Məhkəmə qərarları › İş №2-1(120)-834/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-834/2023

27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-834/2023 27.01.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı və onun vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan 1,86 ha torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması (naturada yerinin, sərhədinin müəyyənləşdirilməsi) və mərz nişanları qoyulması » barədə iddia ərizəsi üzrə inzibati işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan 1,8596 ha torpaq sahəsinin mərz nişanlarının dəqiqləşdirilməsi və torpaq sahəsinin arx çəkilməklə digər torpaq sahələrindən ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə “xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan 1,86 ha torpaq sahəsinin mərz nişanlarının dəqiqləşdirilməsi və torpaq sahəsinin arx çəkilməklə digər torpaq sahələrindən ayrılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə “xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan 1,86 ha torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması (naturada yerinin, sərhədinin müəyyənləşdirilməsi) və mərz nişanları qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdırlar ki, DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********63. qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışa əsasən 1,8596 hektar torpaq sahəsi tam mülkiyyət hüququ ilə onun mülkiyyətindədir. Lakin buna baxmayaraq Biləsuvar rayon məhkəməsinin 26 may 2022-ci il tarixli. 2(022)-537/2022 nömrəli qətnaməsinə əsasən ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakıln Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX ******* olan 10 yanvar 2018-ci il tarixli çıxarışla X3 mülkiyyətinə verilmiş 5.6189 ha torpaq sahəsinin guya onun tərəfindən faktiki istifadə edilən 1,26 ha. torpaq sahəsindən (enliyi-şimal tərəf 39,3 m; cənub tərəf 45.0 m; uzunluğu -şərq tərəf 327.3m; qərb tərəf 363.5 m.) çıxarılmalıyam. Məhkəmənin qətnaməsinə əsasən hazırda istifadə etdiyi və mülkiyyətində olan torpaq sahəsindən cəmi 0,60 ha qalmışdır. Qeyd etdiyi qətnamənin qəbul edilməsi üçün əsas Cəlilabad LTİ-nin mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6838 nömrəli, 30 dekabr 2021-ci il tarixli ekspert rəyi olmuşdur. Əgər onların rəylərində göstərdikləri kimi, həqiqətən tərəfindən Orxan Mansurovun mülkiyyətinə verilmiş 5,6189 ha. torpaq sahəsinin 1,26 ha zəbt edərək qanunsuz istifadə edirsə, məhkəmə qərarına əsasən həmin sahədən çıxarılıramsa, deməli mülkiyyətində 0,60 ha. torpaq sahəsi qalmış olacaqdır. Beləliklə, məhkəmə onun hüquqlarını pozmaqla, Orxan Mansurovun hüquqlarını bərpa etmişdir. Belə olan vəziyyətdə cavabdeh təşkilat tərəfindən mülkiyyətində olan 1,86 ha. torpaq sahəsinin mərz nişanları bəlliləşdirilməli və qonşu torpaqlardan arx çəkilməsi yolu ilə torpaq sahəsi ayrılmalıdır. Mərz nişanlarının dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmiş. Həmin idarə tərəfindən ona xx.xx.2022-ci il tarixli, **********53 nömrəli məktub göndərilərək tələbinin yerinə yetirilməsindən imtina edilmişdir. Buna görə də məhkəməyə müraciət edilərək cavabdeh təşkilatın üzrə mərz nişanlarının dəqiqləşdirilməsi barədə öhdəlik qoyulmamlıdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsininə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili X5 iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İnzibati Prosessual Məcəllənin 2.2-2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi inzibati orqan kimi təsnif olunmuşlar. İş materialında olan torpağa mülkiyyət hüququna dair ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Biləsuvar Rayonu, Aşağı Cürəli kəndindin ərazisindən 1.8596 ha torpaq sahəsi İddiaçı Balahəsən oğlunun mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AN 444065 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Biləsuvar Rayonu, Aşağı Cürəli kəndindin ərazisindən kənd təsərrüfatı təyinatlı 1.8596 ha torpaq sahəsi 4Ə487, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə İddiaçı Balahəsən oğlu tərəfindən alınmışdır. İddiaçının hazırki iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışla mükiyyətinə verilmiş torpaq sahəsinin cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi, başqa sözlə, ölçülüb iddiaçıya tanıtdırılmasıdır. Məhkəmə hesab edir ki, mərz nişanlarının qoyulmasının tələb edilməsi isə torpaq mülkiyyətçinin müstəsna hüququdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.1-ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Göründüyü kimi, mərzçəkmə işləri kompleks iş olmaqla özündə yuxarıda göstərilən işlərin görülməsini ehtiva edir. Qeyd edilən normativ sənədin 2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Qeyd edilən normativ sənədin 2.3.4-cü bəndinə əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. Qeyd edilən normativ sənədin 2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. Sözügedən normativ sənədin 2.4.8-ci bəndinə görə mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin plan-ölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinin tələblərinə görə, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçılar mülkiyyətində olan torpaq sahələri üzərində mərzçəkmə işlərinin aparılmasını tələb etməkdə haqlı olmuşdurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışı əsasında iddiaçının mülkiyyətində olan 1,86 ha torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması (naturada yerinin, sərhədinin müəyyənləşdirilməsi) və mərz nişanları qoyulması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 2.2.3, 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışı əsasında iddiaçının mülkiyyətində olan 1,86 ha torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması (naturada yerinin, sərhədinin müəyyənləşdirilməsi) və mərz nişanları qoyulması öhdəliyi qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar