Məhkəmə qərarları › İş №2-1(120)-833/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-833/2020

15.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-833/2020 15.05.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsinin hakimi İsmayılov Orxan Nadir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı 2-ci qrup müharibə veteranı və əlili kimi dövlət icbari şəxsi sığorta məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsinə tələbinə dair işdə olan iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2-ci qrup müharibə veteranı və əlili kimi dövlət icbari şəxsi sığorta məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 05 mart 2020-ci il tarixli, 2-1(120)-833/2020 nömrəli sərəncamı ilə iddianın mümkünlük məsələsini müzakirə etmək üçün İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi 30 mart 2020-ci il tarixə saat 10:30-a Şirvan İnzibati Məhkəməsinə dəvət olunmuşlar. Məhkəmənin 19 mart 2020-ci il tarixli məktubu ilə İddiaçı və cavabdeh Masallı rayon İcra və Probasiya şöbəsinə bildirilmişdir ki, İPM-in 16-cı maddəsinin tələblərini Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyyələrini nəzərə alaraq, proses iştirakçılarına hazırki məhkəmə bildirişini aldıqdan sonra 30 mart 2020-ci il tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Həmin məktubla bildirilmişdir ki, tərəflər yazılı qaydada razılıqlarını bildirdikdə və ya təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirmədikdə, məhkəmə işə şifahi dinləmələr keçirilmədən baxılması üçün tərəflərin razılıqlarının mövcud olduğunu qəbul edəcəkdir. Lakin tərəflər məhkəmənin 19 mart 2020-ci il tarixli məktubuna münasibət (yazılı və ya elektron rabitə vasitələri ilə) bildirməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə hazırki iddia tələbinə münasibətdə iddiaçının nəzərinizə çatdırır ki, iddia cavab verməli olan inzibati orqana qarşı yönəldilməlidir. Lakin hazırki iddia tələbi üzrə cavabdeh qismində qeyd olunmuş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq olunmuş “X1”nda inzibati orqan kimi göstərilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflər arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, mülki hüquq sahəsində yaranmışdır ki, burada da onlar mülki hüququn bərabər hüquqlu subyektləridirlər. Bu səbəbdən də həmin şəxslər arasında qeyd edilən mülki münasibətlərə inzibati mübahisə kimi inzibati məhkəmələrdə baxıla bilməz. İddiaçıya izah edilir ki, hazırki tələblə cavabdehin yerləşdiyi yerin ümumi məhkəməsinə (rayon və ya şəhər) müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 05 mart 2020-ci il tarixli, 2-1(120)-833/2020 nömrəli məktubla iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım edilsə də, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim etməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında İnzibati Məhkəmələr tərəfindən baxılmalı olmadığından iddiaçı tərəfin dinlənilməsinə zərurət olmamışdır. Belə ki, onun dinlənilməsinin təmin edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyəcək, əksinə vaxt itkisinə, əlavə yazışmalara səbəb olacaqdır. Bu səbəbdən də icraata qənaət prinsipi rəhbər tutularaq iddiaçının dinlənilməsinə lüzum görülməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, bu cür iddia tələbinə inzibati icraat qaydasında baxılması inzibati prosessual qanunvericiliyin prinsiplərinə zidd olduğundan İddiaçı iddia tələbi mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16-cı, 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı 2-ci qrup müharibə veteranı və əlili kimi dövlət icbari şəxsi sığorta məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar