Məhkəmə qərarları › İş №2-1(120)-788/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-788/2021

25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-788/2021 25.08.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialına qarşı «yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı xx xxxxxx 1964-cü ildə anadan olmuşdur, 10.09.1982-ci il tarixdən 1995-ci ilin noyabr ayına kimi Masallı rayonu “Pravda” üzümçülük sovxozunda işləmişdir. Həmçinin 19.12.2000-ci il tarixdən 02.02.2021-ci il tarixədək sağlamlıq imkanları məhdud əlil övladı X3 qulluq etmişdir. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialına müraciət etmişdir. Cavabdeh 16 fevral 2021-ci il tarixli, **********8 saylı məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan 25 illik ümumi iş stajı olduğu nəzərə alınaraq, pensiya hüququnun yarandığı tarixə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı hesab edir ki, onun 10.09.1982-ci il tarixdən 1995-ci ilin noyabr ayına kimi Masallı rayonu “Pravda” üzümçülük sovxozunda işləməsi əmək kitabçasında yazılmasa da, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edərək, iddiaçının 10.09.1982-ci il tarixdən 1995-ci ilin noyabr ayına kimi Masallı rayonu “Pravda” üzümçülük sovxozunda işləməsinin onun əmək kitabçasında yazılmadığını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialının nümayəndəsi X4 şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, əlillik arayışından çıxarışını, əlillik vəsiqəsinin surətini, doğum haqqında şəhadətnamənin surətini, arxiv arayışlarını, 01.03.2021-ci il tarixli aktı, 21 may 2021-ci il tarixli aktı, cavabdehin imtina məktubunu əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların və məhkəmənin sorğusuna əsasən Dövlət arxivinin Masallı rayon şöbəsi tərəfindən göndərilmiş arxiv kitabından çıxarışın, Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının 07.05.2021-ci il tarixli, **********3 nömrəli məktubunun, Masallı rayon İcra Hakimiyyətinin 28.04.2021-ci il tarixli, M-06-728 nömrəli məktubunun və ona əlavə edilmiş Masallı rayon İcra Hakimiyyətinin 08.09.2020-ci il tarixli, 144 nömrəli sərəncamının və digər sənədlərin, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialının 05.05.2021-ci il tarixli, **********4 nömrəli məktubunun, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialının 03.06.2021-ci il tarixli, **********7 nömrəli məktubunun, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialının 02.06.2021-ci il tarixli, **********0 nömrəli məktubunun və ona əlavə olunmuş pensiya işinin, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialının 03.06.2021-ci il tarixli, **********2 nömrəli məktubunun, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialının 22.07.2021-ci il tarixli, **********3 nömrəli məktubunun məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı əlil uşağa qulluq edən ana kimi yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, 02 fevral 2021-ci ildə 57 yaşı tamam olduğu vaxt onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Belə ki, iddiaçının 19.12.2000-ci il tarixdən 02.02.2021-ci il tarixədək sağlamlıq imkanları məhdud əlil övladı X3 qulluq etməsi və ona görə sosial muavinat alması iş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialının 28.01.2021-ci il tarixli, **********3 saylı arayışı ilə təsdiq olunur. İddiaçının 19.12.2000-ci il tarixdən 02.02.2021-ci il tarixədək sağlamlıq imkanları məhdud əlil övladı X3 qulluq etməsi 21 may 2021-ci il tarixində tərtib edilmiş akt ilə təsdiq olunur. İddiaçının 10.09.1982-ci il tarixdən 1995-ci ilin noyabr ayına kimi Masallı rayonu “Pravda” üzümçülük sovxozunda işləməsi Masallı rayon Dövlət Arxivinin 18 yanvar 2021ci il tarixli 05 və 18 yanvar 2021-ci il tarixli 05/1 nömrəli arxiv arayışları və Masallı rayon Dövlət Arxivinin 21 aprel 2021-ci il tarixli, M-176 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş sovxozun əmr kitabları və əmək haqqı sənədləri ilə təsdiq olunur. İddiaçının 25 ildən artıq sığorta stajına malik olması, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialının 22.07.2021-ci il tarixli **********3 nömrəli məktubu ilə də təsdiq olunur. Həmin məktubda qeyd edilir ki, “...21.05.2021-ci il tarixli Filialın nümayəndəsinin iştirakı ilə tərtib olunmuş aktda 19.12.2000-ci il tarixindən (1-ci qrup əlilliyin ilkin müayinə tarixi) hal-hazırkı günə kimi (aktın yazıldığı gün) İddiaçı övladı R.Rəsulova qulluq etməsi faktı müəyyən edilmişdir (Yaşa görə hüququnun yarandığı 02.02.2021-ci il tarixinədək 20 il 1 ay 1-ci qrup övladına qulluq dövrü). İddiaçı Masallı rayon Dövlət Arxivi tərəfindən verilmiş 18.01.2021-ci il tarixli 5 və 5/1 saylı arxiv arayışlarında əks olunan məlumatlarına əsasən 01.01.2006-cı i tarixədək 5 il 6 ay sığorta stajı müəyyən olunmuşdur (01.01.2006-cı il tarixdən sonra fərdi uçot məlumatlarına rast gəlinmədi). Ümumi iş stajı 25 il 7 ay müəyyən olunmuşdur (20 il 1 ay Akta əsasən 1-ci qrup övladına qulluq dövrü və 5 il 6 ay arxiv arayışlarına əsasən)”. İddiaçının sağlamlıq imkanları məhdud uşağının olması və həmin uşağın 19.12.2000-ci il tarixdən birinci dərəcəli müddətsiz əlil olması və həmin uşağı 8 yaşına kimi təbiyə etməsi (himayəsində olması) iş materiallarında olan əslinə baxış keçirilərək iş materialına əlavə edilmiş doğum haqında şəhadətnamənin surəti ilə, ƏƏSMN-nin TSEKnın sonuncu müayinəyə dair məlumat vərəqindən, o cümlədən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialının **********0 nömrəli 02.06.2021ci il tarixli məktubun məzmunu və ona əlavə olunmuş sosial müavinət işi ilə təsdiq olunur. Göründüyü kimi, iddiaçı sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə və qulluq etdiyindən və 25 ildən artıq sığorta stajına (20 il 1 ay 1-ci qrup övladına qulluq dövrü və 5 il 6 ay Sovxozda işlədiyi dövrü) malik olduğundan, onun pensiya yaşı (62 yaş) 5 il azaldılmaqla 57 yaşına çatdığı 02 fevral 2021-ci ildən yaşa görə əmək pensiyası hüququ vardır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2-ci və 21.2.4-cü maddələrinə görə siğortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (10.09.1982-ci il tarixdən 1995-ci ilin noyabr ayına kimi Masallı rayonu “Pravda” üzümçülük sovxozunda işləməsinə dair Masallı rayon Dövlət Arxivinin 18 yanvar 2021-ci il tarixli 05 və 18 yanvar 2021-ci il tarixli 05/1 nömrəli arxiv arayışlarını) cavabdehə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Masallı rayon Dövlət Arxivinin 18 yanvar 2021-ci il tarixli 05 və 18 yanvar 2021-ci il tarixli 05/1 nömrəli arxiv arayışlarını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 10.09.1982-ci il tarixdən 1995-ci ilin noyabr ayına kimi Masallı rayonu “Pravda” üzümçülük sovxozunda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı 10.09.1982-ci il tarixdən 1995-ci ilin noyabr ayına kimi Masallı rayonu “Pravda” üzümçülük sovxozunda işləməsi ilə bağlı əmək stajı və 19.12.2000-ci il tarixdən 02.02.2021-ci il tarixədək sağlamlıq imkanları məhdud əlil övladı X3 qulluq etdiyi müddət nəzərə alınmaqla, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı hüququnun yarandığı 02.02.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialına həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar