Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-820/2025 08.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “dövlət aktının, çıxarışın ləğv edilərək qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Kərimli Fidan Rauf qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “dövlət aktının, çıxarışın ləğv edilərək qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “X4 mülkiyyətinə 2,3309 ha torpaq sahəsinin verilməsi barədə JN 678, kod 80709018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının, **********62 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilərək qeyd edilən 2,3309 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X7 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati icraata cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli, 18 saylı qərarı ilə JN 134, kod 80709018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onlara və ailə üzvlərinə 4,63 hektar torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsi uzun illərdir ki, onların istifadəsindədir. Bir müddət əvvəl onlar çıxarış almaq üçün cavabdeh orqana müraciət etdikdə onların mülkiyyətlərinə verilmiş torpaq sahəsinin 2,3309 ha hissəsi üzərində X4 mülkiyyət hüququ qeydə alınmış, ona ilk növbədə JN 678, kod 80709018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, daha sonra isə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bildirmək istəyirlər ki, qeyd edilən çıxarış tamamilə qanunsuzdur. Onlar mülkiyyətlərində olan 4,63 ha torpaq sahəsinin 2,3309 ha hissəsinin X4 mülkiyyətinə necə verilməsi barədə heç bir məlumatları yoxdur. Onlar cavabdeh orqana müracət edərək 2,3309 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etsələr də, onlara ünvanlanmış məktubda məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazı: Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırılmışdır ki, sözügedən ünvanda yerləşən 2.3309 ha torpaq sahəsinə dair Neftçala rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli Qərardadına əsasən, digər şəxsin adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmiş və həmin şəxsin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən, iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub- olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinə etiraz edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. İddiaçı, cavabdehin nümayəndəsi və 3-cü şəxs məhkəmə iclasına gəlməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçı, cavabdehin nümayəndəsi və 3-cü şəxs iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Torpağa mülkiyyət hüququna dair JN-0678 nömrəli (kod ********) 11 may 1998-ci il tarixli Dövlət Aktından müəyyən olunur ki, İddiaçı1 və ailə üzvlərinə Neftçala rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli 18 nömrəli Qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 4.63 ha torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-134 nömrəli (kod ********) 06 oktyabr 2005-ci il tarixli Dövlət Aktından müəyyən olunur ki, X4 mülkiyyətinə Neftçala Rayon Məhkəməsinin 07 fevral 2005-ci il tarixli 2-27 saylı icra vərəqəsi və 11 may 2005-ci il tarixli 2-27 saylı Qərardadı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 2.33 ha torpaq sahəsi verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, X4 2.3309 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətindədir. Neftçala rayon Məhkəməsinin 2-27/2005 nömrəli, 07 fevral 2005-ci il tarixli qətnaməsinə əsasən, X4 iddiası təmin edilmiş və 2.33 ha torpaq sahəsinin cavabdehlər İddiaçı1 və İddiaçı2 qaytarılması, cavabdehlərdən 7.458.000 manat pulun alınıb X5 verilməsi qərara alınmışdır. Həmin Qətnamədən apelyasiya şikayəti verilməmiş və 14 mart 2005-ci ildə qanuni qüvvəsini alaraq icraya göndərilmişdir. xx.xx.2005-ci il tarixli icraata başlamaq haqqında Neftçala rayon MN və Mİ qrupunun qərarından görünür ki, İddiaçı1 və İddiaçı2 7.458.000 manat pulun alınıb X5 verilməsi Neftçala rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-27/2005 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş və qərar icra edilməsindən ötrü Neftçala rayon MN və Mİ qrupuna göndərilmişdir və iş üzrə icraata başlanımış, pulu ödəmək üçün cavabdehlərə 05 gün müddət verilmişdir. Neftçala rayon MN və Mİ qrupunun xx.xx.2005-ci il tarixli icraatın birləşdirilməsi barəsində qərarın surətindən görünür ki, 167 saylı, xx.xx.2005-ci il tarixli icra işi üzrə İddiaçı2 1491 manat 60 qəpik pul alınaraq X5 verilməlidir. X7 həm də 166 saylı icra işi üzrə tələbkar olduğu üçün 167 saylı, xx.xx.2005-ci il tarixli icra işi 166 saylı, xx.xx.2005-ci il tarixli icra işi ilə ümumi icraatda birləşdirilmişdir. Neftçala rayon MN və Mİ qrupunun xx.xx.2005-ci il tarixli Neftçala rayon Məhkəməsinə ünvanladığı təqdimatında qeyd edilmişdir ki, ünvan 35-ci il tarixli icra sənədlərinə əsasən İddiaçı1 və İddiaçı2 7.458.000 manat pul alınıb X5 verilməlidir. İddiaçı1 və İddiaçı2 tələb olunan puldan ödəniş etməmişlər. JN 134 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında İddiaçı1 və İddiaçı2 mülkiyyətində 4,63 hektar torpaq sahəsinin olması göstərilir. Yuxarıda göstərilənləri və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsaslanaraq tələbin İddiaçı1 və İddiaçı2 əmlakına yönəldilməsi və onlara məxsus olan 3,63 hektar torpaq sahəsinə həbs qoyulması barəsində qərardad çıxartmağınız xahiş olunur. Neftçala rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərardadından görünür ki, Neftçala rayon MN və Mİ qrupunun xx.xx.2005-ci il tarixli təqdimatı təmin olunaraq, X5 verilməli 7.458.000.manat pul İddiaçı1 və İddiaçı2 əmlakına yönəldilmiş və onlara məxsus olan 3,631 hektar torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. Neftçala rayon MN və Mİ qrupunun xx.xx.2005-ci il tarixli Qiymətləndiricinin dəvət edilməsi haqqında qərarından görünür ki, İddiaçı1 və İddiaçı2 məxsus 3,63 hektar torpaq sahəsinin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edilmişdir. Neftçala Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları X1 ünvanladığı xx.xx.2005-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 17 mart 2005-ci il taixli qərarla icraata başladığı Neftçala Rayon Məhkəməsinin 07 fevral 2005-ci il tarixli 2-27 saylı icra sənədinə əsasən 12 may 2005-ci il tarixdə üzərinə həbs qoyulmuş İddiaçı1 və İddiaçı2 məxsus torpaq sahəsinin 01 bir hektarı 5.434.90 .manat qiymətləndirilmişdir. «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə əsasən tələb olunan borcun dəyərində İddiaçı1 və İddiaçı2 məxsus torpaq sahəsi borc əvəzinə Sizə təklif olunur. Bildirir ki,təklifdən imtina edəcəyiniz halda göstərilən əmlak imtina tarixindən 03 ay müddətində hərrac yolu ilə satılacaqdır. Əmlak hərrac yolu ilə satılmasa, yenidən Sizə təklif olunacaqdır. Təkrar imtina edəcəyiniz təqdirdə həmin əmlak borcluya, icra sənədi isə Neftçala rayon məhkəməsinə qaytarılacaqdır. Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "xxxx" MMC-nin xx.xx.2005-ci il tarixli, 58/09 nömrəli protokolundan görünür ki, İddiaçı1 məxsus 3.63 torpaq sahəsinin qiyməti mövcud qanunvericiliyə uyğun olaraq 10 % aşağı salınaraq növbəti hərraca çıxarılmışdır. Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "xxxx" MMC-nin xx.xx.2005-ci il tarixli, 62/08 nömrəli protokolundan görünür ki, İddiaçı1 məxsus 3.63 torpaq sahəsinin qiyməti mövcud qanunvericiliyə uyğun olaraq 20 % aşağı salınaraq növbəti hərraca çıxarılmışdır. Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "xxxx" MMC-nin xx.xx.2005-ci il tarixli, 66/05 nömrəli protokolundan görünür ki, İddiaçı1 məxsus 3.63 torpaq sahəsinin qiyməti mövcud qanunvericiliyə uyğun olaraq 40 % aşağı salınaraq növbəti hərraca çıxarılır. Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "xxxx" MMC-nin Neftçala Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Qrupuna göndərdiyi xx.xx.2005-ci il tarixli, məktubunda qeyd edilmişdir ki, 95 saylı 01 iyun 2005-ci il tarixli sifariş məktubuna əsasən, Neftçala rayonu İddiaçı1 və İddiaçı2 məxsus 3.63 hektar torpaq sahəsi son hərraca kimi çıxarılmış, lakin alıcısı olmadığı üçün satılmamışdır və sənədlər geri qaytarılır. X4 Neftçala Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Qrupuna ünvanladığı ərizədə qeyd etmişdir ki, İddiaçı1nın və İddiaçı2 ona olan 7.458.000 manat pul borcunun əvəzində onlara məxsus torpaq sahəsinin ona olan borcun miqdarında 01 hektarını 3.226.082 manata götürməyə razıdır. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq və məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə iş materiallarından müəyyən edir ki, iddiaçıların mülkiyyətinə Torpağa mülkiyyət hüququna dair JN-0678 nömrəli (kod ********) 11 may 1998-ci il tarixli Dövlət Aktı ilə Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli 18 nömrəli Qərarı əsasında kənd təsərrüfatı məhsulları istehsalı üçün 4.63 ha torpaq sahəsi verilmişdir. Daha sonra, məhkəmə iclasında iştirak edən iddiaçılar izahatlarında da bildirmişlər ki, xəstə olduğu və müalicəyə ehtiyac olduğu üçün torpaq sahəsinin bir hissəsini şifahi alqı-satqı əsasında X2 və müqabilində 3 milyon manat pul almışlar. Bundan sonra həmin torpaq sahəsini geri tələb etdikləri üçün aralarında mübahisə yaranmış və Neftçala Rayon Məhkəməsi tərəfindən iş üzrə 2-27/2005 nömrəli, 07 fevral 2005-ci il tarixli qətnamə qəbul edilərək, X4 iddiası təmin edilmiş və 2.33 ha torpaq sahəsinin cavabdehlər İddiaçı1 və İddiaçı2 qaytarılması, cavabdehlərdən 7.458.000 manat pulun alınıb X5 verilməsi qərara alınmışdır. Həmin Qətnamədən apelyasiya şikayəti verilməmiş və 14 mart 2005-ci ildə qanuni qüvvəsini alaraq icraya göndərilmişdir. Bundan sonra həmin torpaq sahəsi hərraca çıxarılmış, 3 dəfə hərrac keçirildikdən sonra da alıcısı olmadığı üçün satılmamışdır və sənədlər icra qrupuna geri qaytarılmışdır. Neftçala rayon MN və Mİ qrupu tərəfindən verilmiş torpaq sahəsinə həbs qoyulması ilə bağlı təqdimata əsasən, Neftçala rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərardadı ilə Neftçala rayon MN və Mİ qrupunun xx.xx.2005-ci il tarixli təqdimatı təmin olunaraq, X5 verilməli 7.458.000.manat pul İddiaçı1 və İddiaçı2 əmlakına yönəldilmiş və onlara məxsus olan 3,631 hektar torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. Daha sonra X3 Vüqar Seyfəddin oğlunın və İddiaçı2 ona olan 7.458.000 manat pul borcunun əvəzində onlara məxsus torpaq sahəsinin ona olan borcun miqdarında 01 hektarını 3.226.082 manata götürməyə razı olduğunu bildirmişdir. Məhkəmə prosesindən sonra X4 mülkiyyətinə Neftçala Rayon Məhkəməsinin 07 fevral 2005-ci il tarixli 2-27 saylı icra vərəqəsi və 11 may 2005-ci il tarixli 2-27 saylı Qərardadı ilə ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 2.33 ha torpaq sahəsi verilmiş və Torpağa mülkiyyət hüququna dair JN-134 nömrəli (kod ********) 06 oktyabr 2005-ci il tarixli Dövlət Akt tərtib edilmiş və ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə bütün iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki,iddiaçıların mübahisələndirdiyi X4 mülkiyyətinə 2,3309 ha torpaq sahəsinin verilməsi barədə JN 678, kod 80709018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının verilməsinə əsas Neftçala Rayon Məhkəməsinin 07 fevral 2005-ci il tarixli 2-27 saylı qətnaməsi, həmin tarixli icra vərəqəsi və 11 may 2005-ci il tarixli 2-27 saylı Qərardadı olmuşdur. İddiaçılar hüquqi maraqlarının təmin olunması üçün həmin məhkəmə aktlarını qanunvericinin müəyyən etdiyi müddət ərzində mübahisələndirə bilərdilər. Lakin həmin məhkəmə aktları barədə iddiaçılar tərəfindən vaxtında şikayət verilməmiş, şikayət müddəti ötürülmüş və 2005-ci il tarixdə qanuni qüvvəsini almış icraya yönləndirilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati məhkəmə icraatında həmin qətnamənin və qərardadın mübahisələndirilməsi də mümkün olmayacaqdır. Belə ki, həmin aktlar Neftçala Rayon Məhkəməsi tərəfindən qəbul edilmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların hazırki iddia tələbi bir neçə hissədən ibarətdir. Tələbin bir hissəsi X4 mülkiyyətinə 2,3309 ha torpaq sahəsinin verilməsi barədə JN 678, kod 80709018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının, **********62 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsindən ibarətdir. Digər hissə isə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq müvafiq çıxarışın, plan-ölçüsü sənədlərinin verilməsidir ki, hal-hazırda həmin torpaq sahəsinə dair qüvvədə olan Dövlət Aktı və çıxarış olduğu halda tələb həmin hissədə mümkün hesab edilə bilməz. Dövlət aktının verilməsinə əsas olan məhkəmə aktı, çıxarış ləğv olunduqdan sonra həmin hissə mübahisələndirilə bilər. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə tərəfindən iddiaçıya 26 noyabr 2024-cü il tarixli və 28 yanvar 2025-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək hallar, mümkünsüzlük şərtləri izah edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-820/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-820/2025
08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver