt qeydindən görünür ki, X2 xx.xx.1999-cu ildə doğulması barədə qeydiyyat aparılmış, atası X3, anası X1 qeyd edilmişdir. - Azərbaycan Respublikası Saatlı rayon İcra Hakimiyyəti Başçısının Dədə Qorqud kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 12 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1998-ci ildə Saatlı rayonunun Dədə Qorqud (keçmiş Bayramovka) kəndində doğulmuş, bu kənddə yaşamış, təhsil almış, bu kənddə böyümüşdür. 2016-2020-ci illərdə Sumqayıt Dövlət Universitetində təhsil almışdır. Gülnarə 16 dekabr 2021-ci il tarixdə Dədə Qorqud kəndindən Saatlı rayonunun Qaralar kəndinə gəlin köçmüşdür. Dədə Qorqud kənd inzibati ərazi nümayəndəliyinin təsərrüfatbaşına kitabında da qeydlər İddiaçı kimidir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının doğum haqqında akt qeydində adı “Gülnar” qeyd edilməsinə baxmayaraq, bütün digər sənədlərdə adı “Gülnarə” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin (Ümumi müddəalar) 2.2.2-ci bəndinə əsasən vətəndaşın doğum haqqında şəhadətnaməsi ilk dəfə şəxsiyyət vəsiqəsinin verilərkən tələb olunan sənədlərdən biridir. İddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarında adının “Gülnar” olaraq qeyd edilməsi onu deməyə əsas verir ki, şəxsiyyət vəsiqəsinin verilməsi üçün təqdim edilən doğum haqqında şəhadətnamədə də iddiaçının adı “Gülnar” olmuş, iddiaçı isə uzun illər ərzində müvafiq sənədlərdə adının “Gülnar” olaraq qeyd edilməsi ilə bağlı həmin sənədlərin məzmununa və icra edilmiş qeydlərin düzgünlüyünə etimad göstərmişdir. Buna görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında adının “Gülnarə” olaraq düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında iddiaçının (İddiaçı ilə bağlı) “Gülnar” adından “Gülnarə” adına düzəliş edilməsi öhdəliyi cavabdeh Saatlı rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulur. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar