Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-822/2023 03.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1970-ci il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olmuş, 1992-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Ağcabədi rayon Hərbi Komissarlığı tərəfindən Ağdam rayon Ergi qəsəbəsində yerləşən 831, daha sonra isə N saylı hərbi hissənin sıralarına könüllü olaraq fəal iştirak etmiş, 1992-ci ildə Ağdam istiqamətində gedən döyüşlərdə yaralanmış, 02 dekabr 1992-ci il tarixdən 28 dekabr 1992-ci il tarixə kimi Ağdam rayon mərkəzi xəstəxanasında müalicə olunmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyi ilə bağlı ona Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müharibə veteranı statusu və müharibə veteranı vəsiqəsi verilməmişdir. Ona görədə döyüşdə olduğu dövürdə yaralanmağı və 02 dekabr 1992-ci il tarixdə Ağdam rayon xəstəxanasında müalicədə olmağı ilə bağlı və bu səbəbdəndə veteran adının verilməsini istəmişdir. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, Müdafiə Nazirliyi “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. 1992-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə könüllü qoşulmuş və döyüş zamanı ağır xəsarətlər “qapalı kəllə beyin travması, çoxsaylı qəlpə yaraları, ağır dərəcədə beyin silkələnməsi diaqnozu ilə Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilmiş və orada müalicə almışdır. Onunla birlikdə həmin döyüşlərdə iştirak etmiş və hadisənin şahidi olmuş şəxslər də təsdiq edə bilər. Onun 1992-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, yəni Ağdam istiqamətində gedən döyüşlər zamanı aldığı xəsarətlər “qapalı kəllə beyin travması, çoxsaylı qəlpə yaraları, ağır dərəcədə beyin silkələnməsi” diaqnozu ilə Ağdam rayon mərkəzi xəstəxanasında müalicə olmağı ilə bağlı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyini Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışına əsasən X1 N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, istər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. Müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlandıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul etməlidir. Hərbi qulluqçuların ehtiyyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçularının qismən ehtiyata buraxılması haqqında” 23 yanvar 1996-cı il tarixli 433 nömrəli Fərmanından sonra başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 yanvar 1996-cı il tarixli əmrin 1-ci bəndində qeyd edilmişdir ki, 10 fevral 1996-cı il tarixdən 25 yaşı tamam olmuş və daha çox yaşı olan, cəmi 2 ildən yuxarı xidmət etmiş hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılsınlar. Həmin əmrin 2-ci bəndində qeyd edilmişdir ki, 25 yaşdan yuxarı ehtiyata buraxılmaq hüquqi olan, lakin hərbi hissəni öz başına tərk etmiş əsgər, matros, çavuşlar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılsınlar və hərbi uçot sənədləri çağırış yeri üzrə hərbi komissarlığa göndərilsin. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İşdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 12.1 -ci maddəsinə əsasən məhkəmə proses iştirakçıların izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsini rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibatiiqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Ağcabədi rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Ağcabədi rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsaslı deyildir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmişmiş surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə Ağcabədi rayonununHindarx kəndində anadan olmuş, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/3-8538 nömrəli məktubunda qeyd edilmişdir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Ağcabədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə icrası məcburi olan heç bir öhdəlik qoyulmadığına görə müharibə veteranı adının və vəsiqəsindən imtina olunmuşdur. İşdə olan Ağcabədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(017)-341/2018 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, ərizəçi xx xxxx 1970-ci il tarixdə Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuş İddiaçı 02 dekabr 1992-ci il tarixdə Azərbaycan Respublikası MN-nin N saylı hərbi hissədə könüllü xidmətdə olduğu zaman Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, yəni Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etməsi və mərmi partlaması nəticəsində yaralanması və 02 dekabr 1992-ci il tarixdən 28 dekabr 1992-ci il tarixədək Ağdam rayon Mərkəzi Xəstəxanasında stasionar olması ilə bağlı hüquqi fakt müəyyən edilmişdir. İşdə olan xx.xx.1988-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək hərbi xidmətdə iştirak etmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının xidməti tam təsdiqini tapmamış, həmçinin ordu sıralarından qanuni əsaslarla tərxis olunması müəyyən edilməmiş, eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir subut (hərbi hissələrin nizami hissə üzrə əmri və ya arxiv arayışı) təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Beləliklə, məhkəmə iş üzrə toplanmış subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin subutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-822/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-822/2023
03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver