Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-835/2022 01.06.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “informasiya sorğusuna cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 01 iyun 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi Baş redaktoru olduğu “Həqiqətlə üz-üzə” qəzetinin infiormasiya sorğusuna diqqətsizlik nümayiş etdirib sorğu məktubunu qanuni cavablandırmadan, informasiya sorğusunun cavablandırılmasına ciddi hörmətsizlik ifadə etdiyindən bu təşkilatın rəhbərliyinin qanuna zidd hərəkətlərinin məhkəmə qaydasında öyrənilməsi təmin edilərək, 11 avqust 2021-ci il tarixli qanunsuz cavab məktubunun etibarsız hesab edilməklə, informasiya sorğusunu cavablandırmaqdan ötrü cavabdeh təşkilatın rəhbərliyi üzərinə müvafiq məcburedici vəzifənin (öhdəliyin) qoyulması barədə qərar çıxarılmasını, “Kütləvi İnformasiya haqqında” Qanunun tələblərinə ciddi hörmətsizlik nümayiş etdirib, Baş redaktoru olduğu “Həqiqətlə üz-üzə” qəzetinin infiormasiya sorğusunu qanuni və əsaslı cavablandırmaqdan imtina edən cavabdeh təşkilatın direktoru ciddi qanun pozuntularına yol verib, “Kütləvi İnformasiya haqqında” Qanunu pozub, qanunlara hörmətsizlik edərək, məhz vəzifə məsuliyyətsizliyi etdiyinə görə bu barədə müvafiq Xüsusi Qərardad çıxarıb haqqında tədbir görülməsi məqsədilə tabe olduğu yuxarı təşkilatın rəhbərliyinə göndərilməsini xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “informasiya sorğusuna cavab verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Həqiqətlə üz-üzə” qəzetinin Baş redaktoru olaraq cavabdeh təşkilata ünvanladığı informasiya sorğusu bu günədək cavablandırılmamış, əslində Cavabdeh-nin rəhbəri Əliqulu Babaşov tərəfindən ona ünvanlanmış 11 avqust 2021-ci il tarixli, 115 saylı əsassız və qanunsuz bir cavab ona ünvanladığı sorğu məktubunu cavabsız qoymaqla, bu barədə AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinə müraciət etməyini ona təklif etmişdir. Əlbəttə, bu cür hərəkətlər informasiya sorğusunu cavablandırmaqdan imtina etmək və birmənalı mətbuata qarşı hörmətsizlik deməkdir. Bu, ciddi qanun pozuntusu olub, “Həqiqətlə üz-üzə” qəzetinə qarşı saymazyanalıq olmaqla, Baş redaktoru olduğu qəzetə qarşı səlahiyyətli cavabdeh bir təşkilatın ciddi bir hörmətsizliyindən başqa bir şey deyil. Halbuki, Baş redaktoru olduğu bu qəzet “Kütləvi İnformasiya haqqında” Qanunla fəaliyyət göstərib, həmin qanunun tələbkarlığına uyğun olaraq, informasiya almaq və informasiya ötürmək səlahiyyətinə malik olmaqla, cəmiyyəti narahat edən neqativ hallara qarşı ciddi mübarizə yolunu seçməklə, həm də cəmiyyətdə ciddi narahatçılıq doğuran və yaxud cəmiyyətə sevinc gətirən yaxşı və pis nə varsa həmin məlumatları informasiya sorğusu tələbkarlığında alaraq, həm də cəmiyyətə ötürmək iqtidarında olub, bütövlükdə insanları informasiya sorğusunun məlumatları ilə əsaslı tanış edib, mətbuat vasitəsilə edilən xidməti də açıq-aydın bəyan edərək, qəzet vasitəsilə işıqlandırılan istənilən hadisələri ictimailəşdirib, bu barədə geniş kütləni məlumatlandırmaqla, hətta, çoxsaylı vətəndaşların tənqidi fikirlərini öyrənmək məqsədinə xidmət edir. Belə halda, informasiya sorğusunu cavablandırmamaq yolverilməz olub, məhz qanuna zidd hərəkətlər olduğundan, əlbəttə, bu barədə səlahiyyətli cavabdeh təşkilatın-(Cavabdeh-nin) rəhbəri Ə.Babaşovun imzaladığı 11 avqust 2021-ci il tarixli qanunsuz cavab məktubu etibarsız hesab edilməklə, onun ləğvi həyata keçrilib, təşkilatın rəhbərliyi üzərinə müvafiq məcburedici vəzifə qoyulmaqla, həm də, qanuna zidd hərəkət (hərəkətsizlikdən) çəkinməyə dair öhdəlik qoyulmasına önəm verilib, qanun pozuntularına qarşı ciddi tələbkarlıq nümayiş etdirilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, məhkəmə tərəfindən izah olunan hallar ona aydındır. İddia tələbini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk öncə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmaqla mübahisə cavabdehin inzibati fəaliyyətinin nəticəsində yaranmalıdır. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda münahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. İnzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2). “İnzibati orqanların Təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 nömrəli qərarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati orqanların təsnifatına aid edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi cavabdeh izibati orqan olmadığından hazırki mübahisəyə inzibati qaydada baxıla bilməz. Bundan başqa iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının hazırki iddianın qaldırılmasında olan hüquqi marağı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC tərəfindən onun müraciətinə cavab verilməsidir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə mülki münasibətlərdən irəli gəldiyindən hazırki iddiaya mülki məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən deyil, ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən maddənin tələbindən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianı inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia tələbinə subyekt baxımından inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “informasiya sorğusuna cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-835/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-835/2022
01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver