Məhkəmə qərarları › İş №2-1(120)-828/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-828/2025

20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-828/2025 20.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “X14 şəhər Kooperativ Cəmiyyətinin xx.xx.2003-cü il tarixli, 02 nömrəli protokoluna əsasən ona verilmiş Şirvan şəhəri, İstiqlaliyyət prospektində 57.6 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “X14 şəhər Kooperativ Cəmiyyətinin xx.xx.2003-cü il tarixli, 02 nömrəli protokoluna əsasən ona verilmiş Şirvan şəhəri, İstiqlaliyyət prospektində 57,6 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının koordinatlarına uyğun mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının “Azərittifaq” İdarə Heyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “X14 şəhər Kooperativ Cəmiyyətinin xx.xx.2003-cü il tarixli 02 nömrəli protokoluna əsasən ona verilmiş Şirvan şəhəri, İstiqlaliyyət prospektində 57.6 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2001-2004-cü illərdə “Azərittifaq” Əli Bayramlı şəhər Koperativ Cəmiyyətinin 32 saylı mağazasında satıcı-müdir işləmiş, 19 mart 2003cü il tarixdə “Azərittifaq” Əli Bayramlı şəhər Koperativ Cəmiyyətinin keçirilmiş iclasında ərizəsinə əsasən tərtib edilmiş aktı müzakirə edərək satıcı-müdir işlədiyi 32 saylı mağazanın texniki vəziyyətinin çox pis olduğundan, əsaslı təmirə ehtiyacının olduğundan və cəmiyyətin maliyyə vəziyyətinin pis olduğundan həmin obyektin ilk balans dəyəri ödənilməklə ona satılması qərara alınmışdır. Obyektin balans dəyəri 877536 manat müəyyən edilmiş və həmin məbləğ onun tərəfindən tam cəmiyyətə ödənilərək obyekt təhvil verilmişdir. Göstərilən obyektin texniki pasportu tərtib edilmiş və obyektin yerləşdiyi torpaq sahəsinin icarəyyə verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin obyekt üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını cavabdehdən xahiş etsə də, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 13 sayl Beyləqan Ərazi İdarəsi tərəfindən ona ünvanlanmış məktubda, “Azərittifaq” Əli Bayramlı şəhər Koperativ Cəmiyyətinin xx.xx.2003-cü il tarixli 2 nömrəli protokolunu təqdim etməyinə baxmayaraq daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair “Azərittifaq” İdarə Heyyətinin qərarını təqdim etməməyim göstərilmişdir. “Azərittifaq” İdarə Heyyətinin qərarı ona verilməmişdir. Həmin obyekt payçı kimi ona “Azərittifaq” Əli Bayramlı şəhər Koperativ Cəmiyyətinin qərarı ilə verilmişdir. Odur ki, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, İddiaçı Şirvan şəhəri, İstiqlaliyyət prospektində yerləşən qeyri-yaşayış binasına dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Əli Bayramlı şəhər Kooperativ Cəmiyyətinin xx.xx.2003-cü il tarixli 2 nömrəli protokolunu təqdim edilməsinə baxmayaraq, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair “Azərittifaq" idarə Heyətinin qərarı təqdim edilməmişdir. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən, iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən, idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12- ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinə etiraz etmişdirlər. Üçüncü şəxs Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının “Azərittifaq” İdarə Heyəti bildirmişdir ki, Əli Bayramlı şəhər (indiki Şirvan şəhər) sakini İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi idarəsinə qarşı «X10 Şəhər Kooperativ Cəmiyyətinin xx.xx.2003-cü il tarixli 02 №-li protokoluna əsasən ona verilmiş Şirvan şəhəri, İstiqlaliyyət prospektində 57,6 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının koordinantlarına uyğun mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası tamamilə əsassızdır. Beləki, Azərittifaq Nizamanməsinə görə Əli Bayramlı Şəhər Kooperativ Cəmiyyətinin (indiki Şirvan Şəhər Kooperativ Cəmiyyətinin) X8 razılıq qərarı olmadan əmlak satmaq səlahiyyəti yoxdur. Rayon (şəhər, kənd) kooperativlərinin nümunəvi nizamnaməsinin 8.3-cü maddəsinə görə kooperativin əmlakı onun payçılarına və üzvü olduğu Azərittifaqa məxsusdur. Azərittifaqla müştərək olan əmlakda tərəfləin payı Azəritttifaq Şurasının qərarına əsasən hər birinə 50 faiz olmaqla müəyyən edilmişdir. Azərittifaq Nizamnaməsinin 6.2.8-ci maddəsinə görə Azərittifaqın üzvləri (rayon kooperativ təşkilatlan) Azərittifaqla müştərək olan əmlak barədə sərəncam verməzdən əvvəl bu barədə X11 bildirməli və İdarə Heyətinin razılıq qərarını almalıdır. Həmin nizamnamənin 15.3.11-ci maddəsinə görə Azərittifaqın özünün və üzvləri ilə müştərək olan əmlakın özgəninkiləşdirilməsi ilə bağlı sərəncam verilməsi Azərittifaqın səlahiyyətinə aiddir. Beləiklə, Şirvan Şəhər Kooperativ Cəmiyyəti tərəfindən İddiaçı Şirvan şəhəri, İstiqlaliyyət prospektində yerləşən 32 saylı mağaza binası satılarkən Azərittifaq Nizamnaməsinin tələbləri pozulmuşdur. X1 İttifaqı (Azərittifaq) ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti arasında 2006cı ildə qəbul edilmiş protokolun 3.8-ci bəndinə görə mağaza binasının İddiaçı adına dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi idarəsi tərəfindən X8 qərarının təqdim edilməsini tələb etməsi tamamilə qanunauyğundur. Qeyd edilənləri və həmçinin AR MM-nin 109-113-cü maddələrini rəhbər tutaraq AR MPM-nin 149-150-ci maddələrinə əsasən məhkəmədən İddiaçı 13 saylı Şirvan Ərazi idarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının “Azərittifaq” İdarə Heyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxslərin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X7 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Şirvan şəhəri ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı X14 şəhər Kooperativ Cəmiyyətinin xx.xx.2003-cü il tarixli, 02 nömrəli protokoluna əsasən ona verilmiş Şirvan şəhəri, İstiqlaliyyət prospektində 57.6 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Əli Bayramlı şəhər Kooperativ Cəmiyyətinin xx.xx.2003-cü il tarixli 02 nömrəli protokolunun surətindən görünür ki, ŞKC-nin maliyyə vəziyyətini 31 və 32 saylı ticarət obyektlərinin əsaslı təmirə vəsaitin olmadığını nəzərə alaraq obyektlərin payçılara İmanov Şamilə və İddiaçı satılması qərara alınmışdır. İş materiallarında olan Əli Bayramlı şəhər Kooperativ Cəmiyyətinin sədri R.Mahmudovun, baş mühasib Ə.Ağayevin və təhvil alan İddiaçı imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, Əli Bayramlı ŞKÇ-nın müvəkkiləri yığıncağının 19 mart 2003-cü il tarixli qərarına əsasən İddiaçı ilk balans dəyəri 877536 manat olan binanın dəyəri tam ödənildiyi üçün özünə təhvil verilmişdir. İş materiallarında olan Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2023-cü il tarixli, 5478 nömrəli müqavilədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini E.Yusubov ilə İddiaçı arasında Şirvan şəhəri, İstiqlaliyyət prospekti ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 57.6 kv.m torpaq sahəsi illik icarə haqqı 120 manat, aylıq 10 manat olmaqla xx.xx.2023-xx.xx.2025-ci il tarixədək 2 il müddətinə icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şirvan şəhəri, İstiqlaliyyət prospekti ünvanında yerləşən 57.6 kv.m torpaq sahəsi İddiaçı xx.xx.2023-xx.xx.2025-ci il tarixədək 2 il müddətinə icarəyə verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-229/2024 nömrəli məktubundan görünür ki, Əli Bayramlı şəhər Kooperativ Cəmiyyətinin xx.xx.2003-cü il tarixli, 2 nömrəli protokolunu təqdim etməyinə baxmayaraq, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair “Azərittifaq” İdarə Heyətinin qərarını təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yükiənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən səbəblərdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətinin icrasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” idarə heyətinin müavininin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 364/25 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərittifaq Nizamanməsinin 6.2.8 və 15.3.11-ci maddələrinə görə Azərittifaqın tabeliyində olan kooperativ təşkilatlarının balansındakı əmlakların özgəninkiləşdirilməsi (satılması və s.) X8 səlahiyyətinə aiddir, kooperativ təşkilatları yalnız X8 müvafiq razılığı olduğu halda əmlakı sata bilərlər. Lakin, Əli Bayramlı Şəhər Kooperativ Cəmiyyəti tərəfindən 2003-cü ildə Əli Bayramlı şəhərinin (indiki Şirvan şəhəri) İstiqlaliyyət prospektində yerləşən qeyri-yaşayış binasının İddiaçı satılması zamanı iddiaçının özünün də qeyd etdiyi kimi, Azərittifaqın razılığı olmamışdır. Bu səbəbdən həmin obyektin satılması ilə əlaqədar Azərittifaqda heç bir sənəd yoxdur. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-8-1/2-384 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 Nömrəli Sahə inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində olan məlumata əsasən İddiaçı verilmiş Şirvan şəhər İstiqlaliyyət prospektində yerləşən qeyri-yaşayış binası hal-hazırda istifadəsizdir və fəaliyyət göstərmir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2- 10/2948/2025 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci-doqquzuncu sualları üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 26.12.24 tarixli 3-21-3-38/2-5354/2024 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: X14 şəhər Koperativ Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 02 nömrəli protokoluna əsasən ona verilmiş Şirvan şəhəri, İstiqlaliyyət prospektində 57.6 kv.m torpaq sahəsində yerləşən qeyriyaşayış binasının naturada və sənəd üzrə yeri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına qeyd olunmuşdur. X14 şəhər Koperativ Cəmiyyətinin xx.xx.2003-cü il tarixli 02 nömrəli protokoluna əsasən ona verilmiş Şirvan şəhəri, İstiqlaliyyət prospektində 57.6 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ayrılan zaman və hal-hazırda dövlət mülkiyyətində olmaqla yaşayış məntəqlərinin torpaqları kateqoriyasına aid tikinti altında olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. X14 şəhər Koperativ Cəmiyyətinin xx.xx.2003-cü il tarixli 02 nömrəli protokoluna əsasən ona verilmiş Şirvan şəhəri, İstiqlaliyyət prospektində 57.6 kv.m torpaq sahəsində yerləşən qeyriyaşayış binasının koordinatları aidiyyəti qanunvericilik aktlarına, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilmişdir. İddiaçının istifadəsində olan 57.6 kv.m torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasının bir mərtəbəli, bir otaqdan ibarət və təyinatına uyğun istifadə edildiyi müəyyən olunmuşdur. Qeyd edilən torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyil. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi sxematik xəritədə mövcuddur və X14 şəhər Kooperativ Cəmiyyətinin xx.xx.2003-cü il tarixli 02 nömrəli protokoluna əsasən İddiaçı verilmiş Şirvan şəhəri, İstiqlaliyyət prospektində 57.6 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının X14 şəhər Kooperativ Cəmiyyətinin olduğu dövrdə həmin müəssisəyə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. X14 şəhər Kooperativ Cəmiyyətinin xx.xx.2003-cü il tarixli 02 nömrəli protokoluna əsasən ona verilmiş Şirvan şəhəri, İstiqlaliyyət prospektində 57.6 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin faktiki koordinatlarının üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. X14 şəhər Kooperativ Cəmiyyətinin xx.xx.2003-cü il tarixli 02 nömrəli protokoluna əsasən ona verilmiş Şirvan şəhəri, İstiqlaliyyət prospektində 57.6 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının tikili barəsində verilən texniki pasporta uyğun olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin üzərində yerləşən faktiki tikilinin ümumi sahəsi 49.2 kv.m-dir. X14 şəhər Kooperativ Cəmiyyətinin xx.xx.2003-cü il tarixli 02 nömrəli protokoluna əsasən ona verilmiş Şirvan şəhəri, İstiqlaliyyət prospektində 57.6 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binası mişar daşdan inşa olunmuşdur. Sözügedən tikilinin insanların həyatı üçün təhlükə törədib-törətməməsinin, üçüncü şəxslərin hüquqlarını pozub-pozmamasının, şəhərin baş planına uyğun inşa olunub-olumamasının və təyinatı üzrə istismara yararlı olub-olunmamasının müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertin səlahiyyətlərinə deyil. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: (158.1.1) girov hüququ; (158.1.2) əmlakdan istifadə hüququ; (158.1.3) servitutlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X9 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X9 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X6 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X6 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X15rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X17rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Bundan başqa qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi idarəsinin imtinası üçün dəlil gətirmişdir: - Əli Bayramlı şəhər Kooperativ Cəmiyyətinin xx.xx.2003-cü il tarixli, 2 nömrəli protokolunu təqdim etməyinə baxmayaraq, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair “Azərittifaq” İdarə Heyətinin qərarını təqdim etməmişdir. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Məhkəmə qeyd edir ki, Əli Bayramlı şəhər Kooperativ Cəmiyyətinin xx.xx.2003-cü il tarixli 02 nömrəli protokolunun surətindən görünür ki, ŞKC-nin maliyyə vəziyyətini 31 və 32 saylı ticarət obyektlərinin əsaslı təmirə vəsaitin olmadığını nəzərə alaraq obyektlərin payçılara İmanov Şamilə və İddiaçı satılması qərara alınmışdır. Əli Bayramlı şəhər Kooperativ Cəmiyyətinin sədri R.Mahmudovun, baş mühasib Ə.Ağayevin və təhvil alan İddiaçı imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, Əli Bayramlı ŞKÇ-nın müvəkkiləri yığıncağının 19 mart 2003-cü il tarixli qərarına əsasən İddiaçı ilk balans dəyəri 877536 manat olan binanın dəyəri tam ödənildiyi üçün özünə təhvil verilmişdir. qeyd edilən dövrdən sonra bu günə kimi tikililərlə bağlı mübahisə olmamış və ya olması barədə də heç bir sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından X14 şəhər Kooperativ Cəmiyyətinin xx.xx.2003-cü il tarixli, 02 nömrəli qərarını mötəbər sübut kimi qiymətləndirilməlidir. Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mülkiyyət hüququ qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yerli icra hakimiyyəti orqanının tikintiyə razılıqla bağlı sənədi, istismara icazə və digər sənədləri nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmiş, təqdim edilməli olan sənədlərin konkret formada təqdim edilməsini tələb etmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10-cu maddəsində nəzərdə tutulmuş sənədlər cavabdehə təqdim edilmişdir. Cavabdeh isə, həmin Qanunun 15.1-ci maddəsinin tələblərinə əsasən müraciətin təminindən imtina etmişdir ki, məhkəmə həmin imtinanı qeyd olunan maddənin tələbləri ilə uzlaşmadığı qənaətindədir. Belə ki, adıçəkilən maddədən görünür ki, Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən inzibati orqanlar tərəfindən qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, imtina məktubunda qeyd edilən halların əsassız olduğu iş materiallarına əlavə edilmiş sübutlarla, eləcə də ekspert rəyi ilə sübuta yetirilir və qeyd olunan imtina iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzuqların olmadığı müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/2948 nömrəli ekspert rəyinə əsasən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ayrılan zaman və halhazırda dövlət mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid tikinti altında olan torpaq sahəsi olduğu, koordinatların aidiyyəti qanunvericilik aktlarına, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edildiyi, təyinatına uyğun istifadə edildiyi, X14 şəhər Kooperativ Cəmiyyətinin olduğu dövrdə həmin müəssisəyə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, torpaq sahəsinin faktiki koordinatlarının üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi, qeyri-yaşayış binasının tikili barəsində verilən texniki pasporta uyğun olduğu və faktiki tikilinin ümumi sahəsi 49.2 kv.m olduğu müəyyən edilir. Məhkəmə hazırkı iş üzrə ekspert rəyi ilə razılaşmamaqla bağlı hər hansı xüsusat müəyyən etməmişdir. Odur ki, ekspert rəyi də mötəbər sübut qismində qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. İddiaçı qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Məhkəmə hesab edir ki, tələb üzrə X14 şəhər Kooperativ Cəmiyyətinin xx.xx.2003-cü il tarixli, 02 nömrəli protokoluna əsasən ona verilmiş Şirvan şəhəri, İstiqlaliyyət prospektində 57.6 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaması iddiaçının bərabərlik hüququnun, qanunçuluq və etimadın qorunması prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilən Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının “Azərittifaq” İdarə Heyəti iddia tələbinə etiraz etsə də, mübahisəli hesab edilən qərarı ayrılan zamandan bu günə kimi mübahisələndirmədiyi, hal-hazırda qərarların qüvvədə olduğu və qanuni əsaslarla ayrıldığı müəyyən edilir. Eləcə də, Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2023-cü il tarixli, 5478 nömrəli müqavilədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini E.Yusubov ilə İddiaçı arasında Şirvan şəhəri, İstiqlaliyyət prospekti ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 57.6 kv.m torpaq sahəsi illik icarə haqqı 120 manat, aylıq 10 manat olmaqla xx.xx.2023-xx.xx.2025-ci il tarixədək 2 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şirvan şəhəri, İstiqlaliyyət prospekti ünvanında yerləşən 57.6 kv.m torpaq sahəsi İddiaçı xx.xx.2023xx.xx.2025-ci il tarixədək 2 il müddətinə icarəyə verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir, eləcə də imtinada qeyd edilən müvafiq rəyin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçı tərəfindən inşa edilmiş qeyri yaşayış obyektinə dair mülkiyyət hüquqlarının dövlət əmlak dövlət reyestr xidmətində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, X14 şəhər Kooperativ Cəmiyyətinin xx.xx.2003-cü il tarixli, 02 nömrəli protokoluna əsasən ona verilmiş Şirvan şəhəri, İstiqlaliyyət prospektində 57.6 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçı iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin ona aid edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Dədədxan oğlunun iddia tələbi təmin edilsin. X14 şəhər Kooperativ Cəmiyyətinin xx.xx.2003-cü il tarixli, 02 nömrəli protokoluna əsasən ona verilmiş Şirvan şəhəri, İstiqlaliyyət prospektində 57.6 kv.m torpaq sahəsində yerləşən qeyriyaşayış binası üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 100 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı Dədədxan oğlundan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ

22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar