Məhkəmə qərarları › İş №2-1(120)-804/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-804/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-804/2022 08.02.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı1 (həm də İddiaçı2 nümayəndəsi) iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Yardımlı rayonu dövlət notariat ofisinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddianın mümkünlük məsələsinə 08 fevral 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Yardımlı rayonu dövlət notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yardımlı rayonu dövlət notariat ofisinin dövlət notariusu X3 tərəfindən verilmiş 02 dekabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni ləğv edib, onları da ikinci Qarabağ müharibəsində şəhid olmuş oğulları X1 atası və anası olaraq vərəsə kimi tanınmaqları və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Yardımlı rayonu dövlət notariat ofisinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar ikinci Qarabağ müharibəsində şəhid olmuş oğulları X1 valideynləridirlər. Dövlət tərəfindən Şəhidlərə verilən 11.000 manatı almaqdan ötrü şəhidin vərəsələri kimi onlar notariat ofisinə gəlmişlər. Həmin vaxt verilən pul oğlu Cavidin şəhid olması ilə əlaqədar verildiyi üçün onlar Cavidin valideyinləri kimi pulu almaqdan imtina etmişlər və bir nəfər alması üçün sənədləşmə işlərinin gəlinlərinin adına rəsmiləşdirilməsini notariusa bildirmişlər. Həmin vaxt pulu bankdan götürülməsi üçün hesab nömrəsi açılmalı idi və hesab etmişlər ki, həmin pul bir nəfərin hesabında keçirilməsi daha məqsədə uyğundur. Bu göstərdiklərinə əsasən 11.000 manatı gəlinlərinin götürməsi ilə əlaqədar notariusda imtina ərizəsinə imza etmişlər. Həmin vaxt oğulları şəhid olduğuna görə onlar özlərini yaxşı hiss etmirdilər və digər məsələlər barədə belə düşünmürdülər. Sonradan notariat ofisi tərəfindən verilmiş sənədlərə baxarkən notariat ofisinə verdikləri ərizədə onlar şəhid oğulları Cavid Zeynalovdan irs qalmış mirasdan imtina etdiklərini başa düşmüşlər. Halbuki, onlara notarius 11.000 manatın gəlinlərinə verilməsinə görə həmin sənədi imzalamağı bildirmiş və onlarda notariusla razılaşmışlar. Bundan əlavə, onlar “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədə şəhid X1 vərəsələri kimi tanınmamışlar. Necə ola bilər ki, onlar şəhid oğullarının ata və anası kimi onun vərəsəliliyindən imtina edə bilərlər. Qanunvericiliyin tələblərini bilmədiklərinə görə və yaranmış anlaşılmamazlığı aydınlaşdırmaqdan ötrü onlar Yardımlı rayon notariat ofisinin dövlət notariusu X2 yanına gələrək, verdikləri imtina ərizəsini şəhidin adına verilmiş 11.000 manata görə imtina etdiklərini göstərərək, həmin şəhadətnamənin ləğv edilməsini və onların da şəhidin vərəsəsi kimi tanınmaqları barədə şəhadətnamə verməyini ondan xahiş etmişlər. Lakin notarius qanunvericiliyin həmin ərizənin geri götürülməsinə icazə vermədiyini onlara bildirmişdir. Bundan sonra həmin şəhadətnamənin ləğv edilməsi və onların da şəhidin valideyinləri kimi vərəsə kimi tanınmaqları barədə Ədliyyə Nazirliyində Notariat Baş İdarəsində qəbulda olduqda onlara həmin şəhadətnamənin ləğv edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməklərini bildirdilər. Onlar həmin imtina ərizəsini yalnız dövlət tərəfindən şəhidə verilmiş 11.000 manat görə vermişlər. Onlar şəhidin vərəsəsi olmaqdan imtina etməmişlər. İddiaçılar göstərilənlərə əsaslanaraq, Yardımlı rayonu dövlət notariat ofisinin dövlət notariusu X3 tərəfindən verilmiş 02 dekabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni ləğv edib, onları da ikinci Qarabağ müharibəsində şəhid olmuş oğulları X1 atası və anası olaraq vərəsə kimi tanınmaqları və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Yardımlı rayonu dövlət notariat ofisinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçılara məhkəmə tərəfindən müraciət olunmuş, iddianın mümkünlüyü və iddiaçıların dinlənilməsinin təmin edilməsinə dair məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçılara məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı1 (həm də İddiaçı2 nümayəndəsi) gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 bildirdi ki, məhkəmə tərəfindən izah olunan hallar ona aydındır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, hazırki tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, hazırki iş üzrə cavabdeh inzibati orqan olsa da, mübahisə onun inzibati fəaliyyəti ilə əlaqədar yaranmamışdır. İnzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2). Yuxarıda qeyd olunan 02 dekabr 2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə cavabdeh inzibati orqan tərəfindən verilsə də (təsdiq edilsə də), özündə inzibati aktın əlamətlərini əks etdirmir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin 10.04.2015-ci il tarixli 4 nömrəli qərarının 8-ci bəndinə əsasən, “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Bundan əlavə, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 nömrəli qərarına əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 04 nömrəli qərarında 6.1.8-ci bəndində dəyişikliklər edilərək aşağıdakı redaksiyada verilmişdir: aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.”; Göründüyü kimi, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh inzibati orqana qarşı yönəlsə də tələb mülki xarakterli olduğundan mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Yardımlı rayonu dövlət notariat ofisinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar