Məhkəmə qərarları › İş №2-1(120)-858/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-858/2022

07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-858/2022 07.07.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Sabirabad regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinə qarşı “Abuşzadə soyadının Mustafayev soyadına, Samir adının Zahir adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Sabirabad regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abuşzadə soyadının Mustafayev soyadına, Samir adının Zahir adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixə saat 10:00-a məhkəməyə dəvət edilmişlər. Məhkəmənin xx.xx.2022-ci il tarixə saat 10:00-a və xx.xx.2022-ci il tarixə saat 10:00-a təyin edilmiş iclasları barədə bildiriş məktubları göndərilərək iddiaçı X1 həmin məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdarlıq edilmişdir. Lakin bildiriş məktubunun göndərilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. O cümlədən məhkəmə tərəfindən iddiaçıya məktubla müraciət edilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılacağı və belə hallarda da məhkəmənin iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edəcəyi bildirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. Bundan başqa məhkəmə tərəfindən iddiaçıya iddianın mümkünlük məsələsinin müzakirəsi ilə bağlı yazılı qaydada məktublarla hüquqi yardım olunmasına baxmayaraq, iddiaçı tərəfindən hüquqi yardım məktublarına da münasibət bildirilməmişdir. Hansı ki, iddianın mümkünlük məsələsinin müzakirəsi və işin mahiyyəti üzrə həll edilməsi üçün iddiaçının iştirakı və dinlənilməsi, o cümlədən məhkəmənin hüquqi yardım məktubu üzrə tövsiyyələrinin yerinə yetirilməsi zəruridir. Belə ki, iddia ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələbinə uyğun deyildir. Yəni iddia ərizəsi iddiaçı tərəfindən imzalanmamışdır. Hansı ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 16.2-ci bəndində qeyd edilir ki, iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Həmin qərarın 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. Həmin qərarın 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Həmin qərarın 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını rəhbər tutub, yazılı məktubla iddiaçıya yardım edərək iddia ərizəsinin imzalanmadığını onun nəzərinə çatdırmış və iddia tələbinin dəqiqləşdirilməsi xahiş olunmuşdur. Lakin iddiaçı məhkəmənin məktubunu almasına baxmayaraq, təyin olunmuş vaxt ərzində məhkəmənin məktubuna münasibət bildirməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, iddia ərizəsinin imzalanmaması və buna dair məhkəmənin yazılı məktubuna münasibət bildirilməməsi təqdim olunmuş iddia ərizəsinin iddiaçının iradəsinə uyğun olub-olmadığını, başqa sözlə hazırkı tələbin iddiaçının hüquqi marağına uyğun olmasını müəyyən etməkdə çətinlik törədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmçinin, iddiaçıya izah olunur ki, iddianın geri götürülmüş hesab olunması iddiaçının yenidən eyni tələblə məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sabirabad regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinə qarşı “Abuşzadə soyadının Mustafayev soyadına, Samir adının Zahir adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş hesab edilsin. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar