Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-808/2023 06.07.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi X7, Cavabdeh Ağcabədi rayon Şənlik bələdiyyəsinin nümayəndəsi X2, Üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı cavabdeh Ağcabədi rayon Şənlik bələdiyyəsinə qarşı “Cavabdeh 16 fevral 2007-ci il tarixli 02 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Ağcabədi rayon Şənlik bələdiyyəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, “Cavabdeh 16 fevral 2007-ci il tarixli 02 saylı iclas qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 24 avqust 2-1(120)-2276/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Ağcabədi rayon Şənlik bələdiyyəsinə qarşı Cavabdeh 16 fevral 2007-ci il tarixli 02 saylı iclas qərarının etibarsız hesab edilməsi barədə iddia tələbi üzrə X10 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 18 may 2-1(120)-808/2023 nömrəli qərardadı ilə, iddia tələbi dəqiqləşdirilərək İddiaçı cavabdeh Ağcabədi rayon Şənlik bələdiyyəsinə qarşı “Cavabdeh 16 fevral 2007-ci il tarixli 02 saylı qərarının ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağcabədi rayonu. Şənlik kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid 30,0 ha torpaq sahəsi Cavabdeh xx.xx.2002-ci il tarixli 32 saylı qərarı və xx.xx.2002-ci il tarixli icarə müqaviləsi ilə 50 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. Bu barədə İddiaçı torpaqdan müvəqqəti istifadə hüququna dair J№ 2645 KOD nömrəsi 60801004 olan şəhadətnamə verilmişdir.X3 heç bir əsas olmadan zorla İddiaçı qanuni istifadəsinə verilmiş torpaq sahəsini zəbt etməklə torpaq sahəsindən istifadəyə maneələr yaratmışdır. Bu səbəbdən də İddiaçı X8 qarşı iddia tələbi ilə Ağcabədi rayon Məhkəməsinə müraciət edərək torpaqdan müvəqqəti istifadə hüququna dair J№ 2645 KOD nömrəsi 60801004 olan şəhadətnamə əsasında istifadəsinə verilmiş Ağcabədi rayonu, Şənlik kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid 30,0 ha torpaq sahəsindən cavabdeh X6 çıxarılması və torpaq sahəsindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılaraq torpaq sahəsinə müdaxilənin cavabdeh X8 qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə Cavabdeh İİİ şəxsi qismində işə cəlb edilmişdir. Ağcabədi rayon Məhkəməsinin 2(017)-21/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X6 Ağcabədi rayonunun Şənlik bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsinin ərazisindən «Torpaqdan müvəqqəti istifadə hüququna dair» JN 2645 kod 60801004 nömrəli şəhadətnaməyə əsasən İddiaçı icarəsində olan 30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, İddiaçı icarəsində olan torpaq sahəsinə cavabdeh X10 tərəfindən istifadəyə edilən müdaxilələr qadağan edilməsi, həmin torpaq sahəsindən sərbəst istifadə edilməsinə yaradılan bütün, maneələr aradan qaldırılması qət edilmişdir.Ağcabədi rayon Məhkəməsinin 2(017)-21/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh X10 tərəfindən apellyasiya şikayəti verilmişdir.Apelleysiya instansiyasında icraat zamanı İddiaçı məlum olmuşdur ki, hazırki iş üzrə Cavabdeh məhkəməyə İddiaçı tərəfindən yazılmamış və imza edilməmiş, lakin hansısa formada notarial təsdiqlənmiş ərizəni rəhbər tutub 16 fevral 2007-ci il tarixdə iclas keçirərək İddiaçı ilə bağlanmış icarə müqaviləsinə xitam verilməsi və həmin torpaq sahəsinə dair X10 ilə icarə müqaviləsinin bağlanması barədə qərar qəbul etmişdir. Eyni zamanda müvafiq hərəkətlərin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 16 fevral 2007-ci il tarixli 02 saylı iclas qərarı əsassızdır və etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, bildirmişdir ki, 2007-ci il tarixdə əvvəlki İcra Hakimiyyətinin başçısı ilə mübahisıləri olduğu üçün özü ərizə yazmış və torpaq sahəsindən imtina etmişdir, sonralar 2013-cü il tarixdə Bələdiyyəyə müraciət edərək, torpaq sahəsinin ona geri qaytarılmasını istəmiş, lakin ona bildirmişlər ki, İcra Başçısı torpaq sahəsinin qaytarılmasına imkan verməyəcək, müraciət etməməsini məsləhət görmüşlər, 2016-2018-ci illərdə isə həbsdə olmuşdur, İcra Başçısı dəyişdirildikdən sonra məhkəmələrdə iddia qaldıraraq torpaq sahəsini geri istəmişdir. Bu vaxtlar ərzində həmin heç vaxt torpaq sahəsindən istifadə etməmiş, torpağa görə icarə pulunu ödəməmişdir. Hərdən torpaq sahəsini digər şəxslərdən sorurşurdu və ona başqa şəxsin mübahisəli torpaq sahəsindən istifadə etdiyini bildirmişdilər. Məhkəmə iclasıda iştirak edən iddiaçı nümayəndəsi X12 əvvəlki məhkəmə proseslərində Bələdiyyəyə ünvanlanmış torpaq sahəsindən imtina edilməsi barədə ərizənin atası İddiaçı tərəfindən yazıldığını, lakin ərizəni oxumadığını, sonrakı məhkəmə prosesidə isə iddiaçının xəstə olduğu üçün ərizə ilə bağlı elə hal baş verib-verməməsini xatırlamadığını bildirmiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən Ağcabədi rayon Şənlik bələdiyyəsinin nümayəndəsi X4 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, 2007-ci il tarixdə iddiaçı torpaq sahəsindən imtina etmiş və bir daha torpaq saəhsi ilə maraqlanmamışdır, bu günə kimi İddiaçı torpaq sahəsinə görə icarə haqqı ödəməsi barədə heç bir məlumat daxil olmamışdır, onun adına verilmiş xx.xx.2005-ci il tarixli şəhadətnamə balansdan silinmişdir, bundan sonra həmin torpaq sahəsi üçüncü şəxs D.İsmayılova qərarla verilmiş, 2007-ci il tarixdən bu günə kimi X10 mübahisəli torpaq sahəsindən istifadə edir. Buna görə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X10 iddia ərizəsinə etiraz edərək, 2007-ci il tarixdən bu günə kimi Cavabdeh 16 fevral 2007-ci il tarixli 02 saylı qərarı və xx.xx.2007-ci il tarixli torpaq icarəsi müqaviləsi üzrə 30.0 ha torpaq saəhsindən istifadə etmişdir, heç vaxt İddiaçı həmin sahədə görməmişdir, buna görə iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı 19 oktyabr 2022ci il tarixli **********31 nömrəli məktubunda göstərilmişdir ki, 2-1 (120)-2276/2022 nömrəli inzibati iş ilə əlaqədar İddiaçı adına verilmiş JN-2645 (kod ********) nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”nin və onun işlənilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətinin verilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində aidiyyəti üzrə baxılmışdır. JN-2645 (kod ********) nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”nin təsdiq olunmuş surəti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********99 nömrəli məktubla məhkəməyə təqdim edilmişdir.Mərkəzin arxivində saxlanılan sözügedən Şəhadətnamənin işlənilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin təsdiq olunmuş surəti təqdim edilir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 13 oktyabr 2022-ci il tarixli **********76 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, “Daşınmaz əmiakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.Odur ki, yuxarıda şərh olunanları, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən iddaçı İddiaçı cavabdeh Ağcabədi rayon Şənlik bələdiyyəsinə və üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi idarəsinə, X8 qarşı qarşı Ağcabədi rayon Şənlik bələdiyyəsinin 16 fevral 2007-ci il tarixli 02 saylı iclas qərarının etibarsız hesab edilməsi barədə iddia tələbinə qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 08 dekabr 2022-ci il tarixli **********29 saylı məktubunda göstərilmişdir ki, Şirvan İnzibati məhkəməsinin xx.xx.2022-ci İ tarixli, 2-1(120)-2276/2022 nömrəli mürəciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsində baxılmışdır. Sözügedən müraciətdə qeyd edilən Ağcabədi rayon Şənlik Bələdiyyəsi ilə X10 arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında məlumat aşkarlanmadığından həmin sənədlərin təsdiq edilmiş surətlərin təqdim etmək mümkün olmadı. İşdə olan Azərbaycan Respublikası Ağcabədi rayon Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 26 aprel 2023-cü il tarixli GK-70 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı X8 qarşı torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş cavabdeh Daşqın İsmayılovun şikayətinə əsasən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş və hazırda həmin iş Şirvan Apellyasiya Məhkəməsinin ıcraatındadır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağcabədi Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat ofisinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 658 nömrəli məktubda göstərilmişdir ki, vətəndaşın imzasının həqiqiliyi təsdiq olunarkən həmin ərizənin nüsxəsi notariat ofisində saxlanılmadığından göndərilməsi mümkün deyildir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı 08 iyun 2023-cü il tarixli 3-21-360/2-1306/2023 nömrəli məktubunda göstərilmişdir ki, N-2645 (kod ********) nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”nin elektron məlumat bazasından silinməsinə dair məlumatın və həmin məlumatı təsdiqləyən sənədlərin təqdim edilməsi barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində baxılmışdır.Sözügedən sənədlər təqdim edilir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 17 may 2023-cü il tarixli 3-21-3-45/2-3649/2023 saylı məktubunda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1 (120)-1746/2022 nömrəli müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubiik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Sözügedən müraciətdə qeyd edilən JN- 2645 (kod ********) saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin təsdiq edilmiş surəti təqdim olunur. İşdə olan “Cavabdeh 16 fevral 2007-ci il tarixli 02 saylı (protokol) qərarına əsasən, xx.xx.2002-ci il tarixli, 32 saylı qərarla Ağcabədi rayonu, Üzeyir Hacıbəyov prospekti, 106, mənzil 18-də yaşayan İddiaçı ərizəsi nəzərə alınmış, onunla bağlanmış icarə müqaviləsi ləğv edilmişdir. Şənlik kənd sakini X6 ərizəsi nəzərə alınmış, 30 hektar əkin sahəsi ona 50 il müddətinə hər bir hektarı 10 manatla icarə müqaviləsi bağlanıb ona verilmişdir. İşdə olan xx.xx.2007-ci il tarixli torpaq icarəsi müqaviləsindən görünür ki, Ağcabədi rayon Şənlik Bələdiyyəsinin 16 fevral 2007-ci il tarixli 02 nömrəli qərarı əsasında Ağcabədi rayon Şənlik X1 30,0 ha torpaq sahəsi o cümlədən su ilə örtülmüş sahəni 50 il müddətinə icarəyə vermişdir Məhkəmə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2000-ci il 01 sentyabr tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 01 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Həmin fəsillərin müddəalarında hüququ pozulmuş şəxsin məhkəməyə müraciət etməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin axımının başlanğıcı maraqlı şəxsin hüquq və azadlığının pozulduğunu bildiyi vaxtla müəyyən edilirdi. (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-İVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır). Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməz. Ona görə ki, İPM əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı mübahisləndirilən qərarla 3-cü şəxsə ayrılmış torpaq sahəsinin Cavabdeh 16 fevral 2007-ci il tarixli 02 saylı qərarının əsasən X8 ayrıldığını bildirir. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malik olsa da, hazırkı halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələblərinə əsasən iddia mümkün sayılmamalıdır. İşdə mübahisələndirilən qərarın iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Belə ki, iş materiallarından aydın görünür ki, mübahisəli qərarın aid olduğu torpaq sahəsi ilə bağlı iddiaçı tərəfindən Ağcabədi rayon Məhkəməsinə torpaq mübahisəsi ilə bağlı iddia tələbi verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı hazırkı iş üzrə 3-cü şəxs olan X8 qarşı Ağcabədi Rayon Məhkəməsində “torpaq sahəsindən çıxarılma, müdaxilənin qadağan edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia qaldırmışdır. Həmçinin İddiaçı iddia ərizəsində göstərmişdir ki, üçüncü şəxs D.İmayılov ona qanuni istifadəsinə verilmiş torpaq sahəsini zəbt etməklə torpaq saəhsindən istifadəsinə maneələr yaratmış, Şənlik Bələdiyyəsinə ünvanlanmış notarial qaydada təsdiq olunmuş 30.0 ha torpaq sahəsindən imtina etməsi və Bələdiyyə ilə bağlanmış müqavilənin və Qərarının ləğv edilməsi barədə ərizə onun tərəfindən yazılmamış və imza edilməmişdir. Sonradan İddiaçı nümayəndəsi X12 məhkəmə proseslərində ziddiyyətli izahatlar verərək, gah Bələdiyyəyə ünvanlanmış torpaq sahəsindən imtina edilməsi barədə ərizənin atası İddiaçı tərəfindən yazıldığını, lakin ərizəni oxumadığını, sonrakı məhkəmə prosesidə isə iddiaçının xəstə olduğu üçün ərizə ilə bağlı elə hal baş verib-verməməsini xatırlamadığını bildirmişdir. Ən son məhkəmə prosesində iştirak etmiş İddiaçı isə 2007-ci il tarixdə əvvəlki İcra Hakimiyyətinin başçısı ilə mübahisıləri olduğu üçün özü ərizə yazmış və torpaq sahəsindən imtina etdiyini, sonralar 2013-cü il tarixdə Bələdiyyəyə müraciət edərək, torpaq sahəsinin ona geri qaytarılmasını istədiyini, lakin ona İcra Başçısının torpaq sahəsinin qaytarılmasına imkan verməyəcəyi üçün imtina etməsini məsləhət görüldüyünü, 2016- 2018-ci illərdə isə həbsdə olduğunu, İcra Başçısı dəyişdirildikdən sonra məhkəmədə iddia qaldıraraq torpaq sahəsini geri qaytarılmasını istədiyini, bu vaxtlar ərzində həmin heç vaxt torpaq sahəsindən istifadə etmədiyini, torpağa görə icarə pulunu ödəmədiyini, mübahisəli torpaq sahəsi barədə digər şəxslərdən məlumat öyrəndikdə, başqa şəxsin mübahisəli torpaq sahəsindən istifadə etdiyini bildirilmişdir. Həmçinin İddiaçı ərizə təqdim edərək, torpaq sahəsindən istifadə edə bilmədiyi üçün notarial qaydada 3 il müddətinə həmin torpaq sahəsini başqa şəxsə verilməsinə icazə verdiyini, sonradan dəfələrlə bələdiyyəyə müraciət etsə də, müraciətlərin cavabsız qaldığını, Notarius tərəfindən təsdiq edildikdə səhvən 3 il əvəzinə 30 il yazılmış, Bələdiyyə həmin torpaq sahəsini başqa şəxslə müqavilə bağlayaraq vermişdir. İddiaçı izahatından göründüyü kimi, iddiaçı torpaq sahəsindən 2007-cı ildən imtina etdikdən sonra ondan alındığını bilmişdir, lakin torpaq sahəsinin ona qaytarılması üçün Ağcabədi Rayon Məhkəməsinə 2022-ci il tarixdə müraciət etmişdir. Halbuki 2007-ci ilin fevral ayının 16-dan iddiaçının icarəsində olan torpaq sahəsi X6 icarəsinə verilmiş, sonuncu 2007-ci il tarixdən hal-hazıradək əkin sahəsindən istifadə etmişdir. İddiaçının 15 ildən atıq müddətdə vaxtilə istifadəsində olmuş torpaq sahəsində aparılan işlərdən məlumatsız olması həqiqətə uyğun hesab oluna bilməz və ağlabatan deyildir. Çünki, işin halları və iş materiallarına əlavə edilmiş sənədlər iddiaçının cavabdehin Cavabdeh 16 fevral 2007-ci il tarixli 02 saylı qərarından həmin ildə məlumatlı olduğunu təsdiq edir. Həmçinin iddiaçı özü də məhkəmə iclasında mübahisəli torpaq sahəsinin başqa şəxs tərəfindən istifadə edildiyindən məlumatlı olduğunu bildirmişdir. Həmçinin iddiaçı tərəfindən 2007-ci il tarixdən 2022-ci ilədək Şənlik Bələdiyyəsinə torpaq sahəsinin qaytarılması və Cavabdeh 16 fevral 2007-ci il tarixli 02 saylı qərarının ləğv edilməsi ilə bağlı müraciət ərizələri, həmçinin müraciətlərin çatıdılması barədə sübutlar təqdim edilməmişdir. Məhkəmə həmçinin iddianın “Cavabdeh 16 fevral 2007-ci il tarixli 02 saylı qərarının ləğv edilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsinə əsasən, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 73.3. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Baxılan məsələ iddia müddətləri ilə bağlı olduğuna görə məhkəmə bildirir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır Göründüyü kimi, iddiaçı Cavabdeh 16 fevral 2007-ci il tarixli 02 saylı qərarından həmin ildə məlumatlı olmuş, lakin məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (30 günü) ötürmüşdür. Belə ki, iddiaçı icarə hüququna xitam verilməsi barədə qərarın ləğv edilməsi barədə iddia ilə təxminən 15 il müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə iddia ilə müraciət etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1022/2023 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, həmçinin ötürülmüş müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmək hüququnu da itirdiyindən (İPM 24.4-cü maddəsi), iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Ağcabədi rayon Şənlik bələdiyyəsinə qarşı “Cavabdeh 16 fevral 2007-ci il tarixli 02 saylı qərarının ləğv edilməsi” barədə iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Ağcabədi rayon Şənlik bələdiyyəsinə qarşı “Cavabdeh 16 fevral 2007-ci il tarixli 02 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Ağcabədi rayon Şənlik bələdiyyəsinə qarşı “Cavabdeh 16 fevral 2007-ci il tarixli 02 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-808/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-808/2023
06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver