Məhkəmə qərarları › İş №2-1(120)-842/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-842/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-842/2023 26.07.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «2018-ci ilə uyğun olaraq yaranan yaşa görə sosial müavinət almaq hüququnun təmin olunması» tələbinə dair iddiası üzrə inzibati işə 26 iyul 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «2018-ci ilə uyğun olaraq yaranan yaşa görə sosial müavinət almaq hüququnun təmin olunması» barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci ildə anadan olmuşdur. 4 övladımdan biri uşaq ikən vəfat etmişdir. Qalan üç uşağını isə yetkinlik yaşma çatanada qədər məşəqqətlə və əziyyətlə böyütmüşdür. 2018-ci ilin oktyabr ayında 57 yaşı tamam olmuşdur. O, vaxt qüvvədə olan qanuna görə 3 və ya daha çox uşaq böyütmüş anaların 57 yaşında yaşa görə sosial müavinət almaq hüququ olmuşdur. O dövrdə iddiaçı əlilliyə görə əmək pensiyası aldığı üçün “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2.-ci maddəsinə əsasən (yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir) sosial müavinət almaq hüququm təmin olunmurdu. Hazırda o, əmək pensiyası almır və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.-ci maddəsinə əsasən sosial müavinət müraciət edilmə vaxtından asılı olmayaraq təyin olunur. Bu səbəbdən müraciətinə yenidən baxılmalıdır. Bu barədə cavabdehə ünvanladığı müraciət xx.xx.2022-ci il tarixli, **********1 saylı məktubla təmin edilməmişdir. Həmin imtinanı qanunsuz hesab edir. Odur ki, onun 2018-ci ilə uyğun olaraq yaranan yaşa görə sosial müavinət almaq hüququmun təmin olunması barədə barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı iddia ərizəsində xx.xx.2018-ci il tarixdən yaşa görə sosial müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Əvvəlcə məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli **********1 nömrəli imtina qərarında aşağıda qeyd edilən xüsusatlarda imtina edilmişdir: İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əlilliyə görə əmək pensiyası ödənilmişdir. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə sosial müavinət əmək qabiliyyətli olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. 'Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi Qanuna uyğun olaraq onun yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Belə ki, İddiaçı əlilliyə görə əmək pensiyasının ödənişi 31.01,2022-ci il tarixdən əlillik müddətinin bitməsi səbəbindən dayandırılmışdır, iddiaçıya təkrar əyani müayinədən keçdiyi təqdirdə müayinənin nəticəsindən asılı olaraq əmək pensiyası ödənişinə yenidən baxılacağı haqqında məlumat verilmişdir. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə sosial müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci və 8-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış şəxslər əmək qabiliyyəti olmayan şəxslərə aid edilir. “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 62 yaş 6 ayına çatmış qadınlar (Qanunun 8-ci maddəsinə görə beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların yaş həddi hər uşağa görə 1 (bir) il azaldılmaqla, sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş qadınların yaş həddi isə 5(beş) il azaldılmaqla) əmək qabiliyyəti olmayan şəxs sayılmaqla, “Sosial müavinətlər haqqında’ Qanunun 7.0.2-ci maddəsinə uyğun olaraq, yaşa görə sosial müavinət hüququ yaranır. Məhz bu səbəblərə görə də iddiaçının xx.xx.2018-ci il tarixdə 57 yaşının tamam olmasına baxmayaraq, xx.xx.2017-ci il tarixdən 31.01,2022-ci il tarixədək əlilliyə görə əmək pensiyası aldığından 1 iyul 2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilməsi ilə bağlı nəzərə alınan yaş həddi 62 il 6 ay tələb olunduğundan və 3 uşağı olan qadınların güzəştli şərtlərlə yaşa görə sosial müavinət almaq hüququ olmadığından İddiaçı qanunvericiliyin tələbləri baxımından yaşa görə sosial müavinətin təyin edilməsi mümkün olmamışdır Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmənin keçmiş iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Qaralar k’nd İnzibati “razi Dair’si üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 623 nömrəli Arayışından görünür ki, İddiaçı ailə tərkibi aşağıdakı kimidir: oğlu- X5 (doğulduğu il 1983); oğlu- X6 (doğulduğu il 1987); qızı-X3 (doğulduğu il 1992) övladlarını öz himayəsində böyütmüşdür. İşdə olan Sabirabad rayon qeydiyyat şöbəsinin xx.xx.1983-cü il tarixli, 40 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1983-cü ildə Sabirabad rayonunda anadan olmuşdur. X1, anası İddiaçı. İşdə olan Sabirabad rayon qeydiyyat şöbəsinin xx.xx.1987-ci il tarixli, 72 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1987-ci ildə Sabirabad rayonunda anadan olmuşdur. X1, anası İddiaçı. İşdə olan Sabirabad rayon qeydiyyat şöbəsinin xx.xx.1992-ci il tarixli, 176 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.1992-ci ildə Sabirabad rayonunda anadan olmuşdur. X1, anası İddiaçı. İşdə olan Dövlət Sosial Müdafiə X13 Şəxsinin 4 saylı Regional Ərazi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, İddiaçı təyin olunmuş əlilliyə görə əmək pensiyasının ödənişi 31 yanvar 2022-cı il tarixindən əlillik müddətinin bitməsi səbəbindən dayandırılmışdır. Qeyd olunanlara əsasən təkrar əyani müayinədən keçdiyi təqdirdə müayinənin nəticəsindən asılı olaraq omək pensiyasının ödənişi məsələsinə baxılacaqdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0,2-ci maddəsinə əsasən yaşa görə sosial müavinət əmək qabiliyyəti olmayan şəxsin emək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Həmin Qanunun 1.0.2-cı maddəsinə uyğun olaraq, ‘Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış şəxslər əmək qabiliyyəti olmayan şəxslərə aid edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə gorə 62 yaş 6 ayına çatmış qadınlar (Qanunun 8-cı maddəsinə görə beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların yaş həddi hər uşağa görə 1 (bir) ıl azaldılmaqla, sağlamlıq imkanları məhdud uşağını 6 yaşınadək tərbiyə etmiş qadınların yaş həddi isə 5 (beş) il azaldılmaqla) əmək qabiliyyəti olmayan şəxs sayılmaqla, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə uyğun olaraq, yaşa gorə sosial müavinət hüququ yaranır. Bildirilmişdir ki, 25 oktyabr 2018-ci il tarixdə 57 yaşının tamam olmasına baxmayaraq, həmin tarixdə əmək pensiyası alan şəxs olduğuna (1 fevral 2022-ci il tarixədək), mövcud qanunvericiliyə əsasən 1 iyul 2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilməsi ilə bağlı qadınlar üçün nəzərə alınan yaş həddinin 62 il 6 ay müəyyən edildiyinə və 3 uşağı olan qadınların güzəştli şərtlərlə yaşa görə sosial müavinət almaq hüququ olmadığına görə İddiaçı yaşa gorə sosial müavinət almaq hüququ yaranmır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə xx.xx.2009-cu il tarixli 904-İİİQD nömrəli Qanunla dəyişiklik edilmişdir və dəyişiklik 2010-cu il yanvarın 1-dən qüvvəyə minir. Qanunun 8.1-ci maddəsinin xx.xx.2010-cu il tarixədək və ondan sonrakı tələbləri aşağıdakı kimidir: - (dəyişiklikdən əvvəlki redaksiyada) Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar – 51 yaşına çatdıqda; 4 uşağı olanlar – 50 yaşına çatdıqda; 5 uşağı olanlar – 49 yaşına çatdıqda; 6 uşağı olanlar – 48 yaşına çatdıqda; 7 uşağı olanlar – 47 yaşına çatdıqda; 8 uşağı olanlar – 46 yaşına çatdıqda; 9 uşağı olanlar – 45 yaşına çatdıqda; 10 və daha çox uşağı olanlar – 44 yaşına çatdıqda və ya 10 il sığorta stajı olduqda yaşından asılı olmayaraq. - (dəyişiklikdən sonrakı redaksiyada) (maddə 8.1) Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (maddə 8.2) Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (maddə 8.3) Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin azı 10 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. “Sosial müavinətlər haqqında” Qanunun xx.xx.2020-ci il tarixinədək qüvvədə olan (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmədən öncəki) redaksiyasına əsasən əmək qabiliyyəti olmayan şəxslər dedikdə əlillər, o cümlədən 16 yaşınadək əlil uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud uşaqlıqdan əlil övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya uşaqlıqdan əlil övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqları (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) nəzərdə tutulmuşdur (1.0.2-ci maddə). Hazırki mübahisənin hallarından görünür ki, iddiaçı ona yaşa görə sosial müavinət təyin edilməsi barədə cavabdeh orqana müraciət edərkən sosial müavinətin təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaşa çatmışdır. Belə ki, iddiaçı cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan qanunun müddəalarına əsasən 3 uşaq doğub 8 yaşınadək tərbiyə etdiyinə görə onun yaşa görə müavinət alması üçün 57 yaşa çatması tələb olunur. İddiaçının 57 yaşı isə 2018-ci il tarixində tamam olmuşdur. Lakin iddiaçının 25 oktyabr 2018-ci il tarixdə 57 yaşının tamam olmasına baxmayaraq, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. Belə olan halda iddiaçıya 2018-ci ildə qüvvədə olan qanunvericiliyə əsasən sosial müavinətin təyin edilməsi barədə cavabdeh inzibati orqanın imtinasını qanunsuz hesab etmək olmaz. Bundan əlavə, qüvvədə olan qanunvericiliyə əsasən “Sosial müavinətlər haqqında” Qanunun tələbinə əsasən isə qadınlara beşdən çox uşağı olduqda və ya tələb olunan yaş həddinə çatdıqda sosial müavinət təyin edilir. Belə olan halda, İddiaçı sosial müavinət hüququnun yaranmadığı müəyyən edilir. Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə, cavabdeh Əmək v Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun imtinası qanuna zidd qiymətləndirilə bilməz. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «2018-ci ilə uyğun olaraq yaranan yaşa görə sosial müavinət almaq hüququnun təmin olunması» tələbinə dair iddiası əsassızdır və rədd olunmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «2018-ci ilə uyğun olaraq yaranan yaşa görə sosial müavinət almaq hüququnun təmin olunması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar