Məhkəmə qərarları › İş №2-1(120)-819/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-819/2020

09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-819/2020 09.06.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinə qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 18 yanvar 1955-ci ildə anadan olmuşdur, 1969-1974, 1976, 1988-ci illərdə Biləsuvar rayonu “Azərbaycan“ kolxozunda işləmişdir. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 22 noyabr 2019-cu il tarixli, **********9 saylı imtina məktubu verilərək, işlədiyi illərin əmək kitabçasında yazılmadığından pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1969-1974, 1976, 1988-ci illərdə Biləsuvar rayonu “Azərbaycan“ kolxozunda işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2-1(120)-819/2020 saylı qərardadı ilə iddia tələbinə “1970, 1971, 1972, 1973 və 1976-cı illərdə Biləsuvar rayonu “Azərbaycan“ kolxozunda işlədiyi iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixindən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinin üzərinə qoyulması kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun 1970, 1971, 1972, 1973 və 1976-cı illərdə Biləsuvar rayonu “Azərbaycan“ kolxozunda işləməsi əmək kitabçasında yazılmasa da, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinin 22 noyabr 2019-cu il tarixli, **********9 nömrəli məktunda qeyd edilmişdir ki, yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü təqdim etdiyiniz sənədlərə əsasən əmək kitabçanızda qeyd edilən 1977-1998-ci illərə aid və 1974-1976-cı il hərbi xidmət dövrü əlavə edilməklə 22 il 4 ay sığorta stajı müəyyən edilir. “Azərbaycan” adına kolxozda olan 1969, 1970, 1971, 1972, 1973, 1974, 1976, 1988ci illərə aid sığorta stajı sizin adınıza deyil, Əmirov Fitətxanın adına qeyd edilmişdir. Arxiv arayışında 1974-cü ildə adam günü qeyd edilmədiyindən, 1988-ci il kolxoz stajı əmək kitabçanızda olan sığorta stajı ilə üst-üstə düşdüyündən həmin illəri nəzərə almaq mümkün olmadığı üçün arxiv arayışında cəmi 2 il 6 ay sığorta stajı müəyyən edilir. Bu səbəbdən, ümumilikdə 24 il 10 ay sığorta stajı olduğundan, yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü tələb olan 25 il sığorta stajınız olmadığından sizə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, ödəniş qəbzini, yaşayış yerindən arayışını, əmək kitabçasının təsdiq olunmuş surətini, Biləsuvar rayon Dövlət Arxivinin arxiv arayışını, cavabdehin imtina məktubunu, Biləsuvar rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, 2(022)-923/2019 saylı qətnaməsini, hərbi xidməti barədə arayışını əlavə etmişdir. Cavadeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən Dövlət Sosial X3 rayon şöbəsinin 20 may 2020-ci il tarixli, **********6 saylı məktubunun məzmununa, Biləsuvar rayon Dövlət Arxivi tərəfindən göndərilmiş sənədlərə, Biləsuvar rayon Məhkəməsinin 25 may 2020-ci il tarixli, 2(022)923/2019 saylı məktubunun və həmin məktubla təqdim edilmiş qətnamənin və qərardadın məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Biləsuvar rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Biləsuvar rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı 18 yanvar 1955-ci il tarixdə doğulmuşdur. 18 yanvar 2019-cu il tarixdə 64 yaşı tamam olmuşdur. İddiaçının arxiv arayışında qeyd edilən iş illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı yaranmışdır. İddiaçının 18 yanvar 2019-cu il tarixədək 24 il 9 ay 4 gündən artıq sosial sığorta stajı vardır. İddiaçının 24 il 9 ay 4 gündən artıq sığortastajınamalikolması, o cümlədən xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin 19 noyabr 2019-cu il tarixli, 379 saylı arayışı ilə, digər müəssisələrdə işləməsi NT-İ ******* nömrəli əmək kitabçası ilə, 1970, 1971, 1972, 1973 və 1976-cı illərdə Biləsuvar rayonu “Azərbaycan“ kolxozunda işləməsi Biləsuvar rayon Dövlət Arxivinin 20 avqust 2019-cu il tarixli, 224 saylı arxiv arayışı, Biləsuvar rayon Məhkəməsinin 25 may 2020-ci il tarixli, 2(022)923/2019 saylı məktubu, Biləsuvar rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, 2(022)923/2019 saylı qətnaməsi, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2020-ci il tarixli, 2-1(106)-623/2020 saylı qərardadı və kolxozun şəxsi hesab kitabları ilə təsdiq olunur. Həmçinin iş materiallarında olan Dövlət Sosial X3 rayon şöbəsinin məhkəməyə göndərdiyi 20 may 2020-ci il tarixli, **********6 saylı məktubunda qeyd edilmişdir ki, Biləsuvar rayon Ovçubərə kənd sakini Təhməzov Fitətxan Tomar oğlu sığorta stajı barəsindəki sənədlərini yaşa görə əmək pensiyası təyin edilməsi üçün şöbəyə təqdim etmişdir. Vətəndaşa qüvvədə olan “Əmək pensiyaları haqqında Qanun”un tələblərinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü 25 il sığorta stajı tələb olunur. 08 oktyabr 2010-cu il tarixdə 4027 saylı şəhadətnamə ilə qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1 bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (01.01,2006-cı ilədək) əmək pensiyası hüquqlarının nəzərə alınması əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü təqdim etdiyi sənədlərə əsasən əmək kitabçasında xx.xx.1977-xx.xx.1978,xx.xx.1978-xx.xx.1978,xx.xx.1978xx.xx.1998-ci illərdə 20 il 3 ay 3 gün, xx.xx.1974-xx.xx.1976-cı ildə hərbi xidmət dövrü 2 il 1 ay 1 gün, arxiv arayışında 1970,1971,1972,1973,1976-cı illər nəzərə alınmaqla 2 il 5 ay olmaqla ümumilikdə, 24 il 9 ay 4 gün sığorta stajı hesablanmışdır. İddiaçı xx.xx.2005-ci il tarixədək olan 24 il 9 ay sığorta stajına görəxx.xx.2019-cu il tarixə 17882,42 pensiya sığorta kapitalı və həmin PSK-na əsasən 124.18 manat pensiya sığorta hissəsi olmaqlaəmək pensiyası hüququ vardır. 1974-cü ildə İddiaçı adına pul və buğda qeyd olunsa da, adına adam günü qeyd edilməmişdir. Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 28 saylı arxiv arayışında İddiaçı ümumilikdə 25 il 1 ay 13 gün sığorta stajı öz təsdiqini taparsa əmək pensiyası hüququ yaranacaq. Qeyd: xx.xx.2019-cu il tarixdə minimum əmək pensiyası 119,76 manat təşkil edir. Xahiş edirik nəzərə alasınız. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (Biləsuvar rayon Dövlət Arxivinin 20 avqust 2019-cu il tarixli, 224 saylı arxiv arayışını, Biləsuvar rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, 2(022)923/2019 saylı qətnaməsini) təqdim etmişdir. Sözügedən arxiv arayışının kifayətedici sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. “SSRl-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965- ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23 sentyabr 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Biləsuvar rayon Dövlət Arxivinin 20 avqust 2019-cu il tarixli, 224 saylı arxiv arayışını, o cümlədən qanuni qüvvəyə minmiş Biləsuvar rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, 2(022)923/2019 saylı qətnaməsini, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin 19 noyabr 2019-cu il tarixli, 379 saylı arayışını, NT-İ ******* nömrəli əmək kitabçasını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 1970, 1971, 1972, 1973 və 1976-cı illərdə Biləsuvar rayonu “Azərbaycan“ kolxozunda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı 1970, 1971, 1972, 1973 və 1976-cı illərdə Biləsuvar rayonu “Azərbaycan“ kolxozunda işlədiyi iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə: İddia qismən təmin edilsin. İddiaçı 1970, 1971, 1972, 1973 və 1976-cı illərdə Biləsuvar rayonu “Azərbaycan“ kolxozunda işlədiyi iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixindən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar