Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-841/2024 06.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı “məcburi köçkünlər üçün aylıq müavinətin ödənilməsinin bərpa edilməsi ilə bağlı qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı “məcburi köçkünlər üçün aylıq müavinətin ödənilməsinin bərpa edilməsi ilə bağlı qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 və 49-cu maddələrinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə qanunvericiliyin tələblərinə uyğun şəkildə məlumat verilmişdir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1982-ci il tarixdə Cəbrayıl şəhərində anadan olmuş, 1993-cü ildə köçkün düşmüşdür. 2002-ci il tarixdən Bakı şəhərində qeydiyyatda olan X1 ilə qeyri-rəsmi evlənmiş və qeyri-rəsmi münasibətlərindən 5 övladları var. 2023-cü ilin aprel ayından etibarən ona məcburi köçkünlər üçün nəzərdə tutulan aylıq müavinətin verilməsi dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə Cəbrayıl Rayon İcra Hakimiyyətinə müraciət edərək ona ödənilən aylıq müavinətin ödənilməsinin bərpa edilməsini xahiş etmişdir. İcra Hakimiyyətinin 8 may 2023-cü il tarixli məktubu ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə istinad edilərək ona məcburi köçkünlər üçün nəzərdə tutulan aylıq müavinətin bərpa edilməsindən imtina edilmişdir. Məktubda qeyd edilir ki, məcburi köçkün statusu olmayan şəxsə ərə getdiyi üçün vahid aylıq müavinəti dayandırılmış və qaydaya əsasən bərpası mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də iddiaçı, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə iddia tələbinə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavininin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-40/2-286/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, 01 yanvar 2017-ci ildən qüvvədə olan “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydasf’nın 2.4cü bəndinə əsasən məcburi köçkün düşdükdən sonra məcburi köçkün” statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan, həmçinin sonradan boşanmış qadınlara) lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara vahid aylıq müavinətin verilməsi nəzərdə tutulmamışdır. İddiaçının məcburi köçkün statusu olmayan şəxsə ərə getdiyi üçün vahid aylıq müavinəti dayandırılmış və Qaydaya əsasən bərpası mümkün deyildir. İş materiallarında olan AA 216748 nömrəli, xx.xx.2010-cu il tarixli Məcburi köçkün vəsiqəsinin surətlərindən müəyyən olunur ki, İddiaçı 1993-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün düşmüşdür.Hazırda Abşeron rayonunda məskunlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* seriya nömrəli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Cəbrayıl şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-36/2-1784/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 3.4cü bəndinə əsasən, aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Qeyd edilənlərə əsasən, İddiaçı vahid aylıq müavinətin ödənilib-ödənilməməsi ilə əlaqədar məlumat və sənədlərin təqdim edilməsi məqsədilə, aidiyyəti rayon icra hakimiyyətinə müraciət edilməsi xahiş edilir. İş materiallarında olan Azərbaycan Respublikası Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavininin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-40/2-390/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəbrayıl şəhər sakini xx.xx.1982-ci il təvəllüdlü İddiaçı 1993-cü ilin avqust ayında erməni təcavüzü nəticəsində ailə üzvləri ilə birlikdə Cəbrayıl rayonundan məcburi köçkün düşmüş, hal-hazırda Abşeron rayonu, Mexkalon ərazisində məskunlaşmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası”nın 2.4ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getdiyi üçün İddiaçı verilən vahid aylıq müavinət xx.xx.2023-cü ildə dayandırılmışdır. Əsas: Cəbrayıl RİHB-nın Cəbrayıl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 402 №-li arayışı. Tətbiq olunan hüquq normaları: Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyasının 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsində bərabərlik hüququ təsbit edilmişdir: İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara,həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)— Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. - 6-cı maddəyə əsasən, Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri bunlardır: - Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. - Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: - dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət - dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 5 fevral 2002-ci il tarixli 37 nömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair” Təlimat:
6. Yemək xərci üçün aylıq müavinətin verilmədiyi şəxslər. 6.1. Yemək xərci üçün aylıq müavinət məcburi köçkün statusu olan şəxslərə aşağıdakı hallarda verilmir və ya dayandırılır: 6.1.4. məcburi köçkün olduqdan sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarmayan şəxslərə. 17 dekabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmış Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 10 dekabr 2010-cu il tarixli 127 nömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat” V. Yemək xərci üçün aylıq müavinət aşağıdakı şəxslərə verilmir: 5.4. Məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuş və onun himayəsi altında yaşayan, lakin işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 10 dekabr 2014-cü il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”
6. Yemək xərci üçün aylıq müavinətin verilmədiyi şəxslər: 6.1. Yemək xərci üçün aylıq müavinət məcburi köçkün statusu olan şəxslərə aşağıdakı hallarda verilmir və ya dayandırılır: 6.1.4. məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), lakin işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə; "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"ın 4-cü bəndinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: "Məcburi köçkün" statusuna malik olub respublika ərazisində olan şəxslərə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1-ci bəndinə əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); Həmin Qaydaların 2-ci bəndində aylıq müavinətin şamil olunmadığı şəxlər kateqoriyası müəyyən edilmişdir: 2.4. məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara. İddiaçının Cəbrayıl rayonundan məcburi köçkün olduğuna görə əvvəllər yemək xərci üçün müavinət alması, məcburi köçkün olmayan şəxslə qeyri-rəsmi şəkildə nikaha daxil olduqdan uun müddət sonra, yəni 2023-cü ildən həmin müavinətin ödənilməsinin dayandırılması, həmçinin hazırda məcburi köçkün statusuna malik olması işin mübahisə olunmayan hallarıdır. İddiaçı həm nikaha qədər, həm nikah dövründə Cəbrayıl rayonunda qeydiyyatda qalmışdır. Həm iddiaçının nikahdan öncə , həmçinin nikahda olduğu dövrdə qüvvədə olan və yuxarıda istinad olunan normalarda qeyd edilmişdir ki, məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuş şəxsə yemək xərci üçün aylıq müavinət ödənilmir. Həmin normaların məzmunundan görünür ki, məcburi köçkün qadının məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olduqdan sonra işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxıb-çıxmamasının ona yemək xərci ilə bağlı aylıq müavinətin ödənilməməsinə hər hansı təsiri yoxdur. Yəni məcburi köçkün qadın məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olduqdan sonra, onun qeydiyyat yerindən, əvvəlki qeydiyyatın saxlanılmasından, həmçinin nikahın pozulmasından asılı olmayaraq ona yemək xərci ilə bağlı aylıq müavinətin ödənilməsi dayandırılır. Məhkəmə nəzərə alır ki, yuxarıda istinad olunan sonuncu normalarda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə,vahid aylıq müavinət müəyyən edilmişdir. Yuxarıda istinad olunan Qaydaların 2.4-cü bəndinə edilmiş dəyişikliyə qədər (xx.xx.2017-ci ilə qədər) mövcud olmuş redaksiyasında 2 meyara diqqət yetirmək lazımdır: 1) şəxsin məcburi köçkün olmayan şəxslə nikaha daxil olması; 2) aylıq müavinət almaq istəyən şəxsin məcburi köçkün düşdüyü işğal olunmuş rayondan əvvəlki rayon üzrə qeydiyyatdan çıxmaması. Qeyd olunan halların biri-birini tamamladığı və hər ikisinin mövcud olduğu təqdirdə, aylıq müavinət şəxsə şamil olunmur. Nəzərə almaq lazımdır ki, iddiaçı məcburi köçkün statusuna malikdir və həmin statusu itirməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cavabdehin istinad etdiyi qaydaların heç birində məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan qadınla ailə qurmuş, həmçinin sonradan boşanmış məcburi köçkün statusu olan kişilər aylıq müavinət almayan şəxslərin sırasına daxil edilməmişdir. Halbuki, istinad edilən qaydaların tələbinə görə məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş, həmçinin sonradan boşanmış qadınlar aylıq müavinət almayan şəxslər sırasına aid edilmişdir. Məhkəmənin qənaətinə görə, hər kəsin hüquq və azadlıqlarının qanun və məhkəmə qarşısında bərabərliyinə təminat verilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə cavabdeh tərəfindən riayət edilməmiş və ayrı-seçkiliyə yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında vurğulamışdır ki, “Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi, hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasını şərtləndirir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra–Konvensiya) 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, § 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə əsasən mübahisəyə baxan məhkəmə kollegiyası hesab edir ki, eyni statusda olan məcburi köçkün şəxslərə (kişilərlə və qadınlara) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyi üçün, cavabdehin mübahisə olunan hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Məhkəmə qeyd edir ki,iddiaçı rəsmi nikaha daxil olmamışdır, şəxsə faktiki nikaha qədər olan dövrdə, həmçinin 2002-ci ildən nikahda olduğunu nəzərə alsaq 2023-cü ilə qədər dövlər üçün müavinət ödənilmişdir və qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, "qanuni gözlənti” və "hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 13-cü maddəsində etimad hüququnun qorunması prinsipi müəyyən olunaraq qeyd olunmuşdur ki,inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir ki, hazırki mövqe Ali Məhkəmənin bir sıra qərarlarında öz əksini tapmışdır. Cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyəti İddiaçı məcburi köçkünlərin yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin verilməsi üçün adının vahid aylıq müavinətin alanların adlı siyahısına daxil edilməsindən imtina üçün yalnız onun məcburi köçkün statusu olmayan şəxsə ərə getdiyini əsas gətirmiş və bu səbəbdən də iddiaçının vahid aylıq müavinət alması, məcburi köçkünlər və onlara bərabər tutulan vahid aylıq müavinət alması qaydasının 2.4-ci bəndinə görə mümkün olmadığını qeyd etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, 2002-ci il tarixdən Bakı şəhərində qeydiyyatda olan X1 ilə iddiaçı qeyri-rəsmi evlənmiş və qeyri-rəsmi münasibətlərindən 5 övladları vardır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-ci bəndinə istinad etməklə iddiaçıya aylıq müavinətin bərpa edilməməsi iddiaçının konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan qanunsuz hesab olunmalı və İddiaçı vahid aylıq müavinət verilməlidir. İPM-in 33.1-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər (maddə 33.1). Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur (maddə 33.2). Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməi,iddiaçı X2 məcburi köçkünlərin yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin xx.xx.2021-ci il tarixdən verilməsi öhdəliyi cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 4.1, 68, 69 81 və 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı məcburi köçkünlər üçün aylıq müavinətin ödənilməsinin bərpa edilməsi öhdəliyi cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Pərvanə Qurbanova