Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-814/2021 22.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, həmin torpaq sahəsinə Çıxarış, torpaq sahəsinin planı və ölçüsü verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə iş materiallarına 22 iyun 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəsi olduğu mərhum X2 məxsus Lənkəran rayonu Boladı kəndi ərazisində 14 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, həmin torpaq sahəsinə Çıxarış, torpaq sahəsinin planı və ölçüsü verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X2 Lənkəran rayon icra Hakimiyyəti Başçısının 02 dekabr 2004-cü il tarixli, 397 saylı Qərarına əsasən heyvandarlığın inkişafı məqsədilə Boladı kəndi ərazisindən 14 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair torpqdan müvəqqəti istifadə hüququna dair JN- 6589 saylı Şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edilmişdir. Həyat yoldaşı X3 01.08.2020-ci ildə vəfat etmiş və o, mərhum həyat yoldaşı X1 qanun üzrə vərəsəsidir. Həmin torpaq sahəsi hal-hazırda mərhum həyat yoldaşının adına qalmaqdadır. O, vərəsəsi olduğu mərhum həyat yoldaşından miras qalmış Lənkəran rayonu, Boladı kəndi ərazisində 14 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyatdan keçirərək çıxarış almaq istəyir. Bu məqsədlə DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən ona 04.03.2021-ci il tarixli məktubla cavab verilmiş və müraciətinin təmin olunmasından imtina edilməsi qeyd olunmuşdur. Həmin məktubda onun məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Göründüyü kimi, DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi ona mərhum həyat yoldaşından miras qalmış Lənkəran rayonu, Boladı kəndi ərazisində 14 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə müraciətinin təmin olunmasından imtina etmişdir ki, bu imtina da onun inzibati məhkəməyə müraciət etməy üçün hüquqi əsas yaratmışdır. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh tərəfindən qeyd edilən hərəkətlə konstitutsion hüququ pozulmuşdur. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 45.4, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür. Məhkəmə qeyd edir ki, işdə olan sənədlərə əsasən iddiaçı həm inzibati orqana müraciətində, həm də məhkəmədə iddia qaldırarkən icarə hüququ əsasında mərhum ərinə məxsus torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və bu barədə öz adına reyestrdən çıxarışın verilməsini istəyir. Halbuki, mövcud qanunvericilik bu halda, əvvəlcə hüquqların (mərhumun və ya vərəsənin) qeydiyyatını deyil, əmlakın mərhuma məxsus olmasını təsdiqləyən arayışın verilməsini, sonradan həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərinə görə vərəsənin (və ya vərəsələrin) hüquqlarının qeydiyyatını nəzərdə tutur. İnzibati orqan birbaşa mərhumun və ya vərəsəlik sənədləri (şəhadətnamə) olmadan vərəsənin hüquqlarını qeydiyyata ala bilməz. İPM-in 13-cü, 54-cü maddələrinə münasibətdə iddianın dəyişdirilməsi məsələsinə gəldikdə, cavabdeh inzibati orqana iddiaçının müraciəti yalnız iddia ərizəsindəki tələbə uyğun məzmunda olduğundan, iddiaçının dəyilşdirilməsinin iddiaçıya tövsiyə edilməsi məqsədəuyğun deyil. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2, 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, həmin torpaq sahəsinə Çıxarış, torpaq sahəsinin planı və ölçüsü verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-814/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-814/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver