Məhkəmə qərarları › İş №2-1(120)-858/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-858/2020

24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-858/2020 24.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı (Beyləqan rayonu, Təzəkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), iddiaçı X1 (Beyləqan rayonu, Bolsulu qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olan), iddiaçı X3 (Beyləqan rayonu, Bolsulu qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olan), üçüncü şəxs X4 (Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 63-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, iddiaçılar İddiaçı və qeyrilərinin cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı Beyləqan rayon İcra Hakimiyyəti başçısının 20.02.2001-ci il tarixli, 06 nömrəli, 30.03.2017ci il tarixli, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 19.04.2017-ci il tarixli, 62, 63, 64, 65 nömrəli sərəncamlarının ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı və qeyriləri cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Beyləqan rayon İcra Hakimiyyəti başçısının 20.02.2001-ci il tarixli, 06 nömrəli, 30.03.2017-ci il tarixli, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 19.04.2017-ci il tarixli, 62, 63, 64, 65 nömrəli sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər iddiaçılar, cavabdeh Beyləqan rayon İcra Hakimiyyətininnümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə digər iddiaçıların, cavabdeh Beyləqan rayon İcra Hakimiyyətininnümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Beyləqan rayonu, Bolsulu kəndində yaşayırlar və əcdadları da Bolsulu kəndində yaşamışlar. Bolsulu kəndinin ətrafında geniş torpaq sahələri olmuş və hazırda da vardır, həmin torpaq sahələrinin yerləşdiyi ərazi “Haramı”düzü adlanır. Qeyd edilən ərazilər SSRİ dövründə kolxoz və sovxozlarının mövcud olduğu vaxtlarda kəndləri sovxozun torpaqları olmuşdur. Həmin dövrlərdə kənd sakinləri sovxozda işləməklə torpaq sahələrini əkib-becərmiş, otlaq sahəsi kimi istifadə etmişdirlər. Müstəqillik dövründə torpaq islahatı aparıldıqdan sonra kəndlərinə məxsus 200 hektar torpaq sahəsi X14 Ehtiyat Fonduna ayrılmışdır. Son bir neçə günə qədər həmin 200 hektar torpaq sahəsinin dövlət tərəfindən istifadə edildiyini güman edirdilər. Lakin sonradan məlum olmuşdur ki, X14 Ehtiyat Fonduna aid torpaq sahəsi onların kəndinə aidiyyəti olmayan ayrı-ayrı şəxslərə icarəyə verilmişdir. Halbu ki, kəndin sakinlərinin yeganə dolanışıq mənbəyi torpaq sahəsindən olmasına baxmayaraq istifadə etmək üçün torpaq sahəsi yoxdur və onlar maddi məhrumiyyətlərlə üzləşmişdirlər. Bundan əlavə Beyləqan rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən torpağın icarəyə verilməsi barədə onlara məlumat verilməmişdir. Torpaq sahəsi uzaqda yaşayan və torpağın əkilib-becərilməsində səriştəsi, ehtiyacı olmayan şəxslərə verilmiş, həmin şəxslər tərəfindən isə torpaq səmərəli istifadə edilmir. Həmişə əkinçilik və heyvandarlıqla məşğul olmuş onlar isə həmin torpaq sahələrindən daha səmərəli istifadə edib, əkinçilik və heyvandarlığı daha da inkişaf etdirə bilərlər. Beyləqan rayon İcra Hakimiyyəti tərəfindən elan verilməli olmasına baxmayaraq gizli şəkildə kənar şəxslərə icarəyə verilmişdir. Bolsulu qəsəbəsindəki X8 məxsus həmin torpaq sahələrinin qəsəbə sakinlərinin istifadəsinə qaytarılması barədə müraciətlərinə cavab olaraq cavabdeh təşkilatların onlara ünvanladığı məktublarda qeyd edilmişdir ki, torpaq islahatı sözügedən ərazi rayon aqrar islahatı komissiyasının 12.03.2001-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş Bolsulu kənd Mil-təcrübə təsərrüfatının kompleks yerquruluşu layihəsinə daxil edilməmişdir. X13 Komissiyaları ləğv edildiyindən vətəndaşlara ayrılmış pay torpaqlarının 200 hektar sahəsinin dövlət ehtiyat fondu torpaqlarının kateqoriyasına daxil edilməsi faktının həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüquqları vardır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı X5 eyni məzmunli izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı X6 eyni məzmunli izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X7 iddia tələbini qəbul etməyərək bildirdi ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısının 20.02.2001-ci il tarixli, 06 nömrəli, 30.03.2017ci il tarixli, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 19.04.2017-ci il tarixli, 62, 63, 64, 65 nömrəli sərəncamları tamamilə qanuni əsaslarla qəbul edilmişdir. Ona görə də iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar İddiaçı və qeyrilərinin iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçılar cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmirlər. Başqa sözlə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (sərəncamları) iddiaçıların mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçılara 12 mart 2019-cu il tarixli, 2-1(120)-858/2020 nömrəli hüquqi yardım məktubu ünvanlanaraq, cavabdeh inzibati orqanın mühahisələndirilən inzibati aktları ilə hansı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin məhkəmə iclasında iştirak edən iddiaçılar subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutları təqdim etməmiş, iddia tələbini müdafiə etdiklərini və iddianın təmin olunmasını xahiş etmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı və qeyrilərinin iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçılar İddiaçı və qeyrilərinin cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı Beyləqan rayon İcra Hakimiyyəti başçısının 20.02.2001-ci il tarixli, 06 nömrəli, 30.03.2017ci il tarixli, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 19.04.2017-ci il tarixli, 62, 63, 64, 65 nömrəli sərəncamlarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar