Məhkəmə qərarları › İş №2-1(120)-810/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-810/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-810/2022 06.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı qızının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirаkları ilə, İddiaçı qızının cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialına qarşı “1974-1982, 1984-1988-ci illərdə Salyan rayon Arbatan kənd “Əzizbəyov” adına kolxozda və 1989-1995-ci illərdə Salyan rayon Noxudlu kənd “A.Ağabəyli” adına kolxozda əmək stajı normasına görə faktiki müddət üzrə, həmçinin 1996-2002-ci illərdə Salyan rayon Aqrar İslahat Komissiyasında işlədiyi illəri sosial sığorta stajı kimi nəzərə alaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı qızı cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “1996-2002-ci illərdə işlədiyi illəri əmək kitabçasına daxil edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı qızı işlədiyi 1996-2002-ci illərdə əmək fəaliyyəti ilə məşğul olduğu dövrlər əmək kitabçasına daxil olunmamışdır. Bununla bağlı bir sıra orqanlara müraciət etsə də, heç bir nəticəyə nail ola bilməmişdir. Cavabdeh Dövlət Sosial X4 rayon şöbəsi əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialı ilə əvəz edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1(120)-810/2022 nömrəli qərardadı ilə iddia tələbinə “1974-1982, 1984-1988-ci illərdə Salyan rayon Arbatan kənd “Əzizbəyov” adına kolxozda və 1989-1995-ci illərdə Salyan rayon Noxudlu kənd “A.Ağabəyli” adına kolxozda əmək stajı normasına görə faktiki müddət üzrə, həmçinin 1996-2002-ci illərdə Salyan rayon Aqrar İslahat Komissiyasında işlədiyi illəri sosial sığorta stajı kimi nəzərə alaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şifahi məhkəmə iclasında izahatında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçının arxiv arayışındakı iş illəri nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan seriya AZE 15833480 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı qızı xx.xx.1959-cü il tarixdə Əli-Bayramlı rayonu, Salmanlı kəndində doğulmuş, Salyan rayon Noxudlu kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. - İşdə olan Salyan rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 130 nömrəli arxiv arayışından görünür ki, Əliyeva (Hüseynova) Kifayət Əjdər qızının iş fəaliyyəti Salyan rayon Arbatan kənd “Əzizbəyov” adına kolxozun arxiv sənədlərində, o cümlədən 1971- 1988-ci illərə aid staj və inventarizasiya, Noxudlu kənd A.Ağabəyli adına kolxozun 1989- 1995-ci illərə aid məzuniyyət, briqada X8 komissiyasının 1996-2002-ci illərə aid briqada kitablarında qeyd edilmişdir. - İşdə olan X5 filialının xx.xx.2022-ci il tarixli, 72 nömrəli arxiv arayışından görünür ki, İddiaçı qızının adına verilmiş xx.xx.2021-ci il tarixli 130 saylı arxiv arayışı Salyan rayon DSMF-nin müfəttişləri tərəfindən yoxlanılmış xx.xx.2022-ci il tarixli 03 saylı yoxlama aktının surəti məhkəməyə göndərilmişdir. X5 filialında mühafizə olunan Salyan rayon Arbatan kənd “Əzizbəyov” adına kolxozun 1971-1988-ci illərə aid staj və inventarizasiya kitablarına əsasən, arxiv sənədlərində İddiaçı adına 1974-1982, 1984-1988-ci illər üzrə nəzərdə tutulmuş həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasından (200, 180, 160) çox işləməsi barədə; Noxudlu kənd A.Ağabəyli adına kolxozun 1989-1995-ci illərə aid məzuniyyət kitablarına əsasən, 1989-1995-ci illər üzrə nəzərdə tutulmuş həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasından (160) çox işləməsi barədə; Salyan rayon X8 komissiyasının 1996-2002-ci illərə aid briqada kitablarına əsasən, 1996-2002-ci illər üzrə nəzərdə tutulmuş həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasından (160) çox işləməsi barədə qeydlər müəyyən edilmişdir. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 19 aprel 2022-ci il tarixli **********3 nömrəli iddia tələbinə etiraz məktubundan görünür ki, Həmin iddia tələbi aşağıdakı faktiki və hüquqi əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” qanunun 1-0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin qanunun 1.0.2-ci maddəsində qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Beləliklə, iddiaçının təqdim etdiyi Salyan rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli 130 nömrəli arxiv arayışına əsasən Salyan Arbatan kəndində fəaliyyət göstərmiş Əzizbəyov adına kolxozda 1971-1988-ci illər və Salyan rayon Noxudlu kəndində fəaliyyət göstərmiş sabiq A.Aqabəyli adına kolxozda 1989-1995-ci illərdə işlədiyi, həmçinin 1996-2022-ci illərdə Salyan rayon Noxudlu X8 Komissiyasında işlədiyi dövrlər əmək kitabçasında qeyd edilmədiyindən, həmçinin əmək stajını təsdiq edən sənəd əmək kitabçası olduğundan həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilməmiş, bununlada iddiaçıya yasa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Yuxarıda sadalananları nəzərə alaraq, məhkəmədən İddiaçı qızının cavabdeh DSMF-nin 2 saylı Şirvan-Salyan regional filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. - İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 6 saylı Regional Ərazi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, İddiaçı qızına Salyan rayon Dövlət arxivi tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli 130 nömrəli arxiv arayışına əsasən Salyan rayon Arbatan kəndində fəaliyyət göstərmiş sabiq Əzizbəyov adına kolxozda 1971-1988-ci illər arasında işləməsi, Salyan rayon Noxudlu kəndində fəaliyyət göstərmiş sabiq A.Ağabəyli adına kolxozda 1989-1995-ci illər arasında işləməsi, Salyan rayon X8 komissiyasında 1996-2002-ci illər arasında işləməsi əmək kitabçasında yazılmadığı və həmin illər ərzində işlədiyi sahələrdə adına əmək kitabçası açılmadığı üçün həmin illərin yaşa görə pensiya təyin edilməsində sığorta stajı kimi nəzərə alınması mümkün deyil. Yəni həmin illər nəzərə alınmadıqda yaşa görə əmək pensiyası hüququ verən pensiya kapitalına malik olmadığı üçün, ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi, yəni xx.xx.2021-ci il tarixli, 130 nömrəli arxiv arayışını təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri Salyan rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 130 nömrəli arxiv arayışını, həmçinin məhkəmənin sorğusu əsasında Salyan rayon Dövlət Arxivindən göndərilmiş xx.xx.2022-ci il tarixli, 72 nömrəli məktubuna əlavə olunmuş kolxozun şəxsi hesab kitabları üzrə arxiv cədvəllərini iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Məhkəmə Salyan rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 130 nömrəli arxiv arayışını mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı həmçinin aşağıdakı normaları qeyd edir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx.xx.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının 1974-1982,1984-1988,1989-1995, 1996-2002ci illərdə əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri onun sosial sığorta stajına hesablanmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı Şirvan-Salyan regional filialının xx.xx.2022-cı il tarixli **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, Salyan rayon Noxudlu kənd sakini xx.xx.1959-cu il təvəllüdlü ( FİN-3JCKYYY) İddiaçı qızı ƏƏSMN tabeliyində DSMF 6 Saylı RƏF-ə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı xx.xx.2021 -ci il tarixdə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2020-cu ildən xx.xx.2021-cu il tarixə kimi 62 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stayı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Vətəndaş ərizə ilə birlikdə Salyan rayon Dövlət arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 130 saylı arxiv arayışını işə əlavə etmişdir. İddiaçının sıqorta stajı 29 il 00 ay 00 gündür. İddiaçının mübahisəsiz sığorta stajı 00 il 00 ay 00 gün, mübahisəli sığorta stajı Salyan rayon Dövlət arxivi tərəfindən verilmiş arayışda göstərilən 29 il 00 aydır. Salyan rayon Dövlət arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 130 saylı arxiv arayışında göstərilən Salyan rayon sabiq Əzizbəyov adına kolxozda 1974-1978-ci illər arasında minimum adam günləri qadınlar üçün-200 gün, 1979- 1983-ci illər arasında 180 gün, 1984-1988-ci illər arasında 160 gün olmuşdur. Salyan rayon Noxudlu kəndində fəalliyyət göstərmiş sabiq A.Ağabəyli adına kolxozda 1989-1995-ci illər arasında minimum adam günləri 160 gün, Noxudlu X8 komissiyasında 1996-2002-ci illər arasında minimum adam günləri 160 gün olmuşdur. 1974-1982-ci, 1984-2002-ci illər arasında minimum adam günlərini doldurmuş, 1983-cü ildə adam günündə qaralama var. xx.xx.2022-ci ildə tərtib olunmuş yoxlama aktı məktuba əlavə olunur. Vətəndaşın təkrar 1971-2002-ci illər arasında iş stajını yoxlamaq xx.xx.2022-ci ildə yazılmış aktla eyni nəticəyə gəlmək deməkdir. Vətəndaşın yaşa görə əmək pensiyası hüquqi xx.xx.2021-ci ildən yaranır. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əmək fəaliyyətinin mübahisələndirilməyən dövrü ilə mübahisələndirilən 1974-1982, 1984-1988ci illərdə Salyan rayon Arbatan kənd “Əzizbəyov” adına kolxozda və 1989-1995-ci illərdə Salyan rayon Noxudlu kənd “A.Ağabəyli” adına kolxozda əmək stajı normasına görə faktiki müddət üzrə, həmçinin 1996-2002-ci illərdə Salyan rayon Aqrar İslahat Komissiyasında işlədiyi illərin həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alındıqda iddiaçıya hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsinə kifayət edən sığorta stajı yaranır. Məhkəmənin qənaətinə görə iddiaçı arxiv arayışındakı iş illəri (minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə) nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68 ) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı qızına 1974-1982, 1984-1988-ci illərdə Salyan rayon Arbatan kənd “Əzizbəyov” adına kolxozda və 1989-1995-ci illərdə Salyan rayon Noxudlu kənd “A.Ağabəyli” adına kolxozda əmək stajı normasına görə faktiki müddət üzrə, həmçinin 1996-2002-ci illərdə Salyan rayon Aqrar İslahat Komissiyasında işlədiyi illərin həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. İddiaçı qızına 1974-1982, 1984-1988-ci illərdə Salyan rayon Arbatan kənd “Əzizbəyov” adına kolxozda və 1989-1995-ci illərdə Salyan rayon Noxudlu kənd “A.Ağabəyli” adına kolxozda əmək stajı normasına görə faktiki müddət üzrə, həmçinin 1996-2002-ci illərdə Salyan rayon Aqrar İslahat Komissiyasında işlədiyi illərin həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar