Məhkəmə qərarları › İş №2-1(120)-791/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-791/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-791/2021 16.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı (Kürdəmir rayonu, Sor-Sor kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdehin nümayəndəsi X3 (Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani küçəsi döngə 1-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuş, Kürdəmir rayonu, Sor-Sor kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin cavabdeh 22 fevral 2021-ci il tarixli, **********1 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiаçı İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.1965-ci ildə Kürdəmir rayonunun Sor-Sor kəndində anadan olub, ailəlidir yeddi övladı vardır. Buna görə güzəştli şərtlərlə çoxuşaqlı ana kimi 01.01.2020-ci il tarixdə ona yaşa görə 130 manat məbləğində sosial müavinət təyin edilmiş və hal-hazıra kimi pensiyanı alır. 08.07.1981-ci ildən 28.11.1998-ci ilə kimi “Şirvan” kolxozunda kolxozçu kimi işləmişdir. Kolxoz dağıldıqdan sonra ailənin dolanışığı aşağı vəziyyətdə olduğu üçün 12.12.1998-ci ildən 22.12.2006-cı il tarixə kimi “İlkin” İstehsal Kommersiya kiçik müəssisəsində xadimə işləmişdir. Ümumilikdə onun kolxozda 17 il 5 ay 21 gün, kiçik müəssisədə isə 7 il 11 ay 19 gün, cəmi 25 il 5 ay 19 gün stajı vardır. Cavabdeh 22.02.2021-ci il tarixli ona ünvanladığı cavab məktubunda “Şirvan” kolxozunun və müəssisənin sənədləri dövlət arxivində olmamasını əsas gətirərək əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Kürdəmir rayon Dövlət Arxivinin 15.02.2021-ci il tarixli, 24 nömrəli arayışına əsasən İddiaçı işlədiyini iddia etdiyi “Şirvan” kolxozuna dair, eyni zamanda 22.02.2021-ci il tarixli, 30 nömrəli arayışına əsasən “İlkin” İstehsalat Kommersiya kiçik müəssisəsinə aid sənədlər aşkar edilməmişdir. Həmçinin DSMF-nin fərdi uçot nəzarət və sosial sığorta departamentinin 20.04.2021-ci il tarixli, **********2 nömrəli məktubuna əsasən 01.01.2006-cı il tarixdən 22.12.2006-cı il tarixədək iddiaçının xeyrinə hər hansı sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlərin edilməsi aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən 25 il sığorta stajı yaranmadığı, yaxud da fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yığılmadığı səbəbindən əmək pensiyası hüququ yaranmır. Məhkəmə qərar qəbul edərkən yuxarıdakıları nəzərə alınmasını və İddiaçı yaşa görə pensiyasının təyin edilməsi tələbi barədə iddia ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Kürdəmir rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Kürdəmir rayonunun Sor-Sor kəndində anadan olmuş, Kürdəmir rayonu, Sor-Sor kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus АЗЕ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 08.07.1981-ci ildən 28.11.1998-ci ilə kimi “Şirvan” kolxozunda kolxozçu və 12.12.1998-ci ildən 22.12.2006-cı il tarixə kimi “İlkin” İstehsal Kommersiya kiçik müəssisəsində xadimə işləmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 22.02.2021-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, iddiaçının əmək kitabçasında qeyd olunan 08.07.1981-ci il tarixdən 28.11.1998-ci il tarixədək və 12.12.1998-ci il tarixdən 22.12.2006-cı il tarixədək olan dövrlərdə stajının təsdiqlənmədiyindən ona yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kürdəmir rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 06.04.2021-ci il tarixli, 42 nömrəli məktubundan görünür ki, iddiaçı Kürdəmir rayonu, Sor-Sor kəndində qeydiyyatda olan İddiaçı işlədiyi “X4” (əvvəlki adı “Şirvan” kolxozu) və “İlkin” İstehsal Kommersiya kiçik müəssisəsi şəxsi heyətə dair ilkin sənədləri Kürdəmir rayon Dövlət Arxivinə təhvil verməmişdirlər. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı 07.04.2021-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, Kürdəmir rayon Sor-Sor kənd sakini xx.xx.1965-ci il təvəllüdlü İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialına 19.02.2021-ci il tarixdə ona yaşa görə çox uşaqlı ana kimi əmək pensiyası təyin olunması üçün ərizə ilə müraciət etmişdir. Məlumat üçün bildiririk ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 8.1. bəndinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Xatırladırıq ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Vətəndaş yazdığı ərizəsində onun 7 övladının olduğunu göstərmişdir.Lakin uşaqları ilə bağlı heç bir sənəd təqdim etməmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 8.1. bəndinə əsasən 7 övladı olan xx.xx.1965-ci il təvəllüdlü ananın yaşa görə əmək pensiyası hüququ 10.07.2020-ci il tarixdən yaranır. Bildiririk ki, iddiaçının əmək kitabçasında qeyd edilən təşkilatların belə ki, Kürdəmir rayon keçmiş "X4’nın və Kürdəmir rayon “İlkin" istehsalat komersiya kiçik müəssəsinin məcburi dövlət sosial sığorta haqları ödəyib ödəməməsi barəsində heç bir məlumat yoxdur. Qeyd edirik ki,vətəndaş ərizəsilə birlikdə şəxsiyyət vəsiqəsini və əmək kitabçasını təqdim etmişdir. İddiaçı 08.07.1981 - 28.11.1998-ci illərdə Kürdəmir rayon keçmiş “Şirvan”(sonrakı adı X4) kolxozu (17 il 4 ay 20 gün) və 12.12.1998- 31.12.2005-cı il illərdə Kürdəmir rayon “İlkin" istehsalat komersiya kiçik müəssəsində (7 il 19 gün) nəzərə alınmaqla 31.12.2006-cı il tarixədək 24 il 5 ay 9 gün sosial sığorta stajı hesablanmışdır. Eyni zamanda bildiririk ki, iddiaçının 22.12.2006-cı il tarixdə işdən çıxmağı əmək kitabçasında qeyd olunmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 01.01.2006-cı il cı il tarixdən sonra sığortaolunanın sosial sığorta stajı fərdi uçot məlumatları əsasında müəyyən olunur. Lakin vətəndaşın 01.01.2006-cı il tarixdən 22.12.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır və həmin dövrü (01.01.2006-22.12.2006) sosial sığorta stajı kimi nəzərə alınması Qanun tələblərinə ziddir. Bildiririk ki, İddiaçı əmək kitabçasında qeyd olunan 08.07.1981 - 28.11.1998-ci illərdə Kürdəmir rayon keçmiş “Şirvan”(sonrakı adı X4) və 12.12.1998- 22.12.2006-cı il illərdə Kürdəmir rayon “İlkin" istehsalat komersiya kiçik müəssəsi dövürlər mübahisəlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 4.2.7 bəndinə uyğun olaraq yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Bildiririk ki, Kürdəmir rayon keçmiş «Şirvan» kolxozunun və Kürdəmir rayon “İlkin" istehsalat komersiya kiçik müəssəsinin fəaliyyəti olmadığından, hüquqi ünvanı məlum olmadığından və sənədlər Kürdəmir rayon Dövlət arxivinə təhvil verilmədiyindən iddiaçının əmək kitabçasındakı həmin illərin qarşılıqlı yoxlanılaraq təsdiq edilməsini həyata keçirmək mümkün olmamışdır. Bu səbəblərdən də vətəndaşa əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Kürdəmir rayon Statistika İdarəsinin məhkəməyə ünvanladığı 08.04.2021-ci il tarixli, 44 nömrəli məktubundan görünür ki, hüquqi şəxslərin qeydiyyatı Dövlət Statistika Komitəsi tərəfindən 1996-cı ildən başlayaraq aparılır. “X4” və “İlkin” İstehsal Kommersiya kiçik müəssisəsi haqqında Kürdəmir rayonu üzrə hüquqi şəxslərin siyahısında heç bir məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı 09.04.2021-ci il tarixli, **********532400 nömrəli məktubundan görünür ki, Kürdəmir rayon “X4” və “İlkin” İstehsal Kommersiya kiçik müəssisəsi 9 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 20.04.2021-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin “X1 Sistemi”nin Sığorta (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri” bölməsindən əldə edilən məlumatlara əsasən İddiaçı (AZE ********, FİN 4HON4QM) sığortaolunan kimi qeydiyyata alınmamışdır. Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemindən əldə edilən məlumatlara əsasən 01.01.2006-cı il tarixdən 22.12.2006-cı il tarixədək İddiaçı xeyrinə hər hansı sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlərin edilməsi aşkar edilməmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə görə beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Məhkəmə qeyd edir ki, iddiaçı 08.07.1981-ci ildən 28.11.1998-ci ilə kimi “Şirvan” kolxozunda (sonrakı adı "X4”) kolxozçu və 12.12.1998-ci ildən 22.12.2006-cı il tarixə kimi “İlkin” İstehsal Kommersiya kiçik müəssisəsində xadimə işlədiyini bildirsə də, məhkəmə araşdırması zamanı həmin müəssisələrin qeyd olunan illərdə fəaliyyətdə olması, həmçinin qeydiyyata alınması ilə barədə məlumatlar aşkar edilməmişdir. Odur ki, məhkəmə iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qəbul etmir. Belə olan halda isə iddiaçının tələb olunan sosial sığorta stajı yaranmır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, hətta iddiaçının qeyd olunan illərdə işləməsini şərti olaraq qəbul etsək belə, onun 01.01.2006-cı il tarixədək 25 sığorta stajı tamamlanmır. İddiaçı 01.01.2006-cı il tarixdən sonrakı dövrdə, yəni 22.12.2006-cı il tarixə kimi “İlkin” İstehsal Kommersiya kiçik müəssisəsində işlədiyini iddia etsə də, ancaq məhkəmə araşdırması zamanı iddiaçının xeyrinə qeyd olunan müddət ərzində (01.01.2006cı ildən 22.12.2006-cı il tarixədək) hər hansı sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlərin edilməsi aşkar edilməmişdir. Başqa sözlə, həmin müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01.01.2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.2-ci bəndinin tələblərinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən (01.01.2006-cı il) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Eyni zamanda məhkəmə «Əmək pensiyaları haqqında» Qanunun 21-ci maddəsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya azı 25 il sığorta stajı olmadığından cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Мəhkəmə hesab edir ki, prosessal xərc (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar