Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-803/2020 18.06.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran şəhər Təhsil şöbəsinə qarşı “Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 31 oktyabr 2005-ci il tarixli Nİ mk-6443/05 saylı qətnaməsinin icra olunması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Lənkəran şəhər Təhsil şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 31 oktyabr 2005-ci il tarixli Nİ mk-6443/05 saylı qətnaməsinin icra olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, Lənkəran şəhər Təhsil şöbəsinə qarşı Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində baxılan mülki iş üzrə iddia tələbi təmin edilərək, onun xeyrinə 31 oktyabr 2005-ci il tarixli Nİ mk-6443/05 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə icra olunması üçün Lənkaran rayon İcra Şöbəsinə göndərilmişdir. Üzərindən xeyli vaxt keçməsinə baxmayaraq həmin qətnamə lazımi qaydada icra edilməmişdir. Belə ki, hesablanmış əmək haqları məhkəmə qətnaməsinə əsasən düzgün ödənilməmiş, yəni az ödənilmişdir. 2007-ci ilin fevral ayının 12-dək cəmi 1129 manat 67 qəpik ödənilmişdir. Hansı ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 31 oktyabr 2005-ci il tarixli Nİ mk-6443/05 saylı qətnaməsinə əsasən məcburi iş buraxmaya görə əmək haqqı 2003-cü ilin sentyabr ayından qətnamə icra olunan vaxta kimi ödənilməlidir. Hesab edir ki, məhkəmə qətnaməsinə əsasən əmək haqqının ödənilməmiş hissəsi ona ödənilməlidir və məhkəmə qətnaməsi tam və düzgün icra edilməlidir. Ona görə də məhkəmədən onun xeyrinə çıxarılmış Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 31 oktyabr 2005-ci il tarixli Nİ mk-6443/05 saylı qətnaməsinin icra olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Lənkəran şəhər Təhsil şöbəsinin nümayəndəsiməhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Lənkəran şəhər Təhsil şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı cavabdeh Lənkəran şəhər Təhsil şöbəsinə qarşı “Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 31 oktyabr 2005-ci il tarixli Nİ mk-6443/05 saylı qətnaməsinin icra olunması” barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizənizdən və iş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 31 oktyabr 2005-ci il tarixli, 1 mk-6443/2005 nömrəli qətnaməsindən görünür ki, iddiaçı olaraq sizin tələbiniz təmin edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 31 oktyabr 2005-ci il tarixli, 1 mk-6443/2005 nömrəli qərarının əsaslandırma hissəsindən görünur ki, hazırki tələbinizə uyğun iddianız təmin edilmişdir və hazırda mübahisələndirdiyiniz dövrlər (01 sentyabr 2003-cü il tarixdən Apellyasiya Məhkəməsinin qətnaməsi icra olunanadək) nəzərə alınmışdır. Yəni hazırki tələb üzrə qanuni qüvvəsini almış məhkəmə qətnamə vardır. Göründüyü kimi, iddiaçının iddia tələbi məhkəmə qərarının icrası ilə bağlıdır. Yəni bunun üçün yeni iddianın qaldırılmasına zərurət yoxdur. Belə ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyət və bu zaman qəbul edilən qərarlar (edilən hərəkət və ya hərəkətsizlik) məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunu icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən, qərarından şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə qərarının lazımi qaydada icra edilməməsi eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair yeni məhkəmə qərarının qəbul edilməsinə əsas vermir. İddiaçı məhkəmə qərarının lazımi qaydada icra olunmadığını hesab edirsə, qanunvericiliyə uyğun olaraq məhkəmə qərarının lazımi qaydada icra olunmasını tələb etmək hüququndan istifadə edə bilər. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında əvvəllər yaranmış mübahisə inzibati mübahisədən deyil, əmək münasibətlərindən irəli gələn mübahisə olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Lənkəran şəhər Təhsil şöbəsinə qarşı “Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 31 oktyabr 2005-ci il tarixli Nİ mk-6443/05 saylı qətnaməsinin icra olunması” iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Lənkəran şəhər Təhsil şöbəsinə qarşı “Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 31 oktyabr 2005-ci il tarixli Nİ mk-6443/05 saylı qətnaməsinin icra olunması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-803/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-803/2020
18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver