Məhkəmə qərarları › İş №2-1(120)-837/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-837/2025

24.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-837/2025 24.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “İddiaçı barəsində cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinin verdiyi 683.05 manat məbləğində əlavə vergilərin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********275400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” və 40 manat maliyyə sanksiyasının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********98922900 saylı qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “İddiaçı barəsində cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinin verdiyi 683.05 manat məbləğində əlavə vergilərin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********275400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” və 40 manat maliyyə sanksiyasının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********98922900 saylı qərarların ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2554/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 683.05 manat məbləğində əlavə vergilərin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********275400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” və 40 manat maliyyə sanksiyasının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********98922900 saylı qərarların ləğv edilməsi” tələbinə dair iddiası mümkünsüz hesab edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)-370/2023 nömrəli qərardadı ilə İddiaçı Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)- 2554/2023 nömrəli qərardadından verdiyi apellyasiya şikayəti təmin edilmiş, qərardad ləğv edilərək inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Ali Məhkəmənin 2-1(102)-3171/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadına əsasən, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)-370/2023 nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2018-2019-cu illərdə Lənkəran rayonu, Göyşaban kənd Bələdiyyəsindən icarəyə götürdüyü 12 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulu olan çəltiyi əkib becərərək onu dəyirmanda sənaye üsulu ilə emal etməklə təmiz düyü halına gətirərək onun satışını (realizə edilməsini) həyat keçirmişdir. Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 164.1.18 maddəsində göstərilir ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələrdən 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV tutulmur. Beləliklə cavabdeh vergi orqanı tərəfindən 2019-cu ildə "xxxx" MMC-yə satdığı 5000 kq, dəyəri 9000 manat olan düyüyə görə xx.xx.2019-cu il tarixə etdiyi vergi bəyannaməsinə qanunsuz olaraq ƏDV hesablamış, aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş 500,40 manat məbləğində əlavə verginin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********275400 saylı “Vergilərin, sosial sığorta haqlarının hesablanması barədə” qərarını qəbul etmişdir. Həmçinin cavbdeh 29.11,2022-ci il tarixli, **********008400 saylı qərarla 500,40 manat əsas, 182,65 manat faiz, ümumilikdə 683,05 manat vergi, faiz və maliyyə sanksiyası müəyyən etmiş və bununla bağlı Lənkəran rayon icra və probasiya şöbəsinə tələbin icraya yönləndirilməsi barədə müraciət etmişdir. Bundan əlavə, cavabdeh vergi orqanı xx.xx.2022-ci il tarixli, **********922900 saylı qərarla əlavə olaraq 40,0 manat maliyyə sanksiyası da tətbiq etmişdir. Beləliklə, cavabdeh tərəfindən Statistika Komitəsinin xx.xx.2018-ci il tarixli 9/2 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatının 10.61.11-ci “C” seksiyasında “təmizlənmiş düyü”nün dəyirman-ding sənayesi məhsullarına aid edilməsi əsas gətirilərək “Vergilərin, sosial sığorta haqlarının hesablanması barədə” əsassız qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, Statistika Komitəsinin xx.xx.2018-ci il tarixli 9/2 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”nın 10.61.11 -ci “C” seksiyasında “təmizlənmiş düyü”nün dəyirman-ding sənayesi məhsullarına aid edilməsi Vergi məcəlləsinin 164.1.1.18 maddəsində göstərilənlərin əksinə deyildir. Həmin “təsnifat”da təmizlənmiş düyünün mənbəyi barədə heç nə bildirilmir. “Təsnifat”da nəzərdə tutulan adi qaydada (kənardan, özü istehsal etmədən) əldə edildiyi düyü nəzərdə tutulur. Çünki təmizlənmiş düyü kim strateji məhsulun əksər hissəsi Respublikaya kənar dövlətlərdən idxal edilir. Belə olan halda həmin düyünün satışı ƏDVyə cəlb edilir. Şəxsin özünün becərdiyi düyünü sənaye üsulu ilə çəltiyin qabığından təmizləyərək satışından əldə edilən vəsaitin ƏDV-yə cəlb edilmədiyi Vergi məcəlləsinin 164.1.18 maddəsində göstərilənlərə tam uyğundur. Eyni zamanda bildirir ki, məhsula ƏDV-nin tətbiq edilib edilməməsini göstərən əsas sənəd olan “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartlarında çəltiyin becərilməsində “Daxildir” və “Daxil deyildir” sütunlarında heç nə qeyd edilməmişdir. Əgər bura düyünün istehsalı qeyd edilməsəydi onda “Daxil deyil” sütununda qeyd olunmalı idi. Necə ki, tütün istehsalında tütün becərilməsi azaddır, amma tütün məmulatlarının istehsalı bura daxil deyildir. Çəltik də həmin xanada qeyd olunmalı idi ki, çəltik məmulatları və düyü daxil deyil, amma yazılmayıb. Vergi məcəlləsinin 3.11. maddəsinə əsasən Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Digər tərəfdən, qoz-fındıq istehsal edən də özü qoz-fındığı ləpələyib satır və vergidən azaddır, onda o halda niyə qeyd olunmur ki, emala məruz qalır. Eyni zamanda qeyd edirik ki, əgər fiziki şəxs öz təsərrüfatında çəltik istehsal edirsə, o çəltiyi bazarda necə satmalıdır. Təbii ki, təmizləyib düyü halına salmalıdır ki, o da vergidən azaddır. Vergi məcəlləsinin 13.2.61.2. maddəsinə əsasən bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu kimi formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməlidir. Göründüyü kimi düyü də nə konservləşdirilmir, nə də kimyəvi tərkibi dəyişmir, nə də təbiətdə olduğu formasını itirmir (buğda, arpa, yulaf, qoz ləpəsi və ya fındıq kimi). Bu səbəbdən də istehsal olunan düyü də kənd təsərrüfatı məhsulu hesab olunur. Vergi Məcəlləsinin 13.2.60-ci maddəsində bildirilir ki, kənd təsərrüfatı məhsullarının istehsalı-bitkiçilik məhsullarının becərilməsidir. 13.2.61.2-ci maddədə isə göstərilir ki, bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu kimi formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir. Bildirir ki, məhsulların vergilərə cəlb edilməsini təsdiq və ya inkar edən “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları” Statistika Komitəsinin xx.xx.2018-ci il tarixli 9/2 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”ndan daha mötəbər və əsas sənəddir. Eyni zamanda Azərbaycan Respublikasının Vergi Məcəlləsi daha mötəbər qanundur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, kameral vergi yoxlaması zamanı 2019-cu ildə iddiaçı tərəfindən malların təqdim edilməsi və xidmətlərin göstərilməsi ilə bağlı elektron qaimə fakturalar təqdim edilməsinə baxmayaraq, 2019-cu ilin gəlir vergisi bəyannaməsinin təqdim etməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə bağlı vergi ödəyicisinə vergi orqanı tərəfindən “Bəyannamənin təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********689100 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019-ci il üçün 500,4 manat gəlir vergisi hesablanaraq "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 21,02.2022-ci il tarixli **********640500 nömrəli Qərar qəbul olunmuşdur. Sonradan iddiaçı tərəfindən xx.xx.2022ci ildə 2019-cu ilin dəqiqləşmiş gəlir vergisi bəyannaməsi təqdim edilmiş, vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 500,4 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********275400 nömrəli Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Həmçinin uçot baza məlumatlarının araşdırılması zamanı iddiaçı tərəfindən 2019-cu ildə elektron qaimə fakturalar əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) 9000,0 manat dəyərində düyü məhsulu təqdim edildiyi, X3 (VÖEN **********) 1008,0 manat dəyərində kənd təsərrüfatı xidmətlərinin göstərildiyi, idxal əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir. Vergi ödəyicisinin əsas fəaliyyət növünün “dənli (çəltik istisna olmaqla) bitkilərin becərilməsi” olmasına baxmayaraq vergi orqanında uçota alınmış təsərrüfat subyekti müəyyən edilməmişdir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2019-cu ildə təqdim edilmiş elektron qaimə fakturaların dəyəri olan 10008,0 manat gəlir nəzərə alınaraq Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən (mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlara 75 faiz güzəşt) 500,4 manat gəlir vergisi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən şəxsi təsərrüfat yaradaraq dənli bitkilərin (düyü və arpa) əkilməsi və satışı ilə məşğul olduğunu müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə xx.xx.2023-cü il tarixdə müraciət olunaraq (olduğu halda) İddiaçı “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış”ın təqdim edilib-edilməməsi barədə məlumatın, təqdim edildiyi halda isə qeyd olunan sənədlərin nüsxələrinin Dövlət Vergi Xidmətinə təqdim edilməsini bildirilmişdir.Agentlik cavab məktubunda vergi ödəyicisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydalarf’na uyğun olaraq qida təhlükəsizliyi qeydiyyatına alınmadığı qeyd edilmişdir. (qeyd olunan cavab məktubu əlavə edilir.) Belə ki, məhsul növlərinin təsnifatı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 31 oktyabr tarixli 9/2 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı” ilə tənzimlənir. Təmizlənmiş düyünün həmin təsnifatın 10.61.11-ci “C” seksiyasında dəyirman-ding sənayesi məhsulları sinfinə daxil edilmişdir. Təmizlənmiş düyü məhsulu kənd təsərrüfatı məhsullarına aid edilmədiyindən həmin məhsulun satışı ilə bağlı gəlir Vergi Məcəlləsinə əsasən ümumi qaydada vergiyə cəlb edilir. Vergi Məcəlləsinin 102.1.30cu maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi miqdarında güzəştdən istifadə etmək hüququ var. Beləliklə, vergi ödəyicisinin əsas fəaliyyət növünün “dənli (çəltik istisna olmaqla) bitkilərin becərilməsi” olmasına baxmayaraq vergi orqanında uçota alınmış təsərrüfat subyektinin müəyyən edilmədiyini, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin cavab məktubuna əsasən vergi ödəyicisinin “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”na uyğun olaraq iddiaçının qida təhlükəsizliyi qeydiyyatına alınmadığını, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 31 oktyabr tarixli 9/2 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”na əsasən təmizlənmiş düyünün həmin təsnifatın 10.61.11-ci “C” seksiyasında dəyirman-ding sənayesi məhsulları sinfinə daxil edildiyini, təmizlənmiş düyü məhsulu kənd təsərrüfatı məhsullarına aid edilmədiyindən həmin məhsulun satışı ilə bağlı gəlir Vergi Məcəlləsinə əsasən ümumi qaydada vergiyə cəlb olunmalı və 6 saylı Ərazi Vergilər Baş idarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********275400 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsaslanaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. xx.xx.2018-ci il tarixli 41 nömrəli və xx.xx.2019-cu il tarixli, 54 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələrdən görünür ki, Heydərov X2 rayonu, Göyşaban kənd Bələdiyyəsindən 12 ha torpaq sahəsini kənd təsərrüfatı məhsullarının istehsalı üçün icarəyə götürmüşdür. Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə №**********922900 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən 2019-cu il Gəlir vergisi hesabat(lar)ı və arayış(lar)ı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən cəmi 40.0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli, **********275400 nömrəli qərardan görünür ki, aparılan araşdırmalar zamanı İddiaçı 500.40 manat vergi hesablanmışdır. Tələbin icraya yönəldilməsi haqqında **********008400 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən 500,40 əsäsi 182,65 manat faiz, 0, manat maliyyə sanksiyası olmaqla ümumilikdə 683,05 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********275400 nömrəli qərarları xx.xx.2022-ci il tarixindən icraya yönəldilmiş, tələbin icraya yönəldilməsi haqqında qərar xx.xx.2022-ci il tarixində verilmiş və həmin tarixdən qüvvəyə minmişdir. Kənd Təsərrüfatı Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna alavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Etibar İbrahimov tərəfindən hazırlanmış mütəxəssis rəyində qeyd edilmişdir ki, Qeyri-neft sektorunun prioritet sahəsi hesab edilən kənd təsərrüfatının İnkişafı, məhsul istehsalının və satışının stimullaşdırılması, habelə ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsasını təşkil edir. Çəltik birillik, öz-özünü tozlayan bitkidir. Orta hesabla bir bitkidə 3-5 məhsuldar gövdə (süpürgə) əmələ gəlir Süpürgədə çoxlu miqdarda budaqcıqlar olmaqla uzunluğu 20-30 sm-ə çatır. Elmi ədəbiyyatın təhlili əsasında; düyü istehsalının tullantıları kimyəvi tərkibinə görə bütün digər dənli bitkilərdən, ilk növbədə, saman və qabıqda amorf sitikon diokstdin yüksək olması ilə fərqlənir. Buna görə də saman və qabığın kalori dəyəri odun və ya saman və digər taxılların qabıqlarından (məsələn, yulaf, qarabaşaq) daha aşağıdır və yandırıldıqda çoxlu narın kül əmələ gəlir ki, bu da onun istifadəsini məhdudlaşdırır. Qabıqdan və samandan alınan yemin və ya gübrənin keyfiyyəti həm də tərkibində yüksək silisium olduğu üçün çox aşağıdır. Bütün çəltik tullantılarının (saman, qabıq və un) kimyəvi tərkibi insan üçün faydalı olan bir sıra maddələrin olduğunu göstərir. Çəltik qabıqdan təmizlənmiş halda düyü adlanır və ərzaqlıq məqsədlər üçün qiymətlidir. Belə ki, k/t bitkisi kimi əkin sahəsindən yığılmış çəltik k/t məhsulu olub, emalından alınmış təmizlənmiş düyü isə ərzaq məhsuludur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2014-cü il yanvarın 1-dən 10 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri gəlir və mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azaddır və istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi sadələşdirilmiş verginin vergitutma obyektinə daxıl edilmir. Sorğunuzda qeyd olunan təmizlənmiş düyü kənd təsərrüfatı məhsulu hesab olunmadığı və emal sənayesi məhsulu hesab olunduğu üçün, ümumi qaydada vergiyə cəlb edilir. Əsas. Vergi Məcəlləsinin 13.2.60-cı, 102.1.11 -ci, 106 114-cü, 159-cu, 164,1.18-ri, 164.1,37-ci, 199.9-cu, 218-1 -cı maddələri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 31 oktyabr 2018-ci il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş Məhsul növləri təsnifatı. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vergi ödəyicilərinin dövlət reyestrində İddiaçı Dənli (çəltik istisna olmaqla) bitkiliərin becərilməsi” fəaiiyyət növü üzrə uçotda olması barədə məlumat mövcuddur. Məlumat üçün bildirir ki, İddiaçı tərəfindər vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alındığı tarixdən hal hazırki tanxədək dövlət büdcəsinə vergilər üzrə və müvafiq fondlara sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə heç bir ödəniş aparılmamışdır. Məhkəmə ilk öncə qeyd edir ki, mübahisənin düzgün həlli baxımından “təmizlənmiş düyü” məhsullarının satışının Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən ƏDV-dən azad edilməməsi dayanır. Odur ki, Təmizlənmiş düyü” məhsullarının satışının Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən ƏDV-dən azad edilib-edilməməsinə qiymət verilməlidir. Qanunvericiliyin sözügedən müddəasına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azaddır. Burada ilkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki,kənd təsərrüfatı istehsalı bəzi xidmətlərin göstərilməsi də daxil olmaqla, müvafiq olaraq kənd təsərrüfatı məhsullarının, xammalın və ərzaq məhsullarının becərilməsi, istehsalı və emalı ilə bağlı iqtisadi fəaliyyətlərin məcmusu deməkdir. Kənd təsərrüfatı bitki və heyvan mənşəli məhsulların istehsal olunması, bunların keyfiyyət və səmərəliliyinin yüksəldilməsi, bu məhsulların uyğun şərtlərdə mühafizəsi, işlənib qiymətləndirilməsi və satışa çıxarılması prosesidir. Kənd təsərrüfatı məhsullarının istehsalına və satışına isə müvafiq olaraq Vergi Məcəlləsinin 13.2.60 və 13.2.61.2-ci maddələrində anlayış verilmişdir. Belə ki, həmin müddəalara əsasən əsasən sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi kənd təsərrüfatı məhsullarının istehsalıdır. Eyni zamanda, bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir. İddiaçının fəaliyyəti Vergi Məcəlləsinin göstərilən maddəsində azadolmaya aid olunmasına aydınlıq gətirilməsi üçün çəltikdən düyü alınması prosesi nəzərdən keçirilməlidir. Belə ki, çəltik dənli taxıl bitkisi olmaqla qabığı çıxarılmamış düyüdür və ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Məlumdur ki, yeyinti sənayesində çəltikdən birbaşa istifadə edilmir. Emal prosesinin qabıqçıxarma mərhələsində dəndən çıxarılan çiçək qabığı, püfə və s. cilalanma qurğularında qabığı çıxardılmış dən cilalandıqda alınmış əlavə məhsul urvacıq, cilanalanmış çəltik dəni isəçəltik yarması və ya “düyü” adlanır. Çəltik emal edildikdə tətbiq edilmiş emal texnologiyasından asılı olaraq 65-75% düyü alınır (mənbə https://www.agro.gov.az/uploads/documents/pages/digertexnika4.pdf). Göründüyü kimi, çəltik emal prosesindən keçərək düyü alınsa da, həmin prosesin gedişində məhsul təbiətdəki ilkin formasını saxlayır (qabığın çıxarılması ilkin formanın itirilməsi mənasına gəlməməlidir), kimyəvi tərkibini dəyişdirmir və konservləşdirilmir. Odur ki, hazırkı iş üzrə iddiaçı tərəfindən istehsal olunan düyü kənd təsərrüfatı məhsulu, iddiaçının fəaliyyəti isə kənd təsərrüfatı məhsullarının istehsalı və satışı kimi qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən, Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki Şəxsin Sahibkarlıq uçotu haqqında Şəhadətnamə ilə (VÖEN: **********) qeydiyyata alınmışdır. Onun əsas fəaliyyəti kənd təsərrüfatı məhsulu olan çəltiyi əkib becərərək onu dəyirmanda sənaye üsulu ilə emal etməklə təmiz düyü halına gətirərək onun ticarətini (realizə edilməsini) təşkil etməkdən ibarətdir. Bunun üçün onun istifadəsində olan icarəyə götürdüyü kənd təsərrüfatı təyinatlı torpaqlarda çəltiyi əkib becərir, sonra isə dəyirmanda qabıqdan təmizləyərək düyü halında satışını təşkil edir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, vergi orqanı hesab etmişdir ki, məhsul növlərinin təsnifatı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 31 oktyabr tarixli 9/2 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı” ilə tənzimləndiyindən, həmin təsnifatın 10.61.11-ci “təmizlənmiş düyü” “C” seksiyasında dəyirman-ding sənayesi məhsulları sinfinə daxil edildiyindən, eləcə də təmizlənmiş düyü məhsulu kənd təsərrüfatı məhsullarına aid edilmədiyindən iddiaçı tərəfindən həmin məhsulların satışı fəaliyyəti ilə bağlı mənfəət və əmlak vergisi üzrə yaranan vergi öhdəlikləri Vergi Məcəlləsində nəzərdə tutulmuş ümumi qaydada yerinə yetirilir. Məhkəmə hesab edir ki, iddiaçının barəsində əlverişsiz inzibati aktların, yəni məsuliyyətə cəlb edilməsinə dair qərarların qəbulu qanunvericiliyə uyğun deyildir və aşağıda qeyd olunan normalara əsasən ləğv olunmalıdır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İnzibati-Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin göründüyü kimi cavabdeh orqan məhsul növlərinin təsnifatının Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 31 oktyabr tarixli 9/2 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı” ilə tənzimləndiyi, həmin təsnifatın 10.61.11-ci “təmizlənmiş düyü” “C” seksiyasında dəyirman-ding sənayesi məhsulları sinfinə daxil edildiyi, eləcə də təmizlənmiş düyü məhsulu kənd təsərrüfatı məhsullarına aid edilmədiyi əsası ilə qərar qəbul edən zaman həmin qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olub-olmamasını nəzərə almamışdır. Belə ki, Statistika Komitəsinin xx.xx.2018-ci il tarixli 9/2 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”nın 10.61.11-ci “C” seksiyasında “təmizlənmiş düyü”nün dəyirman-ding sənayesi məhsullarına aid edilməsi Vergi məcəlləsinin 164.1.1.18 maddəsində göstərilənlərin əksinə deyildir. Həmin “təsnifat”da təmizlənmiş düyünün mənbəyi barədə bildirilmir. “Təsnifat”da nəzərdə tutulan adi qaydada (kənardan, özü istehsal etmədən) əldə edildiyi düyü nəzərdə tutulur. Çünki təmizlənmiş düyü kimi strateji məhsulun əksər hissəsi Respublikaya kənar dövlətlərdən idxal edilir. Belə olan halda həmin düyünün satışı ƏDV-yə cəlb edilir. Şəxsin özünün becərdiyi düyünü sənaye üsulu ilə çəltiyin qabığından təmizləyərək satışından əldə edilən vəsaitin ƏDV-yə cəlb edilməməsi Vergi məcəlləsinin 164.1.18 maddəsində göstərilənlərə tam uyğundur. Bundan əlavə məhsula ƏDV-nin tətbiq edilib-edilməməsini göstərən əsas sənəd olan “iqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standart”larında çəltiyin becərilməsində “Daxildir” və “Daxil deyildir” sütunlarında heç nə qeyd edilməmişdir. Bundan əlavə cavabdeh orqan hesab etmişdir ki, Vergi Məcəlləsinin məqsədləri üçün kənd təsərrüfatı məhsullarının istehsalı dedikdə sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi nəzərdə tutulur. Halbuki, “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli Sərəncamına uyğun olaraq, ölkəmizdə çəltikçiliyin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, çəltik istehsalına marağın artırılması məqsədi ilə “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” hazırlanmışdır. Həmin Proqramın 8.1.3-cü bənində Çəltik məhsullarının istehsalı sahəsində mütərəqqi təcrübəyə malik xarici şirkətlərlə əlaqələrin genişləndirilməsi Kənd Təsərrüfatı Nazirliyinə tapşırıldığı göstərilir. Eyni zamanda həmin Proqramın 8.5.2-ci bəndində Çəltik istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlər barədə məlumatların Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası üzrə portalda yerləşdirilməsi və mütəmadi olaraq yenilənməsi Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, X1 və Kommunikasiya Mərkəzinə tapşırıldığı göstərilir. Göründüyü kimi, Çəltiyin (təmizlənmiş düyünün) kənd təsərrüfatı məhsulu olması həmin “Dövlət Proqramı”nda da öz əksini tapır. Vergi Məcəlləsinin 13.2.60-cı maddəsinə görə kənd təsərrüfatı məhsullarının istehsalı-bitkiçilik məhsullarının beçərilməsidir. Həmin Məcəllənin 13.2.61.2-ci maddəsinə əsasən bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu kimi formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir. Göründüyü kimi düyü də nə konsevləşdirilmir, nə də kimyəvi tərkibi dəyişmir, nə də təbiətdə olduğu formasını itirmir. Bu səbəbdən də istehsal olunan düyü də kənd təsərrüfatı məhsulu hesab olunur. Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə görə kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə əlavə dəyər vergisini ödəməkdən azad edilmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 31 oktyabr tarixli 9/2 nömrəli Kollegiya Qərarına münasibətdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi daha üstün hüquqi qüvvəyə malik olduğundan, kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, eyni zamanda həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən 2024-cü ilin 1 yanvar tarixinədək azad edildiklərindən çəltik (düyü) məhsullarının istehsalçısı olan iddiaçının da əlavə dəyər vergisini ödəməkdən azad edilməsi hüququ tanınaraq təmin edilməlidir. “Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Eləcə də inzibati orqanın mübahisələndirilən qərarları və bildirişləri – əlverişsiz inzibati aktları yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Belə ki, həmin aktların özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktların qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, hazırda mübahisələndirilən inzibati aktların özündə yazılı şəkildə əsaslandırılması yeterli qiymətləndirilmir. Məhkəmə belə bəticəyə gəlir ki, mübahisələndirilən inzibati aktlar (qərarlar) qanuna zidd sayılmaqla yanaşı, onların qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin aktlar iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2023-cü il tarixli 2-1 (102)-911/2023 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərarlar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hallar isə mübahisələndirilən qərarların ləğvi üçün əsas hesab edilir. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı “İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli, **********275400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” və xx.xx.2022-ci il tarixli, **********98922900 saylı qərarları ləğv edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68– 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. İddiaçı barəsində cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli, **********275400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” və xx.xx.2022-ci il tarixli, **********98922900 saylı qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar