Məhkəmə qərarları › İş №2-1(120)-837/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-837/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-837/2022 04.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 оğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirаkları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarın etibarsız hesab edilməsi, X3 bələdiyyə üzvü seçilməsinin qadağan edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2-1(120)-837/2022 nömrəli qərardadı ilə iddia tələbinə “İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarının etibarsız hesab edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2-1(120)-837/2022 nömrəli qərardadı ilə iddia tələbinə “İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Cavabdehnə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddia tələbindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia irəli sürərək İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iddiaçıların hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçıların hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçıların hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçılar mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçılar məhkəmə tərəfindən onlara yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında olan Cavabdeh xx.xx.2020-ci il tarixli, 01 nömrəli protokolundan görünür ki, X3 İmişli rayonunun Qaragüvəndikli bələdiyyəsinin sədri seçilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2020-ci il tarixli, 04 nömrəli protokolundan görünür ki, X4 bələdiyyə üzvü kimi səlahiyyətləri itirilmiş hesab edilmiş və buna görə bələdiyyə sədri vəzifəsindən azad edilmiş, X5 İmişli rayonunun Qaragüvəndikli bələdiyyəsinin sədri seçilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2020-ci il tarixli, 08 nömrəli protokolundan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 04 nömrəli iclas protokolu ləğv edilmiş və X1 rayonunun Qaragüvəndikli bələdiyyəsinin sədri seçilmişdir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçı X1 rayon Qaragüvəndikli Bələdiyyəsinə qarşı xx.xx.2020-ci il tarixli, 04 nömrəli iclas protokolunun qərarının etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(120)-367/2021 nömrəli qərardadından görünür ki, həmin iş üzrə iddiaçı X3, üçüncü şəxslər İddiaçı1 və İddiaçı2 iştirak ilə işə baxılmış və iddiaçı X3 İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinə qarşı xx.xx.2020-ci il tarixli, 04 nömrəli iclas protokolunun (qərarının) etibarsız hesab edilməsi barədə iddia tələbinin mümkünsüz sayılması qərara alınmışdır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 11- 113/22 nömrəli məktubundan görünür ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-367/2021 nömrəli qərardadı 29 mart 2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 İmişli rayon Qaragüvəndikli Bələdiyyəsinə qarşı İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarının mübahisələndirliməsinə dair iddia ərizəsi xx.xx.2022-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinin dəftərxanasında qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar izahatında bildirmişlər ki, hazırda mübahisələndirdikləri İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarından üçüncü şəxs kimi iştirak etdikləri 2-1(120)-367/2021 nömrəli inzibati işə baxılan zaman məlumatlı olmuşlar. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, iddiaçıların imzası ilə təsdiq edilən iddia ərizəsinin məzmunundan, tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 01 nömrəli qərarı ilə X1 rayonunun Qaragüvəndikli bələdiyyəsinin sədri seçilmiş, lakin sonradan Cavabdeh xx.xx.2020-ci il tarixli, 04 nömrəli qərarı ilə X3 bələdiyyə üzvü kimi səlahiyyətləri itirilmiş hesab edilmiş və buna görə bələdiyyə sədrliyindən azad edilmişdir. X2 İnziabti Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2020-ci il tarixli, 04 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Həmin tələb üzrə işə baxılan zaman məlum olmudur ki, X3 mübahisələndirdiyi Cavabdeh xx.xx.2020-ci il tarixli, 04 nömrəli qərarı həmin bələdiyyənin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarı (hazırda iddiaçıların mübahisələndirdiyi qərar) ilə ləğv edilmiş və X4 bələdiyyə sədri seçilmişdir. Məhz həmin əsasa (xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərara) istinad edərək Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(120)-367/2021 nömrəli qərardadı ilə X3 iddia tələbi mümkün sayılmamışdır. Hazırda iddiaçılar iddianın mümkün sayılmamasına əsas olan X3 yenidən bələdiyyə sədri seçilməsinə dair bələdiyyənin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarı ilə razılaşmayaraq, onun ləğv edilməsini istəyirlər. Buna görə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi” ilə bağlı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdirlər. Eyni zamandan iş materialında olan sənədlərdən, iddiaçıların imzası ilə təsdiq edilən iddia ərizəsinin məzmunundan, tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, iddiaçılar hazırda mübahisələndirdiyi İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarından üçüncü şəxs kimi iştirak etdikləri 2- 1(120)-367/2021 nömrəli inzibati işə baxılan zaman məlumatlı olmuşlar və onların iştirakı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçıların mübahisələndirdiyi qərardan yəni İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarından üçüncü şəxs kimi iştirak etdikləri 2-1(120)-367/2021 nömrəli inzibati işə baxılan zaman məlumatlı olduğundan və onların iştirakı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı çıxarıldığından və prosessual müddətin axımı həmin qəradan məlumatlı olduğu vaxtdan (xx.xx.2021-ci il tarixdən) hesablandığından, iddiaçılar məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (30 günü) ötürmüş olur. Belə ki, hazırkı iddia ərziəsi xx.xx.2021-ci il tarixdə poçta, xx.xx.2022-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur. Başqa sözlə iddiaçılar İddiaçı1 və İddiaçı2 inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarından məlumatlı olduğu vaxtdan 9 (doqquz) aydan artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi” tələbi üzrə, iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar