Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-828/2021 13.07.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı (Salyan rayonu, Dayıkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) cavabdehin nümayəndəsi X2 (Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 6 saylı regional ərazi filialına qarşı əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1949-cu il tarixdə doğulmuş, Salyan rayonu, Dayıkənd kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 6 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin cavabdeh məktubla ona əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1970-1972-ci illərdə Salyan rayon Sarvan kənd ZDS-də işlədiyi iş illəri və 30.09.1969-14.08.1970-ci təhsil illərinin sosial sığorta stajı kimi nəzərə almaqla 28 dekabr 2012-ci il tarixdən əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin 30.06.2021-ci il tarixli iclasında İddiaçı iddia tələbini dəyişərək, 1970- 1972-ci illərdə Salyan rayon Sarvan kənd ZDS-də işlədiyi illəri və 30.09.1967-13.05.1968-ci təhsil müddətini sosial sığorta stajı kimi nəzərə almaqla 28 dekabr 2012-ci il tarixdən əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 30.06.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, 1970-1972-ci illərdə Salyan rayon Sarvan kənd ZDS-də işlədiyi illər və 30.09.1967-13.05.1968-ci təhsil müddəti pensiya təyin edilərkən sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Odur ki, əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı 25.02.2021-ci il tarixdə əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun 6 saylı regional ərazi filialına müraciət etmişdir. Müvafiq filial tərəfindən ərizəçinin müraciətinə baxılaraq imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, İddiaçı işlədiyi müvafiq illər üzrə iş stajı əmək kitabçasında əks olunmadığı üçün həmin illərin sığorta stajı kimi pensiya təyinatı zamanı nəzərə alınması mümkün deyildir. Daha sonra İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 6 saylı regional ərazi filialına qarşı əmək pensiyasının yenidən hesablanması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 04.05.2021-ci il tarixli Şirvan İnzibati Məhkəməsinin qərardadına əsasən İddiaçı iddia tələbini dəqiqləşdirərək 1970-1972-ci illərdə Salyan rayon Sarvan kənd ZDS-də işlədiyi illərin və 30.09.1969-14.08.1970-ci il üzrə təhsil müddətinin sosial sığorta stajı kimi nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Qeyd olunan iş üzrə əsas məsələlərdən biri iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmasını tələb etdiyi 30.09.1969-14.08.1970-ci il üzrə təhsil müddətinin onun hərbi xidmət müddəti ilə üst-üstə düşməsidir. Belə ki, tərəfimizdən Fondun 6 saylı regional ərazi filialına “İddiaçı 28.12.2012-ci ildə əmək pensiyası təyin edilərkən sosial sığorta stajına daxil edilən müvafiq illər barədə məlumatın əldə olunması” ilə bağlı sorğu göndərilmişdir. Fondun müvafiq filialının 23.04.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı 01.09.1972-30.06.1974-cü illər üzrə təhsil müddəti, 01.09.10974-31.05.2015-ci illər üzrə Salyan rayon Dayıkənd məktəbində işləməsi, 18.05.1968-ci ildən 06.06.1970-ci ilə kimi hərbi xidmət müddəti nəzərə alınaraq müvafiq əmək pensiyası təyin edilərkən sosial sığorta stajına daxil edilərək hesablanmışdır. Göründüyü kimi 30.09.1969-14.08.1970-ci il üzrə təhsil müddəti iddiaçının hərbi xidmət dövrü ilə üst-üstə düşür və İddiaçı pensiya təyinatı zamanı hərbi xidmət dövrü üzrə müvafiq illər nəzərə alınmışdır. İddiaçı 1970-1972-ci illərdə Salyan rayon Sarvan kənd ZDS-də işlədiyini iddia edir. İddiaçının Salyan rayon Sarvan kənd ZDS-də işlədiyi 1970-1972-ci illər üzrə iş stajı onun əmək kitabçasında əks olunmamışdır. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Qeyd olunanlara əsasən hərbi xidmət müddəti ilə üst-üstə düşən 30.09.1969- 14.08.1970-ci il üzrə təhsil müddətinin və əmək kitabçasında əks olunmayan 1970-1972-ci illər üzrə iş stajının əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınması qanunvericiliyə əsasən mümkün deyildir. İcraatınızda olan 2-1(120)-828/2021 nömrəli iş üzrə İddiaçı əmək pensiyasının yenidən hesablanması tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh (6 saylı regional ərazi filialı) Salyan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də qismən əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1949-cu il tarixdə doğulmuşdur. Hal-hazırda yaşa görə əmək pensiyası alır. İddiaçıya əmək pensiyası təyin olunarkən 1970-1972-ci illərdə Salyan rayon Sarvan kənd ZDS-də işlədiyi iş illəri və 30.09.1967-13.05.1968-ci təhsil müddəti sosial sığorta stajı kimi nəzərə alınmamışdır. İddiaçı cavabdehə müraciət etdiyi 25.02.2021-ci il tarixdən əvvəlki üç il üçün ödənilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1949-cu il tarixdə anadan olmuş, Salyan rayonu, Dayıkənd kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan 13.05.1968-ci il tarixli, H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 13.05.1968-ci il tarixdən 06.06.1970-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan X4 filialının 25.02.2021-ci il tarixli, 81 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1970-1972-ci illərdə Salyan rayon Sarvan kənd ZDS-də işləmiş və əmək haqqı almışdır. İşdə olan iddiaçıya məxsus 15.08.1970-ci il tarixli, 608 nömrəli Attestatın surətindən görünür ki, 30.09.1967-14.08.1970-ci illərdə İddiaçı 4 nömrəli X7 Məktəbində təhsil almışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 6 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı məktubunda qeyd edilmişdir ki, 28.12.2012-ci ildən yaşa görə əmək pensiyası alır. 25.02.2001-cildə təhsil müddətinin yenidən sığorta stajı kimi pensiya təyinatında hesablanması üçün müraciət etmiş və hal-hazırda 35 il 04 ay 09 gün sığorta stajına görə və 2006-cı ildən sonra fərdi hesabının sığorta hissəsində olan pensiya kapitalına görə 342,55 manat pensiya təyin edilərək ödənilir. Lakin hal-hazırda təqdim etdiyi sentyabr 1970-ci ildən iyul 1972-ci ilədək olan stajı əmək kitabçasında qeyd olunmadığı üçün pensiya təyin edilərkən həmin illəri sığorta stajı kimi pensiya təyinatında hesablamaq mümkün deyildir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin məhkəməyə ünvanladığı 25.05.2021-ci il tarixli, 168/12 nömrəli məktubunda qeyd edilmişdir ki, 1968-1973-cü illərə aid təhsil sənədlərinin verilməsi kitabında İddiaçı 14.08.1970-cu il tarixli, 3 nömrəli protokola əsasən “Mühasibat” (1 illik) ixtisası üzrə diplomun verilməsi qeydə alınmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (25.02.2021-ci il tarixli, 81 nömrəli arxiv arayışını) təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi X4 filialının 25.02.2021-ci il tarixli, 81 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının 1970-1972-ci illərdə Salyan rayon Sarvan kənd ZDS-də işləməsi barədə əmək kitabçasını təqdim edə bilməməsi, iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Bundan başqa, İddiaçı 30.09.1967-13.05.1968-ci təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyi aşağıdakı kimidir: İddiaçının təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilib-edilməməsi məsələsidir. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçıya 28.12.2012-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. O, yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh inzibati orqana 25.02.2021-ci il tarixdə müraciət etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdeh inzibati orqana müraciət etdiyi 25.02.2021-ci il tarixdən əvvəlki üç il üçün ödənilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia qismən təmin edilməli, İddiaçı 1970-1972-ci illərdə Salyan rayon Sarvan kənd ZDS-də işlədiyi illər və 30.09.1967-13.05.1968-ci təhsil müddət sosial sığorta stajı kimi nəzərə alınaraq, cavbdehə müraciət etdiyi 25.02.2021-ci il tarixdən əvvəlki üç il üçün ödənilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 6 saylı regional ərazi filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci), yəni hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 1970-1972-ci illərdə Salyan rayon Sarvan kənd ZDS-də işlədiyi illər və 30.09.1967-13.05.1968-ci təhsil müddət sosial sığorta stajı kimi nəzərə alınaraq, cavabdehə müraciət etdiyi 25.02.2021-ci il tarixdən əvvəlki üç il üçün ödənilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 6 saylı regional ərazi filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-828/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-828/2021
13.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver