Məhkəmə qərarları › İş №2-1(120)-85/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-85/2025

02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-85/2025 02.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixli, **********0 qərarının ləğv edilməsi, əvvəl hesablanmış əmək pensiyasına dövlət qulluğu vəzifəsindən çıxdığı tarixdən ödənilməsi və dövlət qulluğu vəzifəsində qulluq stajına görə əlavənin yenidən hesablanaraq ona dövlət qulluqçusu təqaüdünün əlavələrlə və artımlarla birlikdə birdəfəlik ödənilməsinin və əmək pensiyasının artırılaraq bundan sonra hər ay artımlar nəzərə alınmaqla ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya məbləğinin geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərarın ləğv edilməsi, əvvəl hesablanmış əmək pensiyasına dövlət qulluğu vəzifəsindən çıxdığı tarixdən ödənilməsi və dövlət qulluğu vəzifəsində qulluq stajına görə əlavənin yenidən hesablanaraq ona dövlət qulluqçusu təqaüdünün əlavələrlə və artımlarla birlikdə birdəfəlik ödənilməsini və əmək pensiyasının artırılaraq bundan sonra hər ay artımlar nəzərə alınmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5704/2022 nömrəli qərardadına əsasən iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı məhkəməyə ərizə təqdim edərək və iddia tələbinin dəyişdirilərək “xx.xx.2021-ci il tarixli, **********0 qərarının ləğv edilməsi, əvvəl hesablanmış əmək pensiyasına dövlət qulluğu vəzifəsindən çıxdığı tarixdən ödənilməsi və dövlət qulluğu vəzifəsində qulluq stajına görə əlavənin yenidən hesablanaraq ona dövlət qulluqçusu təqaüdünün əlavələrlə və artımlarla birlikdə birdəfəlik ödənilməsinin və əmək pensiyasının artırılaraq bundan sonra hər ay artımlar nəzərə alınmaqla ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1960-cı il tarixdə Beyləqan rayonunun Binyətli kəndində anadan olmuş, əmək fəaliyyətinə 1976-ci ilin oktyabr ayından başlamış, uzun illər dövlət notariuslarında müxtəlif vəzifələrdə və dövlət notariusu kimi xidmət etmiş, həmçinin 1986-2012-cı illərdə Qazax və Ağstafa rayonlarının dövlət notariusu vəzifələrində xidmət etmiş, 21 iyul 2010-cu il tarixindən “Ədliyyə oraqanlarında qulluq keçmə haqqına”, “Notariat haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə və Ədliyyə Nazirliyi haqqında əsasnamənin 16.5-ci bəndinə əsasən Ağstafa rayon dövlət notariat kontorunun dövlət notariusu vəzifəsi fəaliyyətini davam etdirmişdir. xx.xx.2012-ci ildən xx.xx.2014-cü illərdə Beyləqan rayonu 2 saylı dövlət notariat kontorunda Dövlət Notariusu vəzifəsində çalışmış, 25 aprel 2014-cü ildən “Notariat haqqında” və “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” qanunun 40.1.1-ci maddəsinə əsasən öz xahişi ilə ədliyyə orqanlarında qulluq keçməyinə xitam verilmişdir. xx.xx.2014-xx.xx.2016-cı illərdə Sabirabad ASAN Xidmət Mərkəzində Xüsusi Notariusu vəzifəsində çalışmışdır. Ona pensiya təyin olunarkən dövlət qulluğunda çalışdığı illər, işlədiyi vəzifə, vəzifə maaşlarının artırılması nəzərə alınmamışdır. Dövlət qulluğu vəfizəsində çalışmağı, vəzifə maaşıma əlavənin edilməsi nəzərə alınmaqla təyin edilmiş pensiya yenidən hesablanmalı, əvvəl hesablanmış pensiyaya əlavələr edilməmiş, pensiya məbləği dövlət qulluğu vəzifəsindən çıxdığı tarixdən ödənilməlidir. Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş idarəsi tərəfindən ona 1997-2001-ci illər üzrə 5 illik orta aylıq əmək haqqı, mükafat və müavinətlərin cəmi barədə arayış üzrə 32 dəfə mükafat almışdır. Beləliklə göründüyü kimi yuxarıda göstərilən illər üzrə ona az pensiya hesablanmışdır. Fondun mütəxəssisləri əmək pensiyaslnı hesablayarkən 2011-ci illər üzrə təqdim edilmiş 5 illik orta aylıq əmək haqqı barədə arayışda göstərilən 32 dəfə mükafat almağını deyil hazırda təqdim edilən 20 dəfə mükafat almağını götürürlər bu isə onun əmək pensiyasının az hesablanmasına səbəb olur. 2014-cü ilin iyun, iyul, avqust, sentyabr, oktyabır, noyabr, dekabr, 2015-ci ilin yanvar aylarında Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-na işçilərin əmək haqqı fondunun 22% DSMF-nun yığım hesabına 8.140 manat məbləğində pul vəsaiti ödənilmişdir. Ona pensiya təyin olunarkən dövlət qulluğunda 29 il, 03 ay, 25 gün çalışmağı, işlədiyi vəzifə, vəzifə maaşlarının artırılması nəzərə alınmamışdır. Dövlət qulluğu vəfizəsində çalışmağı, vəzifə maaşına əlavənin edilməsi nəzərə alınmaqla ona təyin edilmiş pensiya yenidən hesablanmalı, əvvəl hesablanmış pensiyaya əlavələr edilməmiş, pensiya məbləği dövlət qulluğu vəzifəsindən çıxdığı tarixdən ödənilməlidir. Bununla bağlı xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə tərəfimdən ərizə ünvanlayaraq mənə əvvəl hesablanmış əmək pensiyasına dövlət qulluğu vəzifəsindən çıxdığım tarixdən ödənilməsi və dövlət qulluğu vəzifəsində qulluq stajıma görə əlavənin yenidən hesablanaraq mənə dövlət qulluqçusu təqaüdünün əlavələrlə və artımlarla birlikdə birdəfəlik ödənilməsini və əmək pensiyamın artırılaraq bundan sonra hər ay artımlar nəzərə alınmaqla ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə tərəfimdən xx.xx.2022-ci il tarixli cavab məktubu ilə ərizəsi cavablandırılmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, DSMF-nun Beyləqan rayon şöbəsi tərəfindən ədliyyə orqanlarının sabiq əməkdaşı kimi iddiaçıya 30 sentyabr 2011-ci il tarixində Ağstafa rayon şöbəsi tərəfindən ədliyyə orqanlarının sabiq əməkdaşı kimi deyil, işləyən əməkdaşı kimi xidmət illəri ilə əlaqədar yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya xx.xx.2014-cü il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının faizi miqdarında əlavəyə görə vəzifə maaşının 40 faizi miqdarında əlavə 242,00 manat, mükafatlarla müavinətlərin cəminə görə 159,90 manat olmaqla orta əmək haqqı 1006,90 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “X8” Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 20.19.3-cü maddəsinə əsasən 28 il 01 ay qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1006,90 manat) 80 faizi-805,52 manat məbləğində hesablanmalı olduğu halda 867,59 manat müəyyən edilməklə xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində onun kartına 2867,63 manat artıq pul vəsaiti köçürülmüşdür. Ədliyyə orqanlarında vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 01 mart 2018-ci il tarixdən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 520,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə maaşının 40 faizi miqdarında əlavə 260,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 175,05 manat olmaqla orta aylıq əmək haqqı 1085,05 manat təşkil etmişdir. Bununla əlaqədar qeyd edilən məbləğin 80 faizi 868,04 manat hesablanmalı olduğu halda ona 940,77 manat müəyyən edilməklə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ona 1309,14 manat artıq pul vəsaiti ödənilmişdir. Ədliyyə orqanlarında vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 01 sentyabr 2019-cu il tarixdən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 780,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə maaşının 40 faizi miqdarında əlavə 364,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 262,58 manat olmaqla orta aylıq əmək haqqı 1536,58 manat təşkil etmişdir. Bununla əlaqədar qeyd edilən məbləğin 80 faizi 1229,26 manat hesablanmalı olduğu halda ona 1282,29 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 794,45 manat artıq pul vəsaiti ödənilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddiaçıya xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasında 4972,22 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. İddiaçının orta aylıq əmək haqqı olaraq xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı dövr əsas götürülmüşdür. “İnzibati İcraat haqqında” Qanunun 82-ci maddəsinin tələblərinə uyğun qaydada “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixdə **********0 nömrəli Qərar qəbul edilərək iddiaçının ünvanına göndərilmişdir. İddiaçı cavabdeh İdarəyə qarşı iddia ərizəsində qeyd edilən idda tələblərinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir, İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxıldığından və iddiaçı Beyləqan rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan xx.xx.1976-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.2014-cü il tarixədək əmək fəaliyyətində olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında xx.xx.2021-ci il tarixli, **********0 nömrəli qərarın surətindən görünür ki, xx.xx.1960-cı il tarixində anadan olmuş ünvan 1 ünvanında yaşayan (qeydiyyatda olan) İddiaçı xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 4972,22 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsi tərəfindən ədliyyə orqanlarının sabiq əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Müraciətinə əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 25 aprel 2014-cü il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 475,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavə 242,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 159,90 manat olmaqla orta aylıq əmək haqqı 1006,90 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “X8” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.19.3-cü maddəsinə əsasən 28 il 1 ay qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1006,90 manat) 80 faizi-805,52 manat məbləğində məbləğində hesablanmalı olduğu halda, 867,59 manat müəyyən edilməklə xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr ərzində ona 2867,63 manat artıq pul vəsaiti ödənilmişdir. Ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 520,00 manat, rütbə maaşınız 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavəniz 260,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 175,05 manat olmaqla orta aylıq əmək haqqınız 1085,05 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız 28 il 1 ay qulluq stajınıza uyğun olaraq orta aylıq əmək haqqınızın (1085,05 manat) 80 faizi-868,04 manat məbləğində məbləğində hesablanmalı olduğu halda, 940,77 manat müəyyən edilməklə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr ərzində 1309,14 manat artıq pul vəsaiti ödənilmişdir. Ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 780,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavə 364,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 262,58 manat olmaqla orta aylıq əmək haqqı 1536,58 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası 28 il 1 ay qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1536,58 manat) 80 faizi-1229,26 manat məbləğində hesablanmalı olduğu halda, 1282,29 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr ərzində 795,45 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4972,22 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 4972,22 manat pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, İddiaçı əmək pensiyası müraciətində göstərdiyi xx.xx.1997-xx.xx.2001-ci il tarixləri arasındakı dövr əsas götürülməklə hesablanacağı təqdirdə adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 780,00 manat, rütbəyə görə əlavəsi 130,00 manat, qulluq illərinə görə əlavəsi 189,55 manat, digər növ əlavələri 416,00 manat olmaqla orta aylıq əmək haqqısı 1515,55 manat təşkil edəcəkdir. Belə olan halda, İddiaçı əmək pensiyası “X8” Azərbaycan Respublikası Qanununun 20.19.2-ci maddəsinə əsasən 28 il 1 ay qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqısının (1515,55 manat) 80 faizi-1212,44 manat məbləğində müəyyən ediləcəkdir. Göründüyü kimi, sözügedən dövr vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı hesablanarkən əsas götürülərsə adıçəkilən şəxsin əmək pensiyasının məbləği 1229,26 manatdan 1212,44 manata azalacaqdır. Eyni zamanda bildiririk ki, İddiaçı orta aylıq əmək haqqısı xx.xx.2006xx.xx.2010-cu il tarixləri arasındakı dövr əsas götürülərək hesablanıb. Belə ki, vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 780,00 manat, rütbə maaşı 130,00 manat, qulluq illərinə görə əlavəsi 364,00 manat, digər növ əlavələri 262,58 manat olmaqla orta aylıq əmək haqqısı 1536,58 manat təşkil etmişdir. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası 28 il 1 ay qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqısının (1536,58 manat) 80 faizi-1229,26 manat məbləğində hesablanaraq müvafiq kart hesabına köçürülür. Məlumat üçün bildiririk ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla İddiaçı “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-122,93 manat məbləğində maddi yardım ödənilir. Məhkəmənin iş üzrə 10 iyul 2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 9/95/2024 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə əsasən İddiaçı xx.xx.2014 - xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4972,22 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilir. Həmçinin qeyd edilir ki, Mərkəzi Filial tərəfindən 2020-ci ilin dekabr ayından etibarən əmək pensiyasının 1229,26 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülməsi müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı İddiaçı dair pensiyasının hesablanmasına dair mütəxəssis tərəfindən tərtib edilmiş rəydən görünür ki, İddiaçı pensiya işinə aid sənədlərdə ona 1 fevral 2011-ci il tarixindən Fondun Ağstafa rayon şöbəsi tərəfindən ədliyyə orqanlarının işləyən əməkdaşı kimi xidmət illəri ilə əlaqədar, 25 yanvar 2014-cü il tarixindən isə Fondun Beyləqan rayon şöbəsi tərəfindən ədliyyə orqanlarının sabiq əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. “X8” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun; 20.11-ci maddəsinin 1 yanvar 2023-cü il tarixənədək qüvvədə olmuş redaksiyasına əsasən sabic dövlət qulluqçularının əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcı gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən (dövlət məvacibindəki sonrak artımlarda nəzərə alınmaqla) müəyyən edilir. Qanunun 1 iyun 2017-ci il tarixinədək qüvvədə olan 20.19.3-cü maddəsinə əsasən adıçəkilən şəxsə 28 il 1 ay 29 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının 80 faizi miqdarında əmək pensiyası müəyyən edilib. İddiaçı pensiyas xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində vaxtilə qulluq keçdiyi vəzifə üzrə ort aylıq əmək haqqısı əsas götürülərək müəyyən edilib. Adıçəkilən şəxsin orta aylıq əmə haqqısını tərkibinə vəzifə maaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununl əlaqədar onlara əlavə haqqın verilməsi Qaydasının 3.1-ci bəndinə uyğun olaraq 25 ildən 30 ilə qədər qulluq illərinə görə vəzifə maaşına və xüsusi rütbəyə görə əlavəsinin 40 faizi məbləğində əlavə, ixtisas dərəcəsinə görə əlavə və ona müvafiq dövrdə ödənilmiş mükafatlar daxildir. İddiaçı əmək pensiyasının məktubunda qeyd olunan dövrlər (1997-2001-ci illər) üzrə orta aylıq əmək haqqısının əsasında hesablanacağı təqdirdə onun qulluq illərinə görə əlavəsinin faiz dərəcəsi 20,75 faiz olaraq müəyyən ediləcək (1997-ci il tarixinədək adıçəkilən şəxsin qulluq stajın 5 ildən 10 ilə qədər təşkil etdiyi üçün). Bu səbəbdən də, İddiaçı həmin dövr üzrə orta aylıq əmək haqqısı 1229,26 manat deyil, 1211,20 manat məbləğində müəyyən ediləcək. Sözügedən məsələ ilə bağlı adıçəkifən şəxslə telefonla əlaqə saxlanılaraq ona yuxarıda qeyd edilənlər ətraflı izah edilib. Adıçəkilən şəxsin əmək pensiyası tərəflərindən yenidə hesablanaraq xx.xx.2020-ci il tarixindən 1229,26 manat məbləğində müəyyən edilib və ona ümumilikdə 4972,22 manat artıq pensiya məbləğinin ödənildiyi aşkar edilib. Həmin artıq ödənilmiş pensiya məbləğinin səbəbləri və hesablanma qaydası haqqında tərəflərindən 2 avqust 2021-ci il tarixli **********0 nömrəli və 17 dekabr 2021-ci il tarixli ********** məktublarla adıçəkilən şəxsə ətraflı məlumat verilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasır əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar İddiaçı artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 4972,22 manatdan 2406,97 manata (xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövr üzrə) azaldılıb. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/3-1-23678/2025 nömrəli xidməti məktubundan görünür ki, İddiaçı əmək pensiyasının hesablanmasına dair tərəflərindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-125305/2023 nömrəli məktubda adıçəkilən şəxsin pensiyasının hesablanma qaydasında 1997-2001-ci illər üzrə orta aylıq əmək haqqısı əsas götürülməklə ona dair əmək haqqı cədvəllərində qeyd olunan 32 ədəd mükafat nəzərə alınmışdır. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia mümkün olsa da, qismən əsaslıdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Hazırki tələbdə iddiaçı xx.xx.2021-ci il tarixli, **********0 qərarının ləğv edilməsi, əvvəl hesablanmış əmək pensiyasına dövlət qulluğu vəzifəsindən çıxdığı tarixdən ödənilməsi və dövlət qulluğu vəzifəsində qulluq stajına görə əlavənin yenidən hesablanaraq ona dövlət qulluqçusu təqaüdünün əlavələrlə və artımlarla birlikdə birdəfəlik ödənilməsinin və əmək pensiyasının artırılaraq bundan sonra hər ay artımlar nəzərə alınmaqla ödənilməsini xahiş edir. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş cavabdehin etirazında qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasında 4972,22 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. İddiaçının orta aylıq əmək haqqı olaraq xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı dövr əsas götürülmüşdür. “İnzibati İcraat haqqında” Qanunun 82-ci maddəsinin tələblərinə uyğun qaydada “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixdə **********0 nömrəli qərar qəbul edilərək iddiaçının ünvanına göndərilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixli, **********0 nömrəli qərarın iddiaçıya xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 4972,22 manat artıq ödənilmiş əmək pensiyası məbləğin geri qaytarılmasını tələb etmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə qərar qəbul edilmədən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, **********0 nömrəli qərarın surətindən görünür ki, iddiaçıdan xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 4972,22 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş, daha sonra cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, bu barədə iddiaçıya xx.xx.2021-ci il tarixdə əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytrarılması barədə qərarla kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılmasını tələb etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə hesab edir ki, inzibati orqan əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytrarılması barədə xx.xx.2021-ci il tarixli qərar qəbul edilən zaman qanunvericiliyin tələblərinə riayət etməmişdir. İddiaçı tələbinin qərar ləğv edilmə hissəsində haqlı olduğu mübahisələndirilən qərar ləğv edilməlidir. Qeyd edilməlidir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Həmçinin qeyd edilməlidir ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçının öz pensiya məbləğinə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-895/2023 nömrəli xx.xx.2023-cü il tarixli (üç ulduzlu) qərarında hazırkı mübahisənin predmeti ilə oxşarlıq təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Qeyd edilməlidir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırlması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsilə həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). İddiaçının tələbinin ikinci hissəsi iddiaçıya əvvəl hesablanmış əmək pensiyasına dövlət qulluğu vəzifəsindən çıxdığı tarixdən ödənilməsi və dövlət qulluğu vəzifəsində qulluq stajına görə əlavənin yenidən hesablanaraq ona dövlət qulluqçusu təqaüdünün əlavələrlə və artımlarla birlikdə birdəfəlik ödənilməsinin və əmək pensiyasının artırılaraq bundan sonra hər ay artımlar nəzərə alınmaqla ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qeyd edilən üzrə haqlı olmadığın həmin hissə də təmin edilə bilməz. Həmin hissədə gəəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Həmin hissə ilə bağlı iddia ərizəsinə və iddiaçının məhkəmə iclasında verdiyi izahatlara əsasən hüquqi marağının xx.xx.1997-xx.xx.2001-ci il tarixləri arasındakı dövr əsas götürülməklə əmək pensiyasının yenidən hesablanmasını və yenidən hesablanma zamanı Ədliyyə Nazirliyi tərəfindən ona verilən 32 ədəd mükafatın nəzərə alınmasını xahiş etdiyi müəyyən edilir. İlk öncə qeyd edilməlidir ki, İddiaçı pensiya işinə aid sənədlərdə ona 1 fevral 2011-ci il tarixindən Fondun Ağstafa rayon şöbəsi tərəfindən ədliyyə orqanlarının işləyən əməkdaşı kimi xidmət illəri ilə əlaqədar, 25 yanvar 2014-cü il tarixindən isə Fondun Beyləqan rayon şöbəsi tərəfindən ədliyyə orqanlarının sabiq əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. “X8” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun; 20.11-ci maddəsinin 1 yanvar 2023-cü il tarixənədək qüvvədə olmuş redaksiyasına əsasən sabiq dövlət qulluqçularının əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcı gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən (dövlət məvacibindəki sonrak artımlarda nəzərə alınmaqla) müəyyən edilir. İş üzrə araşdırmanın tam həyata keçirilməsi məqsədilə rəy alınması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan mütəxəssis cəlb edilmiş və məhkəməyə təqdim edilən pensiyanın hesablanmasına dair mütəxəssis rəyinə əsasən “X8” Azərbaycan Respublikası Qanununun 1 iyun 2017-ci il tarixinədək qüvvədə olan 20.19.3-cü maddəsinə əsasən adıçəkilən şəxsə 28 il 1 ay 29 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının 80 faizi miqdarında əmək pensiyası müəyyən edilmişdir. İddiaçı pensiyası xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində vaxtilə qulluq keçdiyi vəzifə üzrə ort aylıq əmək haqqısı əsas götürülərək müəyyən edilmişdir. Adıçəkilən şəxsin orta aylıq əmə haqqısını tərkibinə vəzifə maaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununl əlaqədar onlara əlavə haqqın verilməsi Qaydasının 3.1-ci bəndinə uyğun olaraq 25 ildən 30 ilə qədər qulluq illərinə görə vəzifə maaşına və xüsusi rütbəyə görə əlavəsinin 40 faizi məbləğində əlavə, ixtisas dərəcəsinə görə əlavə və ona müvafiq dövrdə ödənilmiş mükafatlar daxildir. İddiaçı əmək pensiyasının məktubunda qeyd olunan dövrlər (1997- 2001-ci illər) üzrə orta aylıq əmək haqqısının əsasında hesablanacağı təqdirdə onun qulluq illərinə görə əlavəsinin faiz dərəcəsi 20,75 faiz olaraq müəyyən ediləcəkdir (1997ci il tarixinədək adıçəkilən şəxsin qulluq stajın 5 ildən 10 ilə qədər təşkil etdiyi üçün). Bu səbəbdən də, İddiaçı həmin dövr üzrə orta aylıq əmək haqqısı 1229,26 manat deyil, 1211,20 manat məbləğində müəyyən ediləcəkdir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçının tələbi üzrə xx.xx.1997xx.xx.2001-ci il tarixləri arasındakı dövr nəzərə alınmaqla əmək pensiyası təyin ediləcəyi zaman onun pensiya məbləğində artış deyil, əksinə azalma olacaqdır. Qeyd edilən hal isə iddiaçı üçün əlverişsiz inzibati akt qəbul edilməsi ilə nəticələndiyindən məhkəmə hesab edir ki, inzibati orqan xx.xx.1997-xx.xx.2001-ci il tarixləri arasındakı dövr nəzərə alınmaqla əmək pensiyasının hesablanmasından imtina etməklə haqlı olmuşdur. Eləcə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/3-1-23678/2025 nömrəli xidməti məktubundan görünür ki, İddiaçı əmək pensiyasının hesablanmasına dair tərəflərindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-125305/2023 nömrəli məktubda adıçəkilən şəxsin pensiyasının hesablanma qaydasında 1997-2001-ci illər üzrə orta aylıq əmək haqqısı əsas götürülməklə ona dair əmək haqqı cədvəllərində qeyd olunan 32 ədəd mükafat nəzərə alındığı müəyyən edilir. Odur ki, iddiaçının tələbi üzrə 1997-2001-ci illər üzrə orta aylıq əmək haqqısı əsas götürülməklə əmək pensiyasının yenidən hesablanmasından cavabdehin imtinası qanunsuz hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Beləliklə, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********0 qərarı ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə verilmiş ekspert rəyi ilə bağlı prosessual xərclər İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********0 qərarı ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 100 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar