Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-82/2020 27.02.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinə qarşı «yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 04 avqust 1954-cü ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 23 avqust 2019-cu il tarixli, **********4 saylıimtina məktubu verilərək, iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrün "xxxx" Dövlət Şirkəti 16 nömrəli X1 əmr kitabları və əmək haqqı cədvəllərinin Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilməməsini əsas gətirərək, pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" Dövlət Şirkəti 16 nömrəli X2 işlədiyi illərin həmin müəssisənin əmr kitabları və əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsini əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətini, hərbi biletinin notarial qaydada təsdiq edilmiş surətini, cavabdehin imtina məktubunu əlavə etmişdir, cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların və məhkəmənin sorğusuna əsasən göndərilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" İnstitutunun xx.xx.2019-cu il tarixli, 402 saylı məktubunun məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019cu il tarixli, 4 nömrəli qərarı ilə Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Kürdəmir rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, onun 04 fevral 2018-ci ildə 63 yaş 6 ayı tamam olmuşdur və 25 ildən artıq sığorta stajına malik olması, o cümlədən xx.xx.1981-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrün "xxxx" Dövlət Şirkəti 16 nömrəli X2 və digər müəssisələrdə işləməsi iddiaçıya məxsus NT-İ ******* nömrəli əmək kitabçası ilə, xx.xx.1972-xx.xx.1974-cü illərdə hərbi xidmətdə olması iddiaçıya məxsus NZ ******* nömrəli hərbi bilet ilə təsdiq olunur. Bununla belə məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının xx.xx.1981-ci il ildən xx.xx.1997-ci il tarixədək işlədiyi dövrlərdən başqa digər əmək fəaliyyətində olduğu dövrlər mübahisə edilməmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri (xx.xx.1981- xx.xx.1997) ilə bağlı aşağıdakıları bildirir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1981-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işləməsi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmə həmçinin onu da qeyd edir ki, əmək kitabçasının düzgünlüyü və mötəbərliyi məhkəmənin sorğusu əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" İnstitutunun xx.xx.2019-cu il tarixli, 402 saylı məktubu ilə öz təsdiqini tapır. Belə ki, qeyd olunan məktubda əks olunan məlumatlarda 16 nömrəli X1 1974-cü ildən fəaliyyətinin olduğu öz təsdiqini tapır. Hansı ki, iddiaçının həmin müəssisədə işləməsi qeyd olunan tarixdən sonraya təsadüf edir. Göründüyü kimi iddiaçının işlədiyi dövrlərdə müəssisə mövcud olmuş və əmək kitabçası düzgün tərtib edilmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Cavabdeh iddiaçının işlədiyi müəssisənin sənədlərinin Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilmədiyindən və saxlanıldığı hüquqi ünvan məlum olmadığından iş stajını qarşılıqlı şəkildə üzləşdirərək yoxlanılmasının mümkün olmamasını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1981 - xx.xx.1997-ci illərdə işləməsi və digər iş illəri iddiaçıya məxsus NT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunduğu üçün həmin müəssisələr tərəfindən iddiaçıya aid sənədlərin arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" İnstitutunun xx.xx.2019-cu il tarixli, 402 saylı məktubundan da görünür ki, "xxxx" Dövlət Şirkəti 16 nömrəli X3 tərəfindən "xxxx" Dövlət Şirkəti “Azəryollayihə” Layihə İnstitutunun (indiki "xxxx" İnstitutu MMC) arxivinə mübahisə edilən dövrlərə aid heç bir sənəd verilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının işlədiyi müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsi və həmin dövrlərin qarşılıqlı yoxlanıla bilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı məxsus NT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1981-ci il tarixdən xx.xx.1997-ci illərdəki iş illəri, o cümlədən əmək kitabçasında göstərilən digər iş illəri, həmçinin xx.xx.1972-xx.xx.1974-cü illərdə hərbi xidmətdə olduğu müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı NT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1975-ci il tarixdən xx.xx.1997-ci il tarixədək (ayrı-ayrı vaxtlarda) fasilələrə işlədiyi iş iləri, həmçinin xx.xx.1972-xx.xx.1974-cü illərdə hərbi xidmətdə olduğu müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı (xx.xx.2018-ci il) tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-82/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-82/2020
27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver