Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-839/2024 26.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinə qarşı “Cavabdeh ilə X12 arasında icarə müqaviləsi bağlanmasına dair qərarın ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinə qarşı “Cavabdeh ilə X12 arasında icarə müqaviləsi bağlanmasına dair qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 14 sentyabr 2023-cü il tarixli Qərardadı ilə X12 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər rəsmi qaydada məlumatlandırılmışlar.Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi-vəkili Nümayəndə iştirak etmiş, cavabdehin və üçüncü şəxsin nümayəndəsi isə iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC Cavabdeh ilə 15 fevral 2000-ci ildə 20 il müddətinə 20 ha torpaq sahəsinə icarə müqaviləsi bağlamışdır. Azərbaycan Respublikasının İcarə Haqqında 30 aprel 1999-cu il qanunun 13-cü maddəsinin 4-cü bəndində qeyd edilir ki, Müqavilənin müddəti qurtardıqda icarəçinin müqaviləni təzələmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinin 5-ci bəndində qeyd olunur ki, Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər İcarəyə verən müqavilənin müddəti bitdikdən 3 il sonra müqavilənin müddətinin bitməsinə istinad edərək müqaviləyə xitam vermək istəyir, bununla da icarəyə verən İcarə haqqında qanunun 13-cü maddəsinin 5-ci bəndinin tələblərini pozur. Halbuki həmin maddənin tələbinə əsasən müqavilənin müddəti bitdikdən sonra icarəyəverənin müqaviləyə xitam vermək barədə ərizəsi olmadığı üçün qanuna əsasən müqavilənin müddəti həmin müddətə və həmin şərtlərlə uzadılmışdır. "xxxx" kəndli fermer təsərrüfatının iqtisadi əsasını icarəyə götürdüyü həmin torpaq sahəsi təşkil edir. Əgər həmin torpaq sahəsi ondan alınarsa müəssisənin iqtisadi əsası sarsılar və bu da müəssisənin ləğv olunmasına gətirib çıxaracaqdır. Torpaq sahəsinin icarəyə götürüldüyü halda icarəçi öz mövcudluğunun iqtisadi əsasını təşkil edən müəsissəni həmin sahəsiz saxlaya bilmədikdə və müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməsi icarəçi və onun ailəsi üçün hətta icarəyə verənin əsaslı mənafeləri ilə haqq qazandırıla bilməyən mənfi nəticələr törədə bildikdə də icarəçi müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilər. İcarəyə götürülmüş torpaq sahəsi müəssisənin iqtisadi əsasını təşkil edir və həmin müqaviləyə xitam verilməsi müəssisənin iqtisadi əsasını sarsıda biləcəyi üçün icarəçi və onun ailəsi üçün mənfi nəticələrə səbəb ola bilər. İcarəyəverən müəssisənin icarəsində olan torpaq sahəsi üçün onunla müqavilə münasibətlərini davam etdirməməyin səbəblərini və ya özünün əsaslı mənafelərini göstərmir. İcarəyəverən həmin torpaq sahəsini qanunsuz olaraq 22 oktyabr 2021-ci il tarixli 3M-133 saylı icarə müqaviləsi ilə bələdiyyə ərazisində yaşamayan başqa kəndin sakininə icarəyə vermişdir, halbuki həmin müqavilənin müddəti qanuna əsasən uzadılmış və müqavilə artıq yenidən bağlanmış hesab edilmişdir. Qanunun 13-cü maddəsinə əsasən müqavilə müddəti bitdiyində icarəyəverən müqavilə münasibətlərinə xitam verilməsi barədə ərizə vermədiyi üçün müqavilənin müddəti həmin müddətə və həmin şərtlərlə davam etdirilmiş sayılır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qarar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, idddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçı X5 qanunsuz istifadəsində olan 20 hektar torpaq sahəsinin 10.60 hektarı hərrac yolu ilə X10 icarəyə verilmişdir. Torpaq sahəsi ilə bağlı iddiaçı X6 hərracın keçirilməsi barədə məlumat verilmiş və hərracda iştirak etməməsi səbəbləri məlum deyildir. Bildirir ki, hərracın nəticələri etibarsızlığı təsdiq olunmur və buna görə hərracı udmuş şəxslə, yəni X12 ilə bağlanan müqavilə etibarlı hesab edilir və 10.60 hektar torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur (əsas AR Mülki Məcəlləsinin 416.1-ci maddəsi). İddia ərizəsində Astara rayon Ərçivan bələdiyyəsinin cavabdeh qismində qoyulması əsassızdır. Belə ki, X12 10.60 hektar torpaq sahəsi hərracda satın almış və hərracın nəticəsinə görə X10 10.60 hektar torpaq sahəsi icarəsinə verilmişdir. Bunlara əsasən X9 adına olan çıxarışın ləğv edilməsi qanuni hesab edilə bilməz. “İlqar kəndli Fermer Təsərrüfatı" MMC hərracın nəticələrinə münasibət bildirməmiş və hərracın nəticələrinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bunlar da "xxxx" MMC-nin hərracın nəticələri ilə razı olduğunu təsdiq edir. X10 icarəyə verilmiş torpaq sahəsinə dair çıxarışın ləğv edilməsini İlqar kəndli Fermer Təsərrüfatı” MMC tərəfindən tələb edilməsi qanunsuz və əsassızdır. İş materiallarında olan xx.xx.2000-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin başçısı X8 ilə Astara rayon Ərçivan Bələdiyyəsinin sədri arasında 20 ha torpaq sahəsinə dair 20 illik icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Hərracların Təşkili üzrə X7 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə xx.xx.2021-ci il tarixli, 27 nömrəli iclas protokolundan görünür ki, Cavabdeh mülkiyyətində “ehtiyyat fond torpaqları” kənd təsərrüfatı təyinatlı olan 10.6 ha torpaq sahəsinə dair keçirilən müsabiqənin, hərracın qalibi X12 olmuşdur. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışdan müəyyən edilir ki, 10.6 ha ehtiyyat fondu torpaq sahəsi X9 icarəsinə verilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 23 oktyabr 2023-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, 20 ha torpaq sahəsi barədə elektron baza məlumatlarında məlumatlar mövcud olmadığından həmin torpaq sahəsinin 6.5ha və 10.6 ha torpaq sahələri ilə naturada və sənəd üzrə üst-üstə düşməsi müəyyən edilməmişdir. Ərçivan Bələdiyyəsinin 12 iyul 2021-ci il tarixli 18 saylı iclas protokolundan çıxarışından müəyyən edilir ki, 10.6 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduru başa çatdırılsın.açıq müsahibə keçirilsin,bələdiyyə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi Şöbəsinin Torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlansın. Astara rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli bildirişindən müəyyən edilir ki, Ərçivan Bələdiyyəsi cavabdeh X6 qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin bələdiyyəyə təhvil verilməsi” tələbi ilə məhkəmədə iddia qaldırmış və məhkəmə hazırlıq iclası 17 fevral 2022-ci ilə təyin edilmişdir. Ərçivan Bələdiyyəsinin 01 mart 2021-ci il tarixli 06 saylı iclas protokolundan çıxarışından müəyyən edilir ki, Ərçivan Bələdiyyəsinin 15 fevral 2000-ci il tarixli 01 saylı iclasının "xxxx" KFT-nin başçısı X6 20.00 ha torpaq sahəsinin 20 il müddətinə icarəyə verilməsi barədə müqavilənin müddəti qurtardığı üçün həmin icarə müqaviləsinə xitam verilsin və torpaq sahəsi ilkin vəziyyətə qaytarılıb bələdiyyəyə təhvil verilsin. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, bələdiyyə sədri X11 mediasiya sessiyasında iştirak etmiş, X8 iştirak etməmişdir. Ərçivan X1 ünvanladığı 04 mart 2021-ci il tarixli bildirişlərində qeyd edilir ki, xx.xx.2000-ci il tarixli icarə müqaviləsinin xx.xx.2020-ci il tarixdə müddəti bitmişdir.Müqavilənin müddəti bitdiyinə görə icarədar kimi fəaliyyətiniz dayandırılmışdır. Müqavilənin şərti ilə əlaqədar sizə bir neçə dəfə xəbərdarlıq edilmişdir.Lakin müqavilənin şərtlərinə tərəfinizdən vaxtı-vaxtında əməl edilməmişdir.Ödənilən məbləğə qanuni olaraq 2020-ci il tarixə aiddir.Yenidən torpaq icarəsi ilə əlaqədar olaraq bələdiyyə mülkiyyətinə götürüləndən sonra 10.6 ha torpaq sahəsi hərrac yolu ilə vətəndaşlara icarə müqaviləsi bağlana bilər.Siz də həmin hərracda iştirak edə bilərsiniz. Ərçivan X1 ünvanladığı xx.xx.2020-ci il tarixli bildirişində qeyd edilir ki, bələdiyyə ilə bağlanmış icarə müqaviləsi xx.xx.2020-ci il tarixdə başa çatmışdır.Bu işlə əlaqədar olaraq idarəyə gəlməyiniz xahiş olunur. X5 xx.xx.2021-ci il tarixdə Ərçivan Bələdiyyəsinə ünvanladığı məktubda qeyd edilmişdir ki, sizin məktubunuza cavab olaraq bildirirəm ki, Ərçivan Bələdiyyəsinin 15 fevral 2000-ci il tarixli 01 saylı 20 illiyinə bağlanmış müqavilə müddəti 15 fevral 2019-cu il tarixdə bitmişdir.Müqavilə müddətinin bitməsinə baxmayaraq mən 2019-2020-ci illərin icarə haqqını da ödəmişəm. Həmçinin müqavilədə nəzərdə tutulan məbləğdən də artıq ödəmişəm. Müqavilənin 15 fevral 2019-cu ildə bitməsinə baxmayaraq siz mənə 2020-ci ildə aid icarə haqqını tələb etmisiniz. Məhz iki il müqaviləsiz icarə haqqı ödədiyimə görə mövcud qanunvericiliyə istinad edərək mənim müqavilə müddətim avtomatik olaraq artırılmalı idi. Ona görə də mən fəaliyyətimi bundan sonra da davam etdirmək üçün müqavilənin müddətini daha 20 il artıqmaq istəyirəm. Xahiş edirəm ki, mənimlə sözü gedən torpaq sahəsinə görə yenidən müqavilə bağlayasınız. Astara rayon İcra Hakimiyyəti başçısının Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin məhkəməyə ünvanladığı 18 yanvar 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" KFT MMC-nin icarəyə götürdüyü 20.0 ha torpaq sahəsindən bu günə qədər fermer kimi heç bir fəaliyyət göstərməmişdir. Götürdüyü torpaq sahəsinə heç bir aqrotexniki qulluq göstərilməmiş və kənd təsərrüfatı məhsulları istehsal edilməmişdir. İcarə müqaviləsinin müddəti bitəndən sonra həmin torpaqları zəbtində saxlamış, Ərçivan Bələdiyyəsi ilə müqavilə bağlamamış və həmin torpaqlardan qonşu kəndlərin sakinlərinin mal-qarasının örüş sahəsi kimi qazanc məqsədilə istifadə etmişdir. Həmin torpaq sahəsinə görə icarə müqaviləsinə Ərçivan Bələdiyyəsi tərəfindən xitam verildiyinə baxmayaraq bu günə qədər qanunsuz istifadə etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı 26 avqust 2024-cü il tarixli 3-51 saylı məktubunda qeyd olunmuşdur ki, Sizin, 2-1(120)-839/2024 icaraatınızda olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Astara rayon Ərçivan Bələdiyyəsinə qarşı “Cavabdeh ilə X12 arasında icarə müqaviləsi bağlanmasına dair qərarı, bağlanmış xx.xx.2021-ci il tarixli 3-M-133 saylı icarə müqaviləsinin ləğv olunması və həmin müqaviləyə əsasən verilmiş hüquqlarının dövlət qeydiyyatı haqqında ********** saylı xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati iş vardır. Nəzərinizə çatdırmaq istəyirəm ki, X12 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin № 013417 Seriya AM şəhadətnaməsi əsasında hərracın qalibi olmuşdur. Cavabdeh məhkəməyə ünvanladığı 25 sentyabr 2024-cü il tarixli 3-57 saylı məktubunda qeyd olunmuşdur ki, Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-İİİ QD nömrəli Qanunu ilə dəyişikliklər və əlavələr edilmiş və Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİ QD nömrəli Qanunu ilə təsdiq edilmiş “ Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinin tələblərinə müvafiq olaraq 10,6 ha torpaq sahəsinin ( Daşınmaz Əmlakın reyestr nömrəsi **********15 ) kənd təsərrüfatı məhsullarının istehsalı üçün 20 ( iyirmi ) illik icarəyə verilməsi məqsədilə açıq müsabiqə keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi Şöbəsinin Torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlanmasına dair 12 iyul 2021-ci il tarixli 18 saylı Ərçivan bələdiyyəsinin iclası qərar qəbul etmişdir. (qərarın surəti məktuba əlavə olunur). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Hərracların Təşkili üzrə X7 Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqə və hərracının nəticələri barədə 21 oktyabr 2021-ci il tarixli 27 nömrəli iclasın protokoluna əsasən üç nəfər şəxsin iştirak etdiyi müsabiqədə müsabiqənin, hərracın, qalibi X12 olmuşdur. Azərbaycan Respublikasının bələdiyyə torpaqlarının ayrılmasına dair müvafiq qanunlarına istinad edərək bələdiyyələr müsabiqə və hərrac komissiyasının protokolundan sonra bələdiyyə iclasını çağırmır. Qanunauyğun olaraq müsabiqənin, hərracın, qalibi olan X12 ilə Ərçivan bələdiyyəsi arasında 22 oktyabr 2021-ci il tarixində Notariat qaydasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 10,6 ha torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********15 olan, qeydiyyat ********** nömrəli çıxarış almışdır. Tətbiq edilən normativ aktlar: Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 6.1-ci maddəsində qeyd olunur ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 6.2-ci bəndində isə qeyd olunur ki, eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilənin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının subyektiv hüququnun mövcudluğu məhkəməyə aydın deyildir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 23 oktyabr 2023-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, 20 ha torpaq sahəsi barədə elektron baza məlumatlarında məlumatlar mövcud olmadığından həmin torpaq sahəsinin 6.5ha və 10.6 ha torpaq sahələri ilə naturada və sənəd üzrə üst-üstə düşməsi müəyyən edilməmişdir. Bundan başqa məhkəmə müəyyən edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin başçısı X8 ilə Astara rayon Ərçivan Bələdiyyəsinin sədri arasında xx.xx.2000-ci il tarixli 20 ha torpaq sahəsinə dair 20 illik icarə müqaviləsi bağlanmışdır.İcarə müqaviləsinin müddəti bitdikdən sonra bələdiyyə tərəfindən müxtəlif tarixlərdə iddiaçıya bildiriş, xəbərdarlıq göndərilmiş və müddətin başa çatdığı, torpağın boşaldılması və keçiriləcək hərracda iştirak təklif edilmişdir.Həmin məktubların iddiaçıya təqdim edilməsi faktı Cəmiyyətinin başçısı X5 bələdiyyəyə ünvanladığı cavab məktubundan da öz təsdiqini tapır. Bundan sonra 01 mart 2021-ci il tarixdə iddiaçının icarə hüququna xitma verilmiş, bələdiyyə qanunvericinin ona verdiyi səlahiyyətlər çərçivəsində öz mülkiyyətini qeydiyyata aldırmış və hərrac keçirilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Hərracların Təşkili üzrə X7 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə xx.xx.2021-ci il tarixli, 27 nömrəli iclas protokolundan da görünür ki, Cavabdeh mülkiyyətində “ehtiyyat fond torpaqları” kənd təsərrüfatı təyinatlı olan 10.6 ha torpaq sahəsinə dair keçirilən müsabiqənin, hərracın qalibi X12 olmuşdur. Belə olan halda iddiaçı icarə hüququnu itirmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçının tələbi də aydın deyildir.Belə ki, iddiaçı Cavabdeh ilə X12 arasında icarə müqaviləsi bağlanmasına dair qərarın ləğv edilməsi xahiş edir. Bələdiyyə ilə üçüncü şəxs X12 arasında icarə münasibəti hərrac nəticəsində yaranmış və hərracın nəticələri barədə xx.xx.2021-ci il tarixli, 27 nömrəli iclas protokolundan da görünür ki, Cavabdeh mülkiyyətində “ehtiyyat fond torpaqları” kənd təsərrüfatı təyinatlı olan 10.6 ha torpaq sahəsinə dair keçirilən müsabiqənin, hərracın qalibi X12 olmuşdur. Məhkəmə qanunvericilik normalarına istinadən hesab edir ki, hərracın nəticələri mülki icraat qaydasında mübahisələndirilməlidir. Həmçinin məhkəmə iddiaçının ərizədə qeyd etdiyi hallara münasibətdə iş materiallarında olan sənədlərə və sübutlara əsaslanaraq müəyyən edir ki, iddiaçının uzun müddətdir ki, mübahisəli qərardan məlumatı vardır. Belə ki, iş materiallarında olan məktub, xəbərdarlıqlardan və Astara rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli bildirişindən müəyyən edilir ki, Ərçivan Bələdiyyəsi cavabdeh X6 qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin bələdiyyəyə təhvil verilməsi” tələbi ilə məhkəmədə iddia qaldırmış və məhkəmə hazırlıq iclası 17 fevral 2022-ci ilə təyin edilmişdir. “İlqar kəndli Fermer Təsərrüfatı" MMC hərracın nəticələrinə münasibət bildirməmiş və hərracın nəticələrinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bununla da iddiaçı "xxxx" MMC hərracın nəticələri ilə bağlı torpaq sahəsinin hərrac yolu ilə X2 məlumatlı olmuşdur. İddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə qanunvericinin müəyyən etdiyi prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdmışdır. Məhkəmə diqqətə çatdırır ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 6.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 6.6-ci maddəsinə əsasən Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Həmin Qanunun 6.7-ci maddəsinə əsasən. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 56-cı maddəsinin 2-ci bəndinə əsasən Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və 146.2-ci maddələrinə uyğun olaraq daşınmaz əmlakla bağlı hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Müvafiq olaraq daşınmaz əmlak üzərində sərəncam vermək, hüququ həmin əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Əsasnamənin 1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Əsasnamənin 16-cı bəndinə əsasən, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin Əsasnamənin 22-ci bəndinə əsasən, bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 27-ci bəndinə əsasən, torpağa mülkiyyət, istifadə və icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənəd qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki,məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmənin xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubları ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hüquqi yardım edilərək qanunvericiliyin mümkünlük şərtləri ilə bağlı tələbləri iah edilmişdir. Qeyd edilən hallarla bağlı iddiaçının nümayəndəsi və vəkilinə yazılı yardımdan əlavə məhkəmə iclaslarında da şifahi formada yardım göstərilərək qanunvericiliyin mümkünlük şərtləri ilə bağlı tələbləri izah edilmişdir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-839/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-839/2024
26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver