Məhkəmə qərarları › İş №2-1(120)-827/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-827/2021

04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-827/2021 04.11.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialına qarşı «10.10.1983-22.10.1984, 1987-1988-ci illərdə Cəlilabad rayonu “Səməd Vurğun” adına sovxozda, 1995-1998-ci il tarixlərdə X9 (Gəncə şəhəri X10 Xidməti Kollecinin Cəlilabad filialı) işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla 18.01.2010-cu il tarixdən İİ qrup əlilliyə görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması və həmin tarixdən yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 04 noyabr 2021-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 10.10.1983-22.10.1984, 1987-1988-ci illərdə “Səməd Vurğun” adına sovxozda, 01.09.1995-01.10.1998-ci il tarixlərdə Gəncə MXK-nin Cəlilabad şöbəsində, eləcə də X5 Mərkəzində işlədiyi iş stajının rəsmiləşdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirmiş, Şirvan İnzibati Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qərardadı ilə iddia tələbinə 10.10.1983-22.10.1984, 1987-1988-ci illərdə Cəlilabad rayonu Səməd Vurğun adına sovxozda, 1995-1998-ci il tarixlərdə X9 (Gəncə şəhəri X10 Xidməti Kollecinin Cəlilabad filialında) işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla 01.05.2019-cu il tarixdən İİ qrup əlilliyə görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması və həmin tarixdən yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 18 iyun 2020-ci il tarixli, 2- 1(120)-797/2020 nömrəli qərarı ilə İddiaçı 10.10.1983-22.10.1984, 1987-1988-ci illərdə Cəlilabad rayonu Səməd Vurğun adına sovxozda, 1995-1998-ci il tarixlərdə X9 (Gəncə şəhəri X10 Xidməti Kollecinin Cəlilabad filialı) işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, 01.05.2019-cu il tarixdən İİ qrup əlilliyə görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması və həmin tarixdən yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsi tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya baxışında Dövlət Sosial Müdafiə Fondunun 9 saylı Regional Ərazi filialı cavabdeh qismində tanınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən İ.Q.Əsədov, hakimlər M.K.Həsənov və Z.A.Zeynalovdan ibarət tərkibdə) 09 fevral 2021-ci il tarixli, 2- 1(106)-58/2021 nömrəli qərardadı ilə İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2-1(120)-797/2020 saylı qərarının ləğv edilərək, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati işin Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. İşə birinci instansiya məhkəməsində təkrar baxılarkən iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “10.10.1983-22.10.1984, 1987-1988-ci illərdə Cəlilabad rayonu Səməd Vurğun adına sovxozda, 1995-1998-ci il tarixlərdə X9 (Gəncə şəhəri X10 Xidməti Kollecinin Cəlilabad filialında) işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla 18.01.2010-cu il tarixdən İİ qrup əlilliyə görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması və həmin tarixdən yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Bundan əlavə işə birinci instansiya məhkəməsində təkrar baxılarkən iddiaçı məhkəməyə yenə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “iddiaçının “10.10.1983-22.10.1984, 01.02.1987-30.01.1988-ci illərdə Cəlilabad rayonu Səməd Vurğun adına sovxozda, 1995-1998-ci il tarixlərdə X9 (Gəncə şəhəri X10 Xidməti Kollecinin Cəlilabad filialında) işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla 18.01.2010-cu il tarixdən İİ qrup əlilliyə görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması və həmin tarixdən yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadları ilə iddianın dəyişdirilməsi qəbul olunmuş, eləcə də iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 9 saylı Regional Ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialı ilə əvəz olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, apelyasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki,“...İşin hallarından görünür ki, iddiaçı ərizəsində 01.05.2019-cu il tarixdən əlilliyə görə pensiya təyin edildiyini qeyd edərək, ona həmin vaxtdan təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. DSMF-nin Cəlilabad rayon şöbəsi də məhkəməyə ünvanladığı məktubunda ərizəçinin 01.05.2019-cu il tarixdən 2-ci qrup əlil olduğunu qeyd etməklə, ona həmin vaxtdan pensiya təyin edildiyini göstərmişdir. Birinc instansiya məhkəməsi cavabdeh inzibati orqanın məktubuna istinad edərək iddianı göstərilən qaydada təmin etmişdir. İnzibati işə apelyasiya qaydasında baxılarkən DSMF-nin Cəlilabad rayon filialı apelyasiya məhkəməsinə məktub ünvanlayaraq, İddiaçı 18 yanvar 2010-cu il tarixdən 2-ci qrup əlil kimi pensiya aldığını göstərmişdir. İddiaçı da apelyasiya məhkəməsinə ünvanladığı məktubunda iddiasının səhv olduğunu, onun 2019-cu ildən deyil, 2010-cu ildən əlilliyə görə pensiya aldığını qeyd etmişdir. Beləliklə, müəyyən edilir ki, hazırki inzibati iş materiallarında əsas sübut mənbəyi sayılan, pensiyasının yenidən hesablanmasını iddia edən iddiaçının əlilliyə görə ilkin pensiya təyin edilməsi faktını bildirən bir-birinə zidd olan iki arayış vardır. Arayışların birində iddiaçıya 01.05.2019-cu ildən əlilliyə görə pensiya təyin edildiyi, digərində ona 01.01.2010-cu il tarixdən pensiya təyin edildiyi göstərilmişdir. İşin düzgün həlli üçün işin həqiqi halları müəyyən edilməlidir. İş materiallarına əlavə edilən, mübahisənin həlli üçün istinad edilən arayışlardan biri isə həqiqi deyil. Baxmayaraq ki, iddiaçı ilkin ərizəsində və izahatında 2010-cu ildən əlilliyə görə pensiya aldığını qeyd etməmişdir. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə pensiyanın yenidən hesablanması məsələsini araşdırarkən pensiya işini tələb edib nəzərdən keçirməklə ərizəçiyə hansı vaxtdan və hansı qaydada pensiya təyin edilməsini aydınlaşdırmamış, zəruri halda iddia ərizəsinin dəqiqləşdirilməsi üçün müvafiq tədbirlər görməmişdir. Bununla əlaqədar, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamış, habelə, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya müvafiq yardım göstərməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, hazırki işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, bununla da ciddi prosessual pozuntuya yol vermişdir ki, bu da məhkəmə qərarının ləğvi üçün əsasdır. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apelyasiya instansiyası məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(106)-58/2021 nömrəli qərardadındakı göstərişlər (hüquqi mövqe) nəzərə alınaraq təkrar məhkəmə baxışı zamanı məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialından daxil olmuş 23 aprel 2021-ci il tarixli, **********8 saylı məlumatda “Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi barədə 18.01.2010-cu il tarixli qərar qəbul edilərək İddiaçı ikinci qrup əlillik təyin edildiyi, həmin qərar əsasında Cəlilabad rayon şöbəsi tərəfindən İddiaçı əlillliyə görə əmək pensiyası təyin edildiyi, Cəlilabad Rayon Məhkəməsinin 02 iyul 2015-ci il tarixli, 1(073)- 37/2021 nömrəli hökmü ilə İddiaçı 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi, cəzasını çəkdiyi cəzaçəkmə müəssisələrinin yerləşdiyi rayonlara uyğun olaraq pensiya işi aidiyyəti üzrə Fondun Xətai rayon və Binəqədi rayon şöbələri tərəfindən müvafiq olaraq 01.03.2016-cı il tarixdə və 01.07.2016-cı il tarixdə qeydiyyata götürüldüyü və pensiya ödənişlərinin həmin şöbələr tərəfindən davam etdirildiyi, 17.08.2016-cı il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının əlilliyinin təkrar qiymətləndirilərək, 05 il müddətinə ikinci qrup əlil hesab edildiyi, İddiaçı cəzaçəkmə müəssisəsindən buraxıldıqdan sonra 30.04.2019-cu il tarixdə Cəlilabad rayon şöbəsi tərəfindən qeydiyyata götürüldüyü və pensiya ödənişlərinin davam etdirildiyi” bildirilmişdir. Təkrar məhkəmə baxışı zamanı məhkəmənin sorğusu əsasında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən daxil olmuş 18 may 2021-ci il tarixli, ********** saylı məlumatda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Elektron İnformasiya Sisteminin “Əlillik Altsistemi”ndən məlum olur ki, Salmanov X3 Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında 18.01.2010-cu il tarixdə tibbi-sosial ekspert komissiyasında ilkin müayinə olunmuş, “ümumi xəstəlik” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Növbəti illərdə təkrar müayinə zamanı şəxsin bir il müddətinə olan ikinci dərəcə əlilliyi qüvvəsində saxlanılmış, 16.09.2015-ci il tarixdə təkrar qiymətləndirilmə zamanı növbəti müayinə tarixi 17.08.2016-cı il olmaqla əlilliyin müddəti bir il də uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin keçid müddəalarının 6.1-ci bəndinə əsasən növbəti müayinə müddəti 17.08.2021-ci il olmaqla İddiaçı əlilliyi 17.08.2016-cı il tarixdə sistem tərəfindən 5 il müddətinə uzadılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X13 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına göndərilən 15 fevral 2021-ci il tarixli, 135(32)/3 №-li cavab məktubunda Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri X6 Xidməti Kolleci arxiv fondunun sənədlərinə əsasən fəhlə və qulluqçuların şəxsi heyət üzrə əmr kitablarından “28 avqust 1996-cı il tarixli, 43-K №-li əmrdən çıxarışa əsasən İddiaçı - M.X.K-nın Cəlilabad şöbəsinə 1996/1997-ci tədris ili başa çatana kimi saat hesabı müəllim qəbul olunduğu; “01 iyul 1997-ci il tarixli, 37-K №-li əmrdən çıxarışa əsasən İddiaçı - M.X.K-nın Cəlilabad şöbəsinin saat hesabı müəllimi, 1996/1997-ci tədris ili başa çatdığı üçün işdən azad olunduğu; “30 avqust 1997-ci il tarixli, 54-K №-li əmrdən çıxarışa əsasən İddiaçı- M.X.K-nın Cəlilabad şöbəsinə 1997/1998-ci tədris ili başa çatana kimi müvəqqəti saat hesabı müəllim qəbul olunduğu; “07 iyul 1998-ci il tarixli, 51 №-li əmrdən çıxarışa əsasən İddiaçı - M.X.K-nın Cəlilabad şöbəsinin saat hesabı müəllimi, 1997/1998-ci tədris ili başa çatdığı üçün işdən azad olunduğunun məlum olduğu, X6 Xidməti Kolleci Cəlilabad filialının əmək haqqı cədvəllərinin X16 filialına təhvil verilmədiyi, həmçinin filialda mühafizə olunan Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri X6 Xidməti Kolleci arxiv fondunun 1996-1998-ci illər üzrə əmək haqqı cədvəllərinin yoxlanıldığı, İddiaçı adının aşkar olunmadığı bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğil olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd olunan Qanunun 21.2.1-ci və 21.2.5-ci maddələrinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçisin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial haqqı ödənilən hər hansı işinin müddəti, işsizlik müavinətinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət əlavə edilir. Həmin Qanunun 27-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Həmin Qanunun 30.1-ci maddəsinə görə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların daxil olduğu gündən ən azı 10 gün müddətində baxılmaqla təyinat aparılır. Sözügedən Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı 10 oktyabr 1983-cü il tarixli, 112 nömrəli əmrlə Cəlilabad rayonu S.Vurğun adına sovxoza fəhlə qəbul edilmiş, 22.10.1984-cü il tarixli, 143 nömrəli əmrlə hərbi xidmətə getdiyi üçün sovxoz fəhləliyindən azad edilmişdir. İddiaçının yenidən sovxozda işə girmə əmri aşkar edilməsə də, 1987-ci ilin fevral-dekabr ayları, 1988-ci ilin yanvar ayı üçün əmək haqqı alması arxiv arayışı ilə öz təsdiqinin tapmış və iddiaçı sovxozun 30.01.1988-ci il tarixli, 20 nömrəli əmri ilə sovxoz fəhləliyindən azad edilmişdir. İddiaçının həmin illərdə qeyd olunan sovxozda işləməsi Cəlilabad rayonu Dövlət Arxivi tərəfindən verilmiş 09.01.2020-ci il tarixli, 5 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapır. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 01.09.1995-ci il tarixdən 01.10.1998-ci il tarixə kimi Gəncə MXK-nin Cəlilabad şöbəsində “Azərbaycan dili və ədəbiyyatı” müəllimi işləmiş və iddiaçının həmin illərdə qeyd olunan işdə işləməsi Gəncə şəhəri X10 Xidməti Kollecinin 18.02.2002-ci il tarixli, 99 nömrəli arayışı və Azərbaycan Respublikası Dövlət X7 12.03.2020-ci il tarixli, 368/3 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapır. Bundan əlavə məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, İddiaçı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında 18.01.2010-cu il tarixdə tibbi-sosial ekspert komissiyasında ilkin müayinə olunmuş, “ümumi xəstəlik” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmiş, növbəti illərdə təkrar müayinə zamanı şəxsin bir il müddətinə olan ikinci dərəcə əlilliyi qüvvəsində saxlanılmış, 16.09.2015-ci il tarixdə təkrar qiymətləndirilmə zamanı növbəti müayinə tarixi 17.08.2016cı il olmaqla əlilliyin müddəti bir il də uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin keçid müddəalarının 6.1-ci bəndinə əsasən növbəti müayinə müddəti 17.08.2021-ci il olmaqla İddiaçı əlilliyi 17.08.2016-cı il tarixdə sistem tərəfindən 5 il müddətinə uzadılmışdır. İşin müəyyən olunan hallarından həmçinin görünür ki, iddiaçı 17.02.2020-ci ildə ona əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə DSMF-nin Cəlilabad rayon şöbəsinə müraciət edərək, 10.10.1983-22.10.1984, 1987-1988-ci illərdə Cəlilabad rayonu “Səməd Vurğun” adına sovxozda, 1995-1998-ci il tarixlərdə X9 (Gəncə şəhəri X10 Xidməti Kollecinin Cəlilabad filialı) işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla 01.05.2019-cu il tarixdən İİ qrup əlilliyə görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdehin iddiaçıya ünvanlanmış əmək pensiyasının yenidən hesablanmasından imtina edilməsi barədə bildirişi ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi, iddiaçının 10.10.1983-cü il tarixdən 22.10.1984-cü il tarixədək, 1987-1988-ci illər Səməd Vurğun adına sovxoz və 1995-1998-ci illərdə X9, eləcə də X1 iş stajı əmək kitabçasında göstərilmədiyi üçün, iddiaçıya əlilliyə görə əmək pensiyasının yenidən hesablanmasından imtina edildiyi bildirilmiş, bundan sonra iddiaçı 25.02.2020-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, iddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialına müraciət edərək, 10.10.1983-22.10.1984, 1987-1988-ci illərdə Cəlilabad rayonu “Səməd Vurğun” adına sovxozda, 1995-1998-ci il tarixlərdə X9 (Gəncə şəhəri X10 Xidməti Kollecinin Cəlilabad filialı) işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla 18.01.2010-cu il tarixdən İİ qrup əlilliyə görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialının İddiaçı ünvanlanmış 04.11.2021-ci il tarixli əmək pensiyasının yenidən hesablanmasından imtina olunması haqqında bildirişdə aşağıdakılar bildirilmişdir: Sizin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin 18.01.2010-cu il tarixində qüvvədə olan tələblərinə əsasən sizə həmin tarixdən ümumi xəstəlik səbəbindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir (pensiya işiniz 01 03 2016-cı il tarixində Fondun Cəlilabad rayon şöbəsindən Xəzər rayon şöbəsinə köçürülmüş, daha sonra 21.10.2016-cı il tarixində Fondun Binəqədi rayon şöbəsinə, oradan da 01.05.2019-cu il tarixdə yenidən Fondun Cəlilabad rayon şöbəsinə köçürülmüşdür). Fondun Binəqədi rayon şöbəsinin 06.03.2019cu il tarixli sərəncamına əsasən əmək pensiyanızın keçmiş dovr üzrə ödənilməmiş məbləği 01.01.2006-cı il tarixədək 15 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında yenidən hesablanaraq ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr uçun hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Eyni zamanda, həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr tarixli 17 №-li Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bır növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının Sosial sığorta stajının hesablanması prosedurunun 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Həmin Qaydaların 3.2.2-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədlərı başqa qaydada bərpa etmək mümkün olmadıqda iş stajı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında hesablanır. Bildirirlər ki, ərizənizdə qeyd olunmuş 10.10.1983-22.10.1984-cü illər, 1987- 1988-ci illər və 1995-1998-ci illər üzrə əmək fəaliyyəti dövrləriniz əmək kitabçasında öz əksini tapmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Eyni zamanda bildirirlər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmış Elektron informasiya Sistemınin Əlillik altisteminə əsasən sizin İİ dərəcə əlilliyinizin müddəti 18.08.2021-ci il tarixində bitmişdir. Bu səbəbdən əmək pensiyanızın ödənişi 01.09.2021-ci il tarixindən dayandırılmışdır. Tibbi-Sosial Ekspert Komissıyasının 26.10.2021-ci il tarixli müayinə aktına əsasən sizə əlillik dərəcəsinin müəyyən edilməsindən imtina edilmişdir. Qeyd olunanları nəzərə alaraq əmək pensiyanızın ərizənizdə qeyd etdiyiniz əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibatı icraat haqqında” Azərbaycan Respublıkası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Cavabdehin iddiaya etirazının dəlillərinin əsaslarından biri iddiaçının işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması, işçinin əmək fəaliyyəti haqqında sənədin əmək kitabçası hesab edildiyi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışlarının aid edilmədiyi təşkil edir. Cavabdehin bu dəlilini əsassız hesab edən məhkəmə qeyd edir ki, sözügedən arayış məhkəmə baxışı zamanı araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə 10.10.1983-22.10.1984, 01.02.1987-30.01.1988-ci illərdə Cəlilabad rayonu Səməd Vurğun adına sovxozda əmək fəaliyyətinə dair 09.01.2020-ci il tarixli, 5 nömrəli arxiv arayışını təqdim etmişdir. Yuxarıda qeyd olunduğu kimi iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Lakin əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar da nəzərə alınır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuzdur. İddiaçı sovxozda işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi üçün qanunda nəzərdə tutulmuş əsası, yəni arxiv arayışını cavabdeh inzibati orqana təqdim etmişdir. Cavabdehin iddiaya etirazının dəlillərinin əsaslarından digəri isə iddiaçının 1995- 1998-ci il tarixlərdə X9 işləməsi faktının şübhə yaratması, bu səbəbdən iddiaçının həmin kollecdə qeyd olunan dövrlərdə işləməsini təsdiq edən sənədlərin (əməkhaqqı cədvəlləri, işə daxilolma və işdən azad edilmə əmrləri və s) təqdim edilməsi üçün Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X11 sorğu ünvanlanması, Azərbaycan Respublikası Dövlət X13 tərəfindən göndərilən 15 fevral 2021-ci il tarixli, 135(32)/3 №-li cavab məktubunda vətəndaşın 26.08.1996-cı ildə işə daxilolma əmrinin göstərilməsi, Gəncə X6 Xidməti Kolleci arxiv fondunun 1996-1998-ci illər üzrə əmək haqqı cədvəlləri yoxlanılan zaman İddiaçı adının aşkar edilməməsi, iddiaçının təqdim etdiyi arayışla Dövlət X13 tərəfindən göndərilən cavab məktubu arasında zıddiyyətin olması təşkil edir. Cavabdehin bu dəlilini də əsassız hesab edən məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası, eləcə də Gəncə şəhəri X10 Xidməti Kollecinin 18.02.2002-ci il tarixli, 99 nömrəli arayışı və Azərbaycan Respublikası Dövlət X7 12.03.2020-ci il tarixli, 368/3 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapdığından, cavabdeh tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında və arayışda qeyd olunanlar mötəbər hesab olunur. Habelə məhkəmə hesab edir ki, Gəncə X6 Xidməti Kolleci arxiv fondunun 1996-1998-ci illər üzrə əmək haqqı cədvəllərinin hazırda mövcud olmaması iddiaçının konstitusion hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara və bu hal iddiaçının ziyanına təfsir edilə bilməz. Belə ki, karguzarlığın aparılması qaydalarına uyğun karguzarlığın aparılması və sənədlərin arxivə təhvil verilməsi iddiaçı tərəfindən deyil, məhz kollecin rəhbərliyi və arxiv idarələri tərəfindən həyata keçirilir. Habelə, əmək haqqı cədvəllərinin olmaması, həmin illərin iddiaçıya sığorta stajı kimi nəzərə alınmamasına deyil, ona pensiya təyin edildiyi zaman əmək haqqının işlədiyi dövrlər üzrə minimum əmək haqqına uyğun hesablanmasına əsas ola bilər. İddiaçının 18.01.2010-cu il tarixdən yenidən hesablanmalı olan əmək pensiyasının ödənilməsi tələbinə gəldikdə, məhkəmə nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 2017-ci il 1 iyul tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. İşdən göründüyü kimi, iddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə 2017-ci il 1 iyul tarixdən sonra – 17 fevral 2020-ci il tarixdə müraciət etmişdir. Buna görə də «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının əlilliyə görə əmək pensiyası hüququ 18.01.2010-cu il tarixdə yaransa da, o, əlilliyə görə əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh inzibati orqana 17.02.2020-ci il tarixdə müraciət etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdeh inzibati orqana müraciət etdiyi 17.02.2020-ci il tarixdən əvvəlki üç il üçün ödənilməklə əlilliyə görə əmək pensiyasının yenidən hesablanması və həmin tarixdən yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Bundan başqa iddianın pensiyanın yenidən hesablanması hissəsinə qiymət verən məhkəmə qeyd edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, qeyd olunan illər iddiaçının sosial sığorta stajına daxil edildikdən sonra onun pensiyaya çıxdığı zaman pensiya məbləğinin hesablanmasında nəzərə alınan iş illərinin sayının artmasına səbəb olur ki, həmin iş illərinə də uyğun pensiya məbləği yenidən hesablanmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı 10.10.1983-22.10.1984, 01.02.1987-30.01.1988-ci illərdə Cəlilabad rayonu “Səməd Vurğun” adına sovxozda, 1995-1998-ci il tarixlərdə X9 (Gəncə şəhəri X10 Xidməti Kollecinin Cəlilabad filialında) işlədiyi dövr sosial sığorta stajı kimi nəzərə alınaraq, ona müraciət etdiyi 17.02.2020-ci il tarixdən əvvəlki üç il üçün ödənilməklə əlilliyə görə əmək pensiyasının yenidən hesablanması və həmin tarixdən yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı 10.10.1983-22.10.1984, 01.02.1987-30.01.1988-ci illərdə Cəlilabad rayonu “Səməd Vurğun” adına sovxozda, 1995-1998-ci il tarixlərdə X9 (Gəncə şəhəri X10 Xidməti Kollecinin Cəlilabad filialında) işlədiyi dövr sosial sığorta stajı kimi nəzərə alınaraq, ona müraciət etdiyi 17.02.2020-ci il tarixdən əvvəlki üç il üçün ödənilməklə əlilliyə görə əmək pensiyasının yenidən hesablanması və həmin tarixdən yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar