Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-850/2025 23.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinə qarşı “İmişli rayonu Bəhrəmtəpə X1 18 hektar torpaq sahəsi icarəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli 14 saylı qərarının, protokolunun və bundan irəli gələn nəticələrin ləğv edilməsi” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinə qarşı “İmişli rayonu Bəhrəmtəpə X1 18 hektar torpaq sahəsi icarəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli 14 saylı qərarının, protokolunun və bundan irəli gələn nəticələrin ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinə “İmişli rayonu Bəhrəmtəpə X1 18 hektar torpaq sahəsi icarəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli 14 saylı qərarının, protokolunun və bundan irəli gələn nəticələrin ləğv edilməsi” baxılması davam etdirilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə Laçın rayonunun ermənilər tərəfindın işğalı ilə əlaqədar məcburi köçkün kmi gəlib İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi yaxınlığında yerləşən hazırki torpaq sahəsində məskunlaşmışlar. Həmin vaxtlarda ailəsində üçəm oğul doğulub. İmişli rayon icra hakimiyyətinin, Kare təşkilatının köməyi ilə ailəsinə bu torpaq sahəsində 2 ev tikilib verilib. Özü də heyvanların ssaxlanması üçün böyük tövlə tikmiş, iddiaçının tələb etdiyi torpaq sahəsi istifadəyə yararsız vəziyyətdə olmuşdur. 27 il ərzində həmin torpaq sahəsinə xərc çəkib yararlı vəziyyətə gətirmiş və orada 200-ə qədər ağac əkmişdir. Bundan əlavə, 11000 ABŞ dolları məbləğində xərc çəkərək artezian quyusu qazdırmışdır. Həmin torpaq sahəsi X8 qeyriqanuni verilmişdir. O, həmin torpaq sahəsində məskunlaşdığı halda, bələdiyyə tərəfindən torpaq sahəsi ona təklif edilməmiş, həmin ərazidə yaşamayan, Bakı şəhər sakini olan şəxsə verilmişdir. Onda olan Hüquqi Torpaq məsələləri və Ekspertiza Mərkəzi MMC-nin 11 noyabr 2022-ci il tarixli 229 saylı rəyində göstərilir: Naturada İddiaçı faktiki istifadəsində olan va oradan keçən yerüstü, habelə yer üzərində nişanı olan yeraltı kabel kommunikasiya xətlərinin koordinatları GPS aleti vasitəsi ilə qeydə alınmış, kameral şəraitdə ərazinin yerquruluşu planına və Google Yer proqramının foto görüntülərinə əsasən dəqiqləşdirildi. Dəqiqləşdirmə zamanı məlum oldu ki, 18 ha torpaq sahəsinin 0,5 hektarında ərizəçinin əraziyə məskunlaşdığı dövürdən hal-hazıra kimi yaşadığı fərdi yaşayış evi ve yardimçı tikililər (çardaq, tövlə, toyuq hini, anbar, ot damı, sanitar qovşaqlar və s.) yerləşir. 1,1 hektardan isə o arı ailələrini yığmaq ve digər məqsədlərlə həyətyanı sahə kimi istifadə edir. Həmçinin təqdim olunmuş sənədlərdən ve yerli baxış zamanı ona məlum olub ki, Beynəlxalq GHF təşkilatı ilə İddiaçı arasında baglanılmış 59 saylı Qrant layihəsi və onun vəsaiti əsasında həmin ərazidə artezian quyusu qazılmış və metal dirəklər üzərində iri içməli su çəni, transformator quraşdırılmlş ve elektrik xətti ilə təchiz olunmuşdur. Bunlardan alavə həmin ərazidə İddiaçı terəfindan 30 il xeyli sayda ağaclar əkilmiş, su quyusu qazılmışdır. Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2007-ci il tarixli İcarə Müqaviləsi 99 il müddətinə X8 icarəyə verilmiş 18 hektar torpaq sahəsinin 0,5 hektarında İddiaçı məxsus fərdi yaşayış evi və digər yardımçı tikililər yerləşir. Həmin torpaq sahəsindən dəmiryolu xətti keçir. Həmin torpaq sahəsindən yüksək gərginlikli elektrik xətləri, yeraltı telefon və qaz xətləri keçir, artezian quyusu və transformator mövcuddur,əkin üçün istifadə etmək mümkün deyil. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Azərbaycan Respublikasi İmişli Rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh İmişli Rayon Bəhrəmtəpə Bələdiyyəsinə qarşı “xx.xx.2007-ci il tarixli torpaq icarə müqaviləsinin ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işin icraatı ilə əlaqədar olaraq bildiririk ki, Laçın rayonundan məcburi köçkün İddiaçı torpaq sahəsinin verilibverilməməsi ilə bağlı İmişli Rayon İcra Hakimiyyətində hər hansı məlumat yoxdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən müraciətdə qeyd edilən X7 Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol kənarında yerləşən 18.0 ha torpaq sahəsinə dair hüququmüəyənedici sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilir. Sözügedən müraciətdə qeyd edilən İddiaçı Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol kənarında yerləşən 18.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ aşkarlanmadı. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-577/2022 nömrəli qərarından görünür ki, İddiaçı X7 iddia tələbi təmin edilərək Cavabdeh 24 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə onun icarəsinə 99 il müddətinə verilmiş 18.0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.Cavabdeh və məhkəmə icraatına cəlb edilmiş 3-cü şəxs İddiaçı həmin qərardan narazı qalaraq apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2-1(106)-255/2022 saylı Qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalmışdır. Daha sonra cavabdeh və 3-cü şəxs kassasiya şikayəti vermişlər və Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(102)-608/2023 saylı Qərarı ilə şikayət təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2-1(106)-255/2022 saylı Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri PHŞ-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin verdiyi ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışından müəyyən olunur ki, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində 2.60 ha, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən 6.0 ha, ********** qeydiyyat nömərli Çıxarışa əsasən 3.0 ha torpaq sahəsi X7 icarəsinə verilmişdir. İmişli rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(036)-544/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı, X5, X3, X6 və X4 qarşı cavabdehlarin Bəhrəmləpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən Bəhrəmtəpə bələdiyyəsinə məxsus olan və Ə.H.Heydərovun icarəsinə verilmiş 11.6 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin üzərində olan cavabdehlərə məxsus binaların, tikililər və qurğuların cavabdehlərin öz hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 1575/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə həmin qərar dəyişdirilmədən saxlanılmışdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Başqa sözlə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (qərar) iddiaçının mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilməmişdir. Başqa sözlə desək, iddiaçı İmişli rayonu Bəhrəmtəpə X1 18 hektar torpaq sahəsi icarəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli 14 saylı qərarının ləğv edilməsini istəyir. Lakin qeyd edilən qərar və sərəncamın iddiaçının subyektiv hüququnu pozması ilə bağlı sənədləri məhkəməyə təqdim edə bilmir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 15 mart 2002-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. Müvafiq müraciətin forması qannvericilikdə aydın şəkildə ifadə olunmuşdur. Hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 15 gün müddətində baxılır. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçı torpaq sahəsinin və tikililərin onun istifadəsində olduğunu qeyd etsə də, lakin mübahisəli torpağa dair mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Həmçinin iş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-577/2022 nömrəli qərarından müəyyən olunur ki, İddiaçı 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş, onun hüquqları məhkəmə tərəfindən tanınmamış və iddiaçı X7 iddia tələbi təmin edilərək Cavabdeh 24 noyabr 2007-ci il tarixli, 14 nömrəli qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə onun icarəsinə 99 il müddətinə verilmiş 18.0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.Cavabdeh və məhkəmə icraatına cəlb edilmiş 3-cü şəxs İddiaçı həmin qərardan narazı qalaraq apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2-1(106)-255/2022 saylı Qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalmışdır. Daha sonra cavabdeh və 3-cü şəxs kassasiya şikayəti vermişlər və Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(102)-608/2023 saylı Qərarı ilə şikayət təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2- 1(106)-255/2022 saylı Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Və beləliklə də, məhkəmə qeyd edir ki, iddiaçının hal-hazırda mübahisələndirdiyi bələdiyyə qərarının qanuniliyinə artıq Ali Məhkəmə tərəfindən hüquqi qiymət verilmiş və qərar qüvvədə saxlanılmışdır. Həmçinin iddianın xüsusi mümkünlük şərti kimi müddət məsləsinə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2-1(102)-1103/20 nömrəli, xx.xx.2020-ci il tarixli 2- 1(102)-1577/2020 nömrəli və xx.xx.2020-ci il tarixli 2-1(102)-1225/2020 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Ali Məhkəmənin 2019-cu il 3 nömrəli bülletenində (11 -ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, İddiaçı mübahisələndirdiyi Cavabdeh xx.xx.2007-ci il tarixli 14 saylı qərarı ilə bağlı iddiaçıya yazılı yardımdan əlavə məhkəmə iclasında yardım göstərilərək İnzibati Prosessual Məcəllənin müddətlə bağlı tələbləri izah edilmişdir. Lakin iddiaçı tərəfindən müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı bir mötəbər sübut hesab olunacaq sənəd məhkəmənin icraatına daxil olmamışdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan uzun müddətdir məlumatı olmuşdur. İddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından, həmçinin subyektiv hüququ olmadığından və mübahisəli qərarın qanuniliyinə artıq yuxarı instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 23 aprel 2024-cü il, 19 sentyabr 2024-cü il və 26 noyabr 2024-cü il tarixli, 2-1(120)-2812/2024 nömrəli hüquqi yardım məktubları ünvanlanaraq, subyektiv hüququnun mövcudluğu, həmçinin iddia müddətinin ötürülüb-ötürülməməsi, ötürülmüşdürsə müddətin bərpasına dair ərizənin və mümkünlük şərtlərinə dair sübutların məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən faktiki və hüquqi halları nəzərə alaraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-850/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-850/2025
23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver