Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-835/2021 16.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının 01 dekabr 2017-ci il tarixli sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “sərəncamın və müqavilənin etibarsız hesab edilməsi” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(120)-835/2021 nömrəli qərardadı ilə iddia tələbinə “Cavabdeh Başçısının 01 dekabr 2017-ci il tarixli sərəncamının ləğv edilməsi” kimi bахılmаsı qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1999-cu ildə Qax rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək qoyun-quzu saxlamaq məqsədilə qış otlaq sahəsinin ayrılıb ona verilməsini xahiş etmişdir. Ərizəsi nəzərə alınmış və Qax rayon İcra Hakimiyyəti Başçısının 02 aprel 1999-cu il tarixli, 45 saylı sərəncamı və 01.05.1999-cu il tarixli, 14 saylı icarə müqaviləsi ilə fiziki şəxs olaraq Kürdəmir rayonu ərazisindən Qax rayonuna təhkim olunmuş 22 h saylı “Xoruzlu” adlı qış-otlaq sahəsindən heyvandarlığın inkişafı məqsədilə 12 il müddətinə 150,0 ha torpaq sahəsi onun istifadəsinə verilmişdir. Bundan sonra 2008-ci il tarixdə Cavabdeh Başçısına ərizə ilə müraciət edərək Qax rayon İcra Hakimiyyəti Başçısının 02 aprel 1999 tarixli, 45 saylı sərəncamı ilə istifadəsinə verilmiş 150 hektar torpaq sahəsinin və həmin sahəyə bitişik 110 hektar, cəmi 260 hektar torpaq sahəsindən istifadəyə ehtiyacı olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 mart, 2006-cı il tarixli qərarına müvafiq olaraq həmin qışlaq sahəsindən istifadə üçün icarə müqaviləsi bağlanmasına sərəncam verilməsini xahiş etmişdir. Cavabdeh Başçısının 25 yanvar 2008-ci il tarixli, 12 nömrəli sərəncamı və 25 yanvar 2008ci il tarixli, 01 nömrəli icarə müqaviləsi ilə Kürdəmir rayonunun inzibati ərazisindəki 21 h saylı “Ortaxal yeri” adlanan qış otlaq sahələrindən 260 hektar torpaq sahəsinin heyvandarlığın inkişafı məqsədi ilə yenidən fiziki şəxs olaraq onun istifadəmə verilmişdir. Bundan sonra ona müəyyən təzyiqlər edilərək Cavabdeh Başçısının 01 dekabr 2017-ci il tarixli, 327 nömrəli sərəncamı ilə Cavabdeh Başçısının 25 yanvar 2008-ci il tarixli, 12 nömrəli sərəncamına əsasən bağlanmış 25 ynavr 2008-ci il tarixli, 01 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, 260 hektar torpaq sahəsinin 220 hektarından onun icarə hüququna xitam verilməsi, qalan 40 hektar qış otlaq sahəsinin istifadəsində saxlanılması və onunla yeni icarə müqaviləsinin bağlanması qərara alınmışdır. Cavabdeh Başçısının 01 dekabr 2017-ci il tarixli, 327 nömrəli sərəncamından görünür ki, guya o, Cavabdehnə Kürdəmir rayon Notariat Kontorunda təsdiq olunmuş 07 noyabr 2007-ci il tarixli ərizə ilə müraciət edərək Cavabdeh Başçısının 25 yanvar 2008-ci il tarixli, 12 nömrəli sərəncamına əsasən bağlanmış 25 yanvar 2008-ci il tarixli, 01 nömrəli icarə müqaviləsi ilə ona icarəyə verilmiş 260 hektar torpaq sahəsinin 220 hektar hissəsindən könüllü imtina etdiyini bildirərək həmin torpaqdan icarə hüququna xitam verilməsini, qalan 40 hektar qış otlaq sahəsinin istifadəsində saxlanılmasını və onunla yeni icarə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Əslində isə belə olmadığını qeyd edir. İddiaçı qeyd edir ki, o, heç vaxt Cavabdeh Başçısının 25 yanvar 2008-ci il tarixli, 12 nömrəli sərəncamına əsasən ona icarəyə verilmiş 260 hektar torpaq sahəsinin 220 hektar hissəsindən könüllü imtina etməmişdir. Cavabdeh Başçısının 25 yanvar 2008-ci il tarixli, 12 nömrəli sərəncamına əsasən onun istifadəsinə verilən 260 hektar torpaq sahəsinin 220 hektarından icarə hüququna xitam verilməsi barədə Kürdəmir rayon Notariat kontorunda təsdiq edilmiş 07.11.2017-ci il tarixli ərizəsi onun tələbi ilə Kürdəmir rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2(041)-537/2021 nömrəli qətnaməsinə əsasən etibarsız hesab edilmişdir. Qeyd etdiyi qətnamə qəbul edildikdən sonra o həmin qətnaməni cavabdehə təqdim edərək, Cavabdeh Başçısının 25 yanvar 2008-ci il tarixli, 12 nömrəli sərəncamının ləğv edilərək, icarəsinə verilmiş 220 hektar torpaq sahəsinin yenidən özünə qaytarılmasını xahiş etmiş, lakin Cavabdeh onun xahişinə əməl etməmişdir. Həmin torpaq sahəsinin onun icarəsinə verilməsinə dair Cavabdeh Başçısının 01 dekabr 2017-ci il tarixli, 327 nömrəli sərəncamının ləğv edilmədiyini bildirmiş və həmin sərəncam qüvvədə olduğu halda icarəsində və istifadəsində olan 220 hektar torpaq sahəsinin yenidən ona verilməsinin mümkün olmayacağı bildirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şifahi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının vəkili X3 şifahi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və onun vəkilinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (sərəncamın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti (iddia qaldırmaq səlahiyyəti və iddia müddətinə riayət edilməsi) mövcuddur. Belə ki, iddiaçı subyektiv hüququnun pozulduğunu (və ya pozulması ehtimalını) iddia ərizəsində əsaslandırmışdır (İPM-in 35.1-ci maddəsi). Yəni cavabdeh inzibati orqanın əlverişsiz inzibati aktı (sərəncamı) iddiaçının əmlak hüququna müdaxilə etmişdir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. Belə ki, cavadeh inzibati orqan hazırda mübahisələndirilən sərəncamdan iddiaçının məlumatlı olduğunu bildirsədə, buna dair rəsmi sənədi (poçt qəbzini və s.) məhkəməyə təqdim etməmişdir. Hansı ki, iddiaçının hüquq və qanunla qorunan maraqlarına bir başa təsir göstərən, onun üçün əlverişsiz vəziyyət yaradan inzibati aktın məzmunu ilə vaxtında tanış olmaq və həmin inzibati akta qarşı öz müdafiəsini təşkil etmək hüququ, cavabdeh inzibati orqanın isə iddiaçının bu hüquqlarını təmin etmək vəzifəsi vardır. Cavabdeh inzibati orqan ilə iddiaçı arasında torpaq sahəsinə dair yeni icarə müqaviləsinin bağlanması isə hazırda mübahisələndirilən sərəncamın iddiaçıya təqdim edilməsi anlamına gələ bilməz. Onu da qeyd etmək yerinə düşərdi ki, həmin müqavilədə hazırda mübahisələndirlən inzibati aktın məzmunu (260 hektar torpaq sahəsinin 220 hektarından icarə hüququna xitam verilməsi) barədə hər hansı qeyd-şərt yoxdur. Bundan başqa iddiaçı da izahatında qeyd edir ki, mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı inzibati icraatın vaxtı və yeri barədə məlumatlandırılmamış və qəbul edildikdən sonra həmin inzibati akt ona təqdim edilməmişdir. Buna görə də iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Məhkəmə qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Belə ki, iş materiallarında olan Cavabdeh Başçısının 25 yanvar 2008-ci il tarixli, 12 nömrəli sərəncamından görünür ki, Kürdəmir rayonunun Çöhranlı kənd sakini İddiaçı ərizəsi nəzərə alınmış, İddiaçı istifadəsinə (icarəyə) rayonun inzibati ərazisindəki 21h №-li “Ortaxal yeri” adlanan qış otlaq sahələrindən 260 (iki yüz altmış) hektar yer verilməsi, Respublika Dövlət Torpaq və Xəritəcəkmə Komitəsinə icarəyə verilmiş qış otlaq sahəsinin sərhəd nişanlarını qoymaqla yerində təhkim edilməsi, həmçinin iddiaçının istifadəsinə verilmiş qış otlaq sahəsinin dövlət qeydiyyatına alınması və təyinatı üzrə istifadə edilməsinin təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan 07.11.2017-ci il tarixli ərizədən görünür ki, İddiaçı 25 yanvar 2008-ci il tarixli,12 nömrəli sərəncamı və 25 yanvar 2008-ci il tarixli, 01 nömrəli icarə müqaviləsi ilə iddiaçıya qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə verilmiş 220 hektar torpaq sahəsindən könüllü imtina etmiş və torpaq sahəsindən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh Başçısının 01 dekabr 2017-ci il tarixli, 327 nömrəli sərəncamından görünür ki, İddiaçı ərizəsi nəzərə alınmış, İddiaçı ilə bağlanmış 25 yanvar 2008-ci il tarixli, 01 nömrəli icarə müqaviləsi ləğv edilmiş, 260 (iki yüz altmış) hektar torpaq sahəsinin 220 hektarından onun icarə hüququna xitam verilmiş, qalan 40 hektar qış otlaq sahəsi İddiaçı istifadəsində saxlanılmış və onunla yeni icarə müqaviləsi bağlanılmışdır. İş materiallarında 01 dekabr 2017-ci il tarixli, 35 nömrəli torpaq icarəsi müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmış, 40 hektar torpaq sahəsi 15 il müddətinə İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan Kürdəmir rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(041)-537/2021 nömrəli qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, Cavabdeh Başçısının 25 yanvar 2008-ci il tarixli, 12 nömrəli sərəncamı və 25 yanvar 2008ci il tarixli, 12 nömrəli sərəncamı və 25 yanvar 2008-ci il tarixli, 01 nömrəli icarə müqaviləsi ilə Kürdəmir rayonunun inzibati ərazisindəki 21 h saylı “Ortaxal yeri” adlanan qış otlaq sahəsindən heyvandarlığın inkişafı məqsədi ilə fiziki şəxs olaraq İddiaçı istifadəsinə (icarəyə) verilmiş 260 hektar qış otlaq sahəsinin 220 hektarından İddiaçı könüllü imtina etməsinə dair Kürdəmir rayon Notariat Kontorunda təsdiq olunmuş 07 noyabr 2017-ci il tarixli ərizəsinin etibarsız hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan Kürdəmir rayon Məhkəməsinin məhkəməyə göndərdiyi 06 iyul 2021-ci il tarixli, 2(041)-357/2021 nömrəli məktubundan görünür ki, Kürdəmir rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(041)-537/2021 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. İş materiallarında olan Cavabdeh məhkəməyə göndərdiyi 13 aprel 2021-ci il tarixli, 1/149 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Cavabdehnə qarşı 01 dekabr 2017-ci il tarixli 327 nömrəli sərəncamın, 01 dekabr 2017-ci il tarixli 35 nömrəli torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin onların nəticələrinin etibarsız hesab edilməsi tələbi ilə əlaqədar bildiririk ki, həmin iddianı əsassız olduğu üçün qəbul etmirik. Bildiririk ki, İddiaçı Cavabdeh Başçısının 25 yanvar 2008-ci il tarixli 12 nömrəli sərəncamı və 25 yanvar 2008-ci il tarixli 50 nömrəli müqavilə əsasında 260 hektar qış otlaq sahəsi örüş məqsədilə icarəyə verilmişdir. İddiaçı Kürdəmir notariat kontorunda 07 noyabr 2017-ci il tarixdə təsdiq edilmiş ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət edərək icarəsində olan 260 hektar torpaq sahəsinin 220 hektarından imtina etdiyini bildirmişdir. Cavabdeh 01 dekabr 2017-ci il tarixli 327 nömrəli sərəncamı ilə İddiaçı icarəsində olan 260 hektar torpaq sahəsinin 220 hektarı üzərində icarə hüququna xitam verilmiş, qalan 40 hektar torpaq sahəsi onun icarəsində saxlanılmış və onunla həmin 40 hektar torpaq sahəsinin icarəsinə verilməsi barədə yeni icarə müqaviləsi bağlanılmışdır. Göründüyü kimi İddiaçı icarəsində olan 260 hektar torpaq sahəsinin 220 hektar hissəsinə xitam verilməsindən 01 dekabr 2017-ci il tarixdə rəsmi məlumatı olmuş, onunla yeni icarə müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hesab edirik ki, İddiaçı Cavabdehnə qarşı 01 dekabr 2017-ci il tarixli 327 nömrəli sərəncamın, 01 dekabr 2017-ci il tarixli 35 nömrəli torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin onların nəticələrinin etibarsız hesab edilməsi tələbi barədə iddiası qanunla nəzərdə tutulmuş iddia (prosessual) müddəti keçdikdən sonra verildiyindən mümkün sayılmamalıdır. Xahiş edirik ki, İddiaçı iddia tələbi ilə bağlı iddianın mümkün sayılmaması barədə qərardad qəbul edəsiniz. İş materiallarında olan Cavabdeh məhkəməyə göndərdiyi 20 may 2021-ci il tarixli, 1/205 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Cavabdeh Başçısının 25 yanvar 2008-ci il tarixli 12 nömrəli sərəncamı və 25 yanvar 2008-ci il tarixli 01 nömrəli müqavilə əsasında 260 hektar qış otlaq sahəsi örüş məqsədilə icarəyə verilmişdir. İddiaçı Kürdəmir notariat kontorunda 07 noyabr 2017-ci il tarixdə təsdiq edilmiş ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət edərək icarəsində olan 260 hektar torpaq sahəsinin 220 hektarından imtina etdiyini bildirmiş və Cavabdeh 01 dekabr 2017-ci il tarixli 327 nömrəli sərəncamı ilə İddiaçı icarəsində olan 260 hektar torpaq sahəsinin 220 hektarı üzərində icarə hüququna xitam verilmiş, qalan 40 hektar torpaq sahəsi onun icarəsində saxlanılmışdır. 25.01.2008-ci il tarixli, 01 saylı icarə müqaviləsinin 220 ha xitam verilmiş hissəsi başqa fiziki və ya hüquqi şəxsə icarəyə verilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Başçısının 25 yanvar 2008-ci il tarixli 12 nömrəli sərəncamı və tərəflər arasında bağlanmış 25 yanvar 2008-ci il tarixli 01 nömrəli müqavilə əsasında İddiaçı 260 hektar qış otlaq sahəsi örüş məqsədilə icarəyə verilmişdir. Sonradan Cavabdeh 01 dekabr 2017-ci il tarixli 327 nömrəli sərəncamı ilə İddiaçı icarəsində olan 260 hektar torpaq sahəsinin 220 hektarı üzərində icarə hüququna xitam verilmiş, qalan 40 hektar torpaq sahəsi onun icarəsində saxlanılmışdır. Sərəncamın qəbul edilməsinə əsas Kürdəmir notariat kontorunda 07 noyabr 2017-ci il tarixdə təsdiq edilmiş iddiaçının ərizəsi olmuşdur. Lakin, iddiaçı onun tərəfindən belə ərizə vermədiyini, notariat orqanına getmədiyini bildirir və ümumiyyətlə əvvəl də və hazırda da torpaqdan imtina etmək niyyətinin olmadığını qeyd edir. Bu baxımdan onun adından yazılmış ərizənin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının tələbini təmin edərək sözügedən ərizənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul etmişdir. Həmin qətnamə qanuni qüvəsini almışdır. Bundan sonra iddiaçı həmin qətnaməni cavabdehə təqdim edərək, hazırda mübahisələndirilən sərəncamın ləğv edilməsini xahiş etmişdir. Lakin, cavabdeh inzibati orqan sərəncamın ləğv edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.6-ci maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah edilməsi və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. İşdən görünür ki, сavabdehin mübahisəli sərənсamı qəbul edilən inzibati iсraat fiziki şəxsin (iddiaçının) ərizəsi əsasında başlanılmış, qəbul olunması nəzərdə tutulan inzibati aktın iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi açıq və aydın olsa da, сavabdehin onun iznibati iсraatda iştirakını təmin etmək üçün xəbərdar etməsi, hüquq və vəzifələrinin izah etməsi, bununla bağlı ona məlumatın çatdırılması məqsədilə rabitə vasitələrindən istifadə etməsi heç bir sübutla təsdiq olunmur. Məhkəmə müəyyən etdi ki, ərizə verilərkən həmin ərizənin iddiaçının iradəsinə və istəyinə uyğun olması cavabdeh inzibati orqan tərəfindən araşdırılmamış, iddiaçının ərizəsi əsasında o çağrılaraq dinlənilməmiş, iddiaçıya həmin ərizənin (hərçənd ki, iddaçı onun tərəfindən belə bir ərizənin verildiyini təkzib edir) hüquqi nəticələri izah edilməmiş və həmin ərizə əsasında qəbul edilmiş inzibati akt vaxtında ona təqdim edilməmişdir. Hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (proseduruna) əməl olunmasına dair hər hansı sənəd (sübut) və məlumat cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, sübutetmə yükü qanunveriсiliklə üzərinə qoyulan tərəf kimi сavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbuluna əsas olmuş faktiki şərtlərin mövсudluğu iş üzrə sübuta yetirilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X2rşı» iş üzrə 17.11.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, сavabdehin mübahisəli inzibati aktı qanuna ziddir və bunun nətiсəsində iddiaçının hüquqlarını pozmuşdur (İPM- 70.1). Məhkəmə hazırda mübahisələndirilən sərəncamın 40 hektar torpaq sahəsinin iddiaçının istifadəsində saxlanılmasına dair hissəsi ilə bağlı onu qeyd edir ki, həmin hissədə inzibati akt iddiaçı üçün əlverişsiz inzibati akt hesab olunmasa da, həmin inzibati aktın (sərəncamın) qəbul edilməsinin əsasları qanunsuz hesab edildiyindən, həmin əsaslara söykənən inzibati akt (sərəncam) da qanunsuz hesab olunmalıdır. Bu baxımdan məhkəmə həmin sərəncamın bütünlüklə ləğv edilməsini və iddiaçının əmlak üzərində hüquqlarının əvvəlki vəziyyətdə bərpa olunmasını məqsədəuyğun hesab edir. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı iddia tələbi təmin edilməli, Cavabdeh Başçısının 01 dekabr 2017-ci il tarixli sərəncamı ləğv edilməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Cavabdeh Başçısının 01 dekabr 2017-ci il tarixli sərəncamı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-835/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-835/2021
16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver