Məhkəmə qərarları › İş №2-1(120)-81/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-81/2023

30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-81/2023 30.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı ləğv olunmuş Bəhramtəpə tikinti materialları ASC-nin əmlakı olmuş və xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə iddiaçının mülkiyyətinə verilmiş inzibati məişət binasının - 839,0 m2, təmir blokunun - 107,6 m2, sahə daxili istilik şəbəkəsinin - 129,8 m2, elektrik yarımstansiyasının və əməliyat KİP (G1, G 2) – 218,9 m2 hissələrinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tаriхli, 2-1(120)-1186/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı və cavabdeh olduğu kimi saxlanılması, iddia tələbinə “ləğv olunmuş Bəhramtəpə tikinti materialları ASC-nin əmlakı olmuş və xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə iddiaçının mülkiyyətinə verilmiş inzibati məişət binasının - 839,0 m2, təmir blokunun - 107,6 m2, sahə daxili istilik şəbəkəsinin -129,8 m2, elektrik yarımstansiyasının və əməliyat KİP (G1, G 2) – 218,9 m2 hissələrinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tаriхli, 2-1(120)-1186/2021 nömrəli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tаriхli, 2-1(120)-1186/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bəhramtəpə tikinti materiallarının səhmlərinin 98,54% sahibi olmuşdur. Həmin Səhmdar Cəmiyyətin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli ümumi yığıncağının protokolu, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı, xx.xx.2019-cu il tarixli, qalıq əmlakının bölünməsi planını əks etdirən hesabatda və.s sənədlərə əsasən cəmiyyəytin əmlakı ona verilmiş və cəmiyyət ləğv edilmişdir. 8 saylı Ərazi Vergilər İdarəsinin verdiyi **********2 nömrəli bildirişi, AR Milli Depozit Mərkəzinin xx.xx.2019-cu il tarixli aktı, AR Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli arayışı əsasında "xxxx" səhmdar cəmiyyəti ləğv olunmuş və həmin qurum Azərbaycan Respublikası Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Bu sənədlər əsasında onun şəxsi mülkiyyətinə verilmiş əmlaka dövlət çıxarışı almaq üçün xx.xx.2021-ci il tarixində 6 saylı Beyləqan ərazi idarəsinə müraciət etmiş və bütün zəruri sənədləri təqdim etmişdir. Lakin xx.xx.2021-ci il tarixində onun ünvanına daxil olan məktubda mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina olunması barədə məktub daxil olmuşdur. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 şifahi məhkəmə iclasında izahatında, iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan AZE №16218776 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş, ailəli, İmişli şəhəri, Bəcrəvan küçəsi, ev 31 ünvanında qeydiyyatdadır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********88 nömrəli məktubunda qeyd edilmişdir: İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən Əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə daxil olmuş 08 fevral 2021-ci il tarixli ********** qeydiyyat nömrəli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, "xxxx" Acıq Səhmdar Cəmiyyətinin adına ayrılmış Əmlak kompleksi kimi müəssisəsinin sizin mülkiyyətinzə ayrılmasına dair hər hansa hüquqmüəyyən edici sənəd təqdim olunmadığından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə əsasən müraciətinizin icrasından imtina edilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, qeyd olunan daşınmaz əmlak üzərində "xxxx" Acıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququnun qeydiyyata alınmasına dair müraciət olunacağı təqdirdə ərizənizin icrasına qanunamüvafiq qaydada baxılacaqdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 131 nömrəli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, ləğv edilmiş “Azərsutikinti” Dövlət Konserninin tabeliyində olmuş İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən Bəhrəmtəpə Qum-Çınqıl zavodunun bazasında "xxxx" açıq səhmdar cəmiyyəti yaradılması, "xxxx" açıq səhmdar cəmiyyətinin nizamnamə kapitalı ********** (bir milyard bir yüz səksən dörd milyon iki yüz yetmiş min) manat həçmində müəyyənləşdirilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planı (emissiya prospekti) və nizamnaməsinin təsdiq edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 04 aprel 2019-cu il tarixli arayışında qeyd edilmişdir: "xxxx" ASC-nin ləğv edilməsi haqqında cəmiyyətin səhmdarlarının ümumi yığıncağının 08 avqust 2018-ci il tarixli qərarına müvafiq olaraq qiymətli kağızların dövlət reyestrində həmin səhmdar cəmiyyətinin səhmlərinin dövriyyədən çıxarılması barədə qeydlər edilmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağının xx.xx.2019-cu il tarixli protokolundan görünür ki, Bəhrəmtəpə tikinti materialları” ASC-nin ləğv edilmiş, İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar siyahıda göstərilən əmlakı İddiaçı təhvil verilmişdir. İşdə olan kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında **********72 nömrəli bildirişdən görünür ki, xx.xx.2001-ci il tarixdə D-3224 №-ilə (VÖEN №**********) dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) xx.xx.2019 tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8762 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir; Qərardadın birinci sualı üzrə: İddia tələbində göstərilən Əmlaklar (İnzibati məişət binası 839.0 kv.m, təmir bloku-107.6 kv.m, sahə daxili istilik şəbəkəsi - 129.8 kv.m, elektrik yarımstansiyası və əməliyyat KİP (G1, G2)-218.9 kv.m) əvvəllər Bəhramtəpə tikinti materialları ASC-nin əmlakı olmuş və sonradan xx.xx.2019-cu il tarixli, təhvil-təslim aktı ilə İddiaçı mülkiyyətinə verilmiş əmlakların sırasına daxildir. Qərardadın ikinci sualı üzrə: Ləğv olunmuş Bəhramtəpə tikinti materialları ASC-nin əmlakı olmuş və sonradan xx.xx.2019-cu il tarixli, təhvil-təslim aktı ilə İddiaçı mülkiyyətinə verilmiş iddia tələbində göstərilən əmlaklar (inzibati məişət binası 839.0 kv.m (faktiki olaraq 496.0 kv.m-dır), sahə daxili istilik şəbəkəsi – 129.8 kv.m, elektrik yarımstansiyası və əməliyyat KİP (G1, G2)-218.9 kv.m) və təmir blokunun 107.6 kv.m ərazisinin hüdudları müəyyən edilmədiyinə görə təmir blokunun faktiki olaraq naturada olan 1190.60 kv.m olan ərazisinin hüdudları ölçülməklə yerləşdikləri torpaq sahələrinin koordinatları müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: Ləğv olunmuş Bəhramtəpə tikinti materialları ASC-nin əmlakı olmuş və sonradan xx.xx.2019-cu il tarixli, təhvil-təslim aktı ilə İddiaçı mülkiyyətinə verilmiş iddia tələbində göstərilən əmlaklar (İnzibati məişət binası 839.0 kv.m (faktiki olaraq kv.m-dır), təmir blokunun -107.6 kv.m ərazisinin hüdudları müəyyən edilmədiyinə görə təmir blokunun faktiki olaraq naturada olan 1190.60 kv.m ərazisi və sahə daxili istilik şəbəkəsinin -129.8 kv.m, elektirik yarımstansiyasının və əməliyyat KİP-nin (G1, G2)-218.9 kv.m) yerləşdikləri torpaq sahələri Dövlət mülkiyyətində olmaqla, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid tikinti altında olan torpaq sahəsidir. Qərardadın dördüncü sualı üzrə: Ləğv olunmuş Bəhramtəpə tikinti materialları ASC-nin əmlakı olmuş və sonradan xx.xx.2019-cu il tarixli, təhvil-təslim aktı ilə İddiaçı mülkiyyətinə verilmiş iddia tələbində göstərilən əmlaklar (İnzibati məişət binası 839.0 kv.m (faktiki olaraq kv.m-dır), təmir blokunun - 107.6 kv.m ərazisinin hüdudları müəyyən edilmədiyinə görə təmir blokunun faktiki olaraq naturada olan 1190.60 kv.m ərazisi, sahə daxili istilik şəbəkəsinin -129.8 kv.m, elektrik yarımstansiyasının və əməliyyat KİP-nin (G1, G2)-218.9 kv.m) binaları hal-hazırda yararsız halda mövcuddur və işlək vəziyyətdə deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 131 nömrəli sərəncamının əsasında "xxxx" açıq səhmdar cəmiyyəti yaradılmışdır. İddiaçı Şərifov X2 tikinti materiallarının səhmlərinin 98,54% sahibi olmuşdur. Səhmdar Cəmiyyətin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli ümumi yığıncağının protokolu ilə Bəhrəmtəpə tikinti materialları” ASC ləğv edilmiş, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə aktda göstərilən əmlaklar İddiaçı mülkiyyətinə verilmişdir. Ləğv olunmuş Bəhramtəpə tikinti materialları ASC-nin əmlakı olmuş və xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə iddiaçının mülkiyyətinə verilmiş inzibati məişət binasının - 839,0 m2, təmir blokunun - 107,6 m2, sahə daxili istilik şəbəkəsinin -129,8 m2, elektrik yarımstansiyasının və əməliyat KİP (G1, G 2) – 218,9 m2 hissələrinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin inzibati orqan tərəfindən iddiaçıya imtina cavabı verilmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Səhmdar Cəmiyəti haqqında Azərbaycan Respublikasının Qanunun 21-ci maddəsinə əsasən cəmiyyətin ali idarəetmə orqanı səhmdarların (təsisçilərin) ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid məsələ cəmiyyətin fəaliyyətinə xitam verilməsidir. Həmin Qanunun 26-cı maddəsinin 4-cü bəndinə əsasən cəmiyyətin fəaliyyətinə xitam verilməsi zamanı bütün kreditorlarla hesablaşdıqdan sonra cəmiyyətin əmlakının qalan məbləğindən təsisçilərin və ya səhmdarların ümumi yığıncağının qərarına uyğun istifadə edilir. Cəmiyyətin qalan əmlakını satmaq qərara alınarsa, onun kollektivinə bu əmlakı almaqda üstünlük verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə ki, iddiaçı ləğv olunmuş Bəhramtəpə tikinti materialları ASC-nin əmlakı olmuş və iddiaçının mülkiyyətinə verilmiş inzibati məişət binasını - 839,0 m2, təmir blokunu - 107,6 m2, sahə daxili istilik şəbəkəsini -129,8 m2, elektrik yarımstansiyasını və əməliyat KİP (G1, G 2) – 218,9 m2 hissələrini xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı əsasında əldə etmişdir. İddiaçı həmin sənəd əsasında sözügedən inzibati məişət binası - 839,0 m2, təmir bloku - 107,6 m2, sahə daxili istilik şəbəkəsi -129,8 m2, elektrik yarımstansiyası və əməliyat KİP (G1, G 2) – 218,9 m2 hissələri üzərində mülkiyyət hüququnu qeydiyyata almaq və buna dair adına çıxarış almaq arzusundadır və yuxarıda qeyd edilən hüquq normalarına görə xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Həmçinin "xxxx" açıq səhmdar cəmiyyəti də Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 131 nömrəli sərəncamının əsasında yaradılmışdır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq sözügedən qeyriyaşayış binası üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 13.11-ci maddəsinə əsasən Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi cavabdehin imtinasında və etirazında göstərilən dəlillərdən fərqli olaraq qanunvericilik tələb edir ki, qeyri-dəqiqliyi sübuta yetirilməyən dövlət reyestrində aparılmış qeydiyyatın həqiqiliyi və tamamlığı prezumpsiyasına əməl olunsun. Buna görə də İddiaçı adına ləğv olunmuş Bəhramtəpə tikinti materialları ASC-nin əmlakı olmuş və xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə iddiaçının mülkiyyətinə verilmiş inzibati məişət binasının - 839,0 m2, təmir blokunun - 107,6 m2, sahə daxili istilik şəbəkəsinin -129,8 m2, elektrik yarımstansiyasının və əməliyat KİP (G1, G 2) – 218,9 m2 hissələrinə mülkiyyət hüququ qeydə alınmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının qeyri yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X4 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı ləğv olunmuş Bəhramtəpə tikinti materialları ASC-nin əmlakı olmuş və xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə iddiaçının mülkiyyətinə verilmiş inzibati məişət binasının - 839,0 m2, təmir blokunun - 107,6 m2, sahə daxili istilik şəbəkəsinin -129,8 m2, elektrik yarımstansiyasının və əməliyat KİP (G1, G 2) – 218,9 m2 hissələrinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 50 (əlli) manatdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ekspert rəyinin verilməsi üçün aparılmış tətqiqatın dəyəri cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan ərazi idarəsindən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Ləğv olunmuş Bəhramtəpə tikinti materialları ASC-nin əmlakı olmuş və xx.xx.2019cu il tarixli təhvil-təslim aktı ilə iddiaçının mülkiyyətinə verilmiş inzibati məişət binasının - 839,0 m2, təmir blokunun - 107,6 m2, sahə daxili istilik şəbəkəsinin -129,8 m2, elektrik yarımstansiyasının və əməliyat KİP (G1, G 2) – 218,9 m2 hissələrinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan ərazi idarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar