Məhkəmə qərarları › İş №2-1(120)-790/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-790/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-790/2020 23.09.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, iddiaçı “Şindan” kənd təsərrüfatı kooperativinin nümayəndəsi X1 (Astara rayonu, Şiyəkəran kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, iddiaçı “Şindan” kənd təsərrüfatı kooperativinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı Astara rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 15 saylı qərarı ilə fəaliyyəti üçün ayrılmış 8 hektar torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı «Şindan” kənd təsərrüfatı kooperativi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 15 saylı qərarı ilə fəaliyyəti üçün ayrılmış 8 hektar torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Astara rayon Şiyəkəran bələdiyyəsi və Astara rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. İddiaçı «Şindan” kənd təsərrüfatı kooperativi iddia tələbini onunla əsaslandırmışdır ki, Astara rayonu X8 İcariyə Komitəsinin xx xxxxxxx 1988-ci il tarixli 15 saylı qərarı ilə “Şindan” kənd təsərrüfatı kooperativi yaradılmışdır. Kəndli fermer təsərüfatının başçısı seçilmişdir. “Şindan” fermer təsərrüfatının fəaliyyəti üçün o zaman “26 Bakı komisarı” adına Sovxozun Siyəkü kəndi ərazisinə bitişik Şiyəkəran kəndi ərazisindən yay otlaq sahəsi kimi istifadə olunan əkinə yararsız olan “köşəviyə” adlanan ərazisindən 8 hektar torpaq sahəsi ayrılaraq istifadəsinə verilmişdir. Sovxozdan 400 rubl ssuda götürüb torpaq sahəsinin 2 hektarında feyxoa ağacları, Güləşəbulaq sahəsinin 1,5 hektarında mandarin ağacları əkmişdir. Ssudanı 4 il müddətinə tamamilə sovxoza ödəmişdir. Qüvvədə olan qanunun tələblərinə baxmayaraq Şiyəkəran bələdiyyəsinin o vaxtı sədri işləmiş Teymur Heydərov təcrübəsizliyindən istifadə edərək bələdiyyənin mülkiyyətində olmayan yerli icra hakimiyyəti orqanları tərəfindən 1988-ci ildə istifadəsinə verilmiş 8 hektar torpaq sahəsini xx.xx.2002-ci il tarixdə, 15 il müddətinə icarəyə verilməsi barədə onunla müqavilə bağlamışdır. Fermer təsərrüfatı yaratmaq, 8 hektar torpaq sahəsinin istifadəsinə verilməsi barədə Astara rayon İcariyyə Komitəsinin xx.xx.1988ci il tarixli 15 saylı qərarı olması, Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, vaxtı-vaxtında vergisini ödədiyi halda, yenidən həmin torpaq sahəsi bələdiyyə tərəfindən icarəyə verilməsinə ehtiyac yox idi. İstifadəmdə olan 8 hektar torpaq sahəsi 3 ayrı ayrı ərazilərdə yerləşir. Arıların saxlanılması üçün 1,70 hektar, Güləşəbulaq ərazisində 1,45 hektar, qalan 4,85 hektar torpaq sahəsinin 2,85 hissəsində heyvandarlıq üçün örüş sahəsi kimi istifadə edilir və orada yardımçı binalar inşa etmişdir. Beləliklə fermer təsərrüfatı üçün ayrılmış torpaq sahəsi 1988-ci ildən qanunu əsaslarla istifadəsindədir. Həmin torpaq sahəsində hüquqlarını qeydə aldırmaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X7nə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən icarə hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhkəmə iclasında “Şindan” kənd təsərrüfatı kooperativinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, “Şindan” KFK-nin rəhbərliyi tərəfindən Şiyəkəran bələdiyyəsi ilə aralarında bağlanmış xx xxxxxx 2003-cü il tarixli “İcarə müqaviləsi” sərəncamı üzrə həmin kooperativə 15 il müddətinə ayrılmış (icarəyə verilmiş) 1,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeydiyyatı ilə əlaqədar 2020-ci ilin əvvəllərində Ərazi İdarəsinə müraciət olunmuşdur. Təqdim olunmuş sənədlərin ekspertizası və faktiki yerində keçirilən müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, 2003-cü ildə bağlanmış həmin “icarə müqaviləsi”nin müddəti bitdiyindən hüquqi qüvvəsini itirmişdir. Bu baxımdan bildirilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X7 daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmçinin, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli 466-İİİQD nömrəli Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə dəyişiklik edilmişdir. Həmin dəyişikliyə uyğun olaraq 2007-ci il 1 dekabr tarixindən sonra Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları, bəzi hallar istisna olmaqla, yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Odur ki, yuxarıda barəsində qeyd olunan qanunun tələblərinə əsasən Astara rayonu, Şiyəkəran bələdiyyəsi təqdim olunmuş hazırki sənədlər əsasında ayrılmış həmin torpaq sahəsi üzərində yalnız bələdiyyənin mülkiyyət hüquqlarını tanıtdırdıqdan sonra sözü gedən torpaq sahəsinin icarəyə verilməsi proseduruna (həmin kooperativlə icarə müqaviləsi bağlaya bilər) başlaya bilər. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılması, mövcud texniki vəziyyəti yerində dəqiqləşdirmək məqsədi ilə habelə müvafiq texniki sənədlərin tərtib edilməsindən ötrü Xidmətin 10 saylı X4 Astara rayon şöbəsinin aidiyyəti mütəxəssisləri tərəfindən həmin torpaq sahəsinə baxış keçirilmiş, sözü gedən daşınmaz əmlakın faktiki vəziyyətə uyğun mövcud texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmişdir. Belə ki, həmin kooperativə Astara rayon XDS İcraiyyə Komitəsi tərəfindən ayrılmış barəsində qeyd olunan 8 ha torpaq sahəsi ümumilikdə xəritə məlumatlarına əsasən üç planşetdə yerləşməklə dövlət mülkiyyətində olan torpaq sahələri kateqoriyasına aiddir. Ümumilikdə 8 ha torpaq sahəsinin qeydiyyatı ilə əlaqədar bildirilir ki, mübahisənin tam araşdırılması məqsədilə (faktiki yerində uyğunsuzluqlarla bağlı mübahisə mövcuddur) tərəf olaraq Astara rayon İcra Hakimiyyəti, Astara rayon Şiyəkəran bələdiyyəsi məhkəmə prossesinə cəlb olunmalıdır. Hal-hazırda sözü gedən mübahisəli (dövlət, bələdiyyə həyətyanı və pay torpağından çıxarılma, torpaq sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi, ilkin sənədlərdə dəyişiklik edilməsi, ilkin hüquqmüəyyənedici sənədlərdə olan məlumatlarla xəritə məlumatları arasında olan uyğunsuzluq və s.) məsələlərin həlli ilə bağlı (şəhadətnamə, dövlət aktı və plan ölçü, həmçinin XDS-qərarları üzrə) qəbul edilmiş qərarların və sərəncamların icrası ilə əlaqədar səlahiyyətli qurum olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti çıxış edir və bu baxımdan yaranmış mübahisənin aradan qaldırılmasına dair gələcəkdə (barəsində qeyd olunan tərəflərin iştirakı üzrə torpaqşünaslıq ekspertizası təyin olunmaq şərtilə) qanunamüvafiq məhkəmə qərarı qəbul edildiyi təqdirdə tərəflərindən baxıla bilər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surəti, Astara rayon XDS İcraiyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 15 nömrəli iclas protokolundan çıxarışın surəti, xx.xx.1988-ci il tarixdə “26 Bakı komissarı” adına sovxozda tərtib edilmiş aktın surəti, Astara rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 259 nömrəli sərəncamının təsdiq edilmiş surəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsi tərəfindən ilə «Şindan” kənd təsərrüfatı kooperativinə ünvanlanmış “müraciətin cavablandırılması haqqında” xx.xx.2019-cu il tarixli, **********59 nömrəli məktub, Astara rayon Şiyəkəran bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 17 nömrəli məktubunu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia)inzibati məhkəmə icraatı qaydasında baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsiri altına düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Astara rayonu ərazisində yerləşir. Məhkəmə- Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Astara rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 09179980 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1950-ci il tarixdə Astara rayonu, Şiyəkəran kəndində anadan olmuş, Astara rayonu, Şiyəkəran kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Astara rayon XDS İcraiyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 15 nömrəli iclas protokolundan çıxarışın surətindən görünür ki, rayonun “26 Bakı komissarı” adına sovxozun nəzdində təşkil edilmiş bitkiçilik, arıçılıq, heyvandarlıq məhsulları istehsalı üzrə təşkil edilmiş kənd təsərrüfatı kooperativinin nizamnaməsi qeydə alınmış, kooperativə “Şindan” adı verilmiş və 8 hektar dəmyə torpaq sahəsi Keşəli ərazisində istifadədən ötəri ona təhvil verilmişdir. İşdə olan xx.xx.1988-ci il tarixdə “26 Bakı komissarı” adına sovxozda tərtib edilmiş aktın surətindən görünür ki, Astara rayon XDS İcraiyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 22 nömrəli sərəncamı ilə «Şindan” kənd təsərrüfatı kooperativi üçün torpaq sahəsi ayrılmasından ötəri komissiya yaradılmış, yaradılmış komissiya “26 Bakı komissarı” adına sovxozun yerquruluşu xəritəsinə baxış keçirilmiş və həmin məqsəd üçün sovxozun köşəviyə torpaq massivindən 8 hektar örüş sahəsinin ayrılmasını məqsədə müvafiq hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsi tərəfindən «Şindan” kənd təsərrüfatı kooperativinə ünvanlanmış “müraciətin cavablandırılması haqqında” xx.xx.2019-cu il tarixli, **********59 nömrəli məktubda qeyd edilmişdir ki, ...”Təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlərdən belə məlum olur ki, Astara şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 197 saylı qərarı əsasında təşkil olunmuş rəhbəri olduğunuz “Şindan” kənd təsərrüfatı kooperativinin fəaliyyətini genişləndirmək məqsədilə torpaq sahəsinə ehtiyac yarandığı səbəbindən, tərəfinizdən aidiyyəti üzrə Astara rayonu, Şiyəkəran bələdiyyəsinə müraciət olunmuşdur. Belə ki, Astara rayonu Şiyəkəran bələdiyyəsinin xx xxxxxx 2003-cü il 15 fevral tarixli, “icarə müqaviləsi üzrə” qərarı əsasında rəhbəri olduğunuz kooperativə on beş il müddətinə 1,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Təqdim olunmuş sənədlər üzrə aparılan ekspertizanın nəticəsi olaraq məlum olmuşdur ki, torpaq sahəsinin ayrılmasına dair tərtib olunmuş icarə müqaviləsinin müddəti xx xxxxxx 2018-ci il tarixində bitmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X7 daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu baxımdan bildiririk ki, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli 466-İİİQD nömrəli Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə dəyişiklik edilmişdir. Həmin dəyişikliyə uyğun olaraq 2007-ci il 1 dekabr tarixindən sonra Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları, bəzi hallar istisna olmaqla, yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Odur ki, yuxarıda barəsində qeyd olunan qanunun tələblərinə əsasən Astara rayonu, Şiyəkəran bələdiyyəsi təqdim olunmuş hazırki sənədlər əsasında ayrılmış həmin torpaq sahəsi üzərində yalnız bələdiyyənin mülkiyyət hüquqlarını tanıtdırdıqdan sonra sözü gedən torpaq sahəsinin alqı-satqı proseduruna başlaya bilər.” İşdə olan Astara rayon Şiyəkəran bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2020ci il tarixli, 17 nömrəli məktubunda qeyd edilmişdir ki, “Şindan” kənd təsərrüfatı kooperativi ilə Şiyəkəran bələdiyyəsi arasında torpaq sahəsinin icarəyə ayrılmasına dair hər hansı müqavilə bələdiyyədə aşkar olunmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları, torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq Məcəlləsinin 66-cı maddəsinin tələblərindən irəli gələrək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. Məhkəmə müəyyən etdi ki, Astara rayon XDS İcraiyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 22 nömrəli sərəncamı ilə «Şindan” kənd təsərrüfatı kooperativi üçün torpaq sahəsi ayrılmasından ötəri komissiya yaradılmış, yaradılmış komissiya “26 Bakı komissarı” adına sovxozun yerquruluşu xəritəsinə baxış keçirilmiş və həmin məqsəd üçün sovxozun köşəviyə torpaq massivindən 8 hektar örüş sahəsinin ayrılması məqsədə müvafiq hesab edilmişdir. İddiaçı Astara rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 15 saylı qərarı ilə fəaliyyəti üçün ayrılmış 8 hektar torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması tələbi cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Eyni zamanda cavabdeh etirazında qeyd edir ki, “Şindan” kənd təsərrüfatı kooperativinə Astara rayon XDS İcraiyyə Komitəsi tərəfindən ayrılmış barəsində qeyd olunan 8 ha torpaq sahəsi ümumilikdə xəritə məlumatlarına əsasən üç planşetdə yerləşməklə dövlət mülkiyyətində olan torpaq sahələri kateqoriyasına aiddir.Hal-hazırda sözü gedən mübahisəli (dövlət, bələdiyyə həyətyanı və pay torpağından çıxarılma, torpaq sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi, ilkin sənədlərdə dəyişiklik edilməsi, ilkin hüquqmüəyyənedici sənədlərdə olan məlumatlarla xəritə məlumatları arasında olan uyğunsuzluq və s.) məsələlərin həlli ilə bağlı (şəhadətnamə, dövlət aktı və plan ölçü, həmçinin XDS-qərarları üzrə) qəbul edilmiş qərarların və sərəncamların icrası ilə əlaqədar səlahiyyətli qurum olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti çıxış edir və bu baxımdan yaranmış mübahisənin aradan qaldırılmasına dair gələcəkdə (barəsində qeyd olunan tərəflərin iştirakı üzrə torpaqşünaslıq ekspertizası təyin olunmaq şərtilə) qanunamüvafiq məhkəmə qərarı qəbul edildiyi təqdirdə tərəflərindən baxıla bilər. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə bağlı zəruri inzibati icraat aparmamış və əsaslandırılmamış “imtina” vermişdir. Belə ki, iddiaçı Astara rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 15 saylı qərarı ilə fəaliyyəti üçün ayrılmış 8 hektar torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət edir. Cavabdeh orqan isə “imtina”sında Astara rayonu Şiyəkəran bələdiyyəsinin xx xxxxxx 2003-cü il tarixli, icarə müqaviləsi əsasında “Şindan” kənd təsərrüfatı kooperativinə on beş il müddətinə 1,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrıldığını və torpaq sahəsinin ayrılmasına dair tərtib olunmuş icarə müqaviləsinin müddəti xx xxxxxx 2018-ci il tarixində bitdiyini qeyd edir. Halbuki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Şindan” kənd təsərrüfatı kooperativi iləŞiyəkəran bələdiyyəsi arasında torpaq sahəsinin icarəyə ayrılmasına dair hər hansı müqavilə bələdiyyədə aşkar olunmamışdır. Bundan başqa, cavabdeh inzibati orqan 8 hektar torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınmasından konkret olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun hansı normasının (maddəsinin) tələbinə görə imtina etdiyini nə “imtina” məktubunda, nə də məhkəmə ünvanladığı “etiraz”ında qeyd etməmişdir. Məhkəmə qeyd edir ki, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının ərizəsi üzrə zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır. Cavabdeh iddiaçıya onun müraciəti ilə əlaqədar tam, dəqiq, ətraflı məlumat verməmiş, bununla da “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun : 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur)fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73-cü maddəsi tətbiq oluna bilər. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ərizəsi əsasında zəruri inzibati icraat aparmamış, işin faktiki və hüquqi halları tam müəyyən etməmişdir. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin üzərinə iddiaçı “Şindan” kənd təsərrüfatı kooperativinın müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin üzərinə iddiaçı “Şindan” kənd təsərrüfatı kooperativinin müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar