Məhkəmə qərarları › İş №2-1(120)-787/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-787/2021

09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-787/2021 09.12.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının nümayəndəsi X1 iştirаkı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialına qarşı “ayrı-ayrı iş illərinin sığorta stajı kimi müəyyən edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri h i s s ə: İddiaçı xx xxxxxx 1956-cı ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Lənkəran şəhər filialına müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 05.02.2021-ci il tarixli, **********6 saylı imtina məktubu verilərək, iddiaçının işlədiyi müəssisələrin sənədlərinin arxivə təhvil verilmədiyindən, əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(120)-787/2021 nömrəli qərardadı ilə iddia tələbinə “ayrı-ayrı iş illərinin sığorta stajı kimi müəyyən edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaçının işlədiyi müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsini əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasının və onun tərcüməsinin notarial qaydada təsdiq edilmiş surətini, cavabdehin imtina məktubunu əlavə etmişdir, cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların və məhkəmənin sorğusuna əsasən göndərilmiş X9 filialının 16 aprel 2021-ci il tarixli, B/109 nömrəli məktubu və ona əlavə olunmuş sənədlər, X9 filialının 14 aprel 2021-ci il tarixli, 146 nömrəli məktubu və ona əlavə olunmuş sənədlərin, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 14 iyul 2021-ci il tarixli, 4/1340 nömrəli məktubunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə X14 Filialının 27 aprel 2021-ci il tarixli, **********6 nömrəli etirazının, X9 filialının 12 iyul 2021-ci il tarixli, b/196 nömrəli məktubunun, cavabdeh tərəfindən təqdim olunmuş X3, X4 və X5 pensiya işinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının 03 noyabr 2021-ci il tarixli, **********1 nömrəli məktubunun və ona əlavə olunmuş pensiya işinin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019cu il tarixli, 4 nömrəli qərarı ilə Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lənkəran rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxx 1956-cı il tarixdə doğulmuşdur. 21 yanvar 2021-ci ildə 65 yaşı tamam olmuşdur və həmin tarixdən onun pensiya hüququ yaranmışdır. Ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajının olması tələb olunur ki, həmin sığorta stajına malik olması, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunan illərdə (22.08.1972-18.12.2003-cü illər) ayrı-ayrı müəssisələrdə işləməsi iddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur. Belə ki, iddiaçının hərbi xidmətdə olduğu dövrü və əmək kitabçasında qeyd olunan əmək fəaliyyəti dövrlərinin cəmi 25 ildən çox (29 il 9 ay 12 gün) olduğu müəyyən olunur. Bununla belə məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında olan dövrlərdən başqa sığorta stajı kimi hesab edilən digər dövrləri (hərbi xidmət dövrü) mübahisə edilməmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri (22.08.1972-18.12.2003-cü illər) ilə bağlı aşağıdakıları bildirir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 22.08.1972-ci il tarixdən 18.12.2003-cü il tarixədək olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, müvafiq əmrlə işə daxil olması və işdən xaric olması halı müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan əmək kitabçasının təsdiq edilmiş surətindən və əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 22.08.1972-ci ildən əmək fəaliyyətinə başlamış, 18.12.2003-cü il tarixədək müxtəlif vaxtlarda fasilələrlə ayrı-ayrı müəssisələrdə işləmişdir. İş materiallarında olan X9 filialının 16 aprel 2021-ci il tarixli, B/109 nömrəli məktubu və ona əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı Lənkəran Meyvə tərəvəz konsern zavodunda işləməsi barədə arxiv arayışı və onun verilməsinə əsas olan sənədlər məhkəməyə təqdim olunmuş, həmçinin 1 saylı Lənkəran PMK-nın və 35 saylı Lənkəran PMK-nın sənədlərinin arxivə təhvil verilmədiyi bildirmişdir. İş materiallarında olan X9 filialının 12 iyul 2021-ci il tarixli, b/196 nömrəli məktubundan görünür ki, 1 saylı Lənkəran PMK-nın və 35 saylı Lənkəran PMK-nın sənədləri X9 filialına təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 14 iyul 2021-ci il tarixli, 4/1340 nömrəli məktubundan görünür ki, 1 nömrəli və 35 nömrəli Lənkəran PMK-nın arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və X9 filialına mühafizə üçün təhvil verilməmişdir, sənədlərin mühafizə olunduğu yer haqqında hər hansı məlumat yoxdur. İş materiallarında olan X9 filialının 14 aprel 2021-ci il tarixli, 146 nömrəli məktubu və ona əlavə olunmuş əmrdən çıxarışdan görünür ki, İddiaçı 01.10.1973-cü il tarixli, 47L nömrəli əmr ilə Əli Bayramlı şəhər Yağ-ekstraksiya zavoduna işə qəbul olunmuş, 23.04.1974-cü il tarixli, 26/k nömrəli əmr ilə işdən azad edilmişdir. İş materiallarında olan X3 pensiya işinin təsdiq olunmuş surətinin içərisində olan əmək kitabçasının surətindən görünür ki,1972-cü il tarixində Lənkəran PMK-1 müəssisəsinə daxil olmuş və həmin müəssisədə 2003-cü il tarixinə kimi işləmişdir. İş materiallarında olan X5 pensiya işinin təsdiq olunmuş surətinin içərisində olan əmək kitabçasının surətindən görünür ki, o, 14.06.1973-cü il tarixində Lənkəran PMK-1 müəssisəsinə daxil olmuş, həmin müəssisə 30.07.1986-cı ildən Lənkəran PMK-35 adlanmış və həmin müəssisədə fasilələrlə 08.06.1990-cı il tarixinə kimi işləmişdir. İş materiallarında olan X5 pensiya işinin təsdiq olunmuş surətinin içərisində olan arayışdan görünür ki, ona 1985-1989-cu illər üçün əmək haqqı almasına dair işlədiyi müəssisə (Lənkəran PMK-1 və PMK-35) tərəfindən arayış verilmişdir. İş materiallarında olan X5 pensiya işinin təsdiq olunmuş surətinin içərisində olan Lənkəran 35 nömrəli TSMD-nin (PMK) 11 nömrəli arayışından görünür ki, X10 14.06.1973-cü ildən həmin müəssisədə işləyir. İş materiallarında olan X5 pensiya işinin təsdiq olunmuş surətinin içərisində olan Lənkəran 35 nömrəli TSMD-nin (PMK) üzrə 12.01.1993-cü il tarixli 14 nömrəli əmrdən çıxarışdan görünür ki, X13 14.06.1973-cü ildən həmin müəssisədə işləyir, pensiyaya çıxması ilə əlaqədar olaraq 13.01.1993-cü il tarixdən işdən azad edilmişdir. İş materiallarında olan X4 pensiya işinin təsdiq olunmuş surətinin içərisində olan əmək kitabçasının surətindən görünür ki, o, 25.10.1976-cı il tarixində Lənkəran PMK-1 müəssisəsinə daxil olmuş, həmin müəssisə 30.07.1986-cı ildən Lənkəran PMK-35 adlanmış və həmin müəssisədə fasilələrlə 16.01.1992-ci il tarixinə kimi işləmişdir. İş materiallarında olan X4 pensiya işinin təsdiq olunmuş surətinin içərisində olan mart 1992-ci il tarixli 16 nömrəli arayışdan görünür ki, ona 1987-1992-ci illər üçün əmək haqqı almasına dair işlədiyi müəssisə (Lənkəran PMK-1 və PMK-35) tərəfindən arayış verilmişdir. İş materiallarında olan X4 pensiya işinin təsdiq olunmuş surətinin içərisində olan arayışdan görünür ki, ona 1977-1981-ci illər üçün əmək haqqı almasına dair işlədiyi müəssisə (Lənkəran PMK-1 və PMK-35) tərəfindən arayış verilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının 03 noyabr 2021-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, X6 vaxtı ilə əmək pensiyası təyin edilərkən 1 saylı Lənkəran PMK-da, X7 vaxtı ilə əmək pensiyası təyin edilərkən 1 saylı Lənkəran PMK-da və 35 saylı Lənkəran PMK-da işlədiyi illər sığorta stajı kimi qəbul edilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisə mövcud olmuş, iddiaçı həmin müəssisədə müvafiq əmrlərlə işə daxil olmuş və işdən xaric olmuş sadəcə olaraq müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi müəssisələrin (1 saylı Lənkəran PMK-da və 35 saylı Lənkəran PMK-nın) mövcudluğunu və fəaliyyətini vaxtilə digər şəxslərə pensiya təyin edərkən araşdırmış və həmin müəssisədə işləyən işçilərin həmin müəssisədəki əmək fəaliyyətini sığorta stajı kimi qəbul edərk, əmək pensiyası təyin etmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi 22.08.1972-ci il tarixdən 18.12.2003-cü il tarixədək işlədiyi iş illəri (o cümlədən 1 saylı və 35 saylı Lənkəran PMK-dakı iş illəri) “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir Odur ki, məhkəmə iddiaçının 22.08.1972-ci il tarixdən 18.12.2003-cü il tarixədək işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh iddiaçının işlədiyi müəssisənin sənədlərinin arxivə təhvil verilməməsini və arxiv sənədlərinin saxlanıldığı ünvanının məlum olmamasını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının 22.08.1972-ci il tarixdən 18.12.2003-cü il tarixədək (o cümlədən 1 saylı və 35 saylı Lənkəran PMK-da) işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu iş materiallarında olan sənədlər ilə təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin arxivə təhvil verilməməsi və yaxud həmin sənədlərin saxlandığı yerin hazırda məlum olmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 14 iyul 2021-ci il tarixli, 4/1340 nömrəli məktubundan görünür ki, 1 nömrəli və 35 nömrəli Lənkəran PMK-nın arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və X9 filialına mühafizə üçün təhvil verilməmişdir, sənədlərin mühafizə olunduğu yer haqqında hər hansı məlumat yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud həmin sənədlərin saxlandığı yerin hazırda məlum olmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 10.03.2021-ci il tarixli 2-1(102)-410/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı ayrı-ayrı iş illəri sosial sığorta stajı kimi müəyyən edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı ayrı-ayrı iş illəri sığorta stajı kimi müəyyən edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar