Məhkəmə qərarları › İş №2-1(120)-829/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-829/2020

29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-829/2020 29.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı qızının cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə qarşı «sosial sığorta stajı nəzərə alınaraq yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı qızı 12 iyul 1963-cü il tarixdə İmişli rayonu, Qaraqaşlı kəndində doğulmuşdur. O, 1978-1996-cı illərdə İmişli rayonu «Engels» və «Qaraqaşlı» kolxozlarında işləmişdir. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh 13.02.2020-ci il tarixli məktubla ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1979- 1996-cı illərdə İmişli rayonu «Qaraqaşlı» («Engels») kolxozunda işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 12.07.1963-cü il tarixdə İmişli rayonu, Qaraqaşlı kəndində anadan olmuşdur. Hal-hazırda da həmin ünvan qeydiyyatda olmaqla yaşayır. 1978-1996-cı illərdə İmişli rayonu «Qaraqaşlı» («Engels») kolxozunda işləmişdir. Həmçinin 04.01.2003-10.03.2008-ci illərdə İmişli rayonu Qaraqaşlı bələdiyyəsində və 01.12.2008-02.03.2015-ci illərdə 2 saylı Yol Yaşıllaşdırma MMC-nin İmişli sahəsində işləmişdir. 1978-1996-cı illərdə İmişli rayonu «Qaraqaşlı» («Engels») kolxozunda işləməsi İmişli rayon Dövlət Arxivi tərəfindən verilmiş 21.01.2020-ci il tarixli 14 nömrəli arayışında, 04.01.2003-10.03.2008-ci illərdə İmişli rayonu Qaraqaşlı bələdiyyəsində və 01.12.2008-02.03.2015-ci illərdə 2 saylı Yol Yaşıllaşdırma MMC-nin İmişli sahəsində işləməsi isə AЗЕ ******* saylı əmək kitabçasında qeyd edilmişdir. Onun 12.01.2020-ci il tarixdə çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Yaşa görə əmək pensiyası təyin edilməsi üçün iş stajı barədə sənədlərini Dövlət Sosial X2 rayon şöbəsinə təqdim etsə də, 1978-1996-cı illərdə İmişli rayonu Qaraqaşlı (Engels) kolxozunda işləməsi əmək kitabçasında qeyd edilmədiyindən ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Onun 1978-1996-cı illərdə İmişli rayonu «Qaraqaşlı» («Engels») kolxozunda işləyib əmək haqqı almağı arxiv arayışında yazılmışdır. Cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin 17.07.2020-ci il tarixli **********9 saylı münasibət məktubunda qeyd edilmişdir ki, İddiaçı qızının 01.01.2006-cı il tarixinə kimi arxiv arayışına və əmək kitabçasında göstərilən müvafiq illərə əsasən sosial sığorta stajı 22 il təşkil edir. 01.01.2006-cı il tarixindən sonra isə 6 il 1 ay sosial sığorta stajı və 4697.69 manat sosial sığorta kapitalı mövcuddur. Ümumilikdə isə 28 il 1 ay sosial sığorta stajı vardır. İddiaçının əmək kitabçasında 1978-1996-cı illərdə «Engels» və «Qaraqaşlı» adına kolxozlarda işləməsi qeyd olunmamışdır. Bu səbəbdən iddiaçıya həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla çoxuşaqlı ana kimi əmək pensiyası təyin etmək mümkün deyildir. İddiaçı qızına və cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı qızı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və nikahın bağlanması haqqında şəhadətnamənin surətlərini, İmişli rayon Dövlət Arxivinin arayışını, əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətini, İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışları, uşaqlarını səkkiz yaşadək tərbiyə etməsi barədə İmişli Rayon İHB-nin Qaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarına İmişli rayonu Qaraqaşlı bələdiyyəsinin məktubu və İmişli rayonu Qaraqaşlı bələdiyyəsinin əmək haqqı cədvəlindən çıxarışı, İmişli rayon Dövlət Arxivinin məktubu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 3 №-li X1 MMC-nin arayışı əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı 12 iyul 1963-cü il tarixdə doğulmuşdur. 12 yanvar 2020-ci il tarixdə 56 yaş 6 ayı tamam olmuşdur. İddiaçının əmək kitabçasında qeyd edilən iş illəri nəzərə alınmaqla beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İddiaçının 1979-1996-cı illərdə İmişli rayonu «Engels» və «Qaraqaşlı» kolxozlarında işləməsi İmişli rayon Dövlət Arxivinin 31.01.2020-ci il tarixli 14 nömrəli arayışında öz əksini tapmışdır. İmişli rayon Dövlət Arxivinin 31.01.2020-ci il tarixli 14 nömrəli arayışından görünür ki, iddiaçının 1979-cu ildə faktiki adam günü 194 gün, 1980-ci ildə faktiki adam günü 190 gün, 1981-ci ildə faktiki adam günü 197 gün, 1982-ci ildə faktiki adam günü 187 gün, 1983-cü ildə faktiki adam günü 193 gün, 1984-cü ildə faktiki adam günü 182 gün, 1985-1986-cı illərdə faktiki adam günü 182 gün, 1987-ci ildə faktiki adam günü 181 gün, 1988-ci ildə faktiki adam günü 191 gün, 1989-cu ildə faktiki adam günü 186 gün, 1990-cı ildə faktiki adam günü 216 gün, 1991-ci ildə faktiki adam günü 189 gün, 1992-1993-cü illərdə faktiki adam günü 193 gün, 1994-cü ildə faktiki adam günü 207 gün, 1995-ci ildə faktiki adam günü 183 gün və 1996-cı ildə faktiki adam günü 189 gün olmuşdur. «SSRİ-də vətəndaşların pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1979-1996-cı illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «Vətəndaşların pensiya təminatı» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə İmişli rayon Dövlət Arxivinin 31.01.2020-ci il tarixli 14 nömrəli arayışının məlumatları nəzərə alındıqda müəyyən edilir ki, minimum əmək iştirakı norması 1979-1996-cı illərdə 180 gün olmuşdur. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1979-1996-cı illərə münasibətdə yerinə yetirildiyindən həmin illər ona tam əmək stajı kimi, yəni 18 il hesablanmalıldır. İddiaçının əmək kitabçasına əsasən 04.01.2003-10.03.2008-ci illərdə İmişli rayon Qaraqaşlı Bələdiyyəsində, 01.12.2008- 02.03.2015-ci illərdə 2 saylı Yol Yaşıllaşdırma MMC-nin İmişli sahəsində işlədiyi müddət ilə birlikdə 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən iddiaçının İmişli rayonu «Engels» və «Qaraqaşlı» kolxozlarında işləməsinin onun əmək kitabçasında qeyd olunmamasını əsas gətirməsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi İmişli rayon Dövlət Arxivinin 31.01.2020-ci il tarixli 14 nömrəli arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 1979-1996-cı illərdə İmişli rayonu «Engels» və «Qaraqaşlı» kolxozlarında işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı 1979-1996-cı illərdə İmişli rayonu «Engels» və «Qaraqaşlı» kolxozlarında işləməsi ilə bağlı əmək stajı nəzərə alınmaqla, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı qızının 1979-1996-cı illərdə İmişli rayonu «Engels» və «Qaraqaşlı» kolxozlarında işləməsi barədə İmişli rayon Dövlət Arxivinin 31.01.2020-ci il tarixli 14 nömrəli arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, оnа yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. İddia təmin edilsin. İddiaçı qızının 1979-1996-cı illərdə İmişli rayonu «Engels» və «Qaraqaşlı» kolxozlarında işləməsi barədə İmişli rayon Dövlət Arxivinin 31.01.2020-ci il tarixli 14 nömrəli arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, оnа yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin üzərinə qoyulsun.

2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar