Məhkəmə qərarları › İş №2-1(120)-843/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-843/2025

14.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-843/2025 14.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “xx.xx.1999-cu il tarixli, 49 nömrəli order əsasında verilmiş Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2-1(120)-843/2025 nömrəli qərardadı ilə iddia tələbinə “xx.xx.1999-cu il tarixli, 49 nömrəli order əsasında verilmiş Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı şifahi məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Astara rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Astara rayon İcra Hakimiyyəti Başçısının Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 483 nömrəli arayışdan görünür ki, İddiaçı Ərçivan qəsəbəsində Kommunist Sovxozu tərəfindən tikilmiş 16 mənzilli iki mərtəbəli binada 1999-cu ildən hal-hazıradək yaşayır. İş materiallarına əlavə olunmuş Astara rayon İcra Hakimiyyəti Başçısının Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 125 nömrəli arayışdan görünür ki, İddiaçı Ərçivan qəsəbəsi İnzibati ərazi nümayəndəliyində 02 saylı təsərrüfatbaşı kitabının 148-ci səhifəsində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Ərçivan kənd X8 İcraiyyə Komitəsinin xx.xx.1999-cu il tarixli, 49 nömrəli orderindən görünür ki, Ərçivan kəndində 16 mənzilli binada, iki mərtəbəli, 4 otaqlı mənzil olunmuş Ərçivan kənd X8 İcraiyyə Komitəsinin xx.xx.1999-cu il tarixli qərarı əsasında X7 verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.1999-cu il tarixli müqavilənamədən görünür ki, Ərçivan kənd X8 İcraiyyə Komitəsi Ərçivan kəndində 16 mənzilli binada 58.34 kv.m sahəsi olan mənzili X5 istifadəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.1999-cu il tarixli, 25 nömrəli sərəncamdan görünür ki, Ərçivan kənd X8 İcraiyyə Komitəsinin xx.xx.1999-cu il tarixli, 25 saylı protokoluna əsasən Ərçivan kənd X8 İcraiyyə Komitəsinin balansında olan 16 mənzilli yaşayış binasında boşaldılmış 4 otaqlı mənzili, hal-hazırda mənzil növbəsində duran ailə X7 verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Astara rayon İcra Hakimiyyəti Başçısının Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 1043 nömrəli arayışdan görünür ki, Ərçivan qəsəbəsində iki mərtəbəli, 4 otaqlı, 58,34 kv.m yaşayış sahəsi olan mənzil İddiaçı məxsusdur, həmçinin həmin mənzildə iddiaçının özü, əri X9, oğlu X11 qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2581/2023 nömrəli imtina məktubundan görünür ki, Astara rayon X19 Komissiyasının xx.xx.1999-cu il tarixli, 25 nömrəli sərəncamına əsasən verilmiş mənzilə dair hüquqların qeydiyyatı ilə bağlı hüquqmüəyyənedici sənədlərin tələblərə uyğunluğu yoxlanılmış, Astara rayon X19 Komissiyasının xx.xx.1999-cu il tarixli, 25 nömrəli sərəncamının, xx.xx.1999-cu il tarixli, 49 nömrəli orderin və xx.xx.1999-cu il tarixli müqavilənin X13 filialında aşkarlanmaması səbəbindən hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. İş materiallarına əlavə olunmuş Astara Rayon Ərçivan bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-08 nömrəli məktubunda qeyd edilmişdir ki, Ərçivan qəsəbəsində olan 10 saylı bina 1987-1988-ci illərdə X10 tərəfindən tikilmiş və 1990-cı ildə Ərçivan qəsəbəsinin sağıcılarına və fəhlələrinə Order vasitəsilə paylanmışdır. Hazırda həmin bina vətəndaşların istifadəsindədir və heç bir qrumun balansına aid deyil. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1024/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli sərəncamın icrası olaraq bildiririk ki, icraatda olan 2-1(120)-2793/2024 saylı inzibati iş üzrə sərəncama münasibətin (etirazın) bildirilməsi ilə əlaqədar tərəfimizdən həmin əmlaka dair arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırıldı. Məlumat üçün bildiririk ki, hazırki iş üzrə İddiaçı tərəfindən xx.xx.2023cü il tarixində Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən, Astara rayon X19 Komissiyasının xx.xx.1999-cu il tarixli, 25 nömrəli sərəncamına əsasən verilmiş mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə 10 saylı Lənkəran Ərazi İdarəsinin Astara rayon Şöbəsinə müraciət etmişdir. Belə ki, sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunmuş Astara rayon X19 Komissiyasının xx.xx.1999-cu il tarixli, 25 nömrəli Sərəncamının, həmin mənzilə dair tərtib edilmiş xx.xx.1999-cu il tarixli, 49 nömrəli Orderin və Astara rayon X19 Komissiyası ilə İddiaçı arasında həmin mənzilin təhkim edilməsi barədə xx.xx.1999-cu il tarixli müqavilənin X13 filialında aşkarlanmadığı müəyyən edilmişdir. Bu səbəbdən hazırki iş üzrə İddiaçı xx.xx.2023-cü il tarixində tərəfimizdən imtina bildirişi ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmçinin 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunan səbəbdən hazırki sərəncamın aidiyyəti hissədə icrasına münasibətdə isə bildiririk ki, Ərazi İdarəsi olaraq iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından tam araşdırılmaqla, habelə tərəflərin məhkəmə prosesində iştirakı ilə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edirik. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 5 ünvanında yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə X2 adına tam mülkiyyət hüququ üzrə rəsmiləşdirilmiş, daha sonra Astara rayon Notariat Ofisində bağlanmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən sözügedən mənzil X3 xeyrinə özgəninkiləşdirilmişdir. Bildiririk ki, ünvan 5 ünvanında yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə tam mülkiyyət hüququ üzrə hal-hazırda X3 adına rəsmiləşdirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil X2 adına tam mülkiyyət hüququ üzrə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil X1. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil X3 adına tam mülkiyyət hüququ üzrə rəsmiləşdirilmişdir. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 8.0.5). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdur. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, xx.xx.1999-cu il tarixli, 25 nömrəli sərəncamdan görünür ki, Ərçivan kənd X8 İcraiyyə Komitəsinin xx.xx.1999-cu il tarixli, 25 saylı protokoluna əsasən Ərçivan kənd X8 İcraiyyə Komitəsinin balansında olan 16 mənzilli yaşayış binasında boşaldılmış 4 otaqlı mənzili, mənzil növbəsində duran ailə Cavadova (Məmmədova) Ulduza Adil qızına verilməsi qərara alınmışdır. İddiaçı Məmmədova (Cavadova) X4 X8 İcraiyyə Komitəsinin xx.xx.1999-cu il tarixli, 49 nömrəli orderi ilə ona verilmiş Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran ərazi idarəsi iddiaçıya xx.xx.2023-cü il tarixli məktub göndərərək, qeyd etmişdir ki, Astara rayon X19 Komissiyasının xx.xx.1999-cu il tarixli, 25 nömrəli sərəncamına əsasən verilmiş mənzilə dair hüquqların qeydiyyatı ilə bağlı hüquqmüəyyənedici sənədlərin tələblərə uyğunluğu yoxlanılmış, Astara rayon X19 Komissiyasının xx.xx.1999-cu il tarixli, 25 nömrəli sərəncamının, xx.xx.1999-cu il tarixli, 49 nömrəli orderin və xx.xx.1999-cu il tarixli müqavilənin X13 filialında aşkarlanmaması müəyyən edilmişdir. Göstərilən səbəbdən müraciətinizin icrası mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasında və etirazında istinad etdiyi, Astara rayon X19 Komissiyasının xx.xx.1999-cu il tarixli, 25 nömrəli sərəncamının, xx.xx.1999-cu il tarixli, 49 nömrəli orderin və xx.xx.1999-cu il tarixli müqavilənin X13 filialında aşkarlanmaması iddiaçının təqsiri ucbatından baş verməmiş, həmin sənədlərin arxivə təhvil verilməsi və sənədlərin arxivdə saxlanılması üçün iddiaçının hər hansı öhtəliyi olmamışdır. Bunun əksi olaraq Astara rayon İcra Hakimiyyəti Başçısının Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 1043 nömrəli arayışdan görünür ki, Ərçivan qəsəbəsində iki mərtəbəli, 4 otaqlı, 58,34 kv.m yaşayış sahəsi olan mənzilin İddiaçı məxsus olması, həmçinin həmin mənzildə iddiaçının özü, əri X9, oğlu X11 qeydiyyatda olduqları və yaşadıqları müəyyən edilmişdir. İddiaçı Məmmədova (Cavadova) Ulduz Adil qızı və ailə üzvüləri 1999-cu il tarixdən etibarən Astara rayon X19 Komissiyasının xx.xx.1999-cu il tarixli, 25 nömrəli sərəncamının, xx.xx.1999-cu il tarixli, 49 nömrəli orderin və xx.xx.1999-cu il tarixli müqavilənin mövcudluğuna ehtimad göstərərək həmin mənzildə yaşayırlar. Bunun əksi olaraq cavabdeh inzibati orqan tərəfindən Ərçivan kənd X8 İcraiyyə Komitəsinin xx.xx.1999-cu il tarixli qərarı əsasında verilmiş orderin mövcud olmaması, ləğv edilməsi, geri çağrılması, qüvvədən düşməsi və ya həmin mənzilin başqa şəxslərə verilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, mübahisə predmetini təşkil edən iddiaçıya məxsus mənzilin yerləşdiyi çox mənzilli yaşayış sahəsində yerləşən digər mənzil yəni ünvan 5 X3 adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair çıxarışın verilməsinə əsas olan hüquq müəyyən edici sənədə məhz iddiaçıda olan orderlə eynilik təşkil edir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.1999-cu il tarixli, 49 nömrəli order əsasında verilmiş Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. xx.xx.1999-cu il tarixli, 49 nömrəli order əsasında verilmiş Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar