Məhkəmə qərarları › İş №2-1(120)-808/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-808/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-808/2025 13.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdeh Dövlət Sosial X4 Hüquqi Şəxsin Sosial X2 Mərkəzi Filialının nümayəndəsi Qanuni nümayəndə2 iştirаkı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X4 Hüquqi Şəxsin Sosial X2 Mərkəzi Filialına qarşı “xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmətdə olduğu müddətin, 1977, 1978, 1981-1997ci illərdə Neftçala rayonu “Azərbaycan” kolxozunda, xx.xx.1998-xx.xx.2005-ci illərdə “Kərim” kəndli fermer təsərrüfatında işlədiyi illərin sosia sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı xx xxxxxxx 1958-ci ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh Dövlət Sosial X4 Hüquqi Şəxsin Sosial X2 Mərkəzi Filialına qarşı “hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2-1(120)-808/2025 nömrəli qərardadı ilə iddia tələbinə “xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmətdə olduğu müddətin, 1977, 1978, 1981-1997-ci illərdə Neftçala rayonu “Azərbaycan” kolxozunda, xx.xx.1998-xx.xx.2005-ci illərdə “Kərim” kəndli fermer təsərrüfatında işlədiyi illərin sosia sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi Qanuni nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Neftçala rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxxx 1958-ci il tarixdə doğulmuşdur və 10 oktyabr 2023-cü ildə 65 yaşı tamam olmuşdur. Buna görə də iddiaçıya tələbinə uyğun yaşa görə əmək pensiyası xx.xx.2023-cü il tarixdən təyin edilməlidir. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajının olması tələb olunur ki, həmin sığorta stajına malik olması, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunan illərdə (xx.xx.1998-xx.xx.2005-ci illər) fasilələrlə ayrı-ayrı müəssisələrdə işləməsi iddiaçıya məxsus əmək kitabçası ilə və arayışlarla təsdiq olunur. Belə ki, iş materiallarında olan AZE ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildən əmək fəaliyyətinə başlamış, müxtəlif vaxtlarda fasilələrlə ayrı-ayrı müəssisələrdə işləmiş və xx.xx.2006-cı il tarixdə işdən azad olunması barədə qeydlər vardır. İş materiallarında olan NZ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1978-xx.xx.1980-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Salyan rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48 DA/9F/- 2-602/2023 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1998-xx.xx.2005-ci illərdə “Kərim” kəndli fermer təsərrüfatında işləmiş və əmək haqqı almışdır. İş materiallarında olan Neftçala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48- 35R.A/2-178/2023 nömrəli arayışından görünür ki, İddiaçı 1977-1997-ci illərdə Neftçala rayon “Azərbaycan” kolxozunda mexanizator vəzifəsində işləmiş və əmək haqqı almışdır. İş materiallarında olan Dövlət Sosial X4 Hüquqi Şəxsin Sosial X2 Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-11-311262/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X1 regional “Asan Xidmət” mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət və 1977-1997-ci illər üzrə kolxozda işlədiyiniz dövrlər nəzərə alınmaqla) 21 il təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim etdiyiniz X5 filialının xx.xx.2023-cü il tarixli arxiv çıxarışının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1998-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək “Kərim” kəndli fermer təsərrüfatında olan əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı Şirvan-Salyan regional filialının xx.xx.2023-cü il tarixli aktına əsasən sözügedən müəssisənin əmr kitabları və əmək haqqı cədvəlləri qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmədiyindən və təqdim olunan hesabatda işçi sayı ilə təsərrüfatın əmək haqqı hesablaşmaları kitabında göstərilən işçi sayı arasında fərq olduğundan sığorta stajının sizə məxsus olmasının düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən xx.xx.1998-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövr sığorta stajınıza daxil edilməmişdir. Əlavə olaraq bildiririk ki, təqdim etdiyiniz əmək kitabçanızın surətində qeyd olunmuş 1977-1997-ci illər üzrə əmək fəaliyyəti dövrləriniz təqdim etdiyiniz Neftçala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışının surətində qeyd edilmiş adam günü norması əsasında sığorta stajınıza daxil edilmişdir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə xx.xx.2023cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-12/2- 16635/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, məlumatın təqdim edilməsi barədə müraciətinizə 5 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Bildiririk ki, Kərim kəndli-fermer təsərrüfatı xx.xx.1997-ci il tarixli U/5/29 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına, xx.xx.2004-cü il tarixdə isə vergi orqanında ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə uçota salınmışdır. Dövlət reyestrində cəmiyyətin təsisçisi və rəhbəri X3 qeyd olunmuşdur. Adıçəkilən hüquqi şəxs hüquqi ünvan olaraq Salyan rayonu, Yuxarı Noxudlu kəndində qeydiyyatdadır. Kərim kəndli-fermer təsərrüfatı (VÖEN: **********) tərəfindən xx.xx.2013-cü il tarixdə vergi orqanına təqdim edilmiş arayış əsasında xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdə təqdim edilmiş arayış əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdə vergi orqanına təqdim edilmiş arayış əsasında xx.xx.2023-cü il tarixdən xx.xx.2053-cü il tarixədək sahibkarlıq fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını dayandırmışdır. Hazırda sahibkarlıq fəaliyyəti və digər vergi tutulan əməliyyatları dayandırılmış vəziyyətdədir. Vergi ödəyicisinin vergilər üzrə şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2002-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində sadələşdirilmiş vergi üzrə 40,00 manat, hüquqi şəxslərin torpaq vergisi üzrə 80,00 manat və dövlət torpaq sahələrinin icarəsi üzrə 200,00 manat vəsait ödənilmişdir. Vergi ödəyicisinin sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə 1223,94 manat borcu vardır. Həmçinin bildiririk ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödəniş edilməsi müəyyən olunmamışdır. Əlavə olaraq bildiririk ki, xx.xx.2018-ci il tarixdən əvvəlki dövr üzrə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişləri barədə vergi orqanında məlumat olmadığından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 müvafiq filialına müraciət olunmaqla əldə edilə bilər. Qeyd olunan hüquqi şəxsə məxsus 5 saylı Ərazi Vergilər İdarəsində mövcud olan qeydiyyat qovluğunda tələb olunan sənədlərin surətləri Sizə göndərilir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-12/2- 16635/2024 nömrəli məktubuna Kərim kəndli-fermer təsərrüfatının nizamnaməsi, həmçinin təsis, qeydiyyat və.s sənədlərini əlavə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-101186/2024 nömrəli etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial X2 mərkəzi filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bildiririk ki, icraatınızda olan 2-1(120)-2674/2024 nömrəli iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. Buna əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. İddiaçı H.Famil 05 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X1 regional “ASAN Xidmət” Mərkəzinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Müvafiq ərizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Sosial X2 mərkəzi filialda baxılmışdır. Lakin iddiaçının müraciətinə baxılaraq xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-311262/2023 nömrəli imtina məktubu ilə qanunvericiliklə tələb olunan sığorta stajının olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Eyni zamanda bildiririk ki, Sosial X2 mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra -Qanun) 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının səğorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məvburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə aldığı subhesabdır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2006-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olduğu müddət və 1977-1997-ci illər ərzində kolxozda işlədiyi illər də nəzərə alınmaqla ümumi sığorta stajı 21 il təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən X5 filialının xx.xx.2023-cü il tarixli arxiv çıxarışının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Kərim” kəndli fermer təsərrüfatında olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialının xx.xx.2023-cü il tarixli aktına əsasən sözügedən müəssisənin əmr kitabları və əmək haqqı cədvəlləri qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmədiyi üçün, eyni zamanda, təqdim olunan hesabatda işçi sayı ilə təsərrüfatın əmək haqqı hesablaşmaları kitabında göstərilən işçi sayı arasında fərq olduğundan sığorta stajının iddiaçıya məxsus olmasının düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün iddiaçının sığorta stajına daxil edilməmişdir. Bildiririk ki, iddiaçı tərəfindən təqdim olunan əmək kitabçasının surətində qeyd olunmuş 1977- 1997-ci illər üzrə əmək fəaliyyəti dövrləri təqdim edilmiş Neftçala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv ayarışının surətində qeyd edilmiş adam günü norması əsasında sığorta stajına daxil edilmişdir. Qeyd olunanlara əsasən bildiririk ki, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan az (25 il) olduğu üçün M.Hüseynova yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublkası Qanununun 7.0.2-ci maddəsinin tələblərinə uyğun olaraq yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2023-cü il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47-ci maddəsini rəhbər tutaraq, 2-1(120)-2674/2024 nömrəli iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial X2 mərkəzi filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edəsiniz. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1998-xx.xx.2005-ci illərdə “Kərim” kəndli fermer təsərrüfatında olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksi olaraq Kərim kəndli-fermer təsərrüfatı xx.xx.1997-ci il tarixli U/5/29 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına, xx.xx.2004-cü il tarixdə isə vergi orqanında uçota salınmışdır. Dövlət reyestrində cəmiyyətin təsisçisi və rəhbəri X3 qeyd olunmuş, adıçəkilən hüquqi şəxs hüquqi ünvan olaraq Salyan rayonu, Yuxarı Noxudlu kəndində qeydiyyatdadır. Kərim kəndli-fermer təsərrüfatı tərəfindən xx.xx.2013-cü il tarixdə vergi orqanına təqdim edilmiş arayış əsasında xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdə təqdim edilmiş arayış əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdə vergi orqanına təqdim edilmiş arayış əsasında xx.xx.2023-cü il tarixdən xx.xx.2053-cü il tarixədək sahibkarlıq fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını dayandırmış, məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər ilə iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi müəssisə mövcud olmuş, iddiaçı həmin müəssisədə işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq müəssisənin sənədləri tam şəkildə arxivə təhvil verilmədiyindən və saxlanılmadığından iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Cavabdehin imtinasının əsasınını təşkil edən sözügedən müəssisənin əmr kitabları və əmək haqqı cədvəlləri qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilməməsi və təqdim olunan hesabatda işçi sayı ilə təsərrüfatın əmək haqqı hesablaşmaları kitabında göstərilən işçi sayı arasında fərq olduğundan sığorta stajının iddiaçıya məxsus olmasının düzgünlüyünü müəyyən etmək mümkün olmadığı bildirilsədə həmin halların iddiaçının təqsiri ucbatından baş verməsi müəyyən edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1998xx.xx.2005-ci illərdə “Kərim” kəndli fermer təsərrüfatında işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının xx.xx.1998-xx.xx.2005-ci illərdə “Kərim” kəndli fermer təsərrüfatında işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi müəssisənin əmr kitabları və əmək haqqı cədvəlləri qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilməməsi və təqdim olunan hesabatda işçi sayı ilə təsərrüfatın əmək haqqı hesablaşmaları kitabında göstərilən işçi sayı arasında fərq olduğundan sığorta stajının iddiaçıya məxsus olmasının düzgünlüyünü müəyyən etmək mümkün olmadığı səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, xx.xx.1998-xx.xx.2005-ci illərdə “Kərim” kəndli fermer təsərrüfatında işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu, müvafiq əmirlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi və məcburi dövlət sosial sığorta haqqlarını ödəməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının xx.xx.1998-ci il tarixinədək 21 (iyirmi bir) il sığorta stajının olmasını cavabdeh inzibati orqan qəbul edir. xx.xx.1998xx.xx.2005-ci illərdə “Kərim” kəndli fermer təsərrüfatında iddiaçının işlədiyi illər üzrə işə götürən tərəfindən müəssisənin əmr kitabları və əmək haqqı cədvəllərinin qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilməməsi iddiaçının xx.xx.1998-xx.xx.2005-ci illərdə “Kərim” kəndli fermer təsərrüfatında işləməməsi kimi qiymətləndirilməsi onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Cavabdeh inzibti orqan tərəfindən iddiaçının həmin müəssəsdə işləməməsini başqa mötəbər sübutla sübuta yetirə bilməmişdir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “d” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmətdə olduğu müddət, 1977, 1978, 1981-1997-ci illərdə Neftçala rayonu “Azərbaycan” kolxozunda, xx.xx.1998-xx.xx.2005-ci illərdə “Kərim” kəndli fermer təsərrüfatında işlədiyi illər sosia sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X4 Hüquqi Şəxsin Sosial X2 Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmətdə olduğu müddət, 1977, 1978, 1981-1997-ci illərdə Neftçala rayonu “Azərbaycan” kolxozunda, xx.xx.1998-xx.xx.2005-ci illərdə “Kərim” kəndli fermer təsərrüfatında işlədiyi illər sosia sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X4 Hüquqi Şəxsin Sosial X2 Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar