Məhkəmə qərarları › İş №2-1(120)-796/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-796/2021

27.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-796/2021 27.07.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı (İmişli rayonu, Qaravəlli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı 31 iyun 1996-cı il tarixli, 83 saylı sərəncamın icrasının tam təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdehlər İmişli rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı İmişli rayon X2 girişində və həyətində lövhədə şəhid X1 adının bərpa edilməsi, eləcədə muzeyin möhür və ştampına adını daşıyan şəxsin adının və soyadının qeyd edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, cavabdeh kimi İmişli rayon İcra Hakimiyyətinin müəyyən edilməsini, iddia tələbinə isə cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı 31 iyun 1996-cı il tarixli, 83 saylı sərəncamın icrasının tam təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 21.06.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qardaşı X6 26 yanvar 1994-cü il tarixdə Birinci Qarabağ müharibəsində şəhid olmuşdur. X9 ali təhsilli müəllim idi. O, İmişli rayonu Qaravəlli kənd tam orta məktəbində təhsil almış və Cavadxanlı kənd tam orta məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.03.06.1996-cı il tarixli, 83 saylı İmişli RİH başçısının sərəncamı ilə 26.01.1994-cü il tarixdə şəhid olmuş Bəhmən Abuzərovun şəhid adının əbədiləşdirilməsi ilə bağlı X7 Muzeyinə şəhidin adı verilmişdir. Muzeyin girişində mərmər lövhədə şəhidin şəkli və adı həmçinin muzeyin həyətində quraşdırılmış stend-plakatda X9un adı qeyd olunmuşdur. Lakin sonradan şəhid qardaşının adını daşıyan muzeyin qarşısında, yəni girişdə olan şəkili və adı həkk olunmuş qara mərmər lövhə və həyətdəki stend-plakat sökülmüşdür. Həmin vaxtdan çoxsaylı şikayətlərinə baxmayaraq qardaşı X9un adı İmişli rayon İcra Hakimiyyətinin şəhidin adının əbədiləşdirilməsi haqqında olan 83 saylı sərəncamda göstərilən tələblərə uyğunlaşdırılmamışdır, yəni həmin mərmər xatirə lövhəsi bərpa edilməmişdir. Bu barədə İmişli rayon İcra Hakimiyyətinə ünvanladığı ərizədə təfərrüatları tam göstərmişdir. Cavab məktubunda bildirilmişdir ki, muzeyin içərisində X9a aid guşə yaradılmasını qeyd etmiş və Mədəniyyət Nazirliyinin işçilərinin monitorinq zamanı İmişli şəhərində muzeyə şəhidin adının verilməsi qanunsuzluğunu aşkar etməsini göstərmiş və bu səbəbdən də şəhid ailələrinə edilən güzəştlər və şəhid adlarının əbədiləşdirilməsi qaydaları barədə Qanunun tələblərinin pozulduğunu bildirmişdir. İmişli rayon İcra Hakimiyyəti bildirir ki, baxmayaraq sərəncam əsasında X9un adı muzeyə 03.06.1996-cı il tarixdə verilib, amma Nazirlər Kabinetinin 15.01.1995-ci il tarixli qərarı ilə uzlaşmır. Beləliklə, X9un adı muzeydən silinmiş kimi qəbul edilir və vaxtı ilə əbədiləşdirilməmiş və şəhid adı vermək üçün namizəd olmuş müəssisə və ərazilər adla təmin edilərək tutulmuşdur. Bir daha xatırladıram ki, X9 ali təhsilli müəllim idi yəni, onun adı oxuduğu məktəbə və ya müəllim işlədiyi məktəbə verilə bilərdi. Amma reallıq budur ki, hər iki məktəb digər şəhidlərin adını daşıyır. Belə çıxır ki, muzeyin adı ilə bərabər bütün şans, imkan və faydaları itirmiş kimi hesab olunurlar. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, 31 iyun 1996-cı il tarixli, 83 saylı sərəncamın icrasının tam təmin edilməsi öhdəliyinin cavabdeh İmişli rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh İmişli rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. Başqa sözlə, iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə İmişli rayonu, Qaravəlli kəndində anadan olmuş, İmişli rayonu, Qaravəlli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan İmişli rayon İcra Hakimiyyətinin “şəhid İddiaçı adının əbədiləşdirilməsi haqqında” 03.06.1996-cı il tarixli, 83 saylı sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Qaravəlli kənd sakini 26 yanvar 1994-cü il tarixdə torpaqların bütövlüyü uğrunda qəhrəmancasına öz canını qurban verib şəhidliyə qovuşan İddiaçı adı “Tarix və Diyarşünaslıq” muzeyinə verilməklə əbədiləşdirilməsi qərara alınmışdır. İşdə olan İddiaçı şəhid qardaşı X1 adının İmişli rayon X5 verilməklə əbədiləşdirilməsi barədə müraciətinə cavab olaraq İmişli rayon İcra Hakimiyyətinin 12.10.2020-ci il tarixli, 3/1878 nömrəli məktubunda qeyd edilmişdir ki, hal-hazırda İmişli rayon X3 şəhid X1 guşəsi yaradılmış və şəhidən şəxsi əşyaları muzeyin fonduna daxil edilmişdir. Eyni zamanda rayon mədəniyyət müəssisələrinə şəhid adlarının verilməsi ilə bağlı rayon İcra Hakimiyyətinin sərəncamları və müvafiq məlumatlar, o cümlədən qardaşı şəhid X6 barədə qeyd olunan bütün sənədlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə göndərilmişdir. İşdə olan İmişli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı 19.05.2021-ci il tarixli, 4/887 nömrəli məktubunda qeyd edilmişdir ki, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11.17-ci maddəsində yerli icra hakimiyyətlərinə yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək səlahiyyətləri verilmişdir. İmişli rayon X4 girişində və həyətində lövhədə şəhid X1 adının bərpa edilməsi, eləcə də muzeyin möhür və ştampına adının və soyadının qeyd edilməsi İmişli Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid deyildir. İşdə olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin məhkəməyə ünvanladığı 26.05.2021-ci il tarixli, 11/04-947/2021 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi 6 iyun 2018-ci il tarixli 119 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Əsasnamə ilə fəaliyyət göstərir. Nazirliyin bütün fəaliyyət istiqamətləri, hüquq və vəzifələri həmin Əsasnamədə nəzərdə tutulmuşdur. Adıçəkilən Əsasnaməyə əsasən iddiaçının iddia ərizəsində qeyd etdiyi şəhid adının əbədiləşdirilməsi ilə bağlı müəssisələrə şəhid adının verilməsinin və digər tədbirlər görülməsinin Nazirlik tərəfindən həyata keçirilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi 6 iyun 2018-ci il tarixli 119 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Əsasnamə ilə fəaliyyət göstərir. Nazirliyin bütün fəaliyyət istiqamətləri, hüquq və vəzifələri həmin Əsasnamədə nəzərdə tutulmuşdur. Adıçəkilən Əsasnaməyə əsasən iddiaçının iddia ərizəsində qeyd etdiyi şəhid adının əbədiləşdirilməsi ilə bağlı müəssisələrə şəhid adının verilməsinin və digər tədbirlər görülməsinin Nazirlik tərəfindən həyata keçirilməsi qeyri-mümkündür. Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 3.1.2-ci maddəsinə əsasən Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhid adlarının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılması yerli icra hakimiyyətlərinin həyata keçirdiyi tədbirlərə aiddir. Həmçinin, "Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 aprel 2019-cu il tarixli 137 nömrəli Qərarının 2-ci maddəsinə əsasən dövlət müəssisələrinin, təşkilatlarının, idarələrinin və digər obyektlərin adlarının dəyişdirilməsi, onlara görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin adlarının verilməsi ilə əlaqədar daxil olmuş təkliflər və Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında qaldırılmış vəsatətlər Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələri tərəfindən araşdırılır və nəticəsi barədə arayışla birlikdə baxılması üçün həmin Qərarın 1 -ci hissəsi ilə yaradılan Komissiyaya təqdim edilir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın: 3.1-ci bəndinə əsasən Şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları aşağıdakı tədbirləri həyata keçirirlər: 3.1.1. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərini qoyurlar: 3.1.2. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə təltif olunan şəhid adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar. 3.1.3. "Şəhid" Memorial kompleksini yaradırlar: 3.1.4. Vətən uğrunda göstərilən qəhrəmanlıqla bağlı döyüş yerlərinin, habelə dəfn yerlərinin qorunması və abadlaşdırılması, qəbirüstü daşların, xatirə abidələrinin qorunmasını təşkil edirlər; 3.1.5. Döyüş əməliyyatları getmiş yerlərdə xatirə nişanları qoyurlar. 3.1.6. Qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirləri həyata keçirirlər 3.2. Şəhid ailəsi statusunu almış ailə üzvlərinə qanunvericiliklə müəyyən edilmiş təminatlar (güzəştlər) aşağıdakı qaydada verilir; 3.2.1. şəhidin ailə üzvünə ailə başçısını itirməyə görə pensiya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təyin edilir; 3.2.9. şəhidin ailə üzvlərinə işçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaqda üstünlük verilir, müəssisənin, idarənin, təşkilatın fəaliyyəti dayandırıldıqda isə onlar işlə təmin olunur; 3.2.15. Şəhidin ailə üzvlərinin gəlirindən vergi tutulması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə nizama salınır; 3.2.16. mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar; 3.2.17. şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə(kooperativə) qəbul zamanı üstünlük verilir; Məhkəmənin 22 iyun 2021-ci il tarixli sorğusu ilə hazırki tələblə bağlı İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə müraciətinin (ərizəsinin) təsdiq edilmiş surətinin, iddiaçının həmin müraciəti ilə əlaqədar inzibati icraatın aparılıb-aparılmaması barədə məlumatın, əgər aparılmışdırsa, inzibati icraat materiallarının müvafiq qaydada təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunması İmişli rayon İcra Hakimiyyətinə tələb olunmuş, lakin İmişli rayon İcra Hakimiyyəti həmin məlumat və sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə bağlı zəruri inzibati icraat aparmamış və əsaslandırılmamış “imtina” vermişdir. Belə ki, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının ərizəsi üzrə zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır. Cavabdeh iddiaçıya onun müraciəti ilə əlaqədar tam, dəqiq, ətraflı məlumat verməmişdir. “İnzibati icraat haqqında” Qanunun : 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73-cü maddəsi tətbiq oluna bilər. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ərizəsi əsasında zəruri inzibati icraat aparmamış, işin faktiki və hüquqi halları tam müəyyən etməmişdir. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində müraciətin təmin edilməsindən “imtina” ediləcəyi halda iddiaçının həmin “imtina”nı məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, cavabdeh İmişli rayon İcra Hakimiyyətinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh İmişli rayon İcra Hakimiyyətinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar