Məhkəmə qərarları › İş №2-1(120)-856/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-856/2021

17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-856/2021 17.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı 19 fevral 2021-ci il tarixli əmrin ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 fevral 2021-ci il tarixli əmrin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, 09.06.2015-ci il tarixdən o, DSMF Lənkəran şəhər şöbəsində dövlət qulluqçusu, məsləhətçi vəzifəsində işləmişdir. Aparılan struktur islahatları və inzibatçılıqdan xidmət modelinə keçidlə əlaqədar olaraq 14.08.2020-ci il tarixdən DSMF Publik Hüquqi şəxsində üç aylıq müddətli əmək müqaviləsi ilə sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsində əmək fəaliyyətinə davam etmişdir. Şöbə müdirinə təyinat almağına səbəb şöbədə keçirilmiş sonuncu qiymətləndirmədə ən yüksək balı yığmağı bildirilmişdir. Aparılmış növbəti islahatdan sonra yaradılmış 7 saylı Regional Ərazi filialında baş mütəxəsis vəzifəsində işləməkdən ötrü əmək müqaviləmə 05.12.2020-ci il tarixində dəyişiklik edilmişdir. 19 Fevral 2021-ci il tarixində müddətli əmək müqaviləsinin müddəti qurtardığına görə tutduğu vəzifədən azad edilmişdir və 2020-ci il 14 avqust tarixli əmək müqaviləsinə 2021-ci ilin 19 fevral tarixində xitam verilmişdir. Onunla bağlanmış əmək müqaviləsini uzatmamağını Filialda hal-hazırda işləyən on nəfərə yaxın ştatdankənar işçinin əmək müqaviləsinin uzadılması və ya ona daha aşağı əmək haqqı olan vəzifə təklif edilməməsi səbəbinə görə əsassız hesab edir. Saxta iş yerləri ilə bağlı işçilərin adı ilə bağlanan təşəbbüsün onun tərəfindən israrla verilməyini sübut etməyə hazırdır. Vəzifəli şəxsin xoşu gəlmədiyi işçini işdən çıxarmağını, dövlətin nüfuzunu hər şeydən üstün tutan, qanunun əliliyi prinsipindən qurur duyan, dövlətin adından vətəndaşları aldatmaqla məşğul olanlara qəti şans verməyən işçini heç bir araşdırma aparmadan işdən uzaqlaşdırmağını xalqın Möhtərəm Prezidentə olan inamına zərər hesab edir. Cənab nazir Sahil Babayevin ölkədə aparılan islahatlara hər kəsin hiss edəcəyi səviyyədə təkan verməsi onu çox sevindirir. Yaxın zamanda idarədə kamera quraşdırılması planının reallaşmasını və ünvanlı sosial yardımla bağlı verilməsinə start verilən xüsusi avadanlıqların onların işinə olan subyektiv maneələri aradan qaldıracağı günü səbirsizliklə gözləyirdi. Qeyd plunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X2 izahat verərək bildirdi ki, İddiaçı iddia tələbi mümkün sayıla bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prossessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarında məhkəmələrə tövsiyyə olunuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını yoxlamalı, İPM-in 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.(2.3, 4.1, 5.1, 5.2,6.1,6.2 bəndlər) Azərbaycan Respublikası İPM-in 2.2.1-ci maddəsinə əsasən inzibati orqan şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Lakin bu iddianın uğurlu olması üçün cavabdehin belə bir hərəkət etmək öhdəliyi qanundan irəli gəlməli və bu hərəkətin edilməməsi iddiaçının hüquq və qanunla qorunan maraqlarını pozmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 may 2019-cu il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, publik hüquqi münasibətlər bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər ümumi maraqlar naminə və dövlətin adından fəaliyyət göstərən bir tərəfin - publik orqanın hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin - fərdin (fiziki və hüquqi şəxslərin) isə tabeçiliyinə əsaslanmaqla tərəflərin subordinasiyasını nəzərdə tutur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 12 yanvar tarixli qərarında qeyd olunmuşdur ki, publik orqanın tələbləri və şəxslərin vəzifələri müqavilədən deyil, qanundan irəli gəlir. Hazırkı işin faktiki hallarından müəyyən olunur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış, daha sonra Fond tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, tərəflər arasında əmək müqaviləsindən irəli gələn münasibətlər mövcuddur və bu müqavilə üzrə yaranan mübahisələrə publik hüquqi münasibətlər olmadığından ümumi məhkəmələrdə baxılmalıdır. Belə ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. İddiaçının qaldırdığı məsələ tərəflər arasında əmək mübahisəsi olduğundan və inzibati xarakter daşımadığından, bununla da, hazırkı iddia tələbi üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər hansı hüququnun pozulması və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi təsdiq olunmadığından bu iddia Azərbaycan Respublikası İPM-in 35-ci maddəsinə əsasən mümkün sayılmamalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin mümkünsüz sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 19.02.2021-ci il tarixli, **********3 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrində çalışan adları sıyahıda qeyd olunan bir sıra işçiləri müddətli əmək müqavilələrinin müddəti qurtardığına görə tutduqları vəzifəsindən azad edilmişlər və onlarla bağlanmış 2020-ci il tarixli 12 avqust, 2020-ci il 14 avqust tarixli əmək müqavilələrinə 2021-ci il 19 fevral tarixində xitam verilmişdir. Əmrə əlavə edilmiş siyahının 1307-ci sırasında İddiaçı adı qeyd edilmişdir. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı 17.08.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon filialının sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, 04.12.2020-ci il tarixdə Fondun 7 saylı regional ərazi filialına sosial müavinət, təqaüd və və kompensasiyaların təyinatı şöbəsinin baş mütəxəssis vəzifəsinə keçirilmiş və 19.02.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının 17.05.2021-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialında işlədiyi “baş mütəxəssis” vəzifəsi dövlət qulluğu vəzifəsi hesab olunmur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Məhkəmənin qənaətinə görə İddiaçı ilə cavabdeh orqan arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, əmək hüquq sahəsində yaranmışdır. Başqa sözlə, iddiaçı dövlət qulluqçusu kimi deyil, əmək müqaviləsi əsasında “baş mütəxəssis” vəzifəsində işlədiyindən onunla cavabdeh arasındakı mübahisə inzibati sahədə (publik) olan münasibətlərdən deyil, əmək münasibətlərindən yaranmışdır. Bu səbəbdən də hazırki mübahisə inzibati məhkəmə icraatının predmeti deyildir. İddiaçıya izah edilir ki, o, hazırki tələblə aidiyyəti üzrə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə inzibati icraat qaydasında baxılması inzibati prosessual qanunvericiliyin prinsiplərinə zidd olduğundan İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar