Məhkəmə qərarları › İş №2-1(120)-846/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-846/2020

08.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-846/2020 08.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı x3 (Laçın rayonu, Alxaslı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır kəndində yaşayan) iştirakı ilə, İddiaçı x3 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı x7 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Gəncə İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İş məhkəmənin dəftərxanasında inzibati iş kimi qeydə alınaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İddiaçı x7 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 20.03.1972-ci ildə Laçın rayonu, Alxaslı kəndində anadan olmuşdur. Erməni işğalçılarının Azərbaycan Respublikasına hərbi təcavüzü ilə əlaqədar məcburi köçkün düşərək Tərtər rayonunun Hacıqərvənd kəndində məskunlaşıb yaşayır. Həmin dövrdə Laçın rayon Hərbi Komissarlığı vasitəsilə yenidən hərbi xidmətə göndərilmiş, N №-li hərbi hissə komandirinin 01.05.1994-cü il tarixli, N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 30.01.1996-cı il tarixli müvafiq əmrinə əsasən N №-li hərbi hissə komandirinin 15.02.1996-cı il tarixli N №-li əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq Laçın rayon Hərbi Komissarlığına göndərilmişdir. Barəsində hər hansı bir cinayət işi və ya təhqiqat materialı olmamışdır. Yuxarıda göstərilənlərə əsasən o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etdiyi üçün hüquq münasibətləri yaranan zaman qüvvədə olan «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən müharibə veteranı sayılır. Lakin o, faktiki olaraq müharibə veteranı sayılsa da, rəsmi olaraq vəsiqə almadığı üçün müharibə veteranları üçün nəzərdə tutulan hüquqlardan istifadə edə bilmir. Ona görə də o, qeyd olunan halları nəzərə alaraq və qanunvericiliyin tələblərini əsas tutaraq, rəsmi qaydada müharibə veteranı adı və vəsiqəsi almaq üçün dəfələrlə Laçın rayon Hərbi Komissarlığına, sonra isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə etdiyi son müraciətinə (bu müraciətində Komissiyadan lazım gələrsə, əlavə araşdırma aparmaqla onun əldə edə bilmədiyi əlavə sənədləri toplayıb qiymət verilməsini xahiş etmişdir) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyanın katibi polkovnik-leytenant Elburus Mehdixanovun imzası ilə ona göndərilmiş 15.11.2019-cu il tarixli, 1/Q-16158 №-li cavab məktubunda bildirilmişdir ki, AR MN-nin x11 Arxivinin 30.01.2019-cu il tarixli, 9/2-1167 №-li arayışında hərbi xidmətdə fərarilik müddəti bilinmədiyindən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. O, isə işin faktiki tərəfini nəzərə alaraq və qanunvericiliyin tələblərini əsas tutaraq cavabdehin bu imtina məktubunu aşağıdakı əsaslara görə qanunsuz və əsassız hesab edir. Belə ki, hüquq münasibətləri yaranan zaman qüvvədə olan «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinə əsasən digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. İddiaçı x7 şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 31.05.2020-ci il tarixli 11/2690 saylı etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı ərizəsindən və əlavə edilmiş sənədlərdən görünür ki, N nömrəli hərbi hissə komandirinin 01.05.1994-cü il tarixli 121 nömrəli əmri ilə İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısına salınmaqla bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin 15.02.1996-cı il tarixli 46 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılaraq ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin 07.09.1994-cü il tarixli 250 nömrəli əmri ilə İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün vəzifəsindən azad edilməklə ştatdan çıxarılmışdır. Qeyd edilən əmrdə İddiaçı xidmət yerini hərbi hissəni bir aydan artıq olaraq özbaşına tərk etməsi barədə məlumatlar öz əksini tapmışdır. Bundan başqa iddiaçının özü tərəfindən təqdim edilən sənədlərdə, eləcə də sözügedən komissiya tərəfindən aparılmış müvafiq araşdırma nəticəsində x1 olaraq hansı tarixdən hərbi hissəni özbaşına tərk etməsi müəyyən edilməsi mümkün olmamışdır. Göründüyü kimi bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən vətəndaş İddiaçı müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı, onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, «Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz». İddiaçı x3 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materialında olan 27.08.2010-cu il tarixdə Ağcabədi RPŞ tərəfindən verilmiş Seriya AZE 08069936 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, x7 20.03.1972-ci il tarixdə Laçın rayonu, Alxaslı kəndində anadan olmuş, Laçın rayonu, Alxaslı kəndində qeydiyyatdadır. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən x4 ünvanlanmış 15.11.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, sizə Müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»nın 20.02.2019-cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin 30.01.2019-cu il tarixli 9/2-1167 nömrəli arayışına əsasən hərbi xidmətdə fərarilik müddəti bilinmədiyindən sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi x11 Arxivinin 15.10.2019-cu il tarixli məktubundan görünür ki, Laçın RHK-dan çağırılmış, “Goran” tədris mərkəzindən gəlmiş, 1972-ci il təvəllüdlü x7 N №-li hərbi hissə komandirinin 01.05.1994cü il tarixli N №-li nizami hissə üzrə əmrilə (əsas: səh 34, § 1, sıra 81) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Bir aydan artıq hərbi hissəni özbaşına tərk etdiyi üçün sürücü sıravi x7 N №-li hərbi hissə komandirinin 07.09.1994-cü il tarixli 250 №-li nizami hissə üzrə əmrilə (əsas: səh 29, § 1, sıra 14) vəzifəsindən azad edilərək ştatdan kənar edilmişdir. Fərarilik etdiyi üçün x2 nazirinin 30.01.1996-cı il tarixli müvafiq əmrinə əsasən N №-li hərbi hissə komandirinin 15.02.1996-cı il tarixli N №-li nizami hissə üzrə əmrilə (əsas: səh 46, § 3, sıra 1218, əmrdə adı Qənahət yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq təkrar çağırış üçün sənədləri Laçın RHK-na göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, x7 N №-li hərbi hissə komandirinin 01.05.1994-cü il tarixli N №-li nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Lakin bir aydan artıq hərbi hissəni özbaşına tərk etdiyi üçün x7 N №-li hərbi hissə komandirinin 07.09.1994-cü il tarixli 250 №-li nizami hissə üzrə əmrilə vəzifəsindən azad edilərək ştatdan kənar edilmişdir. Fərarilik etdiyi üçün x2 nazirinin 30.01.1996-cı il tarixli müvafiq əmrinə əsasən N №-li hərbi hissə komandirinin 15.02.1996-cı il tarixli N №-li nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq təkrar çağırış üçün sənədləri Laçın RHK-na göndərilmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun hələ ilkin redaksiyasının icrasını təmin etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarla «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni (bundan sonra Əsasnamə) təsdiq etmişdir. Əsasnamənin 1-ci bölməsinin 9-cu abzası nəzərdə tuturdu ki, müharibə veteranı adı «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə – müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında» verilir. Əsasnamənin 10-cu abzası isə nəzərdə tuturdu ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 saylı qərarı ilə Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara–müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməyə əsasən hərbi qulluqçular müharibə veteranı adı və müvafiq vəsiqə verilməsi üçün hərbi biletlərini hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim etməlidirlər. İddiaçı isə N nömrəli hərbi hissəsinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinə dair qeydlər olan hərbi biletini təqdim edə bilməmişdir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsinə əsasən hərbi xidmətin başlanğıcı və sonu birmənalı müəyyən edilmişdir: başlanğıc - hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün, sonu - hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi haqqında» 1992-ci il 19 fevral tarixli 313 №-li Fərmanı ilə elan olunmuş qismən səfərbərlik faktiki 25 dekabr 1999-cu il tarixədək davam etmişdir. Yəni səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların ehtiyata buraxılmasının ilk mərhələsi «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 1996-cı il tarixli 433 №-li Fərmanı ilə həyata keçirilmişdir. «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun «Səfərbərlik üzrə çağırış və tərxis olunma haqqında» 24-26-cı və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 186-cı maddəsinə əsasən “səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, həm də səhhətə görə möhlət və azadetmə istisna olmaqla, digər möhlət növləri və çağırışdan azadetmənin tətbiqi dayandırılır; səfərbərlik elan edildikdə səfərbərlik müddəti ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər xüsusi sərəncam alınanadək saxlanılırlar. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» 23.01.1996-cı il tarixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi x11 Arxivinin 15.10.2019-cu il tarixli məktubunda bir aydan artıq hərbi hissəni özbaşına tərk etdiyi üçün x3 N №-li hərbi hissə komandirinin 07.09.1994-cü il tarixli 250 №-li nizami hissə üzrə əmrilə vəzifəsindən azad edilərək ştatdan kənar edildiyi və fərarilik etdiyi üçün Müdafiə nazirinin 30.01.1996-cı il tarixli müvafiq əmrinə əsasən N №-li hərbi hissə komandirinin 15.02.1996-cı il tarixli N №-li nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq təkrar çağırış üçün sənədlərinin Laçın RHK-na göndərildiyi qeyd edilmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması müəyyən olunmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə nzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından iddiaçı x3 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı x3 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar