Məhkəmə qərarları › İş №2-1(120)-804/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-804/2021

03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-804/2021 03.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 05.03.2021-ci il tarixli rəyinin ləğv edilməsi və soyadının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdehnə qarşı Cavabdeh 05.03.2021-ci il tarixli rəyinin ləğv edilməsi və soyadının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1981-ci ildə Füzuli rayonu, Horadiz kəndində doğulmuşdur. Doğum haqqında şəhadətnaməsində soyadı “Məmmədov” kimi qeyd edilmişdir. Lakin o, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq soyadının sonluğunu 2015-ci il tarixdə dəyişərək “Məmmədzadə” kimi yazdırmışdır. Lakin bundan sonra keçən müddət ərzində müəyyən etmişdir ki, onun bütün sənədlərində, sürücülük vəsiqəsi, hərbi biletində və xaricdə iştirak etdiyi proqramların sənədlərində soyadının «Məmmədov» kimi yazılması ilə əlaqədar olaraq onun şəxsiyyət vəsiqəsində «Məmmədzadə» kimi yazılması onun iş fəaliyyətinə və yaşayış prosesinə maneçilik törədir və çətinliklər yaradır. Bu çətinliklərin, maneəçiliklərin və sənəd dolaşıqlarının yaranmasının qarşısının alınması üçün onun soyadını «Məmmədzadə» kimi deyil, «Məmmədov» kimi yazılması üçün yaşadığı ərazidə Cavabdehnə müraciət etmişdir. Lakin qeydiyyat şöbəsində bundan imtina edilmişdir. Qeyd olunanlara əsasən Cavabdeh 05.03.2021-ci il tarixli rəyinin ləğv edilməsi və soyadının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı və Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsinə məhkəmədə iddia qaldırmaq üçün şəxsiyyət vəsiqəsinin surəti, doğum haqqında şəhadətnamənin surətini, cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmçinin iş materiallarına Füzuli rayon X2 Hüquqi Şəxsinin, Cavabdeh və Füzuli rayon Polis şöbəsinin məktubları əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, ancaq əsaslı deyil. İddianın mümkünlüyü : İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Füzuli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Füzuli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslı deyil. Belə ki, İddiaçı Cavabdeh 05.03.2021-ci il tarixli rəyinin ləğv edilməsi və soyadının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan 13 may 1981-ci il tarixli 37 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, valideynləri qrafasında atası X5, anası X4 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. İşdə olan Cavabdeh İddiaçı ünvanladığı 05.03.2021-ci il tarixli imtina məktubundan görünür ki, onun soyadının və adının dəyişdirilməsindən imtina edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Qanunvericiliyə görə (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddələri) hər bir şəxsin öz adını və soyadını dəyişdirmək hüququ vardır ki, iş materiallarından görünür ki, iddiaçı qanunvericiliyin ona verdiyi bu hüquqdan istifadə edərək, adını və soyadını dəyişdirmişdir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş“Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinəəsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qərarın 6.5-ci bəndinə əsasən ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Milli Məclisinin 02.02.1993-cü il tarixli 495 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının vətəndaşları “-ov”, “yev” sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-lı”, “-li”, “-lu”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsi əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının təkrarən soyadının dəyişdirilməsinə dair iddia ərizəsində göstərdiyi dəlillər əsassızdır və mötəbər sübutlara əsaslanmır. Bununla yanaşı, məhkəmə, iddiaçının Cavabdeh 05.03.2021-ci il tarixli rəyinin ləğv edilməsi və soyadının dəyişdirilməsi tələbinə münasibətdə qeyd edir ki, ”zadə” sonluqlu soyadın “ov” sonluqlu soyadla əvəz edilməsi Azərbaycan Respublikası Milli Məclisinin 02.02.1993-cü il tarixli qərarına və Azərbaycan Milli Elmlər X3 Terminologiya Komissiyasının qərarına (24.12.2010-cu il tarixli), ziddir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinəəsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Məhkəmə, cavabdehin hərəkətinin qanuna əsaslanmasını və Cavabdeh inzibati aktı hansı norma əsasında qəbul etməsini yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Odur ki, iddiaçı Cavabdeh 05.03.2021-ci il tarixli rəyinin ləğv edilməsi və soyadının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından, İddiaçı Cavabdehnə qarşı Cavabdeh 05.03.2021-ci il tarixli rəyinin ləğv edilməsi və soyadının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı Cavabdeh 05.03.2021-ci il tarixli rəyinin ləğv edilməsi və soyadının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar