Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-795/2020 18.06.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə qarşı «yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 04 dekabr 1954-cü ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 20 sentyabr 2019-cu il tarixli, **********2 saylı imtina məktubu verilərək, iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi “37 saylı Təsərrüfatlararası Təmir Səyyar Mexanikləşdirilmiş Dəstə”nin fəaliyyətinin olmamasını və sənədlərinin Dövlət Arxivinə təhvil verilməməsini əsas gətirərək, pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd edilən və möhürlə təsdiq edilən xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək sabiq “37 saylı Təsərrüfatlararası Təmir Səyyar Mexanikləşdirilmiş Dəstə”də işlədiyi illərin iş stajı kimi müəyyən edilməklə pensiyasının hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 18 iyun 2020-ci il tarixli 2-1(120)-795/2020 saylı qərardadı ilə iddia tələbi dəyişdirilərək iddia tələbinə “xx.xx.1995-xx.xx.1998-ci illərdə “37 saylı Təsərrüfatlararası Təmir Səyyar Mexanikləşdirilmiş Dəstə”də işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi “37 saylı Təsərrüfatlararası Təmir Səyyar Mexanikləşdirilmiş Dəstə”nin fəaliyyətinin olmamasını və sənədlərinin Dövlət Arxivinə təhvil verilməməsini əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini, əmək kitabçasının əslini, yaşayış yerindən arayışını, Masallı rayon Dövlət Arxivinin məktubunu, Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin arayışını, cavabdehin imtina məktubunu əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların və məhkəmənin sorğusuna əsasən göndərilmiş Masallı rayon Dövlət Arxivinin 13 aprel 2020-ci il tarixli, M-137 saylı məktubunun və Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin 18 iyun 2020-ci il tarixli, **********7 nömrəli məktubunun məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019cu il tarixli, 4 nömrəli qərarı ilə Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, onun 04 iyun 2018-ciildə 63yaş 6 ayı tamam olmuşdur və 25 ildən artıq sığorta stajına malik olması, o cümlədən xx.xx.1995-xx.xx.1998-ci illərdə “37 saylı Təsərrüfatlararası Təmir Səyyar Mexanikləşdirilmiş Dəstə”də işləməsi iddiaçıya məxsus əmək kitabçasıilə təsdiq olunur. Bununla belə məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi dövrlərdən başqa sığorta stajı kimi hesab edilən digər dövrləri mübahisə edilməmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri (xx.xx.1995-xx.xx.1998-ci il) ilə bağlı aşağıdakıları bildirir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işləməsi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmə həmçinin onu da qeyd edir ki, əmək kitabçasının düzgünlüyü və mötəbərliyi məhkəmənin sorğusu əsasında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin 18 iyun 2020-ci il tarixli, **********7 saylı məktubu ilə öz təsdiqini tapır. Belə ki, qeyd olunan məktubda əks olunan məlumatlarda həmin müəssisə qeyd olunan illər üzrə fəaliyyət göstərmiş, məcburi sosial sığorta haqlarını tam şəkildə ödəmişdir. Xüsusilə qeyd edilməlidir ki, cavabdeh tərəf iddiaçının təqdim etdiyi əmək kitabçasının qeyri-mötəbər olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ümumiyyətlə əmək kitabçasının mötəbərliyi və sübut kimi qəbul edilməsinin yolverilməzliyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Göründüyü kimi iddiaçının işlədiyi dövrlərdə müəssisə mövcud olmuş və əmək kitabçası düzgün tərtib edilmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Cavabdeh iddiaçının işlədiyi müəssisənin sənədlərinin Masallı rayon Dövlət Arxivinə təhvil verilmədiyindən iş stajını yoxlanılmasının və əmək haqqı alıb-almamasının müəyyən edilməsinin mümkün olmamasını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1995xx.xx.1998-ci illərdə işləməsi iddiaçıya məxsus əmək kitabçasında qeyd olunduğu üçün həmin müəssisələr tərəfindən iddiaçıya aid sənədlərin arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İş materiallarında olan Masallı rayon Dövlət Arxivinin 10 oktyabr 2017-ci il tarixli, 385 saylı məktubundan da görünür ki, “37 saylı Təsərrüfatlararası Təmir Səyyar Mexanikləşdirilmiş Dəstə”-nin 1995, 1996, 1997-ci illərinin şəxsi heyyətinə aid heç bir sənəd Masallı rayon Dövlət Arxivinə verilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının işlədiyi müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsi və həmin dövrlərin qarşılıqlı yoxlanıla bilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı məxsus əmək kitabçasında qeyd olunan xx.xx.1995-xx.xx.1998-ci illərdə “37 saylı Təsərrüfatlararası Təmir Səyyar Mexanikləşdirilmiş Dəstə”də işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən (63 yaş yarımdan) yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı xx.xx.1995-xx.xx.1998-ci illərdə “37 saylı Təsərrüfatlararası Təmir Səyyar Mexanikləşdirilmiş Dəstə”də işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-795/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-795/2020
18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver