Məhkəmə qərarları › İş №2-1(120)-827/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-827/2020

06.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-827/2020 06.05.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cəza çəkməkdən azad edilmiş şəxs kimi ödənilməli olan birdəfəlik pul müavinətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Əliyev X2 şəhəri, Ş.Xiyabanı ev 45/5, mənzil 27-də qeydiyyatda olmaqla orada yaşayır. İddiaçı cəza çəkməkdən azad edilmiş şəxs kimi ödənilməli olan birdəfəlik pul müavinətinin verilməsi üçün Cavabdehnə müraciət etmiş, lakin cavabdeh 29 yanvar 2020-ci il tarixli, **********6 nömrəli məktubla imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəza çəkməkdən azad edilmiş bir şəxs kimi ödənilməli olan birdəfəlik pul müavinətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi üçün məhkəmə iclasını onun iştirakı olmadan keçirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı və Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Rusiya Federasiyası, Moskva şəhər Naqatinskiy rayon məhkəməsinin 20.05.2015-ci il tarixli hökmü ilə 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 18.12.2014-cü il tarixdən hesablanılmış və 10.08.2018-ci il tarixədək Rusiya Federasiyasının Belqorod vilayətinin FKU İK-6 UFSİN-də cəza çəkmiş və cəzanın sonu ilə 10.08.2018-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad edilərək Azərbaycana qayıtmışdır. Lakin hüquqi savadı olmadığı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərə birdəfəlik pul müavinətinin verilməsi ilə bağlı bu günə kimi müraciət etməmişdir. Hazırda cəza çəkməkdən azad edilmiş bir şəxs kimi ona ödənilməli olan birdəfəlik pul müavinətinin verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının ƏƏSMN-nin yanında DSMF-nun Lənkəran şəhər şöbəsinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının ƏƏSMN-nin yanında DSMF-nun Lənkəran şəhər şöbəsi tərəfindən ərizəsinə rədd cavabı verilərək bildirilmişdir ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respubliksının Qanununun 8-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir il olduğundan onun həmin müavinət növü üzrə müraciətinə uyğun ödənişin təyin edilib ödənilməsi mümkün deyildir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehnə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə müavinətin ödənilməsi “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildən artıq olduğundan vətəndaşa həmin müavinət növü üzrə müraciətinə uyğun ödənişin təyin edilib ödənilməsi mümkün deyildir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surəti, məkumluq haqqında arayış və və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran şəhər ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lənkəran şəhərinda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq əsaslı deyil Belə ki, iddiaçı cəza çəkməkdən azad edilmiş şəxs kimi ödənilməli olan birdəfəlik pul müavinətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 17.08.1966-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Lənkəran şəhəri, Ş.Xiyabanı ev 45/5, mənzil 27-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Rusiya Federasiyasının Belqorod vilayətinin FKU İK-6 UFSİN-nin rus dilində olan 31/TO/36/12 nömrəli arayışından görünür ki, 17.08.1966-cı il təvəllüdlü İddiaçı 3 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 18.12.2014-cü il tarixdən hesablanılmış və 10.08.2018-ci il tarixədək Rusiya Federasiyasının Belqorod vilayətinin FKU İK-6 UFSİN-də cəza çəkmişdir. İşdə olan Cavabdeh İddiaçı ünvanladığı 29.01.2020-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respubliksının Qanununun 8-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir il olduğundan onun həmin müavinət növü üzrə müraciətinə uyğun ödənişin təyin edilib ödənilməsi mümkün deyildir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun: 2-ci maddəsinə əsasən, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin (bundan sonra-cəza çəkməkdən azad edilmiş şəxslər) sosial adaptasiyası haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsindən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 3.1-ci maddəsinə görə, bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. 7.2-ci maddəsinə əsasən, penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. 8-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. 9.1-9.2-ci maddələrinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. Cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Rusiya Federasiyasında cinayət məsuliyyətinə cəlb olunmuş və orada cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. 10.08.2018-ci il tarixdə cəzasının sonu ilə cəzaçəkməkdən azad edilmiş və həmin tarixdən daimi yaşamaq üçün Azərbaycan Respublikasına qayıtmışdır. İşdə olan Cavabdeh İddiaçı ünvanladığı məktubdan müəyyən olunur ki, iddiaçı 29.01.2020-ci il tarixli, **********6 nömrəli məktubula cavabdeh orqana hazırkı tələblə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinin tələbləri baxımından digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış vətəndaşlar 3 ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. Ancaq iddiaçı qeyd olunan müddət ərzində qeydiyyata alınması üçün ərizə ilə cavabdeh inzibati orqana müraciət etməmiş və bununla da o, qanunvercilikdə nəzərdə tutulan müddəti ötürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Başqa sözlə, məhkəmə cavabdehin hərəkətinin qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddəsinə görə, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdehnə qarşı cəza çəkməkdən azad edilmiş şəxs kimi ödənilməli olan birdəfəlik pul müavinətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Мəhkəmə hesab edir ki, prosessal xərc (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı cəza çəkməkdən azad edilmiş şəxs kimi ödənilməli olan birdəfəlik pul müavinətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar