Məhkəmə qərarları › İş №2-1(120)-815/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-815/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-815/2022 06.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 2 saylı X1 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X2 qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 06 dekabr 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Cəlilabad rayon Sağlamlıq Mərkəzində işlədiyi illərin onun əmək stajına daxil edilərək, həmin illərin onun əmək stajına əlavə edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Cəlilabad rayonu olduğunu, Cəlilabad rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2021-ci il tarixli, 2-1(112)-11810/2021 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. İddiaçı məhkəməyə ərizələr təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X6 ilə əvəz olunmasını, eləcə də iddianın dəyişdirilərək “onun işlədiyi illərin, texnikumda təhsil aldığı illərin və hərbi xidmətdə olduğu dövrün sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X1 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X6 ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “işlədiyi illərin, texnikumda təhsil aldığı illərin və hərbi xidmətdə olduğu dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X1 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 25 avqust 1954-cü ildə Cəlilabad şəhərində anadan olmuşdur. İlk əmək fəaliyyətinə 1975-ci ilin 03 iyul tarixindən başlamışdır. Hazırda ona yaşa görə əmək pensiyası təyin edilsə də, lakin onun əmək stajının illəri düzgün hesablanmamışdır. Belə ki, onun hal-hazırda əmək stajı 21 il 3 ay müəyyən edilsə də, ümumi əmək stajı 25 ildən yuxarıdır. Ona görə ki, xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Cəlilabad rayon Sağlamlıq Mərkəzində işləsə də, həmin illər onun əmək stajına daxil edilməmişdir. Buna baxmayaraq, həmin işlədiyi illər onun əmək kitabçasında öz təsdiqini tapmışdır. Həmin illərin onun əmək stajına daxil edilməsindən ötrü o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Miidafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafıə Fondunun 9 saylı Ərazi Filialına müraciət etmiş, lakin cavab olaraq ona bildirmişlər ki, onun xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi Cəlilabad rayon Sağlamlıq Mərkəzinin əmr kitabları və əməkhaqqı cədvəlləri mühafızə olunması üçün Dövlət Arxivinə təhvil verilmədiyi üçün sözügedən dövrün araşdırılıb sığorta stajına əlavə edilməsi mümkün hesab edilməmişdir. Bunun üçün də məhkəməyə müraciət edilməlidir. Halbuki, ona məxsus olan əmək kitabçasında xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Cəlilabad rayon Sağlamlıq Mərkəzində işləməyi təsdiq olunur. Həmçinin, onun qeyd edilən tarixlərdə işləməyini onunla həmin vaxt həmin müsəssisədə işləmiş şahidlər də təsdiq edə bilərlər. Bildirir ki, Cəlilabad rayon Sağlamlıq Mərkəzinin əmr kitabları və əməkhaqqı cədvəllərinin mühafızə olıınması iiçün Dövlət Arxivinə təhvil verilməməsi vətəndaş olaraq onun günahı deyildir və bu məsuliyyət miiəssisənin öz üzərinə düşür. Ona görə də onun xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Cəlilabad rayon Sağlamlıq Mərkəzində işləməyinin əmək stajına daxil edilərək həmin illərin əmək stajına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması zərurəti yaranmışdır. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X1 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2010-cu il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə ərizəçiyə təyin olunmuş əlilliyə görə əmək pensiyasının müddəti bitmişdir. Ərizəçi İddiaçı Dövlət Sosial Müdafiə Fondunun 9 saylı regional ərazi filialına müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının 22 sentyabr 2021-ci il tarixli **********5 nömrəli məktubunda xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Cəlilabad Rayon Sağlamlıq Mərkəzinin əmr kitabları və əməkhaqqı cədvəlləri mühafizə olunması üçün Dövlət Arxivinə təhvil verilmədiyi üçün müvafiq dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi qeyd olunmuşdur. Fondun 9 saylı regional ərazi filialının 07 ivun 2021-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən Cəlilabad Rayon Sağlamlıq Mərkəzinin əmr kitabları və əməkhaqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyi və müəssisənin hüquqi ünvanı müəyyən olunmadığı üçün iş stajının yoxlanılması mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasmm mirıimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Cəlilabad Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 150 nömrəli məktubuna əsasən Cəlilabad Rayon Sağlamlıq Mərkəzinin sənədlərinin arxivə təhvil verilmədiyi qeyd olunmuşdur. İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Cəlilabad Rayon Sağlamlıq Mərkəzində işlədiyi dövrlərlə bağlı təkrar Cəlilabad Rayon Dövlət Arxivinə 18 mart 2022-ci il tarixli, **********4 nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cəlilabad Rayon Dezinfeksiya Stansiyasına xx.xx.2021-ci il tarixli, **********7 nömrəli sorğular ünvanlanmışdır. Lakin qeyd olunan sorğular hazırki vaxta qədər müvafiq qurumlar tərəfındən cavablandırılmamışdır. Belə olan halda İddiaçı qanunvericiliklə tələb olunan 25 il sığorta stajına və ya pensiyanın minimum məbləğındən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X7 gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixdə Cəlilabad Rayon Polis şöbəsi tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə ünvan 5 ünvanında yaşayır. İş materiallarında olan 1954-cü il tarixdə doğulmuş İddiaçı məxsus 16 iyun 1976-cı il tarixdə tərtib və notarial qaydada təsdiq olunmuş əmək kitabçasına əsasən, o, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Cəlilabad rayon X3 11 ay 13 gün, xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək 31 №-li X4 5 ay 11 gün, xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək R.Axundov adına Şərabçılıq sovxozunda 3 il 4 gün, xx.xx.1979-cu il tarixdən xx.xx.1987-ci il tarixədək X10 7 il 5 ay, xx.xx.1987-ci ildən xx.xx.1992-ci il tarixədək Kalinin adına sovxozda 4 il 11 ay 6 gün, xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Cəlilabad rayon Sağlamlıq Mərkəzində 4 il 5 ay 15 gün işləmiş və bu müddət ərzində 21 il 4 ay 19 gün iş stajı toplamışdır. İş materiallarında olan 542546 nömrəli diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Bakı Tibb məktəbində 2 il 6 ay 5 gün təhsil almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Cəlilabad rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 826 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək 2 il 2 gün hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Cəlilabad Rayon Dövlət Arxivinin 26 aprel 2022-ci il tarixli 136 nömrəli arayışına əsasən Cəlilabad rayon Sağlamlıq Mərkəzinin sənədləri (əmr və əməkhaqqı kitabları) arxivə təhvil verilməmişdir. İş materiallarında olan 1959-cu il tarixdə doğulmuş X8 məxsus xx.xx.1977-ci il tarixdə tərtib və notarial qaydada təsdiq olunmuş, həmçinin 1965-ci il tarixdə doğulmuş X9 məxsus İT-İ ******* nömrəli notarial qaydada təsdiq olunmuş əmək kitabçalarına əsasən həmin şəxslər Cəlilabad rayon Sağlamlıq Mərkəzində müvafiq olaraq direktor və baş mühasib vəzifələrində işləmişlər. İş materiallarında olan 012466 nömrəli pensiya işindən və cavabdeh təşkilatın iddiaya qarşı etirazından görünür ki, İddiaçı 17 mart 2010-cu il tarixdə əlilliyə görə pensiya təyin edilmiş və xx.xx.2021-ci il tarixdə əlilliyə görə təyin olunmuş əmək pensiyasının müddəti bitmişdir. İş materiallarında olan “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” cavabdeh təşkilatın iddiaçıya ünvanladığı 22 sentyabr 2021-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 9 saylı regional ərazi filialından daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. Bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edılməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilmiş xx.xx.1976-cı il tarixində tərtib edilmiş əmək kitabçanızın surətinə əsasən xx.xx.2006-cı il tarixinədək sığorta stajınız 21 il 3 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalınız 21 il 3 ay sığorta stajınıza uyğun olaraq 16193,98 manat olmaqla tələb olunan məbləğdən (28800 manatdan) azdır. Həmçinin bildiririk ki, 01.01,2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, Fondun 9 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktına əsasən xx.xx.1995-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək işlədiyiniz Cəlilabad rayon Sağlamlıq Mərkəzinin əmr kitabları və əməkhaqqı cədvəlləri mühafizə olunması üçün Dövlət Arxivinə təhvil verilmədiyi üçün sözügedən dövrün araşdırılıb sığorta stajınıza əlavə edilməsi mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən bildiririk ki, sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilrnir. Məhkəmə İddiaçı yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi üçün cavabdeh təşkilatın gətirdiyi dəlillri əsassız hesab edir. Belə ki, İddiaçı məxsus 16 iyun 1976-cı il tarixdə tərtib və notarial qaydada təsdiq olunmuş əmək kitabçasına əsasən, o, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Cəlilabad rayon X3 11 ay 13 gün, xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək 31 №li X4 5 ay 11 gün, xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək R.Axundov adına Şərabçılıq sovxozunda 3 il 4 gün, xx.xx.1979-cu il tarixdən xx.xx.1987-ci il tarixədək X10 7 il 5 ay, xx.xx.1987-ci ildən xx.xx.1992-ci il tarixədək Kalinin adına sovxozda 4 il 11 ay 6 gün, xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Cəlilabad rayon Sağlamlıq Mərkəzində 4 il 5 ay 15 gün işləməsi, bu müddət ərzində topladığı 21 il 4 ay 19 gün iş stajı həmin müəssisələrin müvafiq əmr və möhürləri ilə təsdiq olunmuşdur. Həmçinin, qeyd olunduğu kimi, İddiaçı təhsil və hərbi xidmət illəri müvafiq olaraq 2 il 6 ay 5 gün və 2 il 2 gün olmaqla 4 il 6 ay 7 gün təşkil edir. Beləliklə, İddiaçı təhsil, hərbi xidmət və əmək fəaliyyəti dövrü nəzərə alınmaqla ümumilikdə 25 il 10 ay 26 gün sosial sığorta stajına malik olması iş üzrə təqdim olunmuş sənədlərlə tam təsdiqini tapmışdır. Cavabdeh təşkilatın “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” iddiaçıya ünvanladığı 22 sentyabr 2021-ci il tarixli **********5 nömrəli məktubundan və iddiaya qarşı etirazından görünür ki, iddiaçının sığorta stajına münasibətdə təhsil, hərbi xidmət və əmək fəaliyyətinin Cəlilabad rayon Sağlamlıq Mərkəzində işlədiyi 4 il 5 ay 15 gün istisna olmaqla qalan dövrü mübahisələndirilməmiş, yalnız xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Cəlilabad rayon Sağlamlıq Mərkəzində işlədiyi illərin həmin müəssisənin əmr kitabları və əməkhaqqı cədvəllərinin Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən araşdırılıb sığorta stajınıza əlavə edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Lakin məhkəmə hesab edir ki, Cəlilabad rayon Sağlamlıq Mərkəzinin sənədlərinin (əmr və əməkhaqqı kitabları) Cəlilabad Rayon Dövlət Arxivinə təhvil verilməməsinin məsuliyyətinin iddiaçının üzərinə qoyulması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuş, onun yaşa görə əmək pensiyası almaq hüququ 63,6 yaşda, yəni xx.xx.2018-ci ildə yaranmış olsa da, iddiaçıya xx.xx.2010-cu il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci il tarixdə əlilliyə görə təyin olunmuş əmək pensiyasının müddəti bitmişdir. Odur ki, məhkəmə hesab edir ki, ona yaşa görə əmək pensiyası həmin tarixdən, yəni əlilliyə görə əmək pensiyasının dayandırıldğı xx.xx.2021-ci il tarixindən təyin edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı işlədiyi illər, texnikumda təhsil aldığı illər və hərbi xidmətdə olduğu dövr sosial sığorta stajı kimi nəzərə alınmaqla ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 2 saylı X1 üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı işlədiyi illər, texnikumda təhsil aldığı illər və hərbi xidmətdə olduğu dövr sosial sığorta stajı kimi nəzərə alınmaqla xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 2 saylı X1 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar