Məhkəmə qərarları › İş №2-1(120)-817/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-817/2025

16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-817/2025 16.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi-sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarının ləğv edilməsi və ümumi xəstəlik səbəbindən xx.xx.1998-ci il və xx.xx.2022-ci il tarixlərdə təyinat aparılan zaman qeyd edilən diaqnoza uyğun olaraq ona təyin edilmiş müvafiq müddətsiz əlilliyin elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh tərəfindən əlillik dərəcəsinin əsassız və qanunsuz olaraq ləğv edilməsi barədə qərarın ləğv olunması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli qərardadı ilə “Cəlilabad rayon Mərkəzi Xəstəxanası” X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarının mənə aid olan hissədə ləğv edilərək, müddətsiz əlilliyimin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarın ləğv olunması və ümumi xəstəlik səbəbindən “Total ekuspadiya sidik saxlama bilməməsi” diaqnozu əsasında ona təyin edilmiş ikinci dərəcəli müddətsiz əlilliyin elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək və iddia tələbinin dəyişdirilərək xx.xx.2025-ci il tarixli vəsatətin baxılmadan saxlanılmasını və iddia tələbinin dəyişdirilərək “Tibbi-sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarının ləğv edilməsi və ümumi xəstəlik səbəbindən xx.xx.1998-ci il və xx.xx.2022-ci il tarixlərdə təyinat aparılan zaman qeyd edilən diaqnoza uyğun olaraq ona təyin edilmiş müvafiq müddətsiz əlilliyin elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müvafiq komssiya tərəfindən ona təyin edilmiş, İİ qrup əlillik dərəcəsi səhhətində olan müxtəlif kritik xəstəliklər səbəbindən təyin edilmişdir. Mövcud qanunvericiliyə əsasən cavabdeh Agentlik tərəfindən əlillik vəziyyəti ilə bağlı təkrar xəstə kimi xx.xx.2020-ci il tarixində əyani müayinəyə cəlb olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “əlilliyin qiymətləndirilməsi qaydası”-na uyğun olaraq xx.xx.2020-ci il tarixində cavabdeh Agentlik tərəfindən əlillik vəziyyətim qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz İİİ dərəcə əlilliyin təyini barədə qərar qəbul etmişdir. Agentlik tərəfindən TSEK-nın qərarının düzgünlüyünü şübhə altına alan qeyri müəyyən sübutlar əsasında yenidən təkrar xəstə kimi xx.xx.2023-cü il tarixində əyani müayinədən keçmək üçün Agentliyə dəvət olunmuş, təkrar xəstə kimi xx.xx.2023-cü il tarixində yenidən əyani müayinədən keçdikdən sonra cavabdeh “Təşkilat” tərəfindən xəstəliyi ilə bağlı Həkim Məsləhət komissiyasına təqdim etdiyi tibbi epiqirizlər əsasında olmayan qeyri-müəyyən diaqnoz əsasında xx.xx.2020-ci il tarixində təyin edilmiş müddətsiz İİİ dərəcə əlilliyimin ləğvi barədə qanunsuz qərar qəbul edilmişdir. Barəsində olan əlillik dərəcəsinin ləğv edilməsi barədə qərar mövcud sənədlər əsasında deyil, cavabdeh Təşkilatın şəxsi mülahizəsi əsasında qeyri-müəyyən diaqnozla həyata keçirilmişdir. Qeyd edilən xüsusatlar ona əsas verir deməyə ki, cavabdeh onun barəsində olan əlillik dərəcəsinin ləğv edilməsi barədə qəbul edilmiş qərarı əsassız və qanunsuz olduğu üçün ləğv etməlidir. Cavabdeh Təşkilatın şəxsi mülahizəsi əsasında qoyulmuş diaqnozun onun xəstəliyinə və əlillik vəziyyətinə heç bir aidiyyəti yoxdur. Ona görədə öz xəstəliyi ilə əlaqədar əyani müayinədən keçmək üçün xx.xx.2024-cü il tarixində saat 11:30 üçün DTSERA Aparatına onlayn növbə götürmüş, DTSERA Aparatında ona aid olmayan diaqnozla əlilliyini ləğv etməyini və paltarını öz başına olaraq soyunub bədənində olan cərrahi əməliyyatlar izlərini göstərsə də onlar iddianı qəbul etmiyərək əyani müayinədən keçirməmişdilər. Əlilliyinin ləğvi barədə xx.xx.2023-cü il tarixdə imtina bildirişində məhkəməyə müraciət barədə tövsiyə olunmadığına görə DTSERA tərəfində ona göndərilən xx.xx.2023-cü il tarixli “Bildirişə” əsasən məhkəməyə şikayət etmək tövsiyəsinə istinad edərək Şirvan İnziabti Məhkəməsinə müraciətinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında baxılmış və X1: XİV Sinif - Sidik- cinsiyyət sisteminin xəstəlikləri => N30-N39 - Sidik sisteminin digər xəstəlikləri => N39 - Sidik-ifrazat sisteminin digər xəstəlikləri => N39.9 - Sidik-ifrazat sisteminin dəqiqləş....... Diaqnozun mətni: Total ekuspadiya sidik saxlaya bilməməsi (DSMF məlumatlarına əsasən). Məzkəzə göndərilmənin / İmtina edilməninsəbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya qərarı qəbul edilib, qərarı verilmişdir. Cəlilabad rayon sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinəsi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.5.22 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir (ESDAS:**********1). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-Q-28746/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Müayinəyə gələrkən sidik axarının qeyri düzgün yerləşməsinə görə əməliyyat keçirdiyini vurğulamış, sidik saxlaya bilməməkdən şikayət etmişdir. Təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, xəstə xx.xx.2003-cü il tarixindən epispsdiyaya görə əmliyyat keçirmişdir (Təsərrüfat hesablı Respublika Uroloji Xəstəxanasının xx.xx.2003-xx.xx.2003-cü il tarixli 297 nömrəli epikrizə əsasən.) Hazırda sidik saxlaya bilməməkdən şikayət etsə də müayinə zamanı bez istifadə etməmiş, ixtisaslaşmış tibb müəssisəsindən şikayəti təsdiq edən sənəd təqdim edilməmiş, təqdim edilmiş bəzi sənədlərdə xroniki böyrək çatışmazlığı qeyd edilsə də, təqdim edilmiş Respublika Klinik xəstəxanasının xx.xx.2022-ci il tarixli qanın laborator göstəricilərindən kreatinin 1,11 mg/dl, sidik cövhəri 39,99 mg/dl, sidik turşusu 4,07 mg/dl olmuş, xx.xx.2023-cü il tarixində DTSERA-da aparılmış Tam abdominal ÜSM müayinəsində hər iki böyrək izlənilmiş, hər hansı patologiya aşkar edilməmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixindən etibarən “Tam reabilitasiya olunmasana dair qərar qəbul edilsin. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarlarfna əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat 'Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"na əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyi xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və iddiaçı Cəlilabad rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Eləcə də, iddiaçı tərəfindən ləğv edilməsini xahiş etdiyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarı xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmişdir. Lakin inzibati orqan qeyd edilən qərarın iddiaçıya təqdim edilməsini sübuta yetirə bilməmiş və müvafiq sənədləri məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə edilən inzibati orqanın İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-4/2-F-34000/2023 saylı bildirişə əsasən isə tərəfə müvafiq məlumatın verildiyi və 30 gün müddətində şikayət vermək hüququ izah edildiyi müəyyən edilir. İddiaçı isə iddia ərizəsini xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə məhkəmə göndərmiş və xx.xx.2024-cü il tarixdə ərizə məhkəmənin icraatına daxil edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2023-cü il tarixli bildirişə əsasən mübahisələndirilən qərardan məlumatlı olmuşdur. Bir sözlə, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulan müddətlərə riayət edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin məlumatından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarının surətindən görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının dekabr 2023-cü il tarixli qərarından görünür ki, Cəlilabad rayon sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinəsi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.22 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir (ESDAS:**********1). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-Q-28746/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Müayinəyə gələrkən sidik axarının qeyri düzgün yerləşməsinə görə əməliyyat keçirdiyini vurğulamış, sidik saxlaya bilməməkdən şikayət etmişdir. Təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, xəstə xx.xx.2003-cü il tarixindən epispsdiyaya görə əmliyyat keçirmişdir (Təsərrüfat hesablı Respublika Uroloji Xəstəxanasının xx.xx.2003-xx.xx.2003-cü il tarixli 297 nömrəli epikrizə əsasən.) Hazırda sidik saxlaya bilməməkdən şikayət etsə də müayinə zamanı bez istifadə etməmiş, ixtisaslaşmış tibb müəssisəsindən şikayəti təsdiq edən sənəd təqdim edilməmiş, təqdim edilmiş bəzi sənədlərdə xroniki böyrək çatışmazlığı qeyd edilsə də təqdim edilmiş Respublika Klinik xəstəxanasının 21,09.2022-ci il tarixli qanın laborator göstəricilərindən kreatinin 1,11 mg/dl, sidik cövhəri 39,99 mg/dl, sidik turşusu 4,07 mg/dl olmuş, xx.xx.2023-cü il tarixində DTSERA-da aparılmış Tam abdominal ÜSM müayinəsində hər iki böyrək izlənilmiş, hər hansı patologiya aşkar edilməmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixindən etibarən “Tam reabilitasiya olunmasana dair qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-8461/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ilkin əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində məlumat aşkarlanmamışdır. Vətəndaşın əlillik vəziyyəti xx.xx.1998-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə təkrar əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində əlillik vəziyyətlərinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün vətəndaşın qeydiyyat ünvanına xx.xx.2022-ci il tarixli, **********8 nömrəli bildiriş məktubu göndərilərək Agentliyə dəvət edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində nəzarət qaydasında komissiyada əyani müayinəedilmiş, təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq müddətsiz üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə vətəndaş “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq xx.xx.2023-cü il tarixli 3-17-4/2-Q-28746/2023 nömrəli məktubla xx.xx.2023-cü il tarixində yenidən Agentlikdə əyani müayinə olunmuşdur. Şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-127737/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı ümumi əsaslarla hər hansı növ pensiya almasına dair məlumat aşkar edilməmişdir. MEİS-in “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən adıçəkilən şəxsə xx.xx.2016-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək İİ qrup əlilliyə görə müavinət, xx.xx.2023-cü il tarixindən xx.xx.2023cü il tarixinədək isə İİİ qrup əlilliyə görə müavinət təyin edilərək ödənilmişdir. Əlavə olaraq bildiririk ki, R.X6 rəsmi müraciəti daxil olmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 xx.xx.2024-cü il tarixli T 512/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1,4,5. Vətəndaş İddiaçı “XİV Sinif-sidik cinsiyyət sisteminin xəstəlikləri => N30- N39-sidik sisteminin digər xəstəlikləri =>N39-sidik ifrazat sisteminin digər xəstəlikləri => N39.9sidik ifrazat sisteminin dəqiqləş... Diaqnozun mətni: Total ekuspadiya, sidik saxlaya bilməməsi (DSMFməlumatlarına əsasən)” diaqnozu ilə İİİ dərəcə əlillik verilmiş, sonrakı müayinələr zamanı DTSERA aparılmış, əyani və instrumental müayinələr zamanı onun tam reabilitasiya olunması müəyyən edildiyindən əlillik dərəcəsi ləğv edilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı özünün əyani və ultrasəs müayinəsi zamanı sidik-cinsiyyət sistemində əlillik təyinatına əsas verən patofunksional dəyişikliklər aşkar edilmədi. 2.Vətəndaş İddiaçı düçar olduğu xəstəliklə bağlı onun əmək qabiliyyətini məhdudlaşdıran dəyişikliklər müəyyən edilmədi. 3.Vətəndaş İddiaçı qoyulan diaqnoz müayinələr nəticəsində düzgün qoyulmuşdur. 7,9.Vətəndaş İddiaçı hal-hazırda xroniki böyrək çatmamazlığı aşkar edilmədi və hal-hazırda bərpaedici müalicəyə ehtiyac yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-4/2-13252/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri çərçiivəsində Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən vətəndaşların müraciətlərinin araşdırılması zamanı bir sıra vətəndaşların əlillik vəziyyətlərinin əsassız olması ilə bağlı şübhələr yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Belə ki, vətəndaş X8 tərəfindən İddiaçı əlillik təyinatının əsassız olması ilə əlaqədar Agentliyə xx.xx.2023-cü il tarixli, 3-17/1-Ə-23435/2023 nömrəli müraciət ərizəsi daxil olmuşdur. Həmin məktub əsasında Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən müvafiq qaydada araşdırmalar aparılmışdır. Bundan irəli gələrək, İddiaçı xx.xx.2023-cü il tarixli, 3-17-4/2-Q- 28746-2023 nömrəli bildiriş məktubu əsasında xx.xx.2023-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə işin materiallarını araşdıraraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Konstitusiyanın 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanunun: 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən, İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən, Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən, Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 28-ci maddəsinə görə aşağıdakılar İnzibati icraatın başlanılması üçün əsaslar hesab olunur: 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında» Əsasnamənin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra - Xidmət) tibbi-sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun (bundan sonra - əlillik) qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən icra hakimiyyəti orqanıdır; 3.1.2-ci bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələrindən biridir. Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra–Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının əlillik vəziyyəti xx.xx.1998-cü il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə təkrar əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində İddiaçı xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuş və müayinə nəticəsi olaraq müddətsiz üçüncü dərəcə əlillik təyin edilməsi barədə qərar verilmişdir. Lakin İddiaçı qeyd edilən qərarla razı olmayaraq şikayət etmiş və yenidən xx.xx.2023-cü il tarixdə əyani müayinədə olmuş və əyani müayinənin nəticəsi olaraq əlilliyi dayandırılaraq “tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən bununla əlaqədar hər hansı araşdırma aparılmamış, natamam qərar qəbul edilmişdir. Cavabdeh iddiaçının əlillik vəziyyətinin qiymətləndiriliməsinin əsasını təşkil edən göndərişin səhiyyə müəssisəsi tərəfindən ləğv və ya etibarsız hesab edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin ləğv edilməsi imkanını tanımışdır. Belə ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməli idi. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından müəyyən edilir ki, normativ aktla əlilliyin düzgün müəyyən edilməsini şübhə altına alan əsaslı faktlar aşkar edildikdə inzibati orqanın hansı qaydada davranmalı olması ilə bağlı məcburi prosedur qayda müəyyən edilmişdir.Cavabdeh tərəfindən həmin normanın tələbi təmin olunmamış, bununla da həm inzibati icraatın, həm də əlilliyin təyini və qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən, iddiaçının əlil olmadığı müəyyən edildiyi halda, onun əlil olmaması ilə bağlı inzibati akt qəbul edilə bilərdi. Cavabdeh inzibati orqan hər bir halda Qanunun tələblərinə əsasən, inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları, hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. Belə ki, iş materiallarına əsasən iddiaçı əyani müayinəyə dəvət edilsə də, onunla bağlı müvafiq müayinələr aparılmadan, yalnız səthi yanaşılaraq ağırlaşmalar və patofunksional dəyişikliklərin aşkar edilmədiyi bildirilmişdir.Lakin cavabdeh orqan tərəfindən inzibati icraatın aparılmasını təsdiq edən, hər hansı sübutları əks etdirən materiallar məhkəməyə təqdim edilməmişdir. Eləcə də, inzibati orqan tərəfindən araşdırma üçün əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması olduğu bildirilsə də, qeyd edilən halın səbəbləri əsaslandırıla bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Və beləliklə də, istinad edilən normativ aktların məcburi tələbləri təmin edilməmiş, inzibati icraat aparılmamışdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası bir çox qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən digər mübahisələrin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Hər bir halda məhkəmə tərəfindən inzibati orqan tərəfindən aparılan icraatın düzgün olmadığı qənaətinə gəlməklə yanaşı İddiaçı qeyd edilən xəstəliklərin mövcudluğu barəsində də tam araşdırılma aparılmışdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 tərəfindən məhkəmə təqdimn edilən xx.xx.2024-cü il tarixli T 512/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı qoyulan diaqnoz müayinələr nəticəsində düzgün qoyulmuşdur. İş materiallarına əlavə edilən xəstəlik sənədlərinə əsasən iddiaçının “total ekuspadiya sidik saxlaya bilməməsi” diaqnozuna əsasən mövcud xəstəliklərdən əziyyət çəkdiyi, mütəmadi olaraq müalicələr aldığı müəyyən edilmişdir. Eləcə də, Akad. M.C.Cavad-zadə adına Respublikas kliniki uroloji xəstəxanası tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli səhhətin müayinə aktına əsasən iddiaçı barəsində hipospadiya distal 1/3 forma (Q54.9), uretranın fistulası (N36.0), sidik saxlamazlıq (R32.0) diaqnozların qoyulduğu müəyyən edilir. İddiaçı xx.xx.1998-ci il müddətsiz ikinci dərəcə əlillik təyin edilən zaman diaqnozun məhz “total ekuspadiya sidik saxlaya bilməməsi” olduğu və meyarlar üzrə qeyd edilən xəstəliklə əlaqədar əlilliyin verildiyi müəyyən edilir. Lakin xx.xx.2022-ci il tarixində tərəfi əyani müayinə dəvət edilən zaman diaqnoz “total ekuspadiya sidik saxlaya bilməməsi” kimi göstərilsə də, meyarda yanlışlığa yol verildiyi, “nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması, birinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə” meyarı ilə üçüncü dərəcə əlilliyin təyin edildiyi müəyyən edilir. Daha sonra isə xx.xx.2023-cü il tyarixdə əyani müayinə zamanı hər iki böyrəyin izlənildiyi, hər hansı bir paotologiya aşkar edilmədiyi qeyd edilərək “tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. Halbuki, iddiaçı inzibati orqana etdiyi şikayətlərdə, habelə məhkəmə iclası zamanı onda olan diaqnozun xroniki böyrək çatışmazlığı olmadığını, sidik saxlaya bilməməsi ilə əlaqədar olduğunu bildirmişdir. Cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Beləliklə, işin müəyyən olunmuş hallarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində diaqnoz düzgün qeyd edilsə də, meyarın yanlış göstərilməsi və həmin yanlış meyar üzrə əyani müayinə olunaraq “tam reabilitasiya olunması” barədə qərar edilməsi kimi davranışı yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərinə uyğun olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Həmçinin cavabdeh etirazında qeyd etmişdir ki, diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Məhkəmə cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barədə qəbul edilən qərar qanunsuz və əsassızdır. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində Tibbi-sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarı ləğv edilsin və ümumi xəstəlik səbəbindən xx.xx.1998-ci il və xx.xx.2022-ci il tarixlərdə təyinat aparılan zaman qeyd edilən diaqnoza uyğun olaraq ona təyin edilmiş müvafiq müddətsiz əlilliyin elektron altsistemdə bərpa edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar