Məhkəmə qərarları › İş №2-1(120)-85/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-85/2023

24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-85/2023 24.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı «pensiyasından qanunsuz tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı «pensiyasından qanunsuz tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəmə iclasında ərizə verərək tələbinə “pensiyasından qanunsuz tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 35 il əmək stajına malikdir. 2014-cü ildə səhətində yaranmış ciddi problemlə bağlı olaraq əmək qabiliyyətini itirdiyimə görə müvafiq və aidiyyəti təşkilatlar tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ bəndinə əsasən sosial təminat hüququna malik olduğuma görə əlil kimi pensiyaya çıxaraq həmin vaxta uyğun əlil kimi pensiyaya çıxaraq həmin vaxtdan 181 (bir yüz səksən bir) manat pensiya almağa başlamışdır. 2016-cı ilin fevral ayından başalyaraq ona təyin olunmuş pensiyadan heç bir əsas olmadan 42 manat tutulmağa başladı. O, bunun səbəbini heç bir vasitə ilə öyrənə bilməmişdir. Nəhayət DSMF-nun Sabirabad rayon şöbəsinə müraciət etmiş. Bu müraciətindən sonra qanusuz tutulan məbləğ 42 manatdan 21 manata endirilsədə tutulmanın əsas səbəbi barədə ona heç bir məlumat verilmədiyi üçün o, pensiyasından tutulan bu vəsaitin hansı qərar, əmr və göstərişə əsasən tutulması barədə tərtib edilmiş sənədləri AR MPM-nin 47.2 maddəsinə uyğun şəkildə AR MPM-nin 472-ci maddəsinə uyğun şəkildə etdiyi tələb heç bir nəticə verməmişdir. AR Konstitusiyasının 29cu maddəsinin İV maddəsində göstərilir ki, Məhkəmənin qərarı olmadan heç kəs mülkiyyətindən məhrum edilə bilməz. Buna baxmayaraq DSMF-nun Sabirabad rayon Şöbəsi tərəfindən onun Konstitusiya hüquqları pozularaq əsassız şəkildə pensiyasından vəsait tutularaq ona maddi ziyan vurulsada, həmin təşkilat bunun səbəbini göstərən sənədləri ona verməkdən imtina edərək onun öz hüquqlarının müdafiəsi məqsədi aidiyyəti təşkilatlara müraciət etmək hüquqndan məhrum etmişdir. Məhz bu səbəbə görə o, öz iddia ərizəsində hüquqlarının qəsdən pozulmasını təsdiq edinə sənədləri əldə edə bilmədiyinə görə ərizəsinə əlavə edə bilməmişdir. AR MPM-nin 78.2 maddəsində göstərilir ki, zəruri olan hallarda məhkəmə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. DSMF-nun Sabirabad rayon mərkəzi tərəfindən qanunsuz olaraq onun pensiyasından qanunsuz tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, tibbi Sosial Ekspert Komissiyası tərəfindən (DTSERA) əlilliyin qiymətləndirilməsi barədə xx.xx.2014-cü il tarixli qərar qəbul edilərək İddiaçı ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Həmin qərar əsasında Sabirabad rayon şöbəsi tərəfindən İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə iddiaçının əlilliyi təkrar qiymətləndirilmiş 5 il müddətinə ikinci qrup əl illik dərəcəsi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının əlilliyi təkrar qiymətləndirilərək, müddətsiz üçüncü qrup əlil hesab edilmiş və pensiya ödənişləri 4 saylı regional ərazi filialı tərəfindən davam etdirilmişdir, iddiaçı xx.xx.2016-cı il tarixdən əmək fəaliyyəti ilə məşğul olduğu üçün həmin tarixdən etibarən pensiyanın yalnız baza hissəsi ödənilməli olduğu halda, pensiya sığorta və yığım hissəsi də nəzərə alımaqla tam məbləğdə ödənilmişdir. Bu səbəbdən 01,03.2018ci il tarixdən etibarən onun pensiyasından 20% yəni, 42,8 manat məbləğində tutulma aparılmışdır. İddiaçının müraciətinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq tutulma pensiya məbləğinin 10%-i miqdarında yəni, 21,54 manat məbləğində həyata keçirilmişdir. Lakin tutulmalı olan məbləğ 661,70 manat olduğu halda, səhvən 1464,70 manat hesablanmışdır. Vətəndaşın pensiyasından ümumilikdə 926,20 manat məbləğində tutulmuş, xx.xx.2021-ci il tarixdə artıq tutulan 264,5 manat vətəndaşın adına olan pensiya kartına köçürülmüşdür. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən iddiaçının “pensiyadan qanunsuz tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirik. Məhkəmənin keçmiş iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi filialının xx.xx.2021-ci il tarixli, **********9 nömrəli xidməti məktubundan görünür ki, artıq tutulmuş vəsaitin pensiyaçıya geri ödənilməsi barədə sərəncam verilmiş və ödənişə göndərilərək, xx.xx.2021-ci il tarixdə artıq tutulmuş vəsaitin ödənilməsi üçün PAS proqramının müvafiq xanasına işlənilərək, artıq tutulmuş 264.50 manat vəsait plastik kart vasitəsi ilə xx.xx.2021-ci il tarixdə İddiaçı hesabına ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2014-cü il tarixli, 254 nömrəli qərarından görünür ki, İddiaçı ikinci qrup əlilliyə görə 157.04 manat pensiya təyin edilmişdir. İş materiallarında olan İddiaçı inzibati orqana ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəyə əsasən artıq aldığı pensiya məbləğindən hər ay 20 faiz tutulmasını razılıq verdiyi müəyyən edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəlmiş olduğu nəticəni inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırmaq zərurəti ilə bağlı aşağıdakıların qeyd edilməsini labud hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən Əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Həmin Qanunun 39-cu maddəsinə əsasən Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə cavabdehin əmək pensiyasından tutulmaların aparılmasına dair iddiaçının xx.xx.2018-ci il tarixli ərizə ilə razılıq verdiyi müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçıya razılığına əsasən təyin olunmuş pensiyadan tutlması barədə qərar qəbul edilmiş, iddiaçıya lakin daha sonra artıq tutulmuş vəsaitin pensiyaçıya geri ödənilməsi barədə sərəncam verilmiş və ödənişə göndərilərək, xx.xx.2021-ci il tarixdə artıq tutulmuş vəsaitin ödənilməsi üçün PAS proqramının müvafiq xanasına işlənilərək, artıq tutulmuş 264.50 manat vəsait plastik kart vasitəsi ilə xx.xx.2021-ci il tarixdə İddiaçı hesabına ödənilmişdir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, Adıçəkilən Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Qeyd edilən halla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ona nvanlanan bildirişə əsasən xx.xx.2018ci il tarixli ərizə ilə artıq ödəmə kimi hesablanan pulun ondan tutulmasına razılıq vermiş və ərizəsinə əsasən qeyd edilən mbləğin tutulması barədə inzibati orqan tərəfindən sərəncam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı razılıq ərizəsinə əsasən ondan tutulan pulun ödənilməsini tələb etməkdə haqlı deyil. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanuna zidd sayılmamalı və bu hal iddiaçının hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı «pensiyasından qanunsuz tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar