Məhkəmə qərarları › İş №2-1(120)-851/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-851/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-851/2024 09.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “xx.xx.2022-ci il tarixli 292 Ş/H nömrəli əmrinin ləğv edilməsi, SHXÇDX-nin Lerik rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinə müfəttiş vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi” tələbinə dair inzibati işə 09 fevral 2024-cü il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı xx.xx.2022-ci il tarixli 292 Ş/H nömrəli əmrinin ləğv edilməsi, SHXÇDX-nin Lerik rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinə müfəttiş vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə qanunvericiliyin tələblərinə uyğun şəkildə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmənin 20 noyabr 2023-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, “xx.xx.2022-ci il tarixli 292 Ş/H nömrəli əmrinin ləğv edilməsi, SHXÇDX-nin Lerik rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinə müfəttiş vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi” kimi davam etdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 etiraza uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin iclasının xx.xx.2022-ci il tarixli protokoluna əsasən, iclasın yekdil səsi ilə Xidmətin Lerik rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (bu Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) müvafiq olaraq işdən azad edilməsinə razılıq verilmişdir. İddiaçı barəsində Lerik rayon şöbəsinin rəisi tərəfindən verilmiş xasiyyətnamədə onun iş fəaliyyəti mənfi xarakterizə olunmuş və hətta qeyd edilmişdir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq sosial şəbəkələrdə özünə aid olmayan mövzularda paylaşım etmişdir, buraxmış olduğu nöqsanlardan nəticə çıxarmır, etdiyi hərəkətlərlə Xidmətin nüfuzuna və ictimaiyyət arasında qazandığı imicinə xələl gətirir. Əliyev X4 İttifaqı Komitəsinin iclası zamanı spirtli içkilərdən istifadə etdiyini etiraf etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin 2-ci hissəsinə əsasən, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, Lerik rayonu Barzavu kəndində qeydiyyatda olan və Lerik şəhəri, Malik Bağışov küçəsi ev 8-də yaşayan İddiaçı Lerik rayon İcra Hakimiyyəti başçısı kimi onun şərəf, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatların “Facebook”, “İnstaqram” sosial şəbəkələrində və “WhatsApp” onlayn mesajlaşma məlumatlandırma sistemində üzr istəməklə təkzib edilməsi, əlavə olaraq həmin məlumatları yaymasına görə 20 min manat mənəvi ziyan tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(048)-747/2022 nömrəli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı tərəfindən, iddiaçı X8 barəsində “Facebook”, “İnstaqram” və “WhatsApp” sosial şəbəkələrində, onlayn mesajlaşmaməlumatlandırma sistemində, paylaşılmış, məlumatlar X3 işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən həqiqətə uyğun olmayan məlumatlar hesab edilmişdir. Həmçinin, qətnamə qanuni qüvvəsini aldıqdan sonra İddiaçı tərəfindən göstərilən məlumatların həqiqətə uyğun olmaması ilə bağlı təkzib edilməsi və İddiaçı X2 “Facebook”, “İnstaqram” sosial şəbəkələrində, “WhatsApp” onlayn mesajlaşma-məlumatlandırma sistemində üzr istəməsi bir vəzifə olaraq onun üzərinə qoyulmuşdur. İddiaçı X5 vurulmuş mənəvi ziyana görə 300 manat məbləğində pul tutulub iddiaçının xeyrinə verilməsi və əlavə olaraq İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olan 150 manat məbləğində pul tutulub X3 xeyrinə ödənilməsi qət edilmişdir. Onu da qeyd edir ki, xidmətin əməkdaşları onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Onlar vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir və etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Həmçinin, Azərbaycan Respublikasının, dövlət orqanının nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. İnsanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Həmçinin iddiaçının dövlət qulluqçusu statusuna malik olmadığı, hərbi rütbəsinin olmamasını əsas götürərərək bu növ işlərə mülki icraat qaydasında baxılmalı olduğunu vurğulayaraq, məhkəmədən iddia tələbinin mümkünsüz hesab olunmasını xahiş etmişdir. Məhkəmə aidiyyət məsələsi ilə bağlı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə keçirilmiş hazırlıq iclaslarında tərəflərlə məsələni müzakirə etmiş, iddiaçıya xx.xx.2024-cü il tarixdə məsələ ilə bağlı hüquqi yardım etmiş və obyektiv araşdırma üçün zəruri sorğuları göndərmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri obyektiv şəkildə araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik Rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, İddiaçı xx.xx.2013-cü il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik Rayon Şöbəsinin Həqiqi hərbi xidmətə Çağırış bölməsinin müfəttişi vəizfəsinə işə qəbul edilmişdir. İş materiallarından müəyyən olunur ki, İddiaçı SHXÇDX-nin xx.xx.2022-ci il tarixli 292 Ş/H nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (bu Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) müvafiq olaraq işdən azad edilmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna verilmiş cavabdan müəyyən olunur ki, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi vəzifəsində işlədiyi müddət ərzində Xidmət rəisinin 16 oktyabr 2018-ci il tarixli 100 nömrəli əmri ilə funksional vəzifələrinin icrasına məsuliyyətsiz yanaşaraq xidməti fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərini bilmədiyinə və məqbulların qəbulu zamanı “qeyri-kafi” nəticə göstərdiyinə görə “töhmət” intizam tənbehi verilmişdir. Həmçinin məktubda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölgələr üzrə şöbələrində müfəttiş vəzifələrinin dövlət qulluqçusu vəzifələri hesab olunmaması və İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işlədiyi dövrdə hərbi rütbəsinin olmadığı qeyd olunur. Məhkəmə hesab edir ki, iş materiallarına əsasən, İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (bu Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) işəgötürənlə bağlanmış əmək müqaviləsinə xitam verməklə işdən azad edilmişdir. Hazırki halda iddiaçının dövlət qulluqçusu statusunun, hərbi rütbəsinin olmamasını əsas götürərərək onunla cavabdeh arasında yaranmış mübahisəyə məhkəmə hüquqi qiymət verərək hesab edir ki, həmin mübahisə tərəflər arasında bağlanmış əmək müqaviləsindən törənən bir iddiadır, mülki xarakterlidir və ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırki məhkəmə qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən,inzibati orqan–Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt–inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat–fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən,inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 593 nömrəli 13 fevral 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.4-cü bəndləri) Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarında müəyəyn olunur ki: 1.Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.4-cü bəndlərinin də tələbləri baxımından və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının müddəalarını rəhbər tutaraq iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb mümkün sayılmamalıdır. Məhkəmə, iddiaçıya izah edilməsini zəruri hesab edir ki, o, hazırki iddia ilə bağlı aidiyyət qaydalarına riayət edərək, ümumi (rayon, şəhər) məhkəməsinə müraciət etməlidir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “xx.xx.2022-ci il tarixli 292 Ş/H nömrəli əmrinin ləğv edilməsi, SHXÇDX-nin Lerik rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinə müfəttiş vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) apellyasiya şikayət verilə bilər.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar