Məhkəmə qərarları › İş №2-1(120)-814/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-814/2020

23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-814/2020 23.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanda yaşayan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «pasport qeydiyyatından çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq, üçüncü şəxslər X3, X5 və X1 Şirvan şəhəri, Xəqani küçəsi 88 saylı evin 18 saylı mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi məhkəməyə daxil olduğu gündən qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 31 may 2020-ci il tarixli 2-1(120)-814/2020 saylı qərardadı ilə X10, X11 və X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri, Xəqani küçəsi, ev 88, 18 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzili X6 ilə dəyişmə müqaviləsi əsasında əldə etmişdir. Həmin evdə qeydiyyatda olan X10, X11 və X8 halhazırda qeyd edilən evdə yaşamırlar. X3, X5 və X1 həmin evdə qeydiyyatı yalnız formal xarakter daşıyır. Onların pasport qeydiyyatında qalması mənzilə olan mülkiyyət hüquqlarını müəyyən qədər məhdudlaşdırır. Kommunal ödənişlər baxımından da müəyyən problemlər yaranır. Həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması üçün Cavabdehnə ərizə ilə müraciət etsə də, ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasını əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə etdiyini və təmin olunmasını xahiş etdi. Cavabdeh 09.03.2020-ci il tarixli, 305-6207-1220 saylı münasibət məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək yaşadığı ünvan 2 ünvanında qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasını bildirmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarır: yaşayış yerini dəyişdikdə-yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə AR Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin məlumatına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə. Digər hallarda vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Odur ki, bu barədə vətəndaş İddiaçı məktub vasitəsi ilə məhkəmə orqanına müraciət etməsi bildirilmişdir. Adı göstərilən şəxsin həmin ünvana qeydiyyata düşməsinə səbəb olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Məktubda adları göstərilən şəxslər ünvan 2 ünvanında 2004-cü il tarixdən qeydiyyatdadır. Cavabdehnə, üçüncü şəxslər X7, X9 və X4 şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Həmçinin üçüncü şəxslər X7, X9 və X4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsi üçün Şirvan şəhər Mənzil İstismar sahəsinə və Şirvan Bələdiyyəsinə rəsmi qaydada məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07.10.2008-ci il tarixdə Cavabdehndən tərəfindən verilmiş AZE 06568411 nömrəli şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, İddiaçı 09.04.1954-cü il tarixdə Cəlilabad rayonunun Andreyevka kəndində doğulmuş və ünvan 4 ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 05 avqust 2015-ci il tarixli 4Ə-466 nömrəli dəyişmə müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X2 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 89,4 kv/m, yaşayış sahəsi 60,2 kv/m, yardımçı sahəsi 29,2 kv/m olan 4 otaqlı mənzil İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 56,2 kv/m, yaşayış sahəsi 42,4 kv/m olan 3 otaqlı mənzilə dəyişdirilmiş və həmin müqavilənin 12-ci bəndindən görünür ki, X6 müqavilə notariat qaydasında təsdiq olunduqdan sonra 05.09.2015-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 03.09.2015-ci il tarixli Seriya RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 (ümumi sahəsi 89,4 kv/metr) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 35 nömrəli reyestr kitabının - nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin 16 mart 2020-ci il tarixli **********24 saylı məktubu ilə müəyyən olunur ki, Şirvan şəhəri, Xəqani küçəsi, ev 88 ünvanda yerləşən 18 nömrəli mənzilə dair X6 ilə aralarında 05.08.2015-ci il tarixdə bağlanmış 4Ə-466 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyət hüququ Ərazi İdarəsi tərəfindən 03.09.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda X3, X5 və X1 Şirvan şəhəri, Xəqani küçəsi, ev 88 ünvanda yerləşən 18 nömrəli mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınıbalınmaması haqqında məlumat Ərazi İdarəsində saxlanılan arxiv materiallarına əsasən araşdırılmış və bu barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Şirvan şəhər 1 saylı Notariat ofisindən Şirvan İnzibati məhkəməsinə daxil olmuş 05 mart 2020-ci il tarixli 233 nömrəli məktuba əlavə olunmuş Şirvan şəhəri 1 saylı notariat ofisində 05.08.2015-ci ildə, 4Ə-466 reyestrlə təsdiq olunmuş alqı-satqı müqaviləsinə dair notariat işinin təsdiq olunmuş surətindən müəyyən olunur ki, Şirvan şəhəri, Xəqani küçəsi, 88 saylı evin 18 saylı mənzilində qeydiyyatda olan X10 04 avqust 2015-ci il tarixdə Şirvan şəhər 1 saylı notariat kontorunda Şirvan şəhəri, Xəqani küçəsi, 88 saylı evin 18 saylı 4 otaqlı mənzilin Şirvan şəhəri, H.Ə.Əliyev küçəsi, 1A saylı evin, 68 saylı 3 otaqlı mənzillə dəyişdirilməsinə razılıq vermişdir. İş materiallarında olan Cavabdeh İddiaçı ünvanladığı 24.02.2020-ci il tarixli, 305- 4934Ç-3220 saylı məktubdan görünür ki, X3, X5 və X1 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Yenə həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında çıxarılır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 05 avqust 2015-ci il tarixli 4Ə- 466 nömrəli dəyişmə müqaviləsinə əsasən X2 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 89,4 kv/m, yaşayış sahəsi 60,2 kv/m, yardımçı sahəsi 29,2 kv/m olan 4 otaqlı mənzil İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 56,2 kv/m, yaşayış sahəsi 42,4 kv/m olan 3 otaqlı mənzilə dəyişdirilmiş və həmin mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Həmin müqavilənin 12-ci bəndinə əsasən X6 müqavilə notariat qaydasında təsdiq olunduqdan sonra 05.09.2015-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Bununla da X6 hazırda iddiaçının mülkiyyətində olan mənzili dəyişməklə həmin evə olan özünün və digər şəxslərin mülkiyyət hüququnu, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququnu da itirmişdir. Lakin həmin mənzildə, yəni hazırda iddiaçıya məxsus olan mənzildə X3, X5 və X1 pasport qeydiyyatında qalması müəyyən olunmuşdur. X3, X5 və X1 iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Eyni zamanda həmin şəxslərin hal-hazıra qədər evdən istifadə etməmələri, orada yaşamamaları, mülkiyyətçinin hüquqlarının həyata keçirilməsinə maneələr yaratmaları onların mənzildən qeydiyyatından çıxarılmasına əsas verir. Buna görə də Cavabdeh X3, X5 və X1 iddiaçıya məxsus olan mənzildən qeydiyyatdan çıxarılmasından imtinası əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından X3, X5 və X1 pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75-79, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından X3, X5 və X1 pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə ondan Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar