Məhkəmə qərarları › İş №2-1(120)-789/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-789/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-789/2023 29.03.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «xidməti uyğunsuzluğa görə ehtiyata buraxılsın» maddəsinin götürülməsi, həmin əmrin dəyişdirilməsi və «öz ərizəsinə əsasən ehtiyata buraxılsın» sözləri yazılaraq müvafiq maddənin tətbiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə Masallı şəhərində, Masallı Kompleks məhkəmənin binasında, məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Kadrlar Baş İdarəsinin üzərinə həmin İdarə tərəfindən tətbiq edilmiş “Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılsın” maddəsinin götürülməsi, həmin əmrin dəyişdirilməsi və “öz ərizəsinə əsasən ehtiyata buraxılsın” sözləri yazılaraq müvafiq maddənin tətbiq edilməsi öhdəliyinin qoyulması barədə Qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci ildə Dövlət Sərhəd Xidmətinin Hərbi Akademiyasına daxil olmuş, 2019-cu ildə Akademiyanı bitirib leytenant hərbi rütbəsini almış, 16 avqust 2019-cu ildə həqiqi hərbi xidmətə yollanmış, hərbi xidmətə DSX-nin çevik hərəkət qüvvələrində tağım komandiri kimi başlamış, 44 günlük Vətən Müharibəsində torpaqlarının işğaldan azad edilməsi uğrunda erməni quldurlarına qarşı fəal iştirak etmiş, fədakarcasına döyüşmüş, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Cəbrayılın azad edilməsinə görə” və “Zəngilanın azad edilməsinə görə” medalları ilə təltif olunmuş, 2021-ci il sentyabrın 25-də ordudan öz ərizəsi ilə tərxis olunmuşdur. Lakin tərxis olunarkən onun əmri qərəzli olaraq “Xidməti uyğunsuzluğa görə” maddəsinə əsasən verilmişdir və bunun da müəyyən səbəbləri vardır ki, hörmətli məhkəməyə bu barədə ətraflı məlumat verməyə borcludur. Xidmət etdiyi dövr ərzində onun heç bir nöqsanı olmamış, heç bir inzibati və ya hər hansı başqa xətaya yol verməmiş, əksinə, şərəfli xidmətimlə fərqlənmiş, bir il altı ay ərzində bu xidmətlərinə görə zastava rəisi vəzifəsinə qədər yüksəlmişdir. Lakin ona qarşı haqsızlıq və ədalətsizlik edilmiş, ona həsəd və qısqanclıqla yanaşılmış, onun ərizəsi, razılığı və imzası olmadan onun vəzifəsini aşağı saldılar və o dərəcəyə gətirib çıxartdılar ki, o, öz xoşu ilə ərizə yazıb işdən getsin. O, psixoloji duruma düşdü, əsəb, stress və sıxıntıdan özünü çox narahat hiss edirdi. Həm də hərbi hissədə onun bu dərəcədə yüksəlməsi bəzi dairələrdə qıcıq yaradırdı. Belə hallar orduda çox baş verir, ona görə də hörmətli Prezident bəzən sərt tədbirlərə əl atmağa məcbur olur. Sonrakı peşmançılıqları nəzərə alıb məcburiyyət qarşısında qalaraq o da xidmətdən uzaqlaşmaq barəsində ərizə yazdı, amma ona qarşı qərəzli olaraq xidməti uyğunsuzluğuna görə maddəsini tətbiq etdilər. O hesab edir ki, bu qanunsizluq məhkəmə vasitəsilə aradan qaldırılmalıdır və bu maddə onun üzərindən götürülməlidir. Öz dövlətini sevən adamdır, bu gün də X2 Əlyevin ideyalarının, cənab prezident İlham Əliyevin siyasətinin və çox hörmətli Mehriban xanımın xeyirxahlığının sadiq tərəfdarıdır və həmişə bu siyasətə dəstək vermişdir. Odur ki, məhkəmə qaydasında bu məsələnin həll olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək (dəftərxana vasisəsi ilə) bildirmişdir ki, sabiq hərbi qulluqçu İddiaçı xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissə komandirinə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətindən Silahlı Qüvvələrin ehtiyatına buraxılması, həmçinin Silahlı Qüvvələrin ehtiyatına buraxılacağı təqdirdə təyinat üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə göndərilməsi barədə raportla müraciət etmişdir. Bununla bağlı hərbi hissə rəhbərliyi tərəfindən hərbi qulluqçunun Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətindən Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə dinlənilmə keçirilmişdir. Onun xidməti fəaliyyəti ətraflı təhlil edilərək ehtiyyata buraxılmaq arzusunun səbəbləri soruşulmuşdur, şikayət və təklifləri dinlənilmişdir. Xidməti fəaliyyəti zamanı üzləşdiyi problemlər və xidmətinə təsir edə biləcək problemlərin olub-olmaması aydınlaşdırılmışdır. İddiaçı özünün Dövlət Sərhəd Xidmətində xidmət etmək istəmədiyini bildirmiş, buna görə də xidmətə uyğunsuzluğa görə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmasını xahiş etmişdir. Söhbət zamanı ondan hərbi hərbi xidmətində ona qarşı qeyri qanunluğun olması soruşulduqda, komandirlərin və birbaşa rəislərin ona qarşı heç bir qeyri qanuni hərəkətlərin olmadığını və bilərəkdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmaq istəməsi yalnız DSX-də xidmət etmək istəyinin olmaması olduğunu qeyd etmişdir. Eyni zamanda hərbi hissədə hər-hansı bir şəxsə qarşı iddiasının olmadığını və ehtiyata buraxıldıqdan sonra DSX-də xidmətə qəbul edilməsi üçün müraciət etməyəcəyini bildirmişdir. Həmçinin söhbətin sonunda İddiaçı ’’Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətindən Silahlı Qüvvələrin ehtiyatına buraxılacağı və gələcəkdə DSX-də xidmətə qəbul edilməməsinin mümkünsüzlüyü onun nəzərinə çatdırılmışdır. Nəticədə iddiaçının xx.xx.2021-ci il tarixdə hərbi hissə komandirinə ünvanladığı raporta əsasən Dövlət Sərhəd Xidməti rəisinin 25 sentyabr 2021-ci il tarixli 1841 ş/h nömrəli əmri ilə sabiq hərbi qulluqçu İddiaçı «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidmət uyğunsuzluğa görə) müvafiq olaraq: N nömrəli hərbi hissənin, maddi təminat şöbəsi mənzil-istismar bölməsinin zabiti-mühəndis vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına və hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə göndərilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və təxmin 11 (on bir) aydan sonra xx.xx.2022-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bununla da o iddia müddətini ötürmuşdir. İddiaçı sabiq hərbi qulluqçu İddiaçı Dövlət Sərhəd Xidmətinə qarşı olan iddiasının əsassız olduğunu nəzərə alınmasını və iddianın təmin edilməməsini Məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iş üzrə iddianın mümkün hesab edilərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə dair təqdim edilmiş etirazı müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia tələbindən aydın göründüyü kimi, iddiaçı xx.xx.2021-ci il tarixli, 1841 ş/h saylı əmri mübahisələndirir. Bununla bağlı, Məhkəmə qeyd edir ki, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri 6 (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. İş materiallarına əlavə edilmiş: - xx.xx.2021-ci il tarixli İddiaçı tərəfindən 2028 saylı Hərbi Hissəyə ünvanlanmış raporta əsasən, Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyata buraxılması, həmçinin Silahlı Qüvvələrin Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə göndərilməsi üçün yuxarı komandanlıq qarşısında vəsatət verilməsini xahiş etmişdir. - 1841 ş/h saylı, xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Rəisinin əmrindən görünür ki, İddiaçı çevik X1 hərəkət briqdası (N nömrəli h/h) üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq maddi təminat şöbəsi mənzilistismar bölməsinin zabit-mühəndisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsinə göndərilməsi əmr edilmişdir. Leytenant İddiaçı xx.xx.2021-ci il tarixə xidmət illəri:təqvimi-06 il,00 ay, 00 gün təşkil etdiyi qeyd edilmişdir. - İddiaçıya məxsus EZ seriyalı ******* saylı hərbi biletin surətinə əsasən,xx.xx.2021ci il tarixli, 1841 saylı əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.6-cı maddəsinə uyğun olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qeyd edilmişdir. İşin hallarından müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyata buraxılması tələbi ilə 2028 saylı Hərbi Hissəyə raport ünvanlamışdır və xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Rəisinin əmri ilə ehtiyata buraxılmışdır. Hal-hazırda İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Rəisinin xx.xx.2021-ci il tarixli əmrini (xx.xx.2022-ci il tarixli zərflə göndərilmişdir) xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirildiyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Rəisi tərəfindən qəbul edilən əmr 2021-ci il tarixə aiddir. Həmin əmrlərin iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Hazırda mübahisələndirilən əmr qəbul edildikdən sonra 1 ilə yaxın müddət ərzində mübahisələndirməmişdir. Belə olan halda, kifayət qədər uzun müddət ərzində iddiaçının həmin əmr barədə məlumatlı olmaması əsaslı şübhə doğurur və inandırıcılıq baxımından ağlabatan mühakimə hesab edilə bilməz. Belə ki, işin araşdırılmış hallarından və məhkəmə iclaslarında da iddiaçının verdiyi izahatlardan aydın olur ki, iddiaçının xx.xx.2021-ci ildən işləmədiyi müddət üzrə ona heç bir ödəniş, əmək haqqı ödənilməmişdir. Qeyd olunmalıdır ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əmrləri inzibati akt hesab olunur və həmin əmrin mübahisələndirilməsinə dair iddialar xüsusi mümkünlük şərtinə iddia verilməsi müddətinə əməl edilmədən verildikdə mümkün sayıla bilməz. Hazırkı iddia, iddia verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia verilməsi müddəti ötürülməklə verilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «xidməti uyğunsuzluğa görə ehtiyata buraxılsın» maddəsinin götürülməsi, həmin əmrin dəyişdirilməsi və «öz ərizəsinə əsasən ehtiyata buraxılsın» sözləri yazılaraq müvafiq maddənin tətbiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar